COP29-da bu problem də diqqətdə saxlanılıb
İqlim dəyişiklikləri və onların yaratdığı fəsadlar dünyamızın ən qlobal problemidir desək, yanılmarıq. Bu fəsadların böyük bir qismi də antropogen təsirlərlə əlaqədardır. İqlim dəyişikliyi, sürətli əhali artımı, təbiətə atılan sənaye tullantıları, plastik məmulatlar, qeyri-sağlam urbanizasiya havanın, suyun və torpağın çirklənməsinə səbəb olur ki, bu da dünyanın təbii tarazlığını pozaraq sağlamlığa ciddi təsir edir. Sağlamlığa və ətraf mühitə zərər vuran bu amillərin idarə olunması, onların zərərinin minimuma endirilməsi üçün beynəlxalq miqyasda tədbirlər görülür.
Dünyanın əhəmiyyətli və irimiqyaslı beynəlxalq tədbirlərindən olan COP29-un Azərbaycanda keçirilməsi də ölkəmizin iqlim dəyişikliklərinin yaratdığı fəsadlara qarşı apardığı mübarizənin bariz göstəricisidir. Konfransın ilk günündən etibarən mütəmadi olaraq sağlamlıqla bağlı panel müzakirələri aparılır, tədbirlər keçirilir.
"İqlim dəyişikliyinin sağlamlığa təsiri artıq dünyanın hər yerində hiss olunur". Bunu COP29 çərçivəsində keçirilən iqlim və sağlamlıq mövzusunda yüksəksəviyyəli "dəyirmi masa"da səhiyyə naziri Teymur Musayev deiyb. Nazir qeyd edib ki, iqlim dəyişikliyinin sağlamlığa təsirləri yalnız insanların rifahını deyil, səhiyyə sistemlərini də təhdid edir. Nazir qeyd edib ki, hazırda bu çağırışlarla mübarizə aparmaq üçün irəliyə doğru mühüm addımlar atılır: "Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə iqlim dəyişikliyi və sağlamlığın qlobal gündəmin mərkəzində qalmasını təmin etməyə sadiqik. Bu gün burada təmsil olunan ölkələrin hər biri iqlimlə bağlı fəaliyyətin sağlamlıq ölçülərini tanımaqda mühüm addımlar atır".
Bir neçə gün öncə "yaşıl zona"da "Sağlamlığa Xidmət" İctimai birliyi və Beynəlxalq Stop Vərəm Tərəfdaşlığının birgə təşkilatçılığı ilə iqlim dəyişikliyinin sağlamlığa təsiri, o cümlədən antimikrobial rezistentlik mövzusunda yüksəksəviyyəli müzakirə keçirilib. Tədbirdə Kamerun, Keniya və Zambiyadan olan parlament üzvləri, həmçinin Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsinin üzvləri iştirak ediblər. Panel sessiyalarda TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin şöbə müdiri Nəzifə Mürsəlova, Qazaxıstan, Qırğızıstan və Hindistandan ekspertlər iştirak edərək, sözügedən mövzuda auditoriyanın suallarını cavablandırıblar.
COP29-da "Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması" mövzusunda da yüksəksəviyyəli "dəyirmi masa" keçirilib. Tədbirdə "Dəyişən iqlimdə davamlılığın artırılması: Daha sağlam gələcək üçün Azərbaycanın Vahid Sağlamlıq yanaşması" və "Vahid Sağlamlığın tətbiqi üzrə dörd tərəfin birgə yanaşması: Effektiv sahələrarası işbirliyi yolu ilə daha böyük təsirə nail olunması" mövzularında sessiyalar baş tutub.
Konfrans çərçivəsində həmçinin şəhərlərdə təbiət, sağlamlıq və dayanıqlılıq mövzusunda yüksəksəviyyəli "dəyirmi masa" təşkil olunub. COP29 sədrliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BMT-nin Ətraf Mühit Proqramının (UNEP), Dünya Səhiyyə Təşkilatının (WHO), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Dünya Meteorologiya Təşkilatının (WMO) birgə təşəbbüsü ilə keçirilən tədbirdə iqlim dəyişikliyinin şəhərlərə, infrastrukturlara, sakinlərin sağlamlığına təsirlərindən söz açılıb.
Bildirilib ki, proqnozlara görə, 2050-ci ilədək dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Bu da öz növbəsində şəhərlərin ətraf mühitə mənfi təsirlərini azaltmaq məsələsini aktuallaşdırır. "Dəyirmi masa"da şəhərlərdə əhalinin sağlamlığının qorunması, məşğulluğun təminatı, yaşıl məkanların sahəsinin artırılması, tullantıların idarə olunması, şəhərsalmanın iqlim tələblərinə uyğunlaşdırılması məsələlərinə toxunulub.
Qeyd etmək lazımdır ki, hazırda Abşeron yarımadasında 21 min hektara yaxın yaşıllıq sahəsi mövcuddur. 2024-2030-cu illərdə 6 min hektardan artıq ərazidə yeni yaşıllıqların salınması nəzərdə tutulub. Müasir qlobal ekoloji böhran şəraitində yalnız paytaxtda deyil, bütün ölkə ərazisində yaşıllaşmanın artırılması dövlətimizin ekoloji siyasətinin vacib istiqamətini təşkil edir. Bu istiqamətdə genişmiqyaslı ağacəkmə kampaniyaları həyata keçirilir, parklar, yaşıllıqlar salınır. Bütün bunlar isə təbiətin bərpasına, bilavasitə insanların sağlamlığının qorunmasına töhfə verəcəkdir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"