Səsin əbədiləşdirilməsi üçün ixtira edilmiş səsyazan qurğu kəşf edilməmiş olsaydı, həyatımızda bir çox çətinliklərlə üzləşərdik. İstər incəsənət baxımından, istərsə də bir çox fəaliyyət sahələrində bu qurğunun rolu əvəzsizdir.
Maraqlıdır ki, 2008-ci ilə qədər fonoqrafın yaradıcısının Tomas Edison olduğu bildirilirdi. Lakin həmin il fransalı Edouard-Leon Scott de Martinville tərəfindən qeydə alınmış 1860-cı ilə aid səs yazısı bu faktı dəyişdi. O, səsi yazmaq üçün neft lampasından istifadə edib. Səs dalğaları lampanın his və tüstüsü ilə örtülmüş kağıza köçürülüb. Bu səs 10 saniyəlik olmaqla bir fransız xalq mahnısının (Au Clair de la lune) sözlərindən ibarət olub.
Əslində, ixtiraçının bu tarixdən əvvələ aid qeydə aldığı 5 səs yazısı da mövcuddur, lakin bir çox tədqiqatlar aparılsa da bunları rəqəmsallaşdıraraq dinləmək mümkün olmayıb. Onun 1957-ci ildə patentini aldığı fonoqraf səsi yalnız yazaraq vizuallaşdıra bilirdi, yenidən dinləmək funksiyasına malik deyildi. Bu səbəblə ixtiraçı belə özünün qeydə aldığı səsi heç vaxt dinləyə bilməyib. Hazırda onun bu qurğusu Milli Amerika Tarixi Muzeyində sərgilənir.
Tomas Edisonun qrammofonu isə qeydə aldığı səsi yenidən dinləmə imkanına sahib çıxıb. 1877-ci ildə kəşfi ilə insanların həyatında yeni bir çağın başlanğıcını qoymuşdu. İlk yazılan səs “Marry had a little lamp” adlı uşaq mahnısı olub. Səslər qalay folqa üzərinə yazılırdı və yalnız bir neçə dəfə təkrar qulaq asmağa tab gətirə bilirdi, sonra isə sıradan çıxırdı. Buna baxmayaraq, bu qurğu cəmiyyətdə böyük bir sensasiya yarada bilmişdi. Artıq sonrakı illərdə Edisonun “danışan maşın”ından ilhamlanan digər ixtiraçılar fonoqrafı təkmilləşdirməyə çalışıblar.
Hazırda Milli Amerika Tarixi Muzeyində indiyə qədər qeydə alınmış 400-ə yaxın erkən səs yazıları yer alır. İxtiraçılar səsi saxlayacaq müxtəlif vasitələr axtarışında olduqları üçün bu qeydlər rezin, bal mumu, şüşə, qalay folqa və latun kimi materialların üzərinə yazılıb.