10 May 2024 08:01
154
SİYASƏT
A- A+

Heydər Əliyev: yaşayan və yaşadılan irs

 

Müasir Azərbaycan tarixində 10 may günü, ilk növbədə, dünya siyasətinin unikal şəxsiyyətlərindən olan Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlamətdardır. Onun adını layiqincə daşıyan, ölkəmizdə və onun hüdudlarından kənarda özünün ictimai-mədəni, humanitar fəaliyyəti ilə geniş şöhrət qazanmış fondun yaranması da həmin günlə bağlıdır. Heydər Əliyev Fondunun yaradılmasını dövrün tələbi, zamanın çağırışı şərtləndirirdi: Ulu Öndərin vəfatından sonra xalqın müxtəlif təbəqələri, yerli və beynəlxalq təşkilatlar onun xatirəsinin əbədiləşdirilməsi ilə əlaqədar ölkənin ali rəhbərliyinə çoxsaylı müraciətlər edirdilər. Buna görə də Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 26 dekabr tarixli sərəncamı ilə Dövlət Komissiyası yaradıldı, bütün müraciətlər nəzərdən keçirildi, təkliflər irəli sürüldü və nəhayət, dövlətimizin başçısı tərəfindən "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" 2004-cü il 10 mart tarixli fərman imzalandı. İctimai əsaslarla Heydər Əliyev Fondunun yaradılmasının dəstəklənməsi də məhz bu sənəddə təsbit olundu və iki ay sonra fond, Ulu Öndərin əziz xatirəsinə ümumxalq ehtiramının təcəssümü  kimi, onun zəngin mənəvi və dövlətçilik irsini, azərbaycançılıq fəlsəfəsini və humanizm ənənələrini gələcək nəsillərə çatdırmaq missiyası ilə rəsmən fəaliyyətə başladı. Bu gün Heydər Əliyev Fondunun 20 illiyi Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə eyni vaxtda qeyd edilir. 
Ulu Öndərin dövlətçilik fəaliyyəti ilə bağlı daha bir əlamətdar hadisə isə onun Azərbaycana ilk dəfə rəhbər seçilməsinin bu il 55-ci ildönümünün tamam olmasıdır. Təsadüfi deyil ki, müasir Azərbaycan tarixində ötən əsrin altmışıncı illərinin sonundan ta iyirmi birinci yüzilliyin əvvəllərinədək olan zaman kəsiyini Heydər Əliyev dövrü kimi səciyyələndirirlər. Bu, tamamilə düzgün yanaşma, doğru paradiqmadır. Çünki Ulu Öndərin 1969-cu ilin 14 iyulunda respublika rəhbəri seçilməsi xalqımızın taleyində müstəsna rol oynayıb və milli dövlətçilik tariximizdə yeni bir dövrün başlanğıcı olub. 
Azərbaycan Respublikasının Baş naziri Əli ƏSƏDOV Heydər Əliyev fenomeni, xalqımızın tarixi taleyində müstəsna xidmətləri olan bu dünyaşöhrətli siyasətçinin, dövlət xadiminin Azərbaycanın inkişafı naminə fədakar fəaliyyəti, xüsusilə, respublikaya rəhbərlik etdiyi iki müxtəlif formasiyada gerçəkləşdirdiyi  iqtisadi siyasət və onun adını daşıyan fondun xeyirxahlıq missiyası barədə "Azərbaycan" qəzetinə müsahibə verib. Müsahibəni təqdim edirik.

 

- Öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməklə Azərbaycan yeni bir inkişaf mərhələsinə keçib: bütün sahələrdə əsaslı və məqsədyönlü dəyişikliklər baş verir, dövlət idarəçiliyində, iqtisadiyyatda islahatlar davam etdirilir, sosial siyasət gücləndirilir, xalqın rifahının daha da yüksəldilməsi üçün zəruri tədbirlər görülür. Bütün bunların təməlində Heydər Əliyev ideyaları və onun dövlətçilik irsinə, milli inkişaf strategiyasına sadiqlik dayanır. Ulu Öndərin fəaliyyətinə bu gündən baxanda, onun tarix və xalqımız qarşısında müstəsna xidmətlərinə nəzər yetirəndə hansı məsələləri önə çəkərdiniz?   
- Azərbaycanda milli, müstəqil dövlət quruculuğunun Heydər Əliyev strategiyası zamanın sınağından çıxıb və özünü doğruldub. Prezident İlham Əliyevin daim bəyan etdiyi kimi, ölkəmizi irəliyə aparan da onun xatirəsinə hörmət və mirasına olan münasibətdir. Heydər Əliyev iki müxtəlif ictimai-siyasi formasiyada Azərbaycana rəhbərlik edib və hər ikisində də doğma xalqının mənafeyi naminə misilsiz fədakarlıqlar göstərib, respublikamızın şöhrətini, nüfuzunu yüksəklərə qaldırıb.
Sovet hakimiyyəti dövründə ali siyasi rəhbər kimi Ulu Öndər milli qürur hissinin güclənməsini, milli şüurun yüksəlməsini sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində vüsətli inkişafın təkanverici qüvvəsi kimi götürərək onu böyük bir cəsarətlə hərəkətə gətirməyi bacarmışdı. Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş ittifaq miqyasında xüsusi nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan vermişdi. Əminliklə deyə bilərik ki, indiki siyasi və iqtisadi müstəqilliyimiz, respublikamızın beynəlxalq münasibətlər sisteminə və dünya iqtisadiyyatına inteqrasiyası ötən əsrin yetmiş-səksəninci illərində Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır. 
Müstəqillik dövründə isə Ulu Öndərin müəyyənləşdirdiyi daxili və xarici siyasət, iqtisadi islahatlar xətti bu günədək özünü doğruldur və gələcəkdə də belə olacaqdır. Heydər Əliyevin azərbaycançılıq ideyası ölkədə ictimai sabitliyi, milli birliyi, xalq-hakimiyyət həmrəyliyini təmin edib. Tətbiq etdiyi xarici siyasət prinsipləri ölkəni ən ağır zamanlarda beynəlxalq ziddiyyətlər burulğanlarından itkisiz ötüşdürə bilib. Ulu Öndərin müxtəlif iqtisadi və siyasi güc mərkəzləri ilə milli maraqlara uyğun münasibətlər qurması, ölkəmizi qlobal qarşıdurmalar deyil, əməkdaşlıq məkanı kimi tanıtması onu  müasir tarixin ən ağır mərhələsinin sarsıdıcı zərbələrindən qoruyub.
