Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması münasibətilə Yevlaxda silsilə tədbirlər davam edir.
Şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə reallaşan növbəti tədbir "Böyük Zəfər Heydər Əliyev ideyalarının təntənəsi idi" mövzusuna həsr olunub. Maraqlı format əsasında təşkil edilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Milli Məclisin deputatları İlham Məmmədov, Ağalar Vəliyev, həmçinin əslən Yevlaxdan olan və respublikanın ayrı-ayrı şəhər və rayonlarında müxtəlif sahələrdə fəaliyyət göstərən tanınmış ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri, eləcə də rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Sonra tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Yevlaxın qəhrəman oğullarının uyuduğu Şəhidlər xiyabanını da ziyarət edərək məzalarının üzərinə tər qərənfillər düzüblər.
Azərbaycanda bütün uğurların, nailiyyətlərin müəllifi və banisi Heydər Əliyevdir
Əslən Yevlaxdan olan qonaqlardan Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elman Əliyev, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Bakı Slavyan Universitetinin prorektoru Ənvər Abbasov, Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov, yazıçı, şair, pedaqoq, filologiya elmləri doktoru, professor, 91-lərin və YAP-ın Veteranlar Şurasının üzvü, Prezidentin fərdi təqaüdçüsü Zahid Xəlil, Azərbaycan Dövlət İqtisad Universiteti Rus İqtisad Məktəbin direktoru, iqtisad elmləri namizədi Mənsur Bərxudarov, Xarici Dil Texnologiyaları İnstitutunun direktoru, elmlər doktoru, professor Əfqan Abdullayev, rəsmi dövlət nəşri "Azərbaycan" qəzetinin şöbə redaktoru, Vətən müharibəsi veteranı, ehtiyatda olan baş leytenant Rəşad Baxşəliyev, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor, İlham Rəhimli, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin Beynəlxalq Hüquq kafedrasının dosenti Toğrul Vəliyev, Əməkdar artist, Opera və Balet teatrının solisti, Milli Konservatoriyanın dosenti və sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülüstan Əliyeva, Daxili Qoşunların Hospitalında şöbə müdiri, mayor Ceyhun Abbasov, müharibə veteranı, istefada olan polis polkovniki Əli Vəliyevin iştirak etdiyi tədbir şəhərdəki "KOB Evi"ndə davam etdirilib. Dövlət himni səsləndirildikdən sonra müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin müqəddəs ruhları birdəqiqəlik sükutla yad olunub.
"Böyük Zəfər Heydər Əliyev ideyalarının təntənəsi idi" adlı videoçarx nümayiş etdirildikdən sonra tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin doğum günü tariximizin ən parlaq məqamlarındandır. Bu baxımdan Ulu Öndərin 100 illik yubileyi ilə bağlı tədbirlər silsiləvi və kütləvi xarakter daşıyır. Çünki Azərbaycanda bütün uğurların, nailiyyətlərin müəllifi və banisi məhz Heydər Əliyev olduğundan bu şəxsiyyətə həsr olunan tədbirlər də çoxsaylı, geniş və davamlı olmalıdır. Şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə reallaşan budəfəki tədbir isə daha fərqli formatda və tərkibdə təşkil olunub.
Ulu Öndər Heydər Əliyevin titanik siyasi fəaliyyətindən söz açan Anar Tağıyev Ümummilli Liderin tarixi şəxsiyyət olmaqla bərabər, məhz tarix yaradan şəxsiyyət olduğunu söyləyib. Bildirib ki, Ulu Öndərin yaratdığı tarix 50 milyondan artıq azərbaycanlının qürur mənbəyidir. Heydər Əliyevin bioqrafiyası ilə Azərbaycan tarixi bir-birini tamamlayır, daha doğrusu, onun tərkib hissəsidir.
Ulu Öndərin müdrik liderliyi ilə Yevlax Qafqazın ən güclü sənaye mərkəzlərindən birinə çevrilib
Anar Tağıyev vurğulayıb ki, Ümummilli Lider Azərbaycana iki dəfə rəhbərlik edib. Hər iki dövrdə də onun hakimiyyətə gəlişi ölkənin və vətəndaşların acınacaqlı durumda, səfalət içində, çətin vəziyyətdə yaşadığı dönəmlərdən keçib. Hər iki dövrün reallığı isə inkişaf, quruculuq, yüksək rifah, xilaskarlıq, qurtuluş olub.
