03 Dekabr 2021 00:34
1299
SİYASƏT

Hərbi zəfərin diplomatik təntənəsi

 

Azərbaycanın milli maraqları beynəlxalq birlik tərəfindən etibarlı təmin edilir

 

Azərbaycan onillər boyu sülh danışıqları aparanda da, 44 günlük müharibə ilə yüz illərin problemlərini həll edəndə də düzgün yerdə, haqlı mövqedə olduğunu bilirdi. Bu müharibə bizə torpaqlarımızı düşməndən təmizləmək, dondurulmuş münaqişənin buzunu əritmək, status-kvonu ortadan götürmək, yeni reallıqlar yaratmaq, ədaləti bərpa etmək üçün lazım idi.

Azərbaycan Prezidenti İlham Əliyev həyata keçirdiyi siyasətlə, imzası qədər mötəbər olan hər sözünə sadiqliyi ilə ölkəmizə bütün dünyada böyük inam, etimad qazandıra bildi. Siyasətdə təmizlik, alicənablıq, sözübütövlük, prinsiplərə sadiqlik mühüm amillərdəndir. Axı indi dünya dəyişir, şərtlər başqalaşır. Yeni maraqlar formalaşır. Gələcəklə bağlı strateji baxışlar müəyyənləşir. Bəşəriyyət, qlobal beyin mərkəzləri mövcud problemlərin həlli üçün yeni yollar axtarır. Yaradıcı güc həyatımıza təptəzə çalarlar gətirir.

Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzu müasir Azərbaycanın gerçəkliklərini təşkil edir. Heç şübhəsiz, bütün bu nailiyyətlərin əsasında güclü lider fenomeni dayanır. İndi hər kəs onun da fərqindədir ki, Azərbaycan Prezidenti ən ali dəyərlərə sadiqliyi ilə yanaşı, eyni zamanda milli maraqlar məsələsində güzəştsizliyini dəfələrlə sübuta yetirib. Yarımçıq qalan işlərin, verilən vədlərin sonadək yerinə yetirilməsində qətiyyətli mövqeyini hər zaman ortaya qoyub. 

Noyabrın 26-da Soçidə Azərbaycan, Rusiya və Ermənistanın dövlət rəhbərləri arasında keçirilən üçtərəfli görüş Vətən müharibəsindəki qələbəmizdən sonra açıq qalan bir sıra məsələlərin həlli baxımından mühüm əhəmiyyət kəsb etdi. Azərbaycan tərəfi hər zamankı kimi, Soçi görüşündə də yüksək konstruktivlik nümayiş etdirdi. Sülh, əmin-amanlıq, regional əməkdaşlıq, davamlı inkişaf istəyini bir daha diqqətə çatdırdı. “Bizim sözümüz imzamız qədər keçərlidir” kəlmələri ilə müasir dünya siyasətində mərdlik, sözlə əməlin vəhdəti dəyərlərini qoruyaraq Azərbaycan Prezidenti ötən ilin 9 noyabr Bəyanatındakı imzasına da sadiqliyini, regionun gələcək mənzərəsinə aydın baxışını göstərdi. Soçidə aparılan müzakirələr nəticəsində qəbul edilmiş üçtərəfli Bəyanatla Azərbaycan bu görüşü də üstün tərəf kimi başa vurdu.   

 

Azərbaycan konstruktiv mövqe nümayiş etdirir

 

Bu görüşlə bağlı əsas gözləntilər Azərbaycan və Ermənistan arasındakı sərhədlərin  delimitasiya və demarkasiyası prosesinin başlanması, eləcə də avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrlə bağlı idi.

Qeyd edək ki, postmünaqişə dövründə regional əməkdaşlıqlar üçün əsaslı zəmin yaranması, əlverişli kommunikasiya imkanlarından bütün maraqlı tərəflərin istifadə edə bilməsi, bölgənin gələcəyinin aydın proqnozlaşdırılan vəziyyətə gətirilməsi və sülhün, sabitliyin təmin olunması Azərbaycanın ən böyük istəyidir. 