Ötən əsrin səksəninci illərinin sonunda Heydər Əliyevin siyasi hakimiyyətdən kənarda qaldığı 1988-1993-cü illər ölkəmizin və xalqımızın ən ağır illəri oldu. Həm daxili siyasətdə, həm xarici siyasətdə, həm iqtisadiyyatda, həm də Ermənistanın təcavüzü ilə əlaqədar hərbi sahədə dərin böhran hökm sürürdü. Yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər 1993-1995-ci illərdə ümumi böhranın üç tərkib hissəsinin - daxili siyasi, xarici siyasi və hərbi böhranın genişlənməsinin qarşısını aldı. Ölkədə daxili sabitlik yaratdı, xarici siyasi əlaqələri yenidən qurmağa başladı və müstəqil Azərbaycanın təhlükəsizliyi üçün əlverişli beynəlxalq fonu təmin etdi. 
Hərbi böhranın dərinləşməsinin nəinki qarşısı alındı, hətta 1994-cü ilin əvvəllərində uğurlu əks-hücum əməliyyatı keçirilərək, Füzuli rayonunun Horadiz qəsəbəsi, 21 kəndi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi düşməndən geri alınaraq, ilk hərbi qələbə əldə olundu və az sonra isə atəşkəs sazişi imzalandı ki, bu da Azərbaycana  səfərbər olmaq, güc toplamaq və müasir ordu quruculuğuna başlamaq imkanı verdi. Ümumi böhranın üç tərkib hissəsinin aradan qaldırılması nəticəsində iqtisadi böhranın dərinləşməsi dayandırıldı, köklü islahatlar vasitəsilə davamlı iqtisadi dirçəlişin təməli qoyuldu. 
Bir məqamı xüsusilə nəzərə almaq lazımdır ki, Heydər Əliyev milli qurtuluşa nail olmaq məqsədilə xilaskarlıq missiyasını üzərinə götürərkən müstəqilliyi yeni bərpa olunmuş dövlətin nə maliyyə-iqtisadi imkanları, nə xarici müttəfiqləri, nə də müasir silahlara malik ordusu vardı. Bütün bunları sıfırdan başlamaq lazım gəlirdi. Ulu Öndərin təşəbbüsü və misilsiz uzaqgörənliyi sayəsində 1994-cü ilin sentyabrında Xəzərin Azərbaycan sektorundakı karbohidrogen yataqlarının işlənməsi üzrə imzalanan "Əsrin müqaviləsi" həm xarici siyasi sabitliyin və geosiyasi tarazlığın, həm də iqtisadi inkişafın başlanğıcı, təməli oldu.
İndi o illəri yada saldıqda, sonrakı prosesləri xatırlayıb, dünyanın bugünkü vəziyyətini, bəzi ölkələrin bizə olan münasibətini reallıqda gördükdə Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərini daha aydın və dərindən dərk edirik. Ermənistanın hərbi təcavüzü və işğalçılığı nəticəsində üzləşdiyimiz problemlərin əsl miqyasını və mahiyyətini 44 günlük Vətən müharibəsi tam genişliyi ilə üzə çıxardı. Bütün gizli niyyətlər açıldı, indiyə qədər ölkəmizin hansı təhdidlərin, təhlükələrin içərisində olmasının sərt mənzərəsi aşkar göründü. Göründü ki, Heydər Əliyev 1993-2003-cü illərdə bizi hansı fəlakətlərdən xilas edib. Bu, əsl milli xilaskarlıq missiyasıdır! 
Məhz Heydər Əliyev yoluna sadiqliyi özünün dövlətçilik fəaliyyətinin meyarı kimi seçən Prezident İlham Əliyev isə 2008-2012-ci illər qlobal iqtisadi böhranının, 2020-2022-ci illərin qlobal pandemiya dövrünün problemlərinin öhdəsindən uğurla gəldi. 2020-2024-cü illərin geosiyasi toqquşmaları, dünyanın ən mühüm ticarət yolları üzərində hərbi problemlərin yaranması ilə müşayiət olunan qlobal ziddiyyətlər dövrünü isə Azərbaycan tarixinin Zəfər salnaməsinə çevirdi.  Böhranlar dövründən Zəfərlə çıxmaq isə xüsusi siyasi istedad, dəqiq proqnozlaşdırma və böhranlara hazırlıq tələb edir.


- Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə ilk dəfə siyasi rəhbər seçilməsi Azərbaycan iqtisadiyyatında  özünü necə göstərdi?
- Heydər Əliyev sovet hakimiyyəti illərində dünyaya göz açmış, bu ictimai-siyasi formasiyanın ideoloji əsaslarının tələblərinə uyğun təhsil, tərbiyə almış, sadə, zəhmətkeş bir ailənin övladı kimi çox gənc yaşında dövlət orqanında işləməyə başlamış, özünün nadir istedadı, ağlı, savadı, işgüzarlığı, dünyagörüşü sayəsində uğurlu karyera qazanmış, dövlət təhlükəsizliyi sistemi kimi böyük məsuliyyətin və sərt nizam-intizamın tələb olunduğu xüsusi fəaliyyət sahəsində sıravi əməkdaşdan komitə sədri vəzifəsinə və general ali hərbi rütbəsinə yüksəlmiş, nəhayət, ömrünün ən gözəl çağında - qırx altı yaşında respublikaya rəhbərlik etmək səlahiyyəti qazanmışdı. Təbii ki, bu keçmiş sovet dövlətinin ali rəhbərliyinin seçimi idi: yüksək etimada layiq görülmək üçün, ilk növbədə, Heydər Əliyevin şəxsi keyfiyyətləri, peşəkarlığı, təcrübəsi, idarəçilik bacarığı və həmin dövrün digər tələbləri nəzərə alınmışdı. Amma bu çox məsuliyyətli vəzifəni yerinə yetirmək üçün təkcə "yuxarılar"ın etimadı bəs etməzdi, respublika əhalisinin, öz xalqının rəğbətini, etibarını, sevgisini qazanmaq, üstəlik, hər iki qütbün maraqlarını uzlaşdırmaq və bu zaman milli idealları gerçəkləşdirmək imkanları əldə etmək də Ulu Öndər üçün həyati vacib məsələ idi və o, bunu da bacardı: xalqın həqiqi lideri olduğunu öz işi, əməli ilə sübut etdi.