Ulu Öndərin quruculuq, tərəqqi yönümlü fəaliyyəti Azərbaycanın bütün bölgələri kimi Yevlax şəhərində də özünü aydın göstərib. Heydər Əliyevin böyük təşkilatçılıq və müdrik liderliyi ilə ötən əsrin 70-ci illərindən etibarən Yevlax tək Azərbaycanın deyil, bütün Qafqazın ən güclü sənaye mərkəzlərindən birinə çevrilib. Yevlaxda həmin illərdə yaradılan Qafqazın ən iri sənaye müəssisəsi olan Yunun İlkin Emalı Fabriki, həmçinin pambıqtəmizləmə, tütün fermentləmə, dəmir beton məmulatları və digər zavodlar, kombinatlar, onlarla iri müəssisələr Yevlaxı yüksələn şəhərə döndərib.
Yevlax-Xankəndi və Yevlax-Balakən dəmir yolu xətlərinin çəkilməsi, Yevlax Hava Limanının istifadəyə verilməsi şəhəri mühüm nəqliyyat-logistik "hab"a - qovşağa çevirib. 19 orta məktəb, 15 uşaq bağçası, çoxsaylı idman və musiqi məktəbləri, mədəniyyət ocaqları tikilməklə Yevlaxın mədəni və intellektual səviyyəsi dəfələrlə yüksəldilib.
Heydər Əliyev Azərbaycanı xaosdan tərəqqiyə yönəltdi, İlham Əliyev tarixin ən qüdrətli dövrünə çatdırdı
Anar Tağıyev vurğulayıb ki, bugünkü qüdrətli Azərbaycan Heydər Əliyevin şah əsəridir. Ulu Öndərin digər şah əsəri həm də onun yaratdığı misilsiz və alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irsdir. Ən əsası isə bu məktəbi, irsi daha böyük nailiyyətlərlə, yeni dünyanın müasir tələbləri ilə zənginləşdirib, daha da gücləndirən cənab İlham Əliyev şəxsiyyətidir.
Çünki Heydər Əliyevin xaosdan tərəqiyyə yönəltdiyi Azərbaycanı Prezident İlham Əliyev tarixin ən qüdrətli dövrünə çatdırıb. Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyasını, enerji kəmərləri layihələrini Prezident İlham Əliyev tam realizə etdirərək, Azərbaycanı dünyanın yeni enerji gücünə, ölkəmizi qlobal nəqliyyat-logistika məkanına çevirib. Bu gün Prezident İlham Əliyevin müəllifi olduğu inkişafın Azərbaycan modeli, tolerantlıq və multikulturalizmin Azərbaycan nümunəsi, sivilizasiyalararası əməkdaşlığın Azərbaycan platforması, həmçinin ölkəmizin qlobal miyqasda mühüm iqtisadi-siyasi güc kimi qəbul olunması məhz Ulu Öndərin əsasını qoyduğu siyasətin təntənələridir.
Ulu Öndərin ordu quruculuğu siyasətini layiqincə davam etdirən Ali Baş Komandan İlham Əliyevin müzəffər sərkərdəliyi ilə Azərbaycan iki əsrdir davam edən münaqişəni, 30 illik müharibəni tam zəfərlə yekunlaşdırdı. Cənab Prezident Ulu Öndərin müqəddəs vəsiyyətini yerinə yetirdi.
Şanlı zəfərimizlə bitən Vətən savaşında Yevlaxın yüzlərlə qəhrəman övladı döyüşə atılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə yevlaxlılar da Vətən uğrunda səfərbər olub, Qarabağ uğrunda Suqovuşandan Şuşayadək Zəfər yolu keçdilər. Bu müharibədə 65 igidimiz şəhadətə yüksəldi, 199 nəfər isə yaralandı.
