03 Dekabr 2025 08:35
247
CƏMİYYƏT
A- A+
İqtisadiyyatımız "Azərbaycan"ın güzgüsündə

İqtisadiyyatımız "Azərbaycan"ın güzgüsündə


Bir anın içində ölkəmizin müxtəlif guşələrində onlarca, bəlkə də yüzlərlə hadisə baş verir. Haradasa yeni bir müəssisənin açılışının rəmzi olan qırmızı lent kəsilir, haradasa növbəti bir layihənin təqdimatı edilir. Limanda gəmiyə sərhədləri aşacaq ixrac yükü vurulur, dəmir yolunda çiyni yol çantalı turistlər sevinclə qatarın vaqonlarına doluşurlar. Haradasa bir gəncin adına əmək kitabçası açılır, kiminsə evindən ilk dəfə körpə səsi gəlir. İllərdir yurduna həsrət qalıb indi geriyə dönən birisinə isə təzə mənzilinin açarları verilir... Bütün bunlar ölkənin sosial-iqtisadi həyatının ayrı-ayrı cizgiləridir.

Bəzən belə yanlış fikir söyləyənlər də olur ki, qəzetdə iqtisadi mövzuda yazılanları oxumaq maraqsızdır. Əvvəla, hər yazının, hər mövzunun öz oxucusu olur. Yəni oxucu qəzet səhifəsində özünün dünyagörüşünə, yaşına, təhsilinə, fəaliyyət sahəsinə uyğun material axtarır. Bir də ki, söhbət ölkənin iqtisadi inkişafından, gücünün, qüdrətinin artmasından gedirsə, insanın güzəranından, dolanışığından bəhs olunursa, bu, əksinə, böyük maraq doğuran məsələdir. 

İqtisadi mövzuları nəinki oxumağın, yazmağın özü xoş və maraqlıdır ki, "Azərbaycan" qəzeti bu missiyasını da məmnuniyyətlə yerinə yetirir.

Əlbəttə, "Azərbaycan"ın 10.000 nömrəsinin hər birini vərəqləmək imkan xaricindədir. Sadəcə, son illərin iqtisadi mövzular palitrasına ötəri bir nəzər salaq. 

Azərbaycan iqtisadiyyatının elə bir sahəsi yoxdur ki, qəzetimizdə öz dolğun, geniş və əhatəli əksini tapmasın. Başlayaq iqtisadiyyatımızın bel sütununu təşkil edən neft-qaz sektorundan. Mübaliğəsiz deyə bilərik ki, qəzet Azərbaycanın yeni neft-qaz strategiyasının əsl salnaməçisinə çevrilib. Hazırda dünyada istismar olunan ən böyük karbohidrogen mənbələrindən biri Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarıdır. Prezident İlham Əliyev "Azəri-Çıraq-Günəşli"ni ölkəmizin əsas gəlir mənbəyi adlandırıb. 

Doğrudur, AÇG neft hasilatının pik dövrünü artıq yaşayıb. Bununla belə məyusluq yaratmayıb. Neft laylarının dərinliyində bolluca qaz ehtiyatları olduğunu sürpriz edib. Biz bu müjdəni də artıq oxucularımıza çatdırmışıq. 

Qazdan söz düşmüşkən onu da xatırladaq ki, Azərbaycanın "Şahdəniz"dəki və digər yataqlardakı mavi yanacaq ehtiyatı bundan sonra hələ 100 il bizə kifayət edər, üstəlik, bir sıra digər ölkələrin də enerji təhlükəsizliyinə dəstək verər. 

Dünyanın ən böyük neft-qaz terminallarından biri, regionun neft-qaz ixracı mərkəzi olan Səngəçal terminalı, Ulu Öndər Heydər Əliyevin şah əsərləri sırasında dayanan, üçüncü minilliyin nəhəng mühəndis qurğusu sayılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 19 il əvvəl "Şahdəniz" qazını ilk dəfə xaricə nəql edən, Azərbaycanı həm də qaz ixracatçısı kimi tanıdan Bakı-Tbilisi-Ərzurum boru xətti haqqında ən geniş təsəvvürü də oxucularda məhz ölkəmizin adını daşıyan qəzetimiz yaradır. Oxucumuz "Cənub qaz dəhlizi"nin keçdiyi uzun yol, bu layihənin təşəbbüskarının və aparıcı qüvvəsinin Azərbaycan olduğu, nəhayət, ölkəmizin Pan-Avropa qaz təchizatçısına çevrildiyi barədə bir çox bilgiləri də əsasən "Azərbaycan"dan alır.