Sovet Azərbaycanını sosial-iqtisadi gerilikdən çıxarmaq üçün Heydər Əliyevin apardığı quruculuq işlərinin miqyası çox geniş idi. Respublika iqtisadi artım sürətinə, keyfiyyət və səmərəlilik göstəricilərinə görə keçmiş ittifaqda sonuncu yeri tutur, müəssisələrində istehsal edilən məhsullar mövcud tələblərə cavab vermir, qiymətdən düşür, gəlir gətirmirdi. Məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə mövcud vəziyyət ətraflı təhlil olundu, geriliyi aradan qaldırmaq, keyfiyyəti və səmərəliliyi yüksəltmək yolları müəyyənləşdirildi, vüsətli irəliləyişə zəmin yaradıldı və respublika iqtisadiyyatı uzunmüddətli durğunluqdan xilas edildi.
Təbii ki, keçmiş sovet dövlətində mərkəzləşdirilmiş planlı iqtisadiyyat, dövlət mülkiyyəti və bundan doğan təməl ideoloji prinsiplər mövcud idi, müttəfiq respublikaların siyasi rəhbərlərindən heç biri mərkəzi hakimiyyətin müəyyənləşdirdiyi çərçivələrdən kənara çıxa bilməzdi. Amma Heydər Əliyev respublikanın iqtisadi dirçəlişi, xalqın rifahının yüksəlişi üçün bu çərçivələr daxilində də mümkün olan hər şeyi edə bildi.  
 Azərbaycanda yeni sənaye müəssisələrinin yaradılması sürətli iqtisadi artıma zəmin yaradırdı. 1970-1985-ci illərdə 213 iri sənaye müəssisəsi işə salınmışdı, 350 adda məhsul 65 ölkəyə ixrac olunurdu. Əvvəlki onilliklərdə heç vaxt bu qədər sənaye məhsulu istehsal edilməmişdi. 15 il ərzində Azərbaycan keçmiş SSRİ-nin 15 müttəfiq respublikası arasında iqtisadi inkişaf sürətinə görə ilk yerlərdə olmuşdu. 
Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublika sənayesinin strukturunda da əsaslı dəyişikliklər aparılmış, elmi-texniki tərəqqini müəyyən edən sahələrə üstünlük verilmişdi. Sənaye istehsalının üçdəbiri kimya və neft-kimyası, maşınqayırma və elektroenergetika sahələrinin payına düşürdü. Respublikanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına təmin edilməsi, başqa sözlə, enerji müstəqilliyinin təmin olunması üçün layihələr həyata keçirilmişdi. Müqayisə üçün deyim ki, 1969-cu ildə Azərbaycan elektrik enerjisi idxal edirdisə, artıq 1982-ci ildə elektrik enerjisi ixrac edən respublikaya çevrilmişdi. Bütün yaşayış məntəqələrinə, o cümlədən hər bir evə elektrik xətti çəkilmişdi. Bu siyasət dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə respublika əhalisinin və iqtisadiyyatının enerjiyə olan ehtiyacının böyük hissəsinin ödənilməsində mühüm əhəmiyyət kəsb etmişdi.
Hazırda Ulu Öndərin adını daşıyan Bakı Dərin Özüllər Zavodunun 1978-ci ildə təməli qoyulmuşdu və bu nəhəng sənaye müəssisəsi 1984-cü ildə istismara verilmişdi. Xüsusi strateji əhəmiyyəti olan, dənizin 200 metrədək dərinliyində quraşdırılmaq üçün dərin özüllər istehsal edən zavod müstəqillik dövründə "Əsrin müqaviləsi"nin icrasına öz töhfəsini verdi. 
Respublikanın suvarma, nəqliyyat və digər infrastrukturları yaxşılaşdırılmışdı. Su anbarları, dəryaçalar, su kəmərləri tikilib istifadəyə verilmiş, Ağdam-Xankəndi dəmir yolu xətti inşa olunmuşdu.
İqtisadi sıçrayış, təbii ki, əhalinin sosial vəziyyətinin və yaşayış səviyyəsinin yaxşılaşdırılmasına, eləcə də elmin, təhsilin, səhiyyənin, mədəniyyətin inkişafına təkan verirdi. Heydər Əliyev Azərbaycanı iqtisadi cəhətdən keçmiş SSRİ-nin öncül respublikaları sırasına çıxarmağa, xalqımızın qurub-yaratmaq gücünü səfərbər etməyə, iqtisadi müstəqilliyin əsaslarını yaratmağa nail olmuşdu.
1970-1985-ci illərdə kənd təsərrüfatı məhsulları emal edən zavodların sayı artdı. Emal sənayesinin genişləndirilməsi bir tərəfdən hazır məhsul istehsalına imkan yaradırdısa, digər tərəfdən də əlavə iş yerlərinin açılmasını təmin edirdi.
İqtisadiyyat üçün insan resursları ən vacib faktorlardan biridir. Heydər Əliyev keçmiş SSRİ-nin 170 ali məktəbində 3 500-dək azərbaycanlının təhsil almasına şərait yaratdı. Həmin kadrlar o zaman da, müstəqillik dövründə də ən müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyatda da mühüm rol oynadılar.
Ümumiləşdirərək deyə bilərik ki, 1970-1985-ci illərdə Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu: bütün ölkə üzrə infrastruktur təkmilləşdirildi, kənd təsərrüfatı məhsullarının emalı dərinləşdi, emal sənayesi genişləndi, iqtisadiyyatın strukturunda sənayenin xüsusi çəkisi artdı, məhsuldarlıq yüksəldi.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda sovet dövründə yaradılmış iqtisadi potensial sonralar dövlət müstəqilliyinin iqtisadi dayağı oldu.


- Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan iqtisadiyyatını azad bazar münasibətləri əsasında formalaşdırmaq zərurəti yarandı. Ulu Öndər siyasi hakimiyyətə qayıdıb dövlət quruculuğuna başlayarkən bu istiqamətdə, ilk növbədə, hansı tədbirlər həyata keçirdi. Həmin dövrdə iqtisadi siyasətin əsas prinsipləri və strateji hədəfləri nədən ibarət idi?