Vətən müharibəsindəki qələbəmizdən ötən bir il ərzində ölkəmiz müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələlərində maksimum konstruktivlik nümayiş etdirib. Azərbaycan bu gün də öz mövqeyinə sadiqdir. Onu da qeyd edək ki, bu məqamlar 2020-ci il 9 noyabr bəyanatından irəli gələn və hələ yerinə yetirilməmiş qalan bəzi müddəalar arasında vacibliyi ilə seçilir. Həmin bəyanatda əksini tapmış digər məsələlər isə artıq icra olunub. 

Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsindən sonra  regionda yeni dövrün başlandığını və bu dövrü müsbət istiqamətə yönləndirmək zərurətini bir çox çıxışlarında xüsusi vurğulayıb: “Hər halda Ermənistanla Azərbaycan arasındakı bu ədavət əbədi olmamalıdır. Bütün bu dağıntılara, barbarlığa, vəhşiliyə baxmayaraq, biz gələcəyə baxmalıyıq” - oktyabrın əvvəlində Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı dövlət rəhbərimiz belə demişdi və onu da xüsusi diqqətə çəkmişdi ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, sülh müqaviləsi, bir-birinin ərazi bütövlüyünün tanınması istiqamətində, ondan sonra iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyalarının açılması, bütün bunlar gündəlikdə olan məsələlərdir. “Azərbaycan tərəfində siyasi iradə var. Ermənistan tərəfində də olarsa, hesab edirəm ki, iki ölkə özləri heç bir vasitəçisiz bu məsələləri həll edə bilər və bölgədə uzunmüddətli sülh ola bilər”, - deyə Prezident İlham Əliyev bəyan etmişdi.

 

Mühüm nəticə

 

Ölkəmiz dəfələrlə rəsmi səviyyədə Azərbaycan və Ermənistan arasında sərhədlərin təxirəsalınmaz delimitasiyasının vacibliyini bildirib. Qarşıdurmalara son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq, gələcəkdə qonşu kimi yaşamağa təşviq etmək üçün Ermənistana sülh razılaşması üzərində işə başlamağı təklif edib. 

Soçi görüşü nəticəsində qəbul edilmiş üçtərəfli bəyanatda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması məsələsi qeyd olunur. Bu, tərəflər arasında sərhədlərin müəyyənləşməsi ilə bağlı ümumi razılaşmanın əldə olunmasına dəlalət edir. Eyni zamanda bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan layihələrin başlanması barədə müsbət məqamlar da öz əksini tapıb.

2021-ci il 26 noyabr bəyanatında Qarabağ adının keçməməsi artıq bu münaqişənin tarixə qovuşduğunu bir daha sübuta yetirir. Bəyanatda Ermənistan tərəfinin iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmaması da mühüm məqamdır. Bütün bunlar müzakirələr zamanı Azərbaycanın istəklərinin qəbul edildiyini, qarşı tərəfin konstruktiv dialoqa, vəziyyətin nizamlanmasına xələl gətirə biləcək heç bir qeyd-şərtinə, iddialarına yol verilmədiyini göstərir.

Görüşdən sonra mətbuata açıqlamalar zamanı Rusiya Prezidenti Vladimir Putin də ilin sonuna kimi sərhədlərin delimitasiyası və demarkasiyası mexanizmlərinin yaradılacağını bildirdi. Azərbaycanın əsas istəklərindən olan bu məsələ ilə Ermənistanın da razılaşması və bunu imzası ilə təsdiqləməsi özlüyündə əhəmiyyətli nəticə deməkdir. Tərəflər kommunikasiyaların bərpası üzrə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğulayırlar.