Ölkəmizdə neft kapitalı insan kapitalına çevrilib. Neftdən əldə olunan gəlirlər dövlətimizin prioritetlərindən olan qeyri-neft sektorunun inkişafına, sosial infrastukturun qurulmasına yönəldilir. Neftdən əldə olunan gəlirlər həmçinin Azərbaycan Ordusunun gücünü, qüdrətini artırıb, silah-sursatla təchizatını yüksək səviyyəyə çatdırıb. Dövlətimizin başçısı bu barədə belə deyib: "Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, əgər biz nəhəng neft-qaz layihələri icra etməsəydik, bu vəsaiti haradan alacaqdıq. Bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir".

Və bütün bu bir-birilə bağlı məsələlər qəzetimizin diqqət mərkəzindədir.

Kəndlini öz torpağının və taleyinin sahibinə çevirən aqrar islahatlar, regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının icrası qəzetin səhifələrində müxtəlif janrlı yazılar və fotoşəkillərlə öz əksini tapır. Bu səhifələri çevirdikcə gözlərimizdə günbəgün yenidən qurulan, ucqar kəndlərinədək yollar çəkilən, dağların başındakı obalarınadək hər yerdə mavi alov şölələnən, 25-30 il əvvəl böyük şəhərləri belə işığı fasilə ilə alan, son iki onillikdə isə onlarca elektrik stansiyası tikən və indi qonşusu olan dörd ölkəyə enerji ixrac edən Azərbaycan canlanır. 

Bu gün Azərbaycanın bir sıra rayon mərkəzləri gözəllikdə, abadlıqda Avropanın tanınan şəhərlərindən heç də geridə qalmırlar. Paytaxtımız meqapolisə çevrilib. Və bütün bunlar "Azərbaycan"ın iqtisadi mövzuda yazan jurnalistlərinin diqqətindən və qələmindən qəzetin bircə nömrəsində belə yayınmır.

Ölkənin sosial-iqtisadi inkişafı üçün bütün mənbələrdən əsas kapitala yönəldilən vəsait, geniş vüsət alan tikinti-quruculuq işləri, bu sahəyə yatırılan daxili və xarici sərmayə, istifadəyə verilən yeni istehsal müəssisələri, yaradılan müasir infrastruktur... İndi əsas kapitala yönəldilən investisiyaların başlıca ünvanlarından biri də işğaldan azad olunmuş ərazilərimiz - yenidən tikilib-qurulan Qarabağ və Şərqi Zəngəzurdur. Bütün bunlar üçün də qəzetin səhifələrində geniş yer var. 

Sənaye parkı, sənaye məhəlləsi, aqropark nədir, bunlar nə ilə məşğuldur, əhəmiyyəti və perspektivləri nədən ibarətdir? Bu sualların cavablarını da "Azərbaycan" qəzetindən almaq mümkündür.

Bu günün mövzuları sırasında Zəngəzur dəhlizinin (TRIPP) çəkilişi də öndə dayanır. "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizləri də həmçinin. Başlanğıcını Mərkəzi Asiyadan götürüb Xəzərin və Qara dənizin dibi ilə Avropaya uzanacaq "yaşıl enerji" dəhlizinin aparıcı qüvvəsi Azərbaycandır ki, oxucumuz bu layihələr barədə də ətraflı və düzgün məlumatı bizim qəzetdən alır. 

Sosial mövzu da qəzetin daim diqqət mərkəzindədir. Məlumdur ki, ölkədə son illər bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub. Prezident İlham Əliyevin imzaladığı sərəncamların əhali arasında necə rəğbətlə, məmnunluqla qarşılandığını qəzetin yazılarında aydın görmək olar. Bu da səbəbsiz deyil. Çünki imzalanan hər yeni sərəncam yeni sosial islahat mərhələsinə keçidi təmin edir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılır. Bu da onu göstərir ki, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. 