Onların hər birinin döyüş yolu bir qəhrəmanlıq məktəbidir. Gələcək nəsillərin öyrənəcəyi, ibrət götürəcəyi mükəmməl mənbədir. Vətənpərvərlik örnəyidir. Doğma şəhidlərimiz daim xatırlanacaq, bütün dövrlərdə Azərbaycanın, Yevlaxın qürur mənbəyi olacaqlar.
Anar Tağıyev həmçinin bildirdi ki, bu gün cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan Qafqazın yeni təhlükəsizlik sistemini, müasir iqtisadi-siyasi inkişaf konfiqurasiyasını yaradır. Zəngəzur dəhlizinin açılmasını reallaşdırmaqla isə Ulu Öndərin daha bir vəsiyyətini yerinə yetirmiş olacaq. Çox əlamətdar haldır ki, Ulu Öndəri xalqın nəzərində yaşadan bir müqəddəs ünvan da var: Heydər Əliyev Fondu. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fədakarlığı ilə fond tərəfindən Azərbaycanın bütün bölgələrində, hətta xarici ölkələrdə çoxsaylı sosial, mədəni, tibbi, təhsil infrastrukturları tikilir, köməyə ehtiyac duyanlara yardımlar göstərilir. Elə yevlaxlılar da Mehriban xanımın bu dəstəyini, yardımını, qayğısını daim görüblər, indi də görürlər.
Həyata keçirilən böyük işlər hər kəsdə bir əminlik yaradır ki, Prezident İlham Əliyevin azad etdiyi Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi və quruculuğu prosesində Mehriban xanım Əliyevanın timsalında Heydər Əliyev Fondu da fəal iştirak edəcək, Qarabağda yenidən Ulu Öndərin izləri, nişanələri yaradılacaq.
Çıxışının sonunda Anar Tağıyev icra başçısı kimi yox, sadə vətəndaş kimi əslən Yevlaxdan olan və ölkəmizin digər bölgələrində yaşayan yevlaxlılara müraciət edərək qeyd edib ki, bu cür əlaqələrin getdikcə daha da möhkəmlənməsi Yevlaxın hərtərəfli yüksəlişinə mühüm töhfə verə bilər.
Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var
Sonra tədbirdə çıxış edən professor Zahid Xəlil maraqlı formatlı tədbiri təşkil etdiyi üçün rayon icra hakimiyyətinin rəhbərliyinə təşəkkür edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyev haqqında istənilən qədər danışmaq mümkündür: "Dahi şəxsiyyət elə bir insan idi ki, hansı sahədən danışırdısa, insana elə gəlirdi ki, məhz o sahənin ən yüksək bilicisidir. Heydər Əliyev elə bir şəxsiyyət idi ki, onun haqqında nə qədər danışsaq, qurtarası deyil. Yəni Heydər Əliyev təkcə Azərbaycan xalqına yox, bəşəriyyətə töhfə idi. Çünki o təkcə öz xalqının müqəddaratı ilə məşğul olmurdu. İnsanlığın qorunması üçün fəaliyyət göstərirdi. Buna görə də dünya siyasətçiləri hər zaman Heydər Əliyev haqqında çox dəyərli fikirlər səsləndirirlər".
Milli Məclisin deputatı İlham Məmmədov isə vurğulayıb ki, hələ sovet dönəmində Ulu Öndərin təşəbbüsü ilə çətin və gərgin zamanda bütün bölgələrimiz kimi Yevlax da böyük inkişaf yolu ilə aqrar-sənaye şəhərinə çevrilib. Bugünkü qüdrətli Azərbaycan isə Ulu Öndərin vaxtilə söylədiyi "Vaxt gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq!" müdrik kəlamının əyani təcəssümüdür. Çünki onun layiqli varisi Prezident İlham Əliyevin reallaşdırdığı qlobal layihələr Azərbaycanı dünyada əsas neft-qaz ixracatçılarından birinə çevirib. Bu gün Azərbaycan dənizlərə, okeanlara çıxışı olmasa da, dənizlərin altından Avropaya enerji xətləri çəkən ölkə kimi dünyanı heyrətləndirir: "Prezident İlham Əliyevin Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi dövlət proqramlarına uyğun olaraq Yevlax da özünün yeni yüksəliş dövrünü yaşayır. Yevlaxda həyata keçirilən abadlıq-quruculuq prosesini, şəhərimizin daha da müasirləşməsini hər bir yerli sakin öz həyatında hiss etməkdədir. Dövlət başçımızın rayonun sosial-iqtisadi inkişafı ilə bağlı verdiyi bütün tapşırıqlar uğurla reallaşdırılır".
