Sənaye parklarının və məhəllələrinin bir özəl missiyası da regionların iqtisadi inkişafına töhfə verməkdir. Xüsusən sənaye məhəllələrinin bölgələrdə yaradılması yerləşdikləri regionun iqtisadi və sosial mənzrəsini dəyişir və üstəlik bir çox sənaye məhəllələrində yerli xammaldan istifadə əlavə sahələrin inkişafına müsbət təsir göstərir.
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, indiyə qədər Masallı Sənaye Məhəlləsində 15,9 milyon manatlıq məhsul istehsal edilib. Onun 1,5 milyon manatlığı cari ilin birinci yarısının payına düşüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz çoxdur.
Fəaliyyətə başladığı dövrdən indiyə qədər məhəllədə investisiya dəyəri 14,7 milyon manatdan çox olan 9 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 6 müəssisə fəaliyyətə başlayıb. Sahibkarlar görülmüş işlərə ümumilikdə 2,12 milyon manat investisiya yatırıb, 70-dən artıq daimi iş yeri açıblar. Növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 12,6 milyon manat investisiyanın yatırılması, 300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Masallı Sənaye Məhəlləsində sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb. Rezidentlər dövlət vəsaiti hesabına təchiz edilmiş hazır infrastrukturla, həmçinin mövcud tikinti sahələri ilə təmin olunurlar. Bundan başqa, sənaye məhəlləsinin rezidentləri İqtisadiyyat Nazirliyindən təşviq sənədi əldə etməklə 7 il müddətinə bir çox vergi və gömrük güzəştlərindən faydalanmaq imkanı qazanırlar.
Bu ilin birinci yarısında Neftçala Sənaye Məhəlləsində isə 19 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 4 dəfə çoxdur. Məhəllədə investisiya portfelinin dəyəri 63 milyon manatdan çox olan 6 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Onlardan 5-i hazırda fəaliyyət göstərir. Sahibkarlar bugünədək görülən işlərə 50 milyon manata yaxın investisiya yatırıb, 300 nəfərdən çox daimi iş yeri yaradıblar.
Neftçala Sənaye Məhəlləsi digər analoji zonalar kimi, ölkəmizdə qeyri-neft sənayesi məhsullarının istehsalının artırılmasında və ixracının genişləndirilməsində mühüm rol oynayır. İndiyə qədər məhəllənin rezidentləri 230 milyon manatlıq məhsul satıblar ki, onun da 1,8 milyon manatlıq hissəsi ixracın payına düşür.
Hacıqabul Sənaye Parkı 2017-ci ildə sənaye məhəlləsi kimi fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin 2024-cü ilin 12 iyun tarixli fərmanı ilə məhəllənin fəaliyyətinin genişləndirilməsi məqsədilə onun bazasında Hacıqabul Sənaye Parkı yaradılıb.
Bu ilin birinci yarısında Hacıqabul Sənaye Parkında 65,6 milyon manatlıq məhsul istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 55 faiz çoxdur.
İndiyə qədər parkda investisiya dəyəri 186 milyon manatdan çox olan 13 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara qeyri-rezidentlik statusu verilib. Sahibkarlar parka 64 milyon manat investisiya yatırıb, 576 nəfərlik daimi iş yeri yaradıblar.
İqtisadi Zonaların İnkişaf Agentliyindən verilən məlumatda bildirilir ki, parkda indiyə qədər 345,6 milyon manatlıq məhsul istehsal edilib və onun da 5,4 milyon manatlığı ixrac olunub.
Rüstəm KAMAL,
"Azərbaycan"