23 Yanvar 2026 08:30
233
SİYASƏT
A- A+
İnsan kapitalına strateji yanaşma

İnsan kapitalına strateji yanaşma


Müasir dövrdə ölkələrin dayanıqlı inkişaf səviyyəsi təkcə iqtisadi resurslarla deyil, eyni zamanda güclü insan kapitalı ilə ölçülür. Bu kontekstdə gənclər siyasəti dövlətlərin uzunmüddətli strateji baxışının əsas sütunlarından biri hesab olunur. Azərbaycan dövləti də gənclərin inkişafını siyasətində prioritet istiqamət kimi müəyyənləşdirərək, onların təhsilinə, məşğulluğuna, liderlik bacarıqlarının formalaşmasına, cəmiyyətə uğurla inteqrasiyasına xüsusi önəm verir. Bu siyasətin praktik və sistemli alətlərindən biri 2019-cu ildən ölkəmizdə keçirilən və minlərlə Azərbaycan gəncinin həyatında müsbət dəyişikliklər yaradan "Yüksəliş" müsabiqəsidir. 


İnstitusional əsaslara söykənən siyasət


Azərbaycanda gənclər siyasəti dövlət səviyyəsində formalaşdırılmış, güclü institusional əsaslara söykənir. Bu siyasətin başlıca məqsədi gənclərin intellektual, fiziki və mənəvi inkişafını təmin etmək, onların ölkənin ictimai-siyasi və iqtisadi həyatında fəal iştirakını stimullaşdırmaqdır. Yerli və beynəlxalq təhsil proqramları, təqaüdlər, mübadilə layihələri vasitəsilə gənclərə təhsil və özünüinkişaf imkanlarının yaradılması, onların  məşğulluğu, uğurlu karyera yolu üçün startap ekosisteminin qurulması, gənclər arasında biznes və sahibkarlıq ruhunun təşviqi, dövlət idarəçiliyinə və ictimai qərarverməyə cəlb edilməsi yolu ilə gənc nəslin vətəndaş fəallığının, liderlik bacarıqlarının artırılması, eləcə də hər kəs üçün bərabər imkanlar mühitinin təmin edilməsi bu siyasətin əsas istiqamətlərindəndir. Bu istiqamətlər gəncləri ölkənin gələcəyini formalaşdıran, bununla bağlı ictimai məsuliyyətini dərk edən aktiv vətəndaşlar kimi mövqeləndirir.

"Yüksəliş" müsabiqəsi bu baxımdan Azərbaycanın gənclər siyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və birbaşa nəzarəti ilə həyata keçirilən bu müsabiqənin əsas ideyası perspektivli, yüksək potensiala malik gəncləri aşkar etmək, onları peşəkar inkişaf proqramları vasitəsilə dəstəkləmək və dövlət-özəl sektor üçün strateji kadr ehtiyatı formalaşdırmaqdır. 

Öz məqsədlərinə uyğun olaraq "Yüksəliş" müsabiqəsi bu layihədə iştirak edənlərin liderlik potensialını üzə çıxarır. Onların strateji düşüncə və qərarvermə bacarıqlarını inkişaf etdirir. Gənclərə şəxsi və peşəkar inkişaf üçün mentorluq imkanları yaradır, bu təbəqənin dövlət idarəçiliyinə və korporativ sektora hazırlanmasını təmin edir.

Xatırladaq ki, ötən il dekabrın 10-da Prezident İlham Əliyev 2026-cı ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

2019-2021-ci illərdə keçirilmiş ilk müsabiqədə 27 qalib, 2022-ci il ikinci müsabiqədə 22, 2023-cü il üçüncü müsabiqədə 22, 2024-cü il dördüncü müsabiqədə 25 və 2025-ci il beşinci müsabiqədə 20 qalib müəyyən olunub. Beləliklə, ötən beş müsabiqə üzrə ümumilikdə 70 minə yaxın müraciət qəbul edilib, 40 minə yaxın Azərbaycan vətəndaşı prosesdə iştirak edib və nəticədə 116 nəfər qalib elan edilib.


Uzunmüddətli inkişaf platforması


"Yüksəliş"in belə yüksək səviyyədə təşkili təsadüfi deyil. Azərbaycan Prezidentinin müxtəlif çıxışlarında da vurğuladığı kimi, inkişaf etmiş cəmiyyətin təməli güclü insan resurslarıdır. Bu müsabiqə də belə resursların formalaşdırılmasını hədəfləyir. 