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirə dəvət edildiyi üçün Anar Tağıyevə təşəkkürünü bildirən Bakı Slavyan Universitetinin prorektoru Ənvər Abbasov bildirib ki, illər sonra Ümummilli Liderin yubileyi münasibətilə öz doğma şəhərində keçirilən tədbirdə köhnə dostları, rayon icra hakimiyyətinin rəhbərliyi ilə görüş onu çox təsirləndirib.
Prorektor qeyd edib ki, Yevlaxın bütün dövrlərdə yüksəliş və çiçəklənmə dövrü Ulu Öndərin adı ilə bağlıdır. Bu gün isə onun layiqli varisi Prezident İlham Əliyev tək Yevlaxın deyil, Azərbaycanın bütün bölgələrinin sosial-iqtisadi inkişafı naminə misilsiz işlər həyata keçirib və bu gün də dövlət heç bir sosial layihəsini təxirə salmır: "Bu möhtəşəm tədbirdə iştirak etdiyim üçün qürur duyuram və eyni zamanda öz həmyerlilərimlə görüşdüyüm üçün çox təsirlənirəm. Burda keçmiş şagirdlərimi, müəllim işlədiyim dövrdəki dostlarımı gördüm. Hesab edirəm ki, Yevlax Şəhər İcra Hakimiyyətinin bu təşəbbüsü alqışlanmalıdır. Bu tədbir bizləri bir-birimizə yenidən doğmalaşdırmaqla yanaşı, rayonumuzun ümumi inkişafı istiqamətində görülən işlərə müsbət impuls vermiş olacaq".
Çıxış edən Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov isə vurğuladı ki, Ulu Öndər Heydər Əliyev iki ictimai-siyasi quruluşda Azərbaycana rəhbərlik edib. Hər iki sistemdə o, milli dövlətçiliyi inkişaf etdirib, dövlətin siyasi, hüquqi, iqtisadi və mədəni özülünün möhkəmləndirilməsində misilsiz xidmət göstərib: "Ümummilli Liderin Azərbaycan xalqının həyatında, dövlətçiliyimizin qurulmasında, möhkəmlənməsində rolu, fəaliyyəti o qədər çoxşaxəli və geniş olub ki, bu haqda nə qədər danışsaq da, onu tam əhatə etmək mümkün deyil. "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır", - deyən Ulu Öndər gərgin fəaliyyəti sayəsində dövlətimizi yox olmaq təhlükəsindən qurtardı, ictimai-siyasi sabitliyi bərqərar etdi. Onun layiqli davamçısı Prezident İlham Əliyev isə 2003-cü ildə dövlət başçısı seçildiyi gündən bu günədək həyata keçirdiyi yeni inkişaf konsepsiyası ilə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib".
V.Misirov bildirdi ki, Ulu Öndər Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində planlaşdırdığı bütün məsələlər artıq Azərbaycanın gerçəkliyinə çevrilib. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var.
Yevlaxla bağlı xatirələrini bölüşən professor İlham Rəhimli qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev dahi müasirimiz olub. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Ulu Öndər eyni zamanda taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının belə neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Ulu Öndərin əziz xatirəsi bütün Azərbaycan xalqının qəlbində daim yaşayacaq.
İqtisad elmləri namizədi Mənsur Bərxudarov isə qeyd edib ki, Ulu Öndər Heydər Əliyev universal zəka sahibi olmaqla, yüksək mənəviyyatı quruculuq qabiliyyətilə vəhdət təşkil edən tarixi şəxsiyyətdir. Dövlətçiliyimizin indiki mərhələyə gəlib çıxmasında Heydər Əliyev şəxsiyyətinin müstəsna rolu var. Xalqımızın xilaskarı olan Ümummilli Liderin siyasi kursu bugün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasi fəaliyyətində əks olunur və bütün bunlar bir daha əminlik yaradır ki, dahi liderin ideyaları keçmişdə olduğu kimi, bundan sonra gələcəkdə də əbədi olaraq milli dövlətçiliyimizin inkişafına xidmət edəcək.
