İranda beş aya yaxındır ki, etirazlar davam edir. Molla rejimi öz hüquqlarını tələb edən kütlənin etirazlarının qarşısını ala bilmir.
Rejim xalqın haqlı tələblərini yerinə yetirmək əvəzinə Azərbaycanı təhdid edir, sərhəddə hərbi təlimlər keçirir, məscidlərimizi, dini abidələrimizi dağıdan, təhqir edən Ermənistanla dostluq edir, Qafanda konsulluq açır. İran Azərbaycanda öz çirkin niyyətlərini həyata keçirmək üçün casus şəbəkəsi yaratmaqdan da çəkinmir.
Uzun illər ərzində İranda Azərbaycan xalqına qarşı çevrilmiş haqsızlıqlar, ədalətsizliklər, pozuculuq və şovinist əməllər insanlarda ikrah hissi yaradıb. Ümumiyyətlə, Güney azərbaycanlıların hüquqlarının təmin edilməsi uğrunda mübarizəsi hər zaman gündəmdə olub. 1905-ci il Səttərxan, daha sonra Şeyx Məhəmməd Xiyabani hərəkatı, Pişəvəri dövründə, yəni 1945-ci ildə Güney azərbaycanlılar yenidən meydana çıxıb, öz milli hökumətlərini qurublar. Arxiv sənədlərindən də məlumdur ki, həmin hökumət bir ildə çox iş görüb. Azərbaycanın milli hökuməti, Milli Məclisi, milli qoşunu olub. Qadınlara kişilərlə bərabər hüquqlar verilib. Azərbaycan dili rəsmi dövlət dili olub. Lakin Pəhləvi rejimi onu dəstəkləyən xarici imperialist qüvvələr vasitəsilə Azərbaycan milli hökumətini devirib. Amma Güneyli azərbaycanlılar rejimin şiddət, assimilyasiya siyasətinə baxmayaraq, öz ana dilini, kimliyini, milliyini yaşatmağı bacarıblar. Qürurlu haldır ki, onlar yenə də öz hüquq və azadlıqları uğrunda davam edən mübarizənin önündə gedirlər. Beş aydan çoxdur ki, "Azadlıq, ədalət, milli hökumət" şüarları ilə rejimə qarşı tələblər irəli sürürlər.
Əslində, İran rejimini qorxudan məhz bu gün Güney Azərbaycanın müstəqil olacağı, Quzey Azərbaycanla əlaqələri sıxlaşdırıb bütöv Azərbaycanın qurulması istəyidir. Buna görə də İran fars hökuməti tərəfindən Güney Azərbaycan torpaqlarına sərmayə yatırılmasına qadağa qoyulub. Bunu İranın sabiq xarici işlər naziri, hazırda ali rəhbərin müşaviri Əli Əkbər Vilayəti yayılmış bir səs yazısında açıq şəkildə etiraf etmişdir. Eyni zamanda rejim tərəfindən güneylilərin öz dədə-baba torpaqlarından çıxarılması istiqamətində məqsədli şəkildə iş aparılır, ekoloji problemlər yaradılır. Urmiya gölünün qurumasına hakimiyyət tərəfindən olan ögey münasibət, Xoy zəlzələsi zamanı rejimin laqeyd davranışı, insanlara lazımi dərəcədə kömək göstərilməməsi də dediklərimizə bariz nümunədir.
Azərbaycan xalqının müqavimətini, mübarizə əzmini qıra bilməyən mollalar müxtəlif adlar altında qisasçılıq siyasəti yürüdürlər. Güney Azərbaycandakı soydaşlarımız isə milli haqlarının təmin edilməsi üçün mücadilə edirlər. Molla rejiminə qarşı keçən ilin sentyabrından başlanan etiraz aksiyaları hələ də davam edir və təəssüflər olsun ki, hakimiyyət tərəfindən soydaşlarımıza amansız divan tutulur. Hazırda onlarca azərbaycanlı fəal rejim tərəfindən həbs edilərək həbsxanalara salınıb və orada amansız işgəncələrə məruz qalıblar. Etiraz aksiyaları başlayandan indiyə qədər bir neçə gənc azərbaycanlı fəal da Tehran rejimi tərəfindən edam edilib və soydaşlarımız uzun müddətdir ki, "Edamlara yox!" şüarı ilə molla rejiminə qarşı etiraz səslərini ucaldırlar. Son günlər baş verən edamlar, həqiqətən də, rejimin soydaşlarımıza qarşı münasibətini ortaya qoyur. Etiraz dalğası genişləndikcə və daha çox Azərbaycan kəndlərini, şəhərlərini əhatə etdikcə molla rejimi daha sərt üsullara əl atır. Onu da qeyd edək ki, həbs edilənlər, ağır işgəncələrə məhkum edilənlər arasında qadınlar da az deyil.