Cənab İlham Əliyevin yanaşmasına görə, dövlət idarəçiliyi sisteminin səmərəliliyi yalnız qanunlarla deyil, bu sistemdə çalışan insanların keyfiyyəti ilə müəyyən olunur. "Yüksəliş" bu baxımdan dövlətin gələcək liderlərini indidən müəyyənləşdirir, hazırlayır və istiqamətləndirir.

"Yüksəliş" müsabiqəsi çoxpilləli və obyektiv qiymətləndirmə mexanizmi ilə seçilir. Bu mexanizmin əhatə etdiyi onlayn testlər, situasiya və məntiq əsaslı tapşırıqlar, idarəetmə və liderlik bacarıqlarını ölçən mərhələlər, fərdi müsahibələr mükəmməl seçim modeli kimi iştirakçıların yalnız bilik səviyyəsini deyil, eyni zamanda davranış tərzini, analitik düşüncə və komanda ilə işləmə bacarıqlarını da qiymətləndirməyə imkan verir. 

Belə bir mexanizm sayəsində yüksək hazırlıqlı gənclər arasından ən layiqliləri qalib olur, amma eyni zamanda digər iştirakçılar da çox faydalı təcrübə qazanırlar. Onlar növbəti müsabiqələrdə özlərini sınaya bilirlər, yaxud təhsil və karyera həyatlarında rastlarına çıxan başqa fürsətlərin dəyərləndirilməsi zamanı "Yüksəliş" təcrübəsi gənclərə çox böyük kömək göstərir. Bu mənada, müsabiqənin gənc nəsil üçün yaratdığı dəyər sadəcə bilik və bacarıq yarışmasının hüdudlarından çox-çox kənara çıxır. "Yüksəliş" müsabiqəsi sadəcə bir yarış deyil, uzunmüddətli inkişaf platformasıdır. Bu platforma çərçivəsində təqdim olunan mentorluq proqramları, təlimlər, işgüzar şəbəkələşmə, biznes icmasının tanınmış bir üzvünə çevrilmək gənclərin karyera trayektoriyasına real təsir göstərir.

Gənclər "Yüksəliş" vasitəsilə özlərini, imkanlarını, bilik və bacarıqlarını yenidən kəşf edirlər. Bu, onlara özlərini təmsil etdikləri dəyərlərlə birgə tanımaq, liderlik bacarıqlarını nəzərdən keçirmək, peşəkar əlaqələr şəbəkəsi qurmaq, dövlət qurumlarında, eləcə də böyük şirkətlərdə karyera imkanları qazanmaq imkanı verir, uzunmüddətli inkişaf perspektivi yaradır. 


İstedadların cəlbi və idarə edilməsi


Bu müsabiqə dövlət üçün də hər cəhətdən strateji əhəmiyyət kəsb edir. İstedadların cəlbi və idarə edilməsi tarixin bütün dövrlərində güclü dövlətin görünməyən dayağı olub. Müasir dünyamızda isə istedadların cəlbi, idarə edilməsi klassik kadr siyasətindən daha geniş, strateji idarəetmə aləti kimi nəzərə çarpır və bu, əsla təsadüfi deyil. Dövlət qərarlarının keyfiyyəti birbaşa onları hazırlayan, icra edən insanların bacarıqları ilə bağlıdır. Analitik düşüncə, liderlik və innovativ yanaşma olmadıqda islahatlar formal xarakter daşıyır, dəyişən qlobal reallıqlara adaptasiya zəifləyir. İstedadlı kadrlar isə dövlətə çeviklik, strateji baxış, uzunmüddətli düşünmə qabiliyyəti qazandırır.

Digər mühüm məqam davamlı liderliyin təmin edilməsidir. İstedadların sistemli şəkildə aşkarlanması, inkişafı gələcək idarəçilər üçün möhkəm varislik mexanizmi yaradaraq institusional sabitliyi qoruyur. Bu yanaşma həm də gənclərin dövlətə inamını gücləndirir: şəffaf və meritokratiyaya əsaslanan seçim mexanizmləri beyin axınının qarşısını alır, gəncləri ölkənin inkişaf prosesinə cəlb edir.

Nəticə etibarilə, istedadların idarə edilməsi dövlət üçün idarəetmənin keyfiyyətini müəyyən edən əsas faktorlardandır. Güclü dövlət modeli güclü institutlarla yanaşı, həmin institutları formalaşdıran və inkişaf etdirən istedadlı insanlara söykənir. "Yüksəliş" müsabiqəsi də Azərbaycan dövləti üçün effektiv istedad cəlbi və idarəçiliyi alətidir. Bu mexanizm vasitəsilə gələcək idarəçilər və liderlər yetişdirilir, qərarvermə proseslərində yeni düşüncə tərzi formalaşır, insan kapitalına investisiya sistemli şəkildə həyata keçirilir. Bu yanaşma qısa müddətli nəticələrdən daha çox, institusional davamlılığa yönəlir. 