Biz çalışırıq ki, "iqtisadiyyat rəqəmlər toplusudur" deyənlər hər rəqəmin arxasında əsl həqiqətlərin, böyük reallıqların dayandığını görsünlər. Doğrudur, Dövlət Statistika Komitəsi "Azərbaycan"ın İqtisadiyyat şöbəsinə hər ayda bir dəfə sosial-iqtisadi icmallarını göndərir. Biz oradakı rəqəmləri oxuculara da çatdırırıq, həm də çılpaq şəkildə deyil, izahlarla, şərhlərlə. 

Bu, iqtisadiyyatdır, rəqəmlər dəyişə də bilir, onlar yalnız artmırlar, bəzən azalan vaxtları da olur. Belə hallarda ciddi təhlillərə ehtiyac yaranır. Səbəbləri araşdırmaq, geriyə sıçrayışı dərindən çözmək lazım gəlir... 

Elə irəliləyişin özü də bunu tələb edir. Adi bir misal gətirək. Son illər miqrasiya saldomuz müsbət olaraq qalır. Başa çatmaqda olan ilimizin 9 ayında bu göstərici 957 nəfər təşkil edib (həmin vaxtdan şübhəsiz ki, xeyli artıb). Bu, sıradan bir rəqəm deyil. Deməli, getdikcə daha çox insan Azərbaycanı özünə daimi yaşayış yeri seçir. Əgər insan burada yaşayanda özünə iş tapacağına, gününün xoş keçəcəyinə, güzəranının yaxşı olacağına inanmasa, belə qərara gəlməz. Deməli, ölkəmizi sevir, nailiyyətlərimizi görür, dövlətimizə güvənirlər ki, bu addımı atırlar. Deməli, Azərbaycanın gücü, nüfuzu dünyaya bəllidir... 

Bu qüdrətdən, bu nüfuzdan yazmaqdan yorulmuruq. Buyurun, oxucumuz olun.  


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2026-cı ildə növbəti "Yüksəliş"müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və "Yüksəliş" müsabiqəsinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

03:34
11 Dekabr

R.R.İsmayılovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilməsi haqqında

03:33
11 Dekabr

Ş.M.Əliyevin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında

03:33
11 Dekabr

“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında

03:31
11 Dekabr

“Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxsin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:29
11 Dekabr

“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın Vahid Forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 242 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

03:28
11 Dekabr

“Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 

03:27
11 Dekabr

“Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

03:25
11 Dekabr

Çempionlar Liqası: Bakıda “Qarabağ” “Ayaks”a məğlub olub

23:50
10 Dekabr

Qərbi Azərbaycan İcması ilə İrəvan Qazılığı arasında görüş olub  

22:45
10 Dekabr

İsveçrənin yeni prezidenti seçilib  

22:18
10 Dekabr

Stokholmda Nobel mükafatlarının təntənəli təqdimetmə mərasimi keçirilib  

21:58
10 Dekabr

Kənan Quluzadə: İstanbul nümayəndəliyimizin əsas məqsədi Azərbaycanın turizmini Türkiyə vətəndaşlarına daha yaxından tanıtmaqdır  

21:30
10 Dekabr

UEFA Çempionlar Liqası: “Qarabağ” və “Ayaks”ın start heyətləri açıqlanıb  

20:43
10 Dekabr

Müdafiə Nazirliyinin hərbi mütəxəssisləri ilə NATO-nun nümayəndələri görüşüblər  

20:15
10 Dekabr

Çin civə termometrlərinin istehsalını qadağan edəcək  

20:07
10 Dekabr

Azərbaycan Prezidentinin Slovakiyaya səfəri beynəlxalq medianın diqqət mərkəzində olub 

19:53
10 Dekabr

Doğma yurda qayıdacaq keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

19:41
10 Dekabr

Milli Məclisin sədri Britaniya ticarət elçisi ilə parlamentlərarası əlaqələri müzakirə edib  

19:32
10 Dekabr

Əmək qanunvericiliyinə genişmiqyaslı dəyişikliklər birinci oxunuşda komitədə dəstəklənib  

19:29
10 Dekabr

ABŞ Konqresində Azərbaycana qarşı yardım məhdudiyyətlərinin ləğvi ilə bağlı qanun layihəsi təqdim edilib  

19:23
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!