09 May 2025 08:25
495
SİYASƏT
A- A+
Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarını öz fəaliyyətində rəhbər tutur

Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarını öz fəaliyyətində rəhbər tutur


Adı dünyanın hər yerində hörmətlə anılan Heydər Əliyev Fondu 21 il bundan əvvəl müstəqil dövlətimizin qurucusu Ümummilli Liderin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, o böyük şəxsiyyətin zəngin mənəvi irsini əks etdirmək, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən yaradılıb.

Heydər Əliyev Fondu xalqımızın milli-mədəni və mənəvi dəyərlərinin qorunub saxlanılmasına, onların təbliğinə, gənclərlə işbirliyinə, təhsilin və səhiyyənin inkişafına böyük töhfələr verir. Şəhər və rayonlarda, eləcə də son beş ildə erməni işğalından azad edilmiş Qarabağ bölgəsində xalqımızın sosial-iqtisadi və mədəni tərəqqisinə yönəlmiş dəyərli tədbirlər həyata keçirir. Azərbaycan mədəniyyətini və tarixini ölkəmizdə, habelə dünyada geniş tanıdır. Fond təsis edildiyi ilk gündən multikultural mühitin, tolerantlığın və dinlərarası münasibətlərin inkişafına xüsusi önəm verir. Həyatın bütün sahələrində irimiqyaslı layihələr həyata keçirir, insanlara, ehtiyacı olanlara kömək əlini uzadaraq, onlara sevinc bəxş edir.

Odur ki, Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeva bu gün Azərbaycanla yanaşı, ölkə hüdudlarından uzaqlarda da insanların böyük sevgisini qazanıb. Təsadüfi deyil ki, cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə Mehriban xanım Əliyeva bir neçə gün bundan öncə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən, Rus Pravoslav Kilsəsinin I dərəcəli "Müqəddəs Knyaginya Olqa" ordeninə layiq görülmüşdür.

Bu həm də onu deməyə əsas verir ki, Heydər Əliyev Fondu sağlam həyat tərzini təbliğ etməklə ölkəmizdə və xaricdə ictimai-siyasi həyatın bütün sahələrini əhatə edən müxtəlif tədbirlər reallaşdırır, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgiləri təşkil olunur, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verir. 

Hər bir xalq öz dili ilə yaşayır. Xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq həmin xalqın ziyalılarının, alim və pedaqoqlarının fəaliyyəti nəticəsində mümkündür. Bu mənada Heydər Əliyev Fondunun Azərbaycan dilinin 50 dünya dili arasında tanınmış institutlarda tədris olunmasının dəstəkçisi olması sıradan fakt deyil.

Heydər Əliyev Fondunun xətti ilə UNESCO-nun iqamətgahında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin, tarixi şəxsiyyətlərin, incəsənət və elm xadimlərinin yubileylərinin keçirilməsi ənənə halını alıb. Bu ilk növbədə Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən önəmin və dəyərin təzahürüdür.

Heydər Əliyev Fondunun Azərbaycanın mədəniyyət tarixində iz buraxacaq layihələrindən biri də Bakıda Müasir İncəsənət Muzeyinin yaradılmasıdır. Muzeydə Azərbaycan mədəniyyətinə öz töhfəsini verən sənətkarlara, mədəniyyət nümayəndələrinə fəaliyyət göstərmək üçün geniş imkanlar yaradılıb. Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltaraşlarının 800-dən çox işinin toplandığı muzeyə gələnlər xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov və Nadir Əbdürrəhmanovun, adları Azərbaycan mədəniyyəti xəzinəsinə daxil olmuş digər rəngkar və heykəltaraşların işləri ilə də tanış ola bilirlər. Qərbi Avropa incəsənəti salonunda isə Ümummilli Lider Heydər Əliyevə, habelə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya hədiyyə olunmuş əsərlər nümayiş etdirilir.

Fondun təşkilatçılığı ilə dünya şöhrətli müğənni Müslüm Maqomayevin, habelə böyük Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevin paytaxtın görməli yerində heykəllərinin açılışları olub. Bakının yaxınlığında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi fəaliyyət göstərir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan bu muzey Azərbaycanın tarixi keçmişini özündə əks etdirməklə, ölkəmizin turizm mərkəzlərindən birinə çevrilmişdir. Qoruğun 156 hektar sahəni əhatə edən ərazisində eramızdan əvvəl III minillikdən XX əsrə qədər dövrə aid kurqanlar, sərdabələr, yaşayış evləri, 4 ovdan, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və sairə var. 