- Təkcə ayrılıqda respublika miqyasında deyil, ümumilikdə, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi keçmiş ittifaq dövlətində iqtisadiyyatla birbaşa məşğul olan Heydər Əliyev mərkəzləşdirilmiş planlı iqtisadiyyatın bütün potensialından maksimum istifadə etmişdi, bu iqtisadi modelin zəif və güclü tərəflərini dərindən bilən təcrübəli lider idi. Artıq 1980-ci illərdə SSRİ rəhbərliyi də etiraf edirdi ki, mərkəzləşdirilmiş planlaşdırmaya və dövlət mülkiyyətinə əsaslanan sovet iqtisadi modelinin potensialı tükənib və köklü iqtisadi islahatlara ehtiyac var. İqtisadi prosesləri incəliklərinə qədər bilən Heydər Əliyev məhz bu islahatçı ideyaların daşıyıcılarından idi. O, sovet dövlətinin sükançısı olan Kommunist Partiyasının ali orqanında - Siyasi Büroda da islahat ideyasını müdafiə edirdi.
Sonradan o, xüsusi mülkiyyətə və bazar iqtisadiyyatına əsaslanan islahatları müstəqil Azərbaycanda tətbiq etməyə başladı. Birmənalı olaraq deyə bilərəm: Heydər Əliyev bazar iqtisadiyyatına inanırdı! İnanırdı ki, bu, ölkəni inkişaf etdirmək, müstəqilliyin iqtisadi əsaslarını yaratmaq, sosial rifahı yüksəltmək üçün yeganə yoldur. Amma onun iqtisadi islahatlar strategiyasının bir xüsusi cəhətini qeyd etməyi vacib sayıram: Heydər Əliyev bir iqtisadi sistemdən digərinə keçidin çətinliklərini nəzərə alaraq, azad bazar münasibətlərinin, birincisi, ədalət prinsipləri əsasında, ikincisi, təsirli sosial müdafiə tədbirlərinin müşayiəti ilə tətbiq edilməsi vəzifəsini qarşıya qoymuşdu. Hərçənd, dünya təcrübəsində o zaman sosial baxımdan ağrılı radikal islahatlar çox populyar idi. Amma iqtisadi transformasiyanın bu metodu sosial gərginliyə səbəb olurdu. Ulu Öndər tarixi ənənələri, yerli sosial psixologiyanı, Ermənistanla müharibənin yaratdığı sarsıntıları nəzərə alaraq iqtisadi islahatları sosial və siyasi kataklizmlər olmadan həyata keçirdi.


- "Sosial bərabərliyin" mövcud olduğu, "torpaq və istehsal vasitələri üzərində xüsusi mülkiyyət"in qadağan edildiyi, sahibkarlığın qanunsuz əməl sayıldığı sovet dövründən sonra özəlləşdirməyə, yeni mülkiyyət münasibətlərinə, bazar iqtisadiyyatına keçid çox ciddi siyasi və iqtisadi hadisə idi. Ulu Öndər keçid dövrünün hansı baza prinsiplərini və istiqamətini müəyyənləşdirmişdi?
- Vurğuladığım kimi, Heydər Əliyev bazar iqtisadiyyatına keçidin ədalət prinsipi əsasında aparılmasını baza prinsipi kimi müəyyənləşdirmişdi. İslahat prosesində sadədən mürəkkəbə doğru mərhələlərlə irəliləmək, nəhayət, özəlləşdirmə nəticəsində iqtisadi inkişafa nail olmaq, sosial rifahı təmin etmək nəzərdə tutulurdu. Ədalət prinsipini təmin edən tədbirlər sırasında özəlləşdirilən dövlət mülkiyyətindən hər bir vətəndaşa pay verilməsini nəzərdə tutan vauçerlərin tətbiqi, eləcə də özəlləşdirilən obyektlərdə işləyənlərin işdən azad olunmaması, müəssisədə çalışanların maraqlarının gözlənilməsi xüsusi yer tuturdu. Məhz bu prinsiplərin tətbiqi imkan verdi ki, başqa ölkələrdən fərqli olaraq, Azərbaycanda özəlləşdirmə sosial problemlərə vəsilə olmasın. 
Ulu Öndər 1994-cü ilin dekabrında deyirdi: "Biz islahatçı qüvvələrə yol açmalı, islahatları cəsarətlə həyata keçirməliyik. İslahatlar yeni sahibkarlar yaradacaq, ancaq aqrar bölmə ilə bağlı hər bir adam öz payını almalıdır. Bu islahatlar xalqımızın ümumi rifahının qaldırılması üçün həyata keçirilməlidir". Onun yeni dövrə və iqtisadi islahatlara baxışının baza prinsipləri bu fikirlərdə aydın əks olunur.


- Azad iqtisadi fəaliyyəti inkişaf etdirmək məqsədilə Heydər Əliyevin həmin dövrdə həyata keçirdiyi islahatları, dövlət idarəçiliyində və iqtisadi idarəetmədə tətbiq olunan yenilikləri necə səciyyələndirərdiniz?
- Maddi nemətlərin dövlətin ixtiyarında olduğu və mərkəzləşdirilmiş qaydada bölüşdürüldüyü planlı iqtisadiyyatdan təsərrüfat fəaliyyətinə, dövlət müdaxiləsinin məhdudlaşdırıldığı bazar iqtisadiyyatına keçid yalnız özəlləşdirmə ilə yekunlaşmır. Yeni iqtisadi münasibətlərə uyğun idarəetmə mexanizmi yaradılmalı, vergi, gömrük, bank və digər sahələr təşəkkül tapmalı idi.
Odur ki, liberal prinsiplərə söykənən vergi məcəlləsi hazırlandı və qəbul edildi. O zaman yeni formalaşan sahibkarlar təbəqəsinin müdafiəsi çox ciddi məsələlərdən biri idi. Sovet planlı iqtisadiyyatının güclü tənzimləmə mexanizmləri vardı, iqtisadiyyat, təsərrüfat fəaliyyəti üzərində dövlətin çox ciddi nəzarət və təzyiq alətləri var idi. Heydər Əliyev yeni dövrün və islahatların məntiqinə uyğun olaraq yoxlama və nəzarət funksiyalarını həyata keçirən bəzi dövlət orqanları ilə sahibkarlıq subyektləri arasında partnyorluq sazişlərinin bağlanması praktikasına keçidin təmin edilməsi üçün tapşırıq verdi. Onun iqtisadiyyat üzərində nəzarət mexanizmləri sahəsində islahatlarının mahiyyətini nəzarətedici orqanların sayının azaldılmasına və səlahiyyətlərinin məhdudlaşdırılmasına paralel olaraq, müasir tələblərə uyğun nəzarət institutları və mexanizmlərinin yaradılması təşkil edirdi.
Ulu Öndərin müəyyənləşdirdiyi və həyata keçirdiyi islahatlar sırasında paralel və lüzumsuz yoxlamaların azaldılması, iqtisadi subyektlərin qanuni mənafelərinin qorunması üçün 1996-cı ildə imzaladığı fərmanı xüsusi qeyd etməliyəm. Bu sənəd sahibkarlığın himayə olunmasında mühüm rol oynadı. 
1998-ci ildə isə daha bir fərmanla dövlət idarəetmə sistemində köklü islahatlar aparılması üçün Dövlət Komissiyası yaradıldı. Fərmanda qeyd edilirdi ki, islahatlar dövlət idarəetməsinin səmərəliliyini artırmalı, iqtisadiyyatın tarazlaşdırılmış tənzimlənməsi məqsədilə zəruri təsisatların formalaşdırılmasını, ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiya olunmasını sürətləndirmək məqsədilə iqtisadi fəaliyyət üçün beynəlxalq standartlara cavab verən idarəetmə sistemi və hüquqi baza yaradılmasını təmin etməlidir. İslahatların dörd əsas istiqamətindən ikisi dövlət xərclərinin idarə edilməsi və audit sisteminin islahatını, nəzarətin təkmilləşdirilməsini nəzərdə tuturdu. 
Həyata keçirilmiş tədbirlərin məntiqi davamı olaraq 1999-cu ildə beynəlxalq standartlara cavab verən nəzarət mexanizmini tətbiq etmək məqsədilə imzalanmış "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərman azad iqtisadi fəaliyyət üçün yeni, daha əlverişli şərtlər formalaşdırdı.
İslahatların bir istiqaməti də iqtisadi cinayətkarlığa qarşı mübarizə sahəsini əhatə edirdi. Məqsəd bazar münasibətlərindən irəli gələn yeni növ iqtisadi cinayətlərə qarşı mübarizənin qanunvericilik bazasını formalaşdırmaq idi.
Heydər Əliyev dövlət nəzarət sistemində struktur islahatlarını həyata keçirərək sahibkarlıq subyektlərinə müdaxilələrin qarşısını almaq istiqamətində ciddi nəticələrə nail oldu. Məsələn, sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması üçün Daxili İşlər Nazirliyinin İqtisadiyyatda Cinayətkarlıqla Mübarizə İdarəsi ləğv edildi, məhkəmə qərarları əsasında müdaxilələr istisna olmaqla, hüquq-mühafizə orqanlarının sahibkarlıq subyektlərinə müdaxilələri qadağan edildi. Şəhər və rayon icra hakimiyyətlərinin nəzarət və yoxlama funksiyalarını yerinə yetirən qurumları ləğv olundu.
"Azərbaycan Respublikasında korrupsiyaya qarsı mübarizənin gücləndirilməsi haqqında" 2000-ci il 8 iyun tarixli fərman və 2001-ci ildə qəbul olunmuş "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanunu korrupsiya və iqtisadi cinayətkarlığa qarşı mübarizənin qanunvericilik bazasını təkmilləşdirdi.
Nəzarət mexanizmlərinin bazar iqtisadiyyatının tələblərinə uyğun formalaşdırılmasında "Auditor xidməti haqqında", "Hesablama Palatası haqqında" qanunların da müstəsna əhəmiyyəti var.


- Ulu Öndərin müdrik və uzaqgörən siyasəti sayəsində hələ ötən əsrin 90-cı illərində Azərbaycan iqtisadiyyatının qlobal iqtisadiyyata inteqrasiyasında mühüm rol oynayan addımlar atılıb. Məsələn, indi bütün dünyanın Orta dəhliz adlandırdığı nəqliyyat dəhlizinin başlanğıcı da həmin dövrdə TRASEKA proqramı ilə qoyulmuşdu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ilin sentyabrında Bakıda bu layihə üzrə ilk beynəlxalq konfrans keçirildi. Bunu əsas götürərək Orta dəhlizin başlanğıcını da həmin vaxtdan hesablamaq olarmı?
- Ulu Öndər deyirdi ki, heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını inkişaf etdirə bilməz. Dünya miqyaslı siyasi lider kimi, onun təşəbbüsü ilə həyata vəsiqə alan irimiqyaslı iqtisadi layihələr sırasında "Əsrin müqaviləsi"nin məntiqi davamı olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri qlobal əhəmiyyətli layihələrdir. Bu layihələr Azərbaycan və Gürcüstanda siyasi və iqtisadi dayanıqlılığın təməli rolunu oynayıb, eyni zamanda Qazaxıstan neftinin də dünya bazarına nəqli üçün əlavə pəncərə açıb. Məhz bu layihələrin davamı olaraq TANAP və TAP kimi kəmərlərin ərsəyə gətirilməsi mümkün oldu. Təsəvvür edin ki, Heydər Əliyevin çox böyük zəhmətlə, hətta bir neçə dəfə sui-qəsdə, təhdidlərə məruz qalmaqla, hər hansı xarici maliyyə dəstəyi olmadan təməlini qoyduğu və Prezident İlham Əliyevin başa çatdırdığı və davam etdirdiyi bu layihələr olmasa idi, Avropanın enerji təhlükəsizliyi ilə bağlı vəziyyət son 3 ildəkindən qat-qat ağır olardı.
Eyni fikirləri avtomobil və dəmir yolları dəhlizi haqda da deyə bilərik. 1998-ci ildə Bakıda "Şərq-Qərb" nəqliyyat dəhlizi mövzusuna həsr olunmuş beynəlxalq konfransın təşkil olunması Heydər Əliyevin nə qədər uzaqgörən bir lider olmasının daha bir parlaq təcəssümüdür. Məhz həmin konfransda 32 ölkənin və 13 beynəlxalq təşkilatın təmsilçisi "Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında çoxtərəfli əsas saziş"i imzaladı. Beynəlxalq konfransdan dərhal sonra Heydər Əliyev onun yekunlarına həsr olunmuş iclas keçirərək XXI əsrdə Avrasiyada nəqliyyat dəhlizinin önəminin artacağını böyük uzaqgörənliklə elan etdi və buna hazırlıqla əlaqədar tapşırıqlar verdi. Hazırda Şərqlə Qərbi birləşdirən Orta dəhliz layihəsinə qlobal ehtiyacın artması Heydər Əliyevin zamanı 25 il qabaqlamasının sübutudur.
Prezident İlham Əliyevin təşəbbüsü, Azərbaycan dövlətinin fəal siyasi və maliyyə dəstəyi ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu məhz Heydər Əliyevin uzaqgörən strateji planlarının davamıdır. İndi bu layihələr bütün dünyanın nəqliyyat və iqtisadi təhlükəsizliyində mühüm rola malikdir.
Yeri gəlmişkən, Zəngəzur dəhlizinin bərpa olunması da "Şərq-Qərb" nəqliyyat dəhlizinin tam gücü ilə işləməsinə, beynəlxalq ticarətin rentabelliyinin yüksəlməsinə səbəb olacaq.


- Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti elə çoxşaxəli, siyasi və idarəçilik irsi elə geniş, xalqımızın tərəqqisinə və ümumən, qlobal inkişafa verdiyi töhfələr o qədər çoxdur ki, bir müsahibədə bunların qısa xülasəsini vermək mümkünsüzdür. Söhbətimizdə onun iqtisadi siyasətinin bəzi məqamlarına diqqət yetirməyə çalışdıq. Belə dahi şəxsiyyətin, nəhəng dövlət adamının uzun müddət iqtisadi məsələlər üzrə köməkçisi olmuş bir insan və bu gün rəhbər bir şəxs kimi Sizin onunla bağlı şəxsi təəssüratlarınız necədir?
- Müdrik və uzaqgörən rəhbər və lider kimi Heydər Əliyev respublikaya rəhbərlik etdiyi hər iki dövrdə bütün strateji məsələlərə, o cümlədən təhsil məsələlərinə milli inkişafın perspektivləri, Azərbaycanın gələcəyi kontekstində baxırdı. Ulu Öndər milli məfkurənin intibahının təhsillə birbaşa bağlılığını görür, bu sahədə ciddi dəyişikliklər aparılmasını vacib sayırdı. Təsadüfi deyildir ki, 1969-cu ilin iyul ayında Azərbaycana rəhbər seçiləndən sonra onun ilk imzaladığı qərarların bir çoxu təhsillə bağlı olub. 
Respublikada müxtəlif sahələrdə dərin biliklərə yiyələnmiş, müasir düşüncəli gənc mütəxəssislərə ciddi ehtiyac olduğunu görən Ulu Öndər Moskva, Leninqrad və keçmiş SSRİ-nin digər şəhərlərindəki nüfuzlu ali məktəblərə daha çox azərbaycanlı gənc göndərmək barədə mühüm və taleyüklü addım atdı. 1974-cü ildə belə gənclərin sayı 357 nəfər idi və onlar sovetlər birliyinin 74 qabaqcıl ali təhsil müəssisəsində 150-dən çox ixtisas üzrə təhsil almaq hüququ qazanmışdılar. Heydər Əliyev adəti üzrə respublikadan kənarda təhsil almağa gedən gənclərlə şəxsən görüşürdü. Həmin görüşdə mən də G.Plexanov adına Moskva İqtisadiyyat İnstitutunun - hazırkı Rusiya İqtisadiyyat Universitetinin - birinci kurs tələbəsi kimi iştirak edirdim. Biz - yeni tələbə adı qazanmış gənclərin hamısı üçün bu çox xoş və fərəhli hadisə idi. Böyük sevinc hissi keçirirdik: bizi Azərbaycanın rəhbəri yola salır, bizə xeyir-dua verirdi. Yadımdadır, Ulu Öndər bizə müraciət edərək göstərilən etimadı şərəflə doğruldacağımıza, yalnız əla və yaxşı qiymətlərlə oxuyacağımıza, diplom aldıqdan sonra ideyaca yetkin, bilikli, geniş hazırlıqlı, yüksək mədəniyyətli və dərin məlumatlı mütəxəssislər kimi Azərbaycana qayıdacağımıza əminliyini bildirdi.
Yeri gəlmişkən, biz - Heydər Əliyevin hakimiyyəti dövründə xaricdə təhsil almış mütəxəssislər Ulu Öndərin anadan olmasının 100-cü ildönümü münasibətilə, "Heydər Əliyev İli"ndə onun əziz və unudulmaz xatirəsini birlikdə yad etmək, o illərin təəssüratını yenidən bölüşmək üçün ötən il mayın 2-də Bakıda Heydər Əliyevin adını daşıyan sarayda toplantı keçirdik. Bizim hər birimiz Heydər Əliyev məktəbinin yetirməsi olduğumuzu, ömür yolumuzda Ulu Öndərin müstəsna rol oynadığını böyük qürur və iftixar hissi ilə bir daha bildirdik. Onu da xüsusi qeyd etdik ki, Azərbaycanın gənc nəslinin yüksək təhsil alması, ən müasir biliklərə yiyələnməsi üçün Ümummilli Liderin göstərdiyi təşəbbüsü, gördüyü misilsiz işləri möhtərəm Prezident cənab İlham Əliyev geniş miqyasda və uğurla davam etdirir. Bu gün azərbaycanlı gənclər dövlət dəstəyi ilə dünyanın ən nüfuzlu, mötəbər ali məktəblərində, yeni dövrün tələb etdiyi ixtisaslar üzrə təhsil alır, bilik və bacarıqlar əldə edirlər.
...1993-cü ildə xalqın təkidi və özünü çıxılmaz vəziyyətə salmış iqtidarın xahişi ilə Heydər Əliyev Vətəni və xalqı naminə, müstəqilliyimizin qorunması naminə ölkəyə rəhbərliyi öz üzərinə götürməyə razılıq verərək Naxçıvandan Bakıya gələndə qismətinə onu hava limanında qarşılamaq düşmüş insanlardan biri olmağım ömrümün ən xoş anlarındandır. O zaman hər birimiz Heydər Əliyevin gəlişinin böyük qurtuluşun başlanğıcı olduğuna tam əmin idik.
