Prezident İlham Əliyevin IV Antalya Diplomatiya Forumunda iştirakı bir daha göstərdi ki, Azərbaycan yalnız regionda deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi qəbul edilir. Bunun əsas səbəbi isə dövlətimizin başçısının beynəlxalq münasibətlər sahəsində zəngin təcrübəsi, strateji baxışları və praqmatik yanaşmalarıdır.
Heç şübhəsiz, Prezident İlham Əliyevin Antalyaya işgüzar səfəri və sözügedən forumda iştirakı Azərbaycanın artan beynəlxalq nüfuzu ilə yanaşı, ölkəmizin iqtisadi, o cümlədən enerji və nəqliyyat sahələrində həyata keçirdiyi irimiqyaslı layihələrlə sıx bağlı idi. Eyni zamanda forum çərçivəsində Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair əhəmiyyətli fikir mübadiləsi üçün geniş imkanlar da yarandı. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı görüşdə ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi üçün prioritet istiqamətlər müzakirə olundu. Bildirildi ki, Azərbaycan və Türkiyə arasındakı iqtisadi münasibətlər son illər təkcə artan ticarət dövriyyəsi ilə deyil, həm də investisiya, enerji, nəqliyyat-tranzit və regional əməkdaşlıq sahələrində yeni strateji mərhələyə qədəm qoyub.
Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi son 10 il ərzində davamlı artım nümayiş etdirir. Azərbaycanın əsas ixrac məhsullarına xam neft, təbii qaz, neft-kimya məhsulları və kənd təsərrüfatı malları daxil olduğu halda, Türkiyədən idxal olunan məhsullar arasında sənaye avadanlıqları, maşınqayırma komponentləri, tikinti materialları və dərman vasitələri üstünlük təşkil edir. İkitərəfli ticarət əlaqələrinin şaxələndirilməsi və qeyri-neft sektorunun ixracda rolunun artırılması yaxın dövrdə iki ölkə arasında iqtisadi gündəliyin əsas prioritetlərindən biridir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova deyir ki, ölkələrimiz arasındakı ikitərəfli ticarət dövriyyəsinin dəyəri 2023-cü ildə 6 milyard dollardan 2024-cü ildə 7,6 milyard dollara çatıb.
Azərbaycan və Türkiyə arasında nəqliyyat və tranzit sahəsində əməkdaşlıq Orta dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çərçivəsində strateji əhəmiyyət kəsb edir. Orta dəhliz Avrasiya regionunda bir çox dövlətlər üçün mühüm tranzit marşrutudur. Bakı-Tbilisi-Qars dəmir yolu bu istiqamətdə ən uğurlu layihələrdən biridir. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması və Naxçıvanla quru əlaqənin bərpası təkcə ikitərəfli deyil, həm də Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında iqtisadi inteqrasiyanı gücləndirməyə hesablanıb.
Azərbaycanın Türkiyəyə qoyduğu sərmayələr strateji xarakter daşıyır. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ümumi investisiyasının həcmi 18 milyard dollardan çoxdur. Bu investisiyaların ən mühüm komponentlərindən biri İzmirin Əliağa bölgəsində yerləşən və 6,3 milyard dollar dəyərində olan "STAR" Neft Emalı Zavodudur. 2018-ci ildən fəaliyyət göstərən "STAR" hər il 10 milyon ton xam neft emal etmək gücündədir və Türkiyənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, SOCAR-ın iştirakı ilə fəaliyyət göstərən "Petkim" neft-kimya kompleksi və TANAP layihəsi vasitəsilə təbii qaz nəqli enerji sahəsində tərəfdaşlığın genişliyini əks etdirir. Eyni zamanda Türkiyə şirkətləri də Azərbaycanın infrastruktur, nəqliyyat və kənd təsərrüfatı sektorlarında aktiv fəaliyyət göstərirlər.
Hazırda qardaş Türkiyə ilə tranzit-logistika, gömrük, İKT, ticarət və s. sahələrdə əlaqələrin möhkəmlənməsi, ərazilərimizin işğaldan azad edilməsi ilə əlaqədar yaranan yeni reallıqlara uyğun iqtisadi əlaqələrin daha da inkişafı yönümündə layihələrin reallaşdırılması diqqət mərkəzində saxlanılır. Bunlarla bərabər, iki dövlət arasında 2020-ci ilin fervralında imzalanmış Preferensial Ticarət Sazişinə əsasən, qarşılıqlı ticarət həcminin və məhsul çeşidinin artırılmasına xüsusi önəm verilir.
Azərbaycanın ixrac-idxal proseslərində də qardaş ölkə xüsusi rol oynayır. Ölkəmizin keçənilki ixracının 9, idxalın isə 16 faizinin Türkiyə ilə bağlı olması məhz bunun bariz ifadəsidir. Türkiyə ilə ticarətdə Azərbaycan müsbət saldoya malikdir.
Forum çərçivəsində keçirilmiş yüksəksəviyyəli görüşlər və panel müzakirələr Azərbaycan-Türkiyə münasibətlərinin regional və qlobal səviyyədə nümunəvi bir strateji tərəfdaşlıq modeli olduğunun təsdiqidir. Ticarət dövriyyəsinin artması, enerji təhlükəsizliyində birgə təşəbbüslər, Qarabağın və Şərqi Zəngəzurun bərpasında tərəfdaşlıq və türk dünyasında iqtisadi inteqrasiya bu münasibətlərin əsas sütunlarıdır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"