Getdikcə molla rejiminin cəza əməliyyatlarının azərbaycanlılardan qisas formasına keçidi artır. Bu cəzalar təkcə siyasi opponentlərə qarşı çevrilmiş cəza kimi görünür. Artıq molla rejimi fürsətdən istifadə edib etnik-milli zəmində Azərbaycan türklərindən qisas almağa başlayıb. Edam olunanlar arasında azərbaycanlı gənclərin sayının artması, azərbaycanlılar yaşayan bölgədə İran hakimiyyətinin aqressivliyinin yüksələn xətt üzrə getməsi buna misaldır.
Mollakratiya başbilənlərinin siyasi rəqiblərinə qarşı mübarizəsi qeyri-sağlamdır və onlar bu antiinsani davranışları ilə soydaşlarımızı hədəfə alıblar. Rejimin bu davranışının getdikcə daha da amansız olacağı gözləniləndir. Çünki fars şovinistləri azərbaycanlıların baş qaldırmasını, aktivləşməsini qətiyyən istəmir, bu səbəbdən də hər addımbaşı öz qisasçılıq niyyətlərini ortaya qoyurlar. Molla rejiminin soydaşlarımıza qarşı həyata keçirdiyi həbs, repressiya və digər məşəqqətli aktların kökündə güneyli azərbaycanlılardan qisas almaq məqsədi dayanır. Güneyli azərbaycanlıların sayı farsların, eləcə də digər xalqların sayından qat-qat çoxdur. Təəssüf ki, orada Azərbaycan türkcəsində təhsilə qadağa qoyulub, soydaşlarımızın milli haqları tanınmır. Fars şovinistlərinin uzun illərdir Azərbaycan türklərinə qarşı apardığı assimilyasiya siyasəti, dilimizi, mədəniyyətimizi, ana dilimizi inkar etmək cəhdləri, əlbəttə, heç bir nəticə vermir. Çünki soydaşlarımızı öz milli kimliyindən, kökündən qoparmaq mümkünsüzdür. Bu gün Güney Azərbaycan türkləri öz dilinə, mədəniyyətinə, milli kimliyinə və milli mübarizəsinə bağlıdır və o bağı heç bir repressiya və zorakılıq yolu ilə qoparmaq mümkün deyil.
Tehran rejiminin məqsədi hazırda İran adlanan ölkəni türksüzləşdirməkdir. Azərbaycan türklərinin tarixini, mədəni irsini dağıtmaq, dağıdıla bilinməyənlərin isə farslaşdırılması istiqamətində davamlı iş aparılır.
Bu da zamanın reallığıdır ki, İrandan soydaşlarımıza həm Azərbaycan dövləti, həm də dünya azərbaycanlıları tərəfindən ciddi mənəvi dəstək var. Molla rejimi narahat olur ki, azərbaycanlılar mübarizəni sona qədər aparacaqlar. Bu da o deməkdir ki, fars-molla rejiminin uzun illər yürütdüyü siyasət yaxın gələcəkdə tamamilə iflasa uğrayacaq, necə ki uğrayır.
Heç kimə sirr deyil ki, mollaların soydaşlarımıza qarşı apardığı siyasət ermənilərin yürütdüyü siyasətə bənzəyir və onların davranışı bir-birinə çox oxşayır. Ermənipərəst rejimin soydaşlarımıza qarşı qisasçılıq hissinin alovlanması həm də onların ermənilərin təəssübünü çəkdiyini göstərir. Gənc azərbaycanlıları edam etdirən molla rejiminin bu davranışları tərəqqipərvər dünya ictimaiyyəti tərəfindən kəskin qınanır.
Görünən odur ki, azərbaycanlılar öz haqlarını tələb etdikləri üçün onlara qarşı sərt cəza tədbirləri görülür, müxtəlif bəhanələr gətirilərək soydaşlarımız həbs edilir və onların edamlarına qərar verilir. Bu da ilk növbədə rəsmi Tehranın soydaşlarımıza bəslədiyi nifrət münasibətinin təzahürüdür. Çünki illərdir Azərbaycan xalqının müqavimətini, mübarizə əzmini qıra bilməyən rejim müxtəlif adlar altında qisasçılıq siyasəti yürüdür. Bu isə İranın molla rejimini məhvə sürükləyir.
Rəhman SALMANLI,
"Azərbaycan"