Gənclər üçün örnəklər niyə vacibdir?..


"Yüksəliş" müsabiqəsinin gənclərlə iş sahəsində daha bir əhəmiyyətli rolunu da xüsusi vurğulamaq istərdik. Məlumdur ki, gənclərin inkişafında örnəklər - yəni rol modellər həlledici psixoloji, sosial funksiyaya malikdirlər. Rol modellər mücərrəd uğur anlayışını öz real nailiyyətləri ilə gənclər üçün konkret hekayələrə çevirir, onlarda "mümkündür" hissini formalaşdırır və istiqamət verirlər. Xüsusilə təhsil, karyera, liderlik və ictimai fəallıq kontekstində hər bir gənc özünə bənzər, real və əlçatan nümunələr görəndə fərqli potensialını reallaşdırmaqdan ötrü dərhal hərəkətə keçməyə həvəslənir. Bu baxımdan, rol modellər, ilk növbədə, gənclərdə yüksək motivasiya yaradaraq uğurun yalnız istisna şəxslərə aid olmadığını göstərirlər. 

Digər tərəfdən, onların yaratdıqları uğur nümunəsi hansı bacarıqların, dəyərlərin, seçimlərin müsbət nəticə verdiyini nümayiş etdirir. Ən mühümü isə rol modellər inam yaradırlar, onların təqdim etdikləri parlaq nümunələr hər bir gəncin öz yoluna və sistemə olan etibarını gücləndirir. 

"Yüksəliş" müsabiqəsi də seçim və inkişaf platforması olmaqla yanaşı, eyni zamanda rol model yaradan mexanizmdir. Müsabiqədə önə çıxan qaliblər və finalçılar "əlçatmaz elita" təmsilçiləri deyil, müxtəlif regionlardan, fərqli sosial və peşəkar mühitlərdən gəlmiş real həmyaşıdlardır. Bu, gənclər üçün güclü identifikasiya, özünü tanıtma imkanı yaradır, "o bacardısa, mən də bacara bilərəm" düşüncəsini gücləndirərək fərdləri əzmkarlığa sövq edir.

Ən vacib məqamlardan biri isə ondan ibarətdir ki, "Yüksəliş" formalaşdırdığı rol modelləri yalnız uğur hekayələri ilə deyil, davamlı inkişaf yolları ilə təqdim edir. Mentorluq, öyrənmə, məsuliyyət və ictimai dəyər yaratma kontekstində onların inkişaf yollarının davamını da görə bilirik. Bu yanaşma gənclərə uzunmüddətli, sağlam liderlik modelini aşılayır. "Yüksəliş" müsabiqəsi öz rol modellərini təsadüfi deyil, sistemli və dövlət baxışına uyğun şəkildə formalaşdıraraq gənclərlə dövlət arasında güclü psixoloji və dəyər körpüsü yaradır.


Dövlətin gənclərə açıq çağırışı


Azərbaycanda gənclərin "Yüksəliş" müsabiqəsinə çox böyük marağı var. Elan edildiyi ilk ildən bəri hər il on minlərlə gənc bu müsabiqədə özünü sınamağa çalışır. Belə bir maraq qətiyyən təsadüfi olmayıb, bir neçə dərin sistemli amilin kəsişməsindən formalaşır. 

İlk növbədə, müsabiqə gənclərə şəffaf və ədalətli seçim mexanizmi təqdim edir. Cəmiyyətdə uzun illər ərzində formalaşmış "imkanlar məhduddur" düşüncəsi fonunda "Yüksəliş" bilik, bacarıq və potensiala əsaslanan real rəqabət mühiti yaradır. Bu da gənclər üçün cəlbedici fürsətdir.

Bundan başqa, müsabiqə gənclər arasında sosial lift funksiyasını yerinə yetirir, daha yüksək həyat standartlarına çatmasını təmin edir. Regionlardan, fərqli peşə və sosial mühitlərdən olan iştirakçılar üçün "Yüksəliş" özünü göstərmək və təsdiqləmək, inkişaf etmək imkanı yaradır. Bu, inklüzivlik marağın kütləvi xarakter almasının əsas səbəblərindən biridir.

