Son günlərdə Ermənistanda narazılıq və qarşıdurma hallarının daha da artması, müxalifətlə hakimiyyət arasında ziddiyyətlərin bir qədər də kəskinləşməsi müşahidə olunur. Müxalifət planlaşdırdığı aksiyalarla baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağı hədəfləyir.
Onlar etirazlarına səbəb kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər.
Radikallar Ermənistanın daxili və dövlətlərarası magistral yollarını bloklamağa hədəfləyirlər. Ermənistan Respublikaçılar Partiyasının üzvü Artak Zakaryan deyib ki, heç bir müxalif siyasi qüvvə təkbaşına hakimiyyət dəyişikliyinə nail ola bilməyəcək: "Birləşmə nəyə lazımdır? Çünki bilirik ki, biz təkbaşına hakimiyyət dəyişikliyinə nail ola bilməyəcəyik. Onu da bilirik ki, təkcə biz deyil, bu gün müxalifət sahəsində fəaliyyət göstərən hər kəs təkbaşına hakimiyyət dəyişikliyinə nail ola bilməyəcək. Hökumət arasında parçalanmalar o qədər böyükdür ki, siyasi arenada ümumi səfərbərliyə ehtiyac olacaq".
Jurnalistin "Respublikaçılar Partiyası olmadan nəticə əldə etməyin mümkün olmadığını nəzərdə tutursunuz?" sualına Zakaryan belə cavab verib: "Bu, təkcə respublikaçılarla mümkün deyil. Dürüst olaq və deyək ki, bu, Respublikaçılar Partiyası olmadan və ya yalnız Respublikaçılar Partiyası ilə mümkün olmayacaq. Bu, yalnız "x" və ya "y" tərəfi ilə mümkün olmayacaq. Hər kəsin fikrini nəzərə alsaq, əminəm ki, nəticə verəcək. Biz bütün imkanları sınamalıyıq".
Bu arada yerli media yazır ki, Ermənistan hakimiyyəti qondarma "qarabağlıların hüquqlarının müdafiəsi şurası"ndan qorxur, onu parçalamağa və sıxışdırmağa çalışır. "4rd.am" nəşri qeyd edib ki, martın 29-da qondarma "qarabağlıların hüquqlarının müdafiəsi şurası"nın böyük mitinqindən sonra Ermənistan hakimiyyəti açıq şəkildə bu mübarizədən çəkinir: "Səbəb odur ki, müxtəlif hesablamalara görə, mitinqdə 15 minə yaxın adam iştirak edib və o vaxtdan etibarən dərc olunan gündəm ətrafında siyasi, ictimai sferanın geniş konsolidasiyası baş verir. Bildirirlər ki, onları ən çox narahat edən şey Azadlıq meydanında qurulan qərargah çadırı və ətrafında cərəyan edən proseslərdir. Buna görə də hökumətin təbliğat maşını mübarizəni gözdən salmaq və Qarabağdan Ermənistana köç etmiş şəxslərə qarşı düşmənçilik yaymaq kimi işlərlə məşğuldur. Bundan əlavə, hakimiyyətin təsiri altında olan müxtəlif şəxslər vasitəsilə həm daxili münaqişələri qızışdırmaqla, həm də Qarabağdan Ermənistana köç etmiş şəxslər arasında diqqəti yayındıran mövzuları gündəmə gətirməklə, mübarizənin cərgələrini parçalamağa çalışırlar".
Beləliklə, müxalifət İrəvanda etirazlara başlayacağını bəyan etməklə bu yoldan dönməyəcəklərini bildirir. Paşinyan isə ona qarşı yönəlmiş təhdidləri güc yolu ilə aradan qaldırmağı düşünür. Bu isə o deməkdir ki, Ermənistanda qarşıdakı dövrdə qanlı günlər yaşana bilər.
Elçin CƏFƏROV,
"Azərbaycan"