 

Zəngəzur dəhlizinin açılması perspektivi çox yaxındır

 

Bəyanatda 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının icrasına istinad olunması, Rusiya Prezidentinin öz çıxışında bir neçə dəfə dəhliz ifadəsindən istifadə etməsi Zəngəzur dəhlizi məsələsinin qüvvədə olduğunu və rəsmi Moskvanın bu məsələdə Azərbaycanın regionun gələcəyinə xidmət edən konstruktiv mövqeyini dəstəklədiyini göstərir. Bu da təbiidir. Çünki ölkəmizin öz qələbəsi ilə yaratdığı tarixi reallıqlar münaqişəyə son qoymaqla yanaşı, bütün region dövlətləri üçün böyük perspektivlər açır. Ermənistanın qeyri-konstruktiv mövqeyi, işğal siyasəti üzündən illərlə həll edilməmiş qalan bu münaqişə Cənubi Qafqazın təhlükəsizliyini təhdid altında saxlayan əsas amillərdən olub. Münaqişə kommunikasiya imkanlarını illərdir maraqlı tərəflərin üzünə qapadıb. Bir çox iqtisadi layihələrin icrasına mane olub. Yaxud onların xərclərini artırıb, səmərəliliyinə mənfi təsir göstərib. Ümumilikdə münaqişə regionun sürətli inkişafına ciddi əngəl törədib. Bu gün Azərbaycanın yaratdığı yeni reallıqlar gələcəklə bağlı strateji inkişaf hədəflərinə malik bütün region dövlətlərinin maraqlarına uyğundur. Ona görə də Azərbaycanın mövqeyinə, tutduğu yola böyük həssaslıq göstərilir, Prezident İlham Əliyevin mütərəqqi çağırışları dəstəklənir. 

Böyük iqtisadi və siyasi imkanlar yaradacaq Zəngəzur dəhlizinin açılması region dövlətlərinin hər birinin marağındadır. Azərbaycan Prezidenti hansı yolla olursa-olsun, Zəngəzur dəhlizinin açılacağını bəyan edib. Ermənistan tərəfinin müəyyən iddialarla yaratdığı süni maneələrə baxmayaraq, Azərbaycan ölkə rəhbərimizin düşünülmüş siyasəti ilə bu hədəfinə də addım-addım yaxınlaşır.

Noyabrın 16-da Ermənistanın törətdiyi hərbi təxribata layiqli cavabdan sonra qonşu dövlətin rəsmilərinin bu məsələdə müxtəlif manipulyasiyalar etmək, təxribatlar törətməklə razılaşmalardan yayınmaq imkanları getdikcə məhdudlaşır. 26 noyabr üçtərəfli görüşündə Azərbaycanın qazandığı diplomatik üstünlük bir daha göstərir ki, Zəngəzur dəhlizinin açılması perspektivi artıq çox yaxındır.

 

Müzakirələr zəruridir

 

Soçi razılaşması Azərbaycanın regiondakı mövqeyini daha da gücləndirdi. Rəsmi Bakı ilə Moskvanın bir çox məsələlər üzrə baxışlarının, maraqlarının üst-üstə düşdüyünü göstərdi. Eyni zamanda bu, Azərbaycanla Rusiya arasındakı strateji tərəfdaşlıq münasibətlərini, qarşılıqlı faydalı əlaqələri bir daha nümayiş etdirdi.

Azərbaycan Ermənistanla münasibətlərin tənzimlənməsində Rusiyanın səylərini hər zaman yüksək qiymətləndirib. Soçi görüşündən sonra media nümayəndələri qarşısında çıxışı zamanı dövlət rəhbərimiz bu məsələyə bir daha toxunub. 2020-ci il 9 noyabr bəyanatından sonra Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə ciddi insidentin olmadığını, baş verən kiçik insidentlərin isə sistemlı xarakter daşımadığını qeyd edib. Prezident İlham Əliyev belə bir mövqeyi bir daha diqqətə çatdırıb ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş son toqquşmalar risklərə nəzarət etmək, onları minimallaşdırmaq və yekun sülh razılaşması üzərində işləməklə bağlı məsələlərin müzakirəsini, o cümlədən üçtərəfli formatda müzakirələrin aparılmasını zəruri edir.