Tarixi-mədəni abidələrin bərpası, yeni mədəniyyət ocaqlarının tikilib istifadəyə verilməsi, mədəniyyət işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar isə bu sahənin çiçəklənməsini, yeni-yeni uğurların qazanılmasını şərtləndirən əsas amillərdəndir.

Fondun bu sahədə həyata keçirdiyi layihələr daim Azərbaycan mədəniyyətinin inkişafında yaxından iştirak etdiyini göstərir. Bu xüsusda tarixi-mədəni abidələrimizin qorunması və bərpası, yeni mədəniyyət obyektlərinin istifadəyə verilməsini qeyd etmək yerinə düşər. Ötən illərdə Gəncədə Cavad xanın qəbri üzərində məqbərənin ucaldılması, Gəncə qapılarının, "Qu quşları" fəvvarə kompleksinin bərpası, Müasir İncəsənət, "Tullantıdan sənətə", "XX-XXI əsr Azərbaycan rəngkarlığı", Azərbaycan Xalça, Daş salnamə, Dəmirçi Arxeologiya və digər muzeylərin açılması, yeni-yeni mədəniyyət saraylarının, muğam mərkəzlərinin, musiqi məktəblərinin istifadəyə verilməsi Heydər Əliyev Fondunun bu sahədə gördüyü irimiqyaslı işlərin tərkib hissəsidir. Milli mədəniyyətimiz sahəsində fondun təşkilatçılığı ilə keçirilən və ənənə halını alan müxtəlif musiqi layihələrini, o cümlədən Qəbələ, Aşıq, "Muğam aləmi", Mstislav Rostropoviç, Üzeyir Hacıbəyli beynəlxalq festivallarını, muğam televiziya müsabiqələrini, Şuşada keçirilən konsertləri xüsusi qeyd etmək yerinə düşər.

Bu işlər Azərbaycan xalqının mədəni irsinin qorunmasında və dünya ictimaiyyətinin diqqətinə təqdim olunmasında və təbliğ edilməsində böyük əhəmiyyət daşıyır. Həmin sırada adət-ənənələrimizlə yanaşı, muğamı xüsusilə vurğulamalıyıq. Mehriban xanım Əliyeva Azərbaycanın milli sərvəti olan muğamı obrazlı şəkildə səciyyələndirərək "Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz muğam bizim varislərimizdə köklərə bağlılıq, milli ləyaqət, qürur, emosional zənginlik, iztirab çəkməyi və başqalarının iztirabına şərik olmağı bacarmaq, muğamın özünün malik olduğu mənəvi kamillik, tamlıq kimi keyfiyyətlər aşılamağa qadirdir" söyləmişdir.

Məmnunluq doğuran həm də odur ki, Heydər Əliyev Fondunun dəstəyi ilə muğam UNESCO-nun bəşəriyyətin şifahi və qeyri-maddi irs inciləri siyahısına daxil edilib. 

Ümummilli Lider Heydər Əliyevin ideyalarının həyata keçirilməsini özünün əsas fəaliyyət proqramı kimi qəbul edən fondun dəstəyi ilə ötən illər ərzində ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən valideyn himayəsindən məhrum uşaqlara kömək, Vətən müharibəsi əlillərinin yaxın və uzaq ölkələrdə müalicəsi, uşaq evlərinin, internat məktəblərinin abadlaşdırılması da daxil edilməklə təhsil, səhiyyə, mədəniyyət sahələrində irimiqyaslı proqramlar həyata keçirilib. Onların arasında əsas istiqamətlərdən biri də gənc nəslin maariflənməsidir. Məhz bu məqsədlə fond bütün imkanlarından istifadə etməklə məktəb tikintisinə daha çox diqqət ayırır.

Neçə illərdir fondun təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı məktəb binalarının inşasına istiqamətlənib. Layihələr çərçivəsində paytaxtda və regionlarda dünya standartlarına cavab verən məktəb binaları inşa edilib, neçə-neçə məktəb cari və ya əsaslı təmir olunaraq müasir avadanlıq, istilik sistemi, zəngin kitabxana, əyani vəsait və kompüter avadanlığı ilə təchiz olunub. 

2024-cü tədris ilində Heydər Əliyev Fondu tərəfindən Bakıda və regionlarda əsaslı təmir və bərpa olunan, eləcə də yeni inşa edilən 22 təhsil müəssisəsi - 19 məktəb və 3 məktəbəqədər müəssisə müəllim və şagirdlərin istifadəsinə verilib. Tədris ili ərzində inşa və təmir edilən daha 10 məktəbin açılışı olub. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində indiyədək ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 500-dən çox məktəb binası inşa olunub və yenidən qurulub. 

"Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində ölkə ərazisində onlarca uşaq müəssisəsi əsaslı şəkildə yenidən qurulub, müasir avadanlıqla təchiz olunub, əlavə yardımçı binalar inşa edilib və kommunal şərait yaxşılaşdırılıb. Həmçinin bu proqram çərçivəsində uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün yaşayış binaları tikilib, uşaq evlərində və internatlarda təhsil alanların asudə vaxtlarının səmərəli təşkili məqsədilə kütləvi tədbirlər, festivallar, müsabiqələr keçirilib. 

Hazırda Bakıda və regionlarda yeni ümumtəhsil məktəblərinin, uşaq musiqi və incəsənət məktəblərinin inşası, əsaslı təmiri davam etdirilir. 

Heydər Əliyev Fondunun ötən dövrdə Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileylərinin keçirilməsi, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, Qərbi Azərbaycan kökənli Aşıq Ələsgərin vəfatının 100 illik yubileyinin UNESCO-nun 2026-cı ildə qeyd ediləcək tədbirlər proqramına daxil edilməsi, habelə UNESCO-nun "Dünya irs siyahısı"na İçərişəhərin, Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin, Atəşgahın və digər tarixi abidələrin, habelə mədəni irs nümunələrinin daxil edilməsi Azərbaycan milli mədəniyyətinin dünya miqyasında təbliğinin təzahürüdür. Fond xalqın varlığını özündə yaşadan mənəvi-intellektual irsə həssaslıqla yanaşaraq onun dünya arenasında təbliğində fəal iştirak edir.

"Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Tibb müəssisələrinin yenidən qurulması və inşası" kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları Ümummilli Liderin bu sahə ilə bağlı ideyalarının reallaşması istiqamətində mühüm töhfələrdir. Fondun təşəbbüsü ilə Bakıda müasir Talassemiya Mərkəzi tikilmiş, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixo-nevroloji Uşaq Mərkəzi, eləcə də digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Heydər Əliyev Fondunun bu sahədə reallaşdırdığı layihələr Azərbaycanın bütün regionları ilə yanaşı, ölkəmizin hüdudlarından kənarda da uğurla həyata keçirilib. Cibutidə, Bosniya-Herseqovinada, Rusiyada, Gürcüstanda icra edilən layihələr bütün dünyaya Heydər Əliyev Fondunun timsalında Azərbaycan xalqının insanpərvərliyini, xeyirxahlığını, geniş mənada humanizmini nümayiş etdirir.

Heydər Əliyev Fondunun gördüyü işləri yüksək qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarından birində demişdir: "Xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir".

Heydər Əliyev Fondu 2020-ci ilin sentyabrında başlanan və tarixi zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində həm daxili, həm beynəlxalq arenada Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıraraq xalqımıza haqq işində dəstək olmaq üçün mümkün olanı edib. Fondun əməkdaşları hazırda erməni işğalından azad olunmuş bölgələrdə tikinti-quruculuq, bərpa işlərinə səfərbər olublar. Fond tərəfindən tarixi və dini abidələrin, məscidlərin bərpası ilə bağlı layihələr həyata keçirilir. İndiyədək bu layihələrin bir qismi tam icra olunub. Məsələn, 2021-ci ildə Şuşada dahi Azərbaycan şairi və ictimai xadim Vaqifin muzey-məqbərə kompleksinin yenidənqurulması cəmi bir neçə aya başa çatdırılıb. Abidənin hər detalında tarixi görkəmi qorunub saxlanılıb. Fondun dəstəyi ilə Şuşada Vaqifin büstü və görkəmli Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin heykəli bərpa edilib. Üzeyir bəy Hacıbəylinin Şuşadakı ev-muzeyi, mühüm tarixi memarlıq abidəsi olan Mehmandarovların malikanə kompleksi, "Şirin su" hamamı da Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Azərbaycanın tanınmış tarzəni Sadıqcanın Şuşadakı evinin bərpasını da fond həyata keçirib. İşğaldan azad olunmuş ərazilərdə bu istiqamətdə reallaşan layihələrin bir qismi də məscidlərin bərpası ilə əlaqəlidir. Şuşa məscidləri, həmçinin Ağdam Cümə və Zəngilan məscidləri Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə təmir olunaraq ziyarətçilərin ixtiyarına verilib.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması, Xocalı soyqırımının tanıdılması, mədəniyyətimizin, tariximizin, təbiətimizin, dövlətçilik ənənələrimizin xaricdə təbliği işinin düzgün qurulmasında fond qürurverici nailiyyətlər əldə etmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Məhz bu tədbirlərin nəticəsidir ki, artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkəsində və beynəlxalq təşkilatında təsdiqini tapıb. Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras və digər ölkələrin parlamentləri, eləcə də ABŞ-nin bir sıra ştatlarının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb. 

Məcburi köçkünlərin mərhələli şəkildə işğaldan azad edilmiş Qarabağ bölgəsinə - dədə-baba yurdlarına qayıdışında Heydər Əliyev Fondunun xidmətləri möhtəşəmdir. Bu ərazilərdə müasir tələblərə uyğun tikilən məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri, inanc yerlərimiz və sairə genişliyi ilə qapılarını sakinlərin üzünə açıb. 

Xalqa xidmətləri, milli dövlət quruculuğu və Azərbaycan gəncliyinin sağlam, savadlı, geniş dünyagörüşə malik şəxslər kimi formalaşmasında misilsiz fəaliyyətləri ilə əbədiyaşarlıq qazanmış türk dünyasının böyük oğlu Heydər Əliyevin doğum günü hər il olduğu kimi, bu il də adını şərəflə daşıdığı fondun təşkilatçılığı ilə Bakıdan tutmuş respublikamızın ən ucqar kənd, qəsəbə və rayonlarında, habelə dünyanın bir çox ölkəsində səfirliklər, diaspor və qeyri-hökumət təşkilatları tərəfindən böyük qürur hissi ilə qeyd edilir. 


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ən güclü vasitədir

10:33
20 May

Baş prokuror: Azərbaycanda korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır  

10:30
20 May

Azərbaycan-Macarıstan strateji əməkdaşlığının regional perspektivləri TƏHLİL 

09:49
20 May

Keçmiş məcburi köçkün: Ağdamı yenidən əvvəlkindən daha gözəl vəziyyətə gətirəcəyik  

09:48
20 May

Ağdam sakini: Arzu edirəm ki, bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsın  

09:47
20 May

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb  

09:45
20 May

Azərbaycan və Türkiyə Şimali Qafqaz investisiya layihələrinə maraq göstərir

09:44
20 May

Putin Tramp ilə danışıqları məzmunlu və faydalı adlandırıb

09:42
20 May

Zelenski: Ukrayna Rusiyanın istədiyi kimi qoşunlarını öz ərazisindən çıxarmayacaq  

09:41
20 May

Bir tərəfdən də aclıq...

09:20
20 May

Elektron siqaretin zərəri daha çoxdur

09:15
20 May

Əbədiyyət yolçusu

09:10
20 May

MƏN TORPAĞAM

09:07
20 May

Neftçalada maarifləndirici tədbir təşkil olunmuşdur

09:05
20 May

Ürəyini sənətə, övladını Vətənə qurban verib

09:00
20 May

Təbiət sınağa çəkir

08:55
20 May

Düzgün idarə olunan iqtisadiyyatın təməli

08:50
20 May

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın yeni dövrü başlayır

08:45
20 May

Qərb Azərbaycanın yaratdığı geosiyasi reallığı qəbul etməyə məcburdur

08:40
20 May

Ermənistanda 600 min nəfər aclıqla üz-üzədir

08:35
20 May

Paşinyanın açıqlaması konstruktivlikdən tamamilə uzaqdır

08:30
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!