Prezident İlham Əliyevin yeni struktur və kadr islahatlarının bəhrəsi
"Bu gün Ulu Öndər Heydər Əliyevin 100 illik xatirəsi işığında bu tədbiri keçirməyimiz mənim üçün həqiqətən qürurvericidir. 5 min yaşlı Yevlağın ən mötəşəm tarixi, ən yüksək quruculuğu məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ona görə də bu görüşün iki mühüm əhəmiyyəti var. Həm müstəqil Azrbaycanın, Yevlaxın böyük xilaskarı, rayonumuzun sosial-iqtisadi inkişafının təminatçısı olmuş Ümummilli Liderin xatirəsini yad edirik, həm də respublikamızın müxtəlif şəhərlərində yaşayan yevlaxlılar sanki bir-biri ilə yenidən tanış olur". Bu fikirləri isə "Azərbaycan" qəzetinin şöbə redaktoru, Vətən müharibəsi veteranı Rəşad Baxşəliyev söyləyib.
O vurğulayıb ki, ümumilikdə götürdükdə yerliçilik heç zaman yaxşı xüsusiyyət sayılmayıb. Amma insan hər zaman vətənini sevməklə yanaşı, anadan olduğu yeri, məkanı da unutmamalı, onun təəssübünü çəkməlidir. Bu da bir təbii prosesdir: "Bu gün burada əyləşənlər də Yevlaxın adına şərəf gətirənlərdir, Yevlaxın adını ucaldanlardır. Bakıda və digər bölgələrdə yaşayıb-yaradan bu insanların qazandığı uğurlardan Yevlaxın ümumi nüfuzuna bir pay düşür. Bunu unutmaq olmaz", - deyən Rəşad Baxşəliyev qeyd edib ki, bu gün Yevlax özünün ən işıqlı dövrünü yaşayır. Bir vaxtlar Azərbaycanda "qara anklav"a çevrilən Yevlaxdakı inkişafı hətta gözdən əlil insan da hiss edə bilir. Düzdür, Yevlaxda hələ də müəyyən problemlər, işsizlik, məşğulluqla bağlı məsələlər tam həllini tapmasa da, bu gün yevlaxlıların qapılarını onların dərdini, problemini dinləyən, həllinə çalışan dövlət məmurları döyürlər. İnsanların problemləri, şikayətləri eşidilir və onların həlli istiqamətində addımlar atılır. Bütün bunlar isə əlbəttə ki, Prezident İlham Əliyevin yeni struktur və kadr islahatlarının bəhrəsidir.
R.Baxşəliyev hesab edir ki, rayon rəhbərliyi tərəfindən əslən Yevlaxdan olan tanınmış-ictimai siyasi xadimlərlə ünsiyyət daha da sıxlaşdırmalı, kommunikasiyanın daha səmərəli, daha effektif forması tapılmalıdır. Çünki yalnız bu yaxınlıq yalnız Yevlaxa hər sahədə uğur gətirə bilər.
Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov isə Ümummilli Lider Heydər Əliyevin Yevlaxla, yevlaxlılarla bağlı maraqlı xatirələrindən geniş söhbət açaraq, məhz hələ sovet dönəmində Ulu Öndərin təşəbbüsü sayəsində çətin və gərgin bir zamanda bütün bölgələrimiz kimi Yevlaxın da böyük inkişaf yolu ilə aqrar-sənaye şəhərinə çevrildiyini və bu gün də Prezident İlham Əliyevin müəyyənləşdirdiyi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına uyğun olaraq rayonun yüksəliş mərhələsini yaşadığını vurğuladı.
Tədbir ağaçəkmə aksiyası ilə başa çatdı.
Elçin CƏFƏROV,
"Azərbaycan"