2026-cı ilin ikinci rübündə elektromobil üzrə qlobal satışlar əhəmiyyətli dərəcədə artaraq rekord səviyyəyə çatıb.
AZƏRTAC Beynəlxalq Enerji Agentliyinin (IEA) yeni hesabatına istinadla xəbər verir ki, qlobal avtomobil satışları bu ilin yanvar–iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 5 faiz azalıb. Buna əsas səbəb dünyanın iki ən böyük avtomobil bazarı olan Çin və ABŞ-də iqtisadi çətinliklər, yanacaq qiymətlərinin bahalaşması olub.
Hesabata əsasən, elektromobil üzrə qlobal satışlar 2026-cı ilin birinci rübündə əsasən Çin və ABŞ bazarlarındakı zəif nəticələr səbəbindən azalsa da, ikinci rübdə sürətlə bərpa olunub. Belə ki, bu ilin ikinci rübündə satışlar birinci rüblə müqayisədə 35 faiz artıb və 50 ölkədə rekord səviyyəyə yüksəlib.
Qeyd olunub ki, Avstraliya, Avropa, Koreya və bir sıra digər bazarlarda müşahidə olunan güclü satış artımı Çin və ABŞ-də tələbin zəifləməsini böyük ölçüdə kompensasiya edib. Həmçinin Avstraliya, Braziliya, Hindistan, Koreya və Vyetnam kimi iri elektromobil bazarlarında mart–iyun aylarında satışlar 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə artıb. Ümumilikdə, 2026-cı ilin birinci yarısında 90-dan çox ölkədə elektromobillərin satışında illik artım qeydə alınıb.
Hesabatda vurğulanır ki, yol nəqliyyatı qlobal neft istehlakının təxminən yarısını təşkil etdiyindən bu sektor yanacaq qiymətlərindəki dəyişkənliyə və tədarük risklərinə xüsusilə həssasdır. Yaxın Şərqdə baş verən müharibənin yaratdığı enerji böhranı fonunda yanacaq qiymətlərindəki qeyri-sabitlik elektromobillərə marağın yenidən artmasına səbəb olub.
Bildirilib ki, Çində avtomobil bazarının zəifləməsi 2026-cı il ərzində qlobal elektromobil satışlarına mənfi təsir göstərəcək. Cari onillikdə ilk dəfə olaraq Çində elektromobillərin satışının ötən illə müqayisədə artmayacağı gözlənilir. Bununla belə, ölkədə satılan bütün avtomobillərin 60 faizdən çoxunun elektromobil olacağı və bunun tarixi rekord təşkil edəcəyi proqnozlaşdırılır.
Hesabatda qlobal satışların daha da artması üçün potensialın mövcud olduğu da qeyd edilir. 2026-cı ilin ilk altı ayında Çindən ixrac olunan elektromobillərin sayı demək olar ki, 2025-ci ilin bütün ili üzrə ixrac həcminə bərabər olub. Agentliyin hesablamalarına görə, ixrac edilən avtomobillərin üçdəikisi artıq satılıb. Əvvəlki aylardan qalan satılmamış avtomobillərlə birlikdə dünya bazarlarında satış üçün 1 milyondan çox Çin istehsalı elektromobil mövcuddur.
IEA hesab edir ki, növbəti onillikdə Çin və digər inkişaf etməkdə olan ölkələr qlobal avtomobil tələbatının təxminən 60 faizini formalaşdıracaq. Bu səbəbdən həmin bazarlarda uğur qazanmaq gələcəkdə avtomobil sənayesində bazar liderliyini müəyyən edən əsas amillərdən biri olacaq.