03 Sentyabr 2022 01:09
1259
SİYASƏT
A- A+

İlham Əliyevin qlobal layihələri Avropanın enerji xəritəsini dəyişib

 

Prezident Çernobbio forumundakı çıxışı ilə Azərbaycanın beynəlxalq nüfuzunu və rolunu bir daha dünyaya nümayiş etdirdi

 

Azərbaycan-İtaliya strateji tərəfdaşlığı və çoxtərəfli münasibətləri getdikcə daha da şaxələnir. Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə bu ölkəyə işgüzar səfəri, aparılan danışıqlar, keçirilən mühüm görüşlərdə səslənən fikirlər də bunu bir daha təsdiqləmiş oldu. 
Ümumiyyətlə, İlham Əliyev 2005, 2008, 2014, 2015 və 2020-ci illərdə İtaliyaya rəsmi səfərlər edib. Budəfəki işgüzar səfərin məqsədi isə Prezidentin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı ölkələrimiz arasında çoxşaxəli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair imzalanmış Birgə Bəyannamənin icrası prosesində bir sıra istiqamətlər üzrə cari məsələlərin müzakirəsi, bu sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və nəticələrə yönəlmiş sonrakı addımların müəyyən edilməsi idi. 

 

Güclü liderlərin, nüfuzlu şəxslərin müzakirə apardığı beyin mərkəzi

 

Bu səfər həm də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edirdi. Səfər çərçivəsində çox mühüm tarixi hadisələr yaşandı, Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılışı oldu və binada ilk tədbir İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi oldu.
Sentyabrın 2-də İlham Əliyevin xüsusi qonaq qismində İtaliyanın "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakı, eləcə də Prezidentin "Enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu" mövzusunda çıxışı çox böyük marağa səbəb oldu. 
1965-ci ildən fəaliyyət göstərən "The European House - Ambrosetti" İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. Mərkəz Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. 
Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan "The European House - Ambrosetti" İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif tədbirlər təşkil edərək italyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviqinə xidmət edir.
"The European House - Ambrosetti" eyni zamanda İtaliya və Avropa üçün yüksək potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir etmək imkanı və ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksəksəviyyəli müzakirə platformaları təqdim edir. Müxtəlif illərdə Çernobbio forumunda dünyanın aparıcı ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər.
Foruma xüsusi qonaq kimi dəvət edilən İlham Əliyev çıxışında bir daha Azərbaycanın iqtisadi qüdrətindən söz açaraq həyata keçirdiyi mühüm qlobalmiqyaslı layihələrdən söz açdı və ölkəmizin Avropa üçün əhəmiyyətini dəyərləndirdi. 
Dövlət başçısı bir sıra sahələri əks etdirən mühüm kontekstlərə toxunmaqla ölkəmizin Avropadakı və dünyadakı rolunun nə qədər mühüm əhəmiyyət təşkil etdiyini forum iştirakçılarına çatdırdı.

 

İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac edilməsi planlaşdırılır

 

