01 May 2024 09:30
159
SİYASƏT
A- A+

İrəvanda polislə toqquşma

 

Revanşistlər sülhə qarşı çağırış edirlər

 

Hayastanda revanşist qüvvələr sülh müqaviləsinin imzalanması prosesinin baş tutmaması üçün məkrli niyyətlərini aşkarda nümayiş etdirirlər. Amma buna əngəl olmaq üçün nə daxili, nə də xarici dəstəyə malik olduqlarını da çox yaxşı başa düşürlər. 
Kütləvi həbslərə baxmayaraq, aksiyalar fonunda ölkədəki vəziyyət getdikcə daha da dramatikləşir. Gərginlik Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrimli, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə ediləndən sonra artıb. Ölkədə aksiyalar keçirilir, revanşistlər sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar.
Aksiyalar zamanı polislə vətəndaşlar arasında toqquşmalar baş verir. Yerli media, siyasətçilər hüquq-mühafizə xidməti əməkdaşlarının dinc aksiya keçirən etirazçılara qarşı zor tətbiq etməsi barədə xəbərlər yayır. Məsələn, Hayastan parlamentinin "Şərəfim var" fraksiyasının deputatı Tiqran Abramyan polisin artıq prosesləri hadisə yerindən işıqlandıran media nümayəndələrinə də güc tətbiq etməsi barədə məlumat yayıb. O, sosial şəbəkələrdə bununla bağlı video paylaşıb. "Polisin "New Day" media orqanının operatoruna və "LragirNews"un jurnalisti Ani Nerkararyana qarşı qanunsuz hərəkətləri hakimiyyətin mətbuat və media nümayəndələrinə münasibətinin ən yaxşı nümunəsi oldu", - o yazıb.
Ermənilərin radikal "Daşnaksütyun" təşkilatı Azərbaycana qarşı revanşist çağırışlar edib. "Daşnaksütyunun" etirazların əsas mərkəzi sayılan Kiranç bölgəsindən olan gənclər birliyi nəinki Qazaxın tarixi kəndlərinin geri qaytarılmasına, ümumilikdə sərhədlərin dəqiqləşdirilməsinə qarşı çıxan bəyanat yayıb. Radikal gənclər bəyanatlarında xatırladıblar ki, "Daşnaksütyunun" məlum Gənclər Birliyi Birinci Qarabağ müharibəsi zamanı ərsəyə gəlib və onlar indi "milli gənclərin yetişdirilməsinin vacibliyini daha çox dərk edirlər".
Təşkilat Aprel döyüşləri və 44 günlük müharibədə fəal iştirak etməsini də xatırladıb: "Bu gün isə biz sərhədlərin demarkasiyasını qəbuledilməz hesab edirik. Çünki daimi olaraq ərazilər qarşı tərəfə təslim edilir. İndiki çətin durumumuzda, ölkənin ağır vəziyyətində bu torpaqların Azərbaycana verilməsi ölkəmizin təhlükəsizlik sistemini tamamilə məhv edəcək. Bizim üçün otuz il erməni əsgərinin qanı ilə yaradılmış əvvəlki "sərhədin" daxilində olan ərazilərin Hayastan olması mübahisə mövzusu sayılmamalıdır. Ermənistan Respublikasının sərhədi erməni əsgərinin dayandığı yerdə başlayır və bitir".
Daşnak gənclərin sərsəm bəyanatlarında həmçinin İrəvana mesaj ünvanlanaraq qeyd edilib ki, "Delimitasiya və demarkasiya adı altında baş verənlər birtərəfli güzəştlərlə dövlətçiliyimizə vurulan zərbədən, eyni zamanda vətənə xəyanətdən başqa bir şey deyil. Biz hər kəsi Tavuşda formalaşan xalq müqaviməti ətrafında birləşməyə çağırırıq. Bu, təkcə Tavuş məsələsi deyil, Ermənistan və erməni xalqının problemidir. Bütün qüvvələri birləşdirmək, mübarizəni ümumerməni və milli məsələ etmək lazımdır". 
Qeyd edək ki, müxalifətin son gündə daha da qızışması və aksiyaların intensivliyini artırması sanki hansısa tələskənlikdən xəbər verir. Qarabağ canilərinin önəmli qisminin qoşulduğu siyasi qüvvələr hazırda dünyada baş verən geopolitik situasiyadakı qarışıqlığın yaratdığı qeyri-müəyyənliyi öz xeyirlərinə çevirməyə çalışırlar. Əvvəlki "dinc" aksiyalardan fərqli olaraq revanşistlər konkret təhdid, qorxutma, hüquq-mühafizə orqanlarına müxtəlif yollarla təzyiq vasitələrinə əl atıblar. 
Siyasi şərhçi Akop Badalyan erməni xalqının xəyallarla, mənasız təskinliklərlə yaşamasını, reallıqları dəyərləndirə bilməməsini tənqid edib. O, "Mamul" nəşrinə açıqlamasında ölkədə yaranmış xaosu, sərhəddə baş verən hadisələri şərh edərkən cəmiyyətin beynəlxalq aləmə boş yerə güvənməsini də qınayıb: "İllər keçəcək və erməni xalqı başına gələnlərə baxmayaraq "Azərbaycana xəbərdarlıq edildi" kimi təskinliklərlə yaşamağa davam edəcək. Əvvəlki 30 il ərzində cəmiyyətimiz üçün bu təskinliklərin mənbəyi Rusiya idi. İndi isə sıralamada ABŞ birinci olacaq. Bəlkə də Hindistan və ya Çin növbəti təskinlik mənbəyimiz sayılacaq".
Hər halda proseslərin gedişi Hayastanı qarşıdakı dövr ərzində daha çətin günlərin və qarşıdurmaların gözlədiyini göstərir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video