Soçi görüşü Azərbaycan və Rusiya prezidentləri arasında ikitərəfli formatda danışıqları və müzakirələri, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin mövcud vəziyyətinin dəyərləndirilməsi və inkişaf perspektivlərinə nəzər salınması baxımından da kifayət qədər faydalı oldu. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. İkitərəfli əlqələrin inkişaf dinamikası olduqca müsbətdir. Ölkələrimiz tərəflər arasında əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin yüksəldilməsində  maraqlıdırlar.

 

Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədədir

 

Azərbaycan və Rusiya rəhbərlərinin strateji tərəfdaşlığa, iki dövlətin qarşılıqlı faydalarına xidmət edən məqsədyönlü siyasəti sayəsində bu gün ölkələrimiz arasında münasibətlər müstəqillik tariximizin ən yüksək dövründədir. Hökumətlərarası komissiyaların fəaliyyəti ölkələrimiz arasında iqtisadi potensialın düzgün dəyərləndirilməsinə və əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə imkan yaradır.

Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Pandemiyadan irəli gələn müəyyən məhdudiyyətlərə baxmayaraq, cari ilin ilk doqquz ayı ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 11 faiz artıb. Ölkəmizdə Rusiyanın 900 müəssisəsi fəaliyyətdədir.

Hazırda Azərbaycanla Rusiya arasında 7 yol xəritəsi uğurla icra olunmaqdadır. Bu yol xəritələri iqtisadiyyat və humanitar sahələrin əksər istiqamətlərini əks etdirir. Təhsil sahəsində əməkdaşlıq məsələləri burada xüsusi yer tutur. Qeyd edək ki, hazırda Azərbaycanda 340-dan çox məktəbdə rus dilində tədrisin aparılmasına şərait yaradılıb. Azərbaycan məktəblilərinin 34 faizi rus dilini mükəmməl öyrənir. Rusiyada da azərbaycanlı tələbələrin təhsil almasına əlverişli şərait yaradılıb. 15 minə yaxın azərbaycanlı gənc hazırda Rusiyanın müxtəlif ali məktəblərində peşəkar bilik və bacarıqlara yiyələnir.

Bakıda Rusiyanın bir sıra aparıcı universitetlərinin filialları fəaliyyət göstərir və yüksəkixtisaslı mütəxəssislər hazırlanır. Rusiyada Azərbaycanın ticarət evləri açılır. Qeyri-neft məhsullarımızın, bu məhsulların ənənəvi bazarda geniş təşviqi məqsədilə ardıcıl işlər görülür. Rusiyanın ayrı-ayrı müəssisələrinin Azərbaycanda filialları açılır. İşğaldan azad olunmuş ərazilərimizdə “KamAZ” zavodunun filialının yaradılması ilə bağlı razılığın əldə olunması da mühüm məqamdır. Rusiyanın xeyli müəssisəsi Azərbaycana investisiya qoyub.

 

Diplomatik nailiyyətlər

 

Son bir həftədə Rusiya Prezidentinin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsinin, Baş nazirin müavininin Elmlər Akademiyasının prezidentinin Azərbaycana gəlişi, dövlətimizin başçısı ilə keçirilən görüşlər iki ölkənin rəsmi şəxsləri arasında qarşılıqlı səfərlərin dinamikasının yüksək olduğunu göstərir. Rusiya ekspert mərkəzinin, Rosekzimbankın, ümumilikdə Rusiyanın 30-dan çox şirkətinin iştirak etdiyi biznes-konfransın təşkili də ölkələrimiz arasındakı münasibətlərin, qarşılıqlı faydalı əməkdaşlığın daim artan inkişaf səviyyəsindən xəbər verir.

Bütün bunlar, eləcə də Rusiya Prezidentinin təşəbbüsü ilə keçirilmiş Soçi görüşündