26 Aprel 2024 21:43
269
CƏMİYYƏT
A- A+

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb  

 

Aprelin 26-da Heydər Əliyev Fondunda Türkiyənin Sıfır Atık Fondunun nümayəndələri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr haqqında danışıb.

2004-cü il mayın 10-da yaradılan və bu il fəaliyyətinin 20 ili tamam olan Heydər Əliyev Fondunun prioritet sahələrindən birinin ətraf mühitin qorunması üzrə layihələr olduğunu bildirən Anar Ələkbərov Fondun bu istiqamətdə reallaşdırdığı və nəzərdə tutulan tədbirlərini diqqətə çatdırıb.

Görüşdə bu il Azərbaycanın COP29 kimi mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcəyi, ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulduğu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizi “Yaşıl enerji” zona elan etdiyi, həmin ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsinin planlaşdırıldığı bildirilib. Qeyd edilib ki, Heydər Əliyev Fondu ətraf mühitin qorunması istiqamətindəki layihələri ilə ölkəmizdə bu sahədə reallaşdırılan işlərə önəmli dəstək verir.

Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə yaradılan Sıfır Atık Fondunun Qəyyumlar Şurasının sədri Samed Ağırbaş təmsil etdiyi qurumun əsas məqsədinin ətraf mühitin, insan sağlamlığının qorunması olduğunu bildirib, tullantı sularının təkrar istifadəsi və emalının təşviqi kimi məsələlərə xüsusi önəm verdiklərini və bu istiqamətdə həyata keçirilən layihələri qeyd edib.

Görüşdə Heydər Əliyev Fondu ilə Sıfır Atık Fondu arasında COP29 çərçivəsində, eyni zamanda, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığı, mədəni mübadilənin təşviqi və mədəni irsin qorunması sahəsində birgə layihələri nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video