Heydər Əliyevin dahiliyi, böyüklüyü hələ özünün sağlığında bir çox dövlət başçıları, dövlət xadimləri, müdrik insanlar tərəfindən etiraf olunub. Onu fenomenal şəxsiyyət, nüfuzlu dövlət xadimi, nadir natiqlik istedadına malik olan təkrarolunmaz lider hesab edirdilər. Görkəmli siyasi və dövlət xadimləri, diplomatlar, tanınmış insanlar Heydər Əliyevə böyük hörmət və ehtiram göstərirdilər. Bunu mən 6 il ərzində Ulu Öndərin yanında çalışmaq, onun köməkçisi olmaq, əksər görüşlərində və qəbullarında iştirak etmək, xarici səfərlərdə onu müşayiət etmək şərəfinə və xoşbəxtliyinə nail olan bir insan kimi tam səmimiyyətimlə deyirəm.
Heydər Əliyevin yanında işləmək çox böyük məsuliyyət tələb edirdi. Eyni zamanda həm də çox qürurverici idi. Ulu Öndərlə işləyən, ünsiyyətdə olan hər kəs ondan çox şey öyrənib. Həm ali məktəbdə müəllim, həm Milli Məclisin deputatı, həm də Heydər Əliyevin köməkçisi işlədiyim dövrdə Ulu Öndər mənim müəllimim olub, ondan çox şey öyrənmişəm - həm peşəkar fəaliyyətimdə, həm şəxsi həyatda Heydər Əliyevi hər zaman özümün ən böyük müəllimim hesab etmişəm.
Ulu Öndərin məşhur kəlamına əsaslanaraq bu gün demək istəyirəm ki, mən hər zaman fəxr etmişəm və hər zaman fəxr edəcəyəm ki, Heydər Əliyevin köməkçisi olmuşam, Heydər Əliyev məktəbini keçmişəm.


- Ulu Öndərin ideyalarını həyata keçirən, zəngin irsini təbliğ edən, xeyirxahlıq və humanizm ənənələrini yaşadan Heydər Əliyev Fondunun da yubileyidir. Ölkəmizin ictimai həyatında önəmli yeri olan və dünyada tanınan bu nüfuzlu təşkilatın 20 illik fəaliyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu, həqiqətən, Ulu Öndərin adına layiq fəaliyyət göstərir, həm milli mədəniyyətimizin, mənəvi dəyərlərimizin zənginləşməsinə töhfələr verir, həm qayğıya ehtiyacı olan vətəndaşlarımızın yardımçısıdır, həm də dünyada öz xeyirxah işləri ilə ölkəmizə, xalqımıza  hörmət, rəğbət qazandırır. Fond tolerantlığın, mədəniyyətin, ümumbəşəri dəyərlərin, mərhəmətin təbliği və təşviqi ilə qəlbləri və düşüncələri fəth edir. Azərbaycan mədəniyyətinin - musiqisinin, ədəbiyyatının və incəsənətinin ən gözəl nümunələri ilə xarici siyasət hədəflərinə birbaşa və dolayısı ilə təsir etmək, öz ölkəsinə mədəniyyətin və tarixi biliklərin gücü ilə nüfuz və hörmət qazandırmaq böyük missiyadır.
Fondun 2004-cü ildən başlayaraq həm ölkə daxilində, həm də xaricdə həyata keçirdiyi sosial, humanitar, dini tolerantlıq, mədəniyyət və Azərbaycan tarixi ilə bağlı layihələr Azərbaycana dini tolerant, sivilizasiyaların qovşağı, Şərqdə ilk demokratiyanın qurucusu, ümumbəşəri dəyərlərin qorunmasına dəstək verən ölkə, ekoloji problemlərin həllində öncül cəmiyyətlərdən biri kimi imic qazandırıb.
Heydər Əliyev Fondu sərhəd tanımayan, yəni qlobal sosial və humanitar problemlərin aktuallığını saxlayan nadir qurumlardandır. Hər bir ölkə üçün aktual problemlərə həsr olunan Dünya gənclərinin məşğulluğuna dair 4-cü sammitə, Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsinə həsr olunmuş beynəlxalq foruma, "Təcriddən inteqrasiyaya doğru" mövzusunda beynəlxalq konfransa dəstək verməklə ölkəmizin daim qadınlar, gənclər və əlilliyi olan uşaqların inteqrasiyası kimi həssas təbəqələrin problemlərinə diqqətini ifadə edir və dünyanı da bu problemlərin həllinə yönəldir.
Heydər Əliyev Fondu daim təbii fəlakətdən, ekstremal hadisələrdən əziyyət çəkənlərin yanında olub. Haitidə, İranda, Türkiyədə, Pakistanda zəlzələnin, Rumıniyada təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yardım edib.
2011-ci ilin sentyabrında isə Fransa Terror Qurbanları Assosiasiyası, eləcə də Beynəlxalq Terror Qurbanları Təşkilatının təşəbbüsü ilə Parisdə terrorizm qurbanlarına həsr olunmuş 7-ci Beynəlxalq Konqresin keçirilməsinə maliyyə yardımı etməklə terror qurbanı olan Azərbaycanın başqa terror qurbanları ilə həmrəyliyini ifadə edib.
Pakistanda, Bosniya-Herseqovinada, Cibutidə, Gürcüstanda, Rusiyada, Cənubi Sudanda səhiyyə sahəsindəki humanitar aksiyalar, yardımlar başqa xalqların ehtiyaclarına biganə qalmamağın nümunələrindəndir.
"Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi ölkəmizə düşmən münasibəti bəsləyən xarici qüvvələrə qarşı ən vacib, tutarlı cavab oldu. Azərbaycana qarşı təcavüzkarlığı, işğalçılıq siyasətini "dinlərin qarşıdurması" kimi təqdim etməyə çalışanlara böyük zərbə vuran bu layihə məzhəblərin, dinlərin barışığının real həyatda tətbiq edilməsidir.
Fondun "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi ölkəmizdəki yəhudi, katolik, pravoslav, müsəlman və başqa icmaların hər birini əhatə etməklə yanaşı, onları həm milli, həm də ümumbəşəri dəyərlər naminə bir araya gətirməyi, əməkdaşlığı nəzərdə tutur. Fondun xaricdə keçirdiyi dini tolerantlıq aksiyaları Vatikanla əməkdaşlığı da ehtiva edir və dünyada rəğbətlə qarşılanır. Məhz bu istiqamətdə həyata keçirilən aksiyalar nəticəsində Ermənistanın Azərbaycana təcavüzünün "dinlərin toqquşması" ilə heç bir əlaqəsinin olmadığı dünyaya sübut edildi, bu əsassız iddianı ortaya atanlar öz məqsədlərinə çata bilmədilər.