Prezident İlham Əliyev ilk olaraq İtaliya Prezidenti Sercio Mattarellanın dörd il əvvəl, 2018-ci ilin iyul ayında ölkəmizə etdiyi rəsmi səfəri xatırlayaraq imzalanan sənədlərin əhəmiyyətini dəyərləndirdi. 
Qeyd edək ki, Sercio Mattarella İtaliyanın Azərbaycana səfər edən ilk prezidenti kimi adını iki ölkənin tarixinə yazdırıb. O, eyni zamanda İlham Əliyevin sərəncamına əsasən iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycanın ali dövlət mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif edilib. 
Budəfəki işgüzar səfər zamanı isə ikitərəfli gündəliyə yeni və çox mühüm məsələlər əlavə edilib. Bunlardan biri də təhsil sahəsidir. Keçirilən görüşlər zamanı təkcə enerji məsələləri, iqtisadi inkişafla bağlı deyil, həmçinin təhsil məsələlərinə dair müzakirələr aparılıb və əməkdaşlıq sahələrinin genişləndiyi vurğulanıb.
Azərbaycanın Avropanın enerji təminatçısı kimi rolunu dəyərləndirən İlham Əliyev dedi ki, hələ illər öncə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonrakı çətin dövrlərdə Avropa bazarlarına çıxmağa nail olub. Bu, əlbəttə ki, asan başa gəlməyib. Çünki açıq dənizə çıxışı olmayan bir ölkənin Avropa və dünya bazarına çıxması üçün ixrac kəmərlərinə ehtiyacı var idi. Məhz Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan bu istəyini reallığa çevirə bildi. 1994-cü ildə Azərbaycan Xəzər dənizində əməkdaşlıq etmək üçün xarici dövlətlərin aparıcı enerji şirkətlərini dəvət edən ilk dövlət oldu. Azərbaycan strateji neft boru kəmərlərini Aralıq dənizi limanında yerləşən Türkiyəyə və Gürcüstanın Qara dəniz limanına çəkməklə dünya bazarına enerji tədarükünü şaxələndirdi. Avropanın enerji xəritəsini dəyişdirməyi bacardı. Bu gün isə Azərbaycanın həyata keçirdiyi qlobal-miqyaslı layihələr ölkəmizə siyasi və iqtisadi dividendlər gətirməkdədir. 
Bu sahədə də ilk əməkdaşlıq məhz İtaliya ilə qurulub və artıq ölkəmiz uzun illərdir İtaliyanın ən böyük neft təchizatçısı kimi tanınmaqdadır. Azərbaycan İtaliyaya neft tədarükünə görə birinci, qaz tədarükünə görə isə üçüncü yerdədir. "Cənub qaz dəhlizi" və onun tərkib hissəsi olan Trans-Adriatik Qaz Boru Qəməri (TAP) ikitərəfli enerji əməkdaşlığının və İtaliyanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm amildir.
İlham Əliyev Azərbaycanın qaz ethiyatlarından da söz açaraq bu il qazın həcminin daha da artırılması və İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac edilməsinin planlaşdırıldığını vurğuladı.

 

Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir

 

Göründüyü kimi, Azərbaycanın Avropanın aparıcı enerji təminatçısı olması artıq özünü kifayət qədər sübuta yetirib və bu amil həm də belə nəticəyə gəlməyə zəmin yaradıb ki, məhz Avropa bazarından dünya bazarına çıxmaq imkanlarına malik olan ölkəmiz qarşıdakı illərdə həmin planlarını realizə etmək gücündə və qüdrətindədir. 
Forumdakı çıxışı zamanı İlham Əliyev iştirakçıların diqqətinə çatdırdı ki,  Azərbaycanın enerji strategiyasının ikinci mərhələsi nəhəng qaz yataqlarının işlənməsi olub və artıq ölkəmizin təsdiqlənmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. Son dövrdə isə Azərbaycana 10-dan çox ölkədən - Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan və digərlərindən ya mövcud qaz təchizatının artırılması, ya da qaz təchizatına yeni qoşulma ilə bağlı rəsmi müraciətlər daxil olub. Ukrayna-Rusiya müharibəsi başlayandan sonra təbii qaz məsələsi Avropanın gündəliyində duran əsas məsələlərdən birinə çevrilib. Bir çox layihə mövcuddur ki, bunlardan biri də tikintisi yekunlaşmaqda olan Yunanıstan-Bolqarıstan İnterkonnektorudur. Buna bənzər digər layihə İonik-Adriatik boru kəməridir. Bu kəmərlə Azərbaycan qazı üç Balkan ölkəsinə nəql ediləcək.
Bir sözlə, Azərbaycan Avropa İttifaqına üzv dövlətlərin böyük əksəriyyətinin enerji təchizatçısına çevrilməkdədir. Keçən ay Azərbaycanla Avropa İttifaqı arasında "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması isə Azərbaycanın enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox mühüm addım hesab olunur. 
İlham Əliyev bu memorandumu enerji sahəsində gələcək əməkdaşlıq üçün yol xəritəsi rolunu oynadığını da vurğulayaraq bəyan etdi ki, Azərbaycan məhz bu sənədə əsaslanaraq Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırır. Əlbəttə ki, ölkəmizin potensial qaz ehtiyatları da təsdiq edir ki, Azərbaycan bunu da reallaşdırmaq iqtidarındadır. 
Beləliklə, deyə bilərik ki, Azərbaycan Prezidentinin İtaliyaya işgüzar səfəri bir sıra önəmli hadisələrlə yadda qalması ilə yanaşı, İlham Əliyevin Avropa məkanı üçün əhəmiyyət kəsb edən mühüm bəyanatları və çıxışları beynəlxalq aləmin də diqqətini cəlb etdi. Prezident beynəlxalq Çernobbio forumundakı çıxışı ilə Azərbaycanın Cənubi Qafqazdakı nüfuzunu və rolunu bir daha dünyaya nümayiş etdirdi.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video