04 May 2024 23:37
337
SİYASƏT
A- A+

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb  

 

Mayın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitində iştirak və çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, İƏT çərçivəsində birlik və əməkdaşlığın təşviqi istiqamətində uğurlu sədrlik təcrübəsi nümayiş etdirdiyinə görə Səudiyyə Ərəbistanına təşəkkür edən nazir Ceyhun Bayramov İƏT sədrliyini təhvil alan Qambiyanı təbrik edərək, İslam həmrəyliyinin daha da gücləndirilməsi və irəlilədilməsi fəaliyyətində uğurlar arzulayıb.

Sammitin mövzusuna - “Daha yaxşı gələcək üçün birlik və əməkdaşlığ”a uyğun olaraq, ölkəmizin BMT və İƏT-in Nizamnamələri, habelə İslam dünyası üçün ortaq maraqlar əsasında mövcud çağırışlarla mübarizədə həmrəyliyi dəstəklədiyi diqqətə çatdırılıb.

Bu kimi çağırışlardan ən təhlükəlisi olan əsassız islamofobiya meyilləri, habelə müqəddəs “Qurani-Kərim”in yandırılma aktları ilə mübarizədə İslam dini və mədəniyyətinin düzgün təşviqinin əhəmiyyəti qeyd olunub.

Öz multikultural ənənə və təcrübəsindən irəli gələrək, ölkəmizin müxtəlif din və mədəniyyətlər arasında daha tolerant və dayanıqlı dünya quruculuğunu dəstəklədiyi bildirilib.

Keçmiş işğal dövründə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə münasibətdə İƏT-in davamlı və birmənalı mövqe göstərdiyini məmnunluqla xatırladan nazir Azərbaycanın da İƏT-in aktiv üzvlərindən biri kimi Təşkilat çərçivəsində münaqişələrin sülh yolu ilə həlli səylərini daim dəstəklədiyini diqqətə çatdırıb.

Hazırda bütün İslam dünyasını dərindən narahat edən Fələstin məsələsi ilə bağlı ölkəmizin “iki dövlət” prinsipi əsasında həll yolunun tərəfdarı olduğu, habelə münaqişənin Fələstin xalqı üçün ağır humanitar nəticələrinin aradan qaldırılması üçün davamlı dəstək göstərdiyi qeyd edilib.

İƏT çərçivəsində müxtəlif, o cümlədən iqtisadi inkişaf, təhsil, səhiyyə, mədəniyyət kimi sahələrdə əməkdaşlığın məmnunluq doğurduğu, habelə birgə fəaliyyət üçün digər istiqamətlər üzrə də geniş potensialın mövcud olduğu diqqətə çatdırılıb. Xüsusilə, ölkəmizin öz enerji portfelini genişləndirərək ənənəvi enerji mənbələrindən külək, Günəş, su kimi alternativ mənbələrə keçid istiqaməti tutduğu, habelə öz strateji mövqe və infrastruktur imkanlarını bağlantılar sahəsinə yönəltdiyi bir dövrdə İƏT dövlətləri ilə bu sektorlarda əməkdaşlığın inkişafında maraqlı olduğumuz bildirilib.

C.Bayramov postmünaqişə dövründə mövcud regional vəziyyət, imkanlar və çağırışlar, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, bu işlərə təhlükə törədən mina təhdidi, Azərbaycan-Ermənistan normallaşma gündəliyi üzrə son irəliləyişlər barədə ətraflı məlumat verib.

COP29-a sədrliyimizdən bəhs edən nazir qlobal iqlim dəyişikliyindən ən çox əziyyət çəkən regionlardan biri kimi İƏT bölgəsinin bu təhdidlə mübarizədə vahid mövqedən çıxış etməsinin və səylərin səfərbərliyinin əhəmiyyətini vurğulayıb.

Sonda Banjul Sammitinin yekunlarına dair qəbul olunmuş Yekun Kommunikedə ölkəmizin bütün ərazilərində öz suverenliyini bərpa etməsinin məmnunluqla qarşılandığı qeyd olunub, dəyişməz olaraq Azərbaycanın ərazi bütövlüyünə, habelə Azərbaycan və Ermənistan arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması əsasında normallaşma prosesinə dəstək ifadə olunub, bu istiqamətdə Ermənistana öhdəliklərinin yerinə yetirilməsinə dair çağırış edilib.

Kommunikedə, həmçinin İƏT-in “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupu”nun adının “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması üzrə Kontakt Qrup”a dəyişdirildiyi əksini tapıb, Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb.

Keçmiş münaqişə dövründə indiki Ermənistan ərazilərindən qovulmuş azərbaycanlıların taleyinin narahatlıq doğurduğu, bu istiqamətdə onların ləyaqətli qayıdışına dəstək ifadə olunub.

2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatının 16-cı İslam Sammitinin Azərbaycanda keçirilməsini təsdiqləyən Kommunikedə, həmçinin bu istiqamətdə Bakıda təşkil olunacaq Sammitin həyata keçirilməsində əməkdaşlığa çağırış olunub.

Kommunike, eyni zamanda, “Bakı Prosesi” çərçivəsində təşkil olunmuş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini alqışlayıb, habelə BMT sistemində, xüsusilə Təhlükəsizlik Şurasının strukturunda coğrafi təmsilçiliyin daha ədalətli bölgüsünə çağırış edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video