Bu mənada, Ermənistanın Azərbaycana təcavüzü təkcə hərbi müstəvidə olmayıb din, mədəniyyət və tarix sahələrində mübarizəni də ehtiva edirdi. Düşmənlərimiz Azərbaycan xalqının dini tolerantlığı ilə yanaşı, demokratik ruhlu bir xalq olmasına qarşı uydurma iddiaları dünyaya təlqin etməyə çalışırdılar. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən aksiyalar sübut etdi ki, Azərbaycan xalqı nəinki demokratik ruhlu, tolerant bir xalqdır, həm də tolerantlığın və çoxmillətliliyin ocağıdır.
Azərbaycanın cümhuriyyət tarixi həm də xalqımızın siyasi mədəniyyətinin tarixidir və Heydər Əliyev Fondunun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı xarici ölkələrdə - Berlində, Romada, Fransada keçirdiyi tədbirlər xalqımızın "Şərqdə ilk demokratiyanın qurucusu" titulunu möhkəmləndirdi.
"Xocalıya ədalət!" kampaniyası sübut etdi ki, əksinə, Azərbaycan xalqı özü dini dözümsüzlüyün, faşizmin təcavüzünün qurbanıdır.
20 Yanvar faciəsi ilə bağlı xaricdə keçirilmiş tədbirlər dünyaya göstərdi ki, Azərbaycan xalqı öz müstəqilliyi yolunda qurbanlar verib və qan bahasına qazanılmış müstəqilliyini bir daha heç kimə güzəştə getmək niyyətində deyil. Müstəqilliyin 20 illiyi münasibətilə Parisdə, Moskvada, Berlində, Vatikanda, Romada keçirilmiş tədbirlər müstəqilliyin bizim üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini vurğulamaqla yanaşı, yeni Azərbaycanın dünyaya baxışını və ümumbəşəri dəyərlərə sadiqliyini nümayiş etdirdi.
Nəhayət, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan mədəniyyəti dünyaya çıxıb, qəlbləri və düşüncələri fəth etdi.
Bakıda "Muğam aləmi" beynəlxalq festivalı, Strasburqda Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans, Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş tədbir, Avropa Parlamentinin mənzil-qərargahında ilk dəfə Azərbaycan mədəniyyəti günlərinin təşkil olunması, Londonda, Parisdə, Vatikanda, Venesiyada, Kannda və s. şəhərlərdə sərgilərin və konsertlərin təşkili, 2013-cü ildə Almaniyanın Münxen, Ştutqart, Köln və Hamburq şəhərlərində "Azərbaycanı tanıdım" layihəsi çərçivəsində mədəniyyət günlərinin keçirilməsi milli mədəniyyətimizin zənginliyi ilə yanaşı, onun həm də Şərq və Qərb mədəniyyətlərinin qovşağında yerləşməklə hər iki mədəniyyəti özündə ehtiva etdiyini, həmin mədəniyyətlərin tərkib hissəsi olduğunu avropalılara uğurla çatdırdı. Romanın Villa Borgeze parkında Nizami Gəncəvinin abidəsi isə Azərbaycanın intibah dövrünün avropalılara təqdim olunan ən parlaq nümunəsi, rəmzidir.
Artıq 20 ildir ki, Azərbaycanda və onun hüdudlarından kənarda mərhəmətə, insani dəstəyə ehtiyacı olan azərbaycanlıların güvəndiyi yer Heydər Əliyev Fondudur. Bu illər ərzində fond ehtiyacı olanlar üçün bir Mərhəmət Məbədinə çevrilib. Tam 20 ildir ki, uşaq evlərinin və internat məktəblərinin şagird və sakinləri, uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızların sonrakı taleyi fondun diqqət mərkəzindədir.  Valideyn himayəsindən məhrum olan və uşaq evlərində qalmaq müddəti bitən gənclər Heydər Əliyev Fondunun qayğısı ilə əhatə olunur. Fond uşaqların, tanınmış mədəniyyət və incəsənət xadimlərinin, ictimai şəxslərin çətin məqamlarında yanlarında olur və onların sağlamlıqla bağlı xərclərini qarşılayır.
Fondun təşəbbüsü ilə Talassemiya Mərkəzinin yaradılmasını xüsusi qeyd etmək istərdim. Bu mərkəzin fəaliyyəti nəticəsində ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsi və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsi imkanı yaranıb.
Fondun "Təhsilə dəstək" layihəsi ən ucqar kənd məktəblərindən tutmuş başqa ölkələrə qədər geniş coğrafiyanı əhatə edir. Azərbaycanda 100 mindən artıq şagirdin təhsil almasına imkan verən yüzlərlə məktəb tikintisini ehtiva edən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi təhsil infrastrukturu sahəsində fundamental problemin həllində çox böyük əhəmiyyətə malikdir.
Son üç il yarımda fondun fəaliyyətində Qarabağda və Şərqi Zəngəzurda işğalçıların dağıdıb məhv etdiyi maddi-mənəvi irsimizin bərpası çox mühüm istiqamətə çevrilib. 
Heydər Əliyev Fondunun üzərinə götürdüyü missiya məcburetmə deyil, mərhəməti əsas tutan, qəlbləri və düşüncələri mərhəmətlə fəth edən, bütün problemlərin mərhəmət yolu ilə həllinə inanan bir missiyadır.
Heydər Əliyev Fondunun, şəxsən onun prezidenti Mehriban xanım Əliyevanın ölkə daxilində və xaricdə həyata keçirdiyi layihələrin fəlsəfəsi, təməl prinsipi xeyirxahlıq, mərhəmət, zəiflərin müdafiəsi, sülh və mehriban birgəyaşayışdır.  
Bu gün xalqımız xoşbəxtdir ki, Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti onun layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə inamlı inkişaf yolundadır və öz qüdrəti ilə dünyanın diqqətini cəlb edir. Heydər Əliyev ideyalarına sadiqlik ölkəmizi bundan sonra da daim uğurlara, qələbələrə aparacaqdır!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video