Eyni zamanda "Yüksəliş" yalnız qalibiyyət və titul vəd etmir, mentorluq, təlimlər, şəbəkələşmə və uzunmüddətli karyera perspektivi ilə inkişaf ekosistemi təklif edir. Bu yanaşma onu klassik müsabiqələrdən fərqləndirərək daha dərin motivasiya yaradır.

Nəhayət, müsabiqə dövlətin gənclərə açıq çağırışıdır. Dövlətimiz bu müsabiqə vasitəsilə hər bir istedadlı, bacarıqlı gəncimizə "Səni görürük və səninlə gələcəyi qurmaq istəyirik" dəvətini yetirir. Məhz bu psixoloji, institusional mesaj "Yüksəliş"ə olan marağı həm yüksək, həm də davamlı edir.

Azərbaycanın gənclər siyasəti və "Yüksəliş" müsabiqəsi bir-birini tamamlayan, strateji baxımdan uyğunlaşdırılmış mexanizmlərdir. Bu model gəncləri Azərbaycan dövlətinin gələcəyinin birbaşa qurucuları kimi yetişdirir. "Yüksəliş" müsabiqəsi belə bir baxışın praktik, ölçülə bilən nəticələr verdiyi ən uğurlu nümunələrindəndir. 

Müsabiqə Azərbaycanın insan kapitalının inkişafında yeni səhifə açır və gələcək nəsil dövlət xadimlərinin, menecerlərin və liderlərin formalaşmasında strateji alət kimi tarixə düşür. Bu təşəbbüs təkcə bir layihə olmayıb, bir dövlət ideologiyasının - bacarığa əsaslanan inkişaf yolunun təzahürü kimi qiymətləndirilməlidir. 

İnsan kapitalının yüksəlişinə yönəlmiş bu yanaşma Azərbaycanın uzunmüddətli inkişaf strategiyasında mühüm rol oynamaqda davam edəcəkdir.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq  

13:00
23 Yanvar

Ötən il qəsdən törədilən hücumlarda BMT-nin 21 əməkdaşı həlak olub  

12:53
23 Yanvar

Fransina Armenqol Sosias Bakıda Zəfər abidəsini və Zəfər muzeyini ziyarət edib YENİLƏNİB

12:41
23 Yanvar

Dövlət maliyyəsinin səmərəli idarəsinin təşkili ilə bağlı qanunlarda dəyişiklik müzakirə olunur

12:33
23 Yanvar

Fərid Qayıbov Qubadlı rayon və Sumqayıt şəhər sakinləri ilə görüşüb  

12:22
23 Yanvar

UNESCO: Son iki ildə 50-dən çox ölkədə internetin kəsilməsi halları olub  

11:41
23 Yanvar

Cey Di Vens: ABŞ Yaxın Şərqdə əhəmiyyətli qüvvələr cəmləyib  

11:32
23 Yanvar

Davos İqtisadi Forumu Azərbaycanın qlobal iqtisadi arenada lider olduğunu bir daha göstərdi  

11:24
23 Yanvar

Aqrar İnnovasiya Mərkəzi və Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq imkanları müzakirə edilib  

11:18
23 Yanvar

Ötən gün 67 cinayətin açılması təmin olunub  

10:57
23 Yanvar

Beynəlxalq axtarışa verilmiş daha iki şəxs ölkəmizə ekstradisiya olunub

10:54
23 Yanvar

Xankəndi, Ağdam və Xocalıda məktəbəqədər təhsil müəssisələrində ilk dəfə tədris prosesinə başlanılıb

10:46
23 Yanvar

Tacikistan səfiri "ASAN xidmət"də

10:42
23 Yanvar

Dünyanın ən böyük AES-nin fəaliyyəti yenidən dayandırılıb  

10:24
23 Yanvar

Azərbaycanda ötən il 258 mindən çox şəxsə proaktiv qaydada pensiya, müavinət və təqaüd təyin olunub  

10:22
23 Yanvar

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib  

10:20
23 Yanvar

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:02
23 Yanvar

Dünya birjalarında neft bahalaşıb  

10:01
23 Yanvar

Azərbaycan nefti ucuzlaşıb  

10:00
23 Yanvar

WUF13 çərçivəsində keçiriləcək tərəfdaş tədbirləri üzrə müraciətlərin qəbulunun başa çatmasına son 1 həftə qalıb  

09:57
23 Yanvar

Fransa Hərbi Dəniz Qüvvələri Aralıq dənizində Rusiya tankerini saxlayıb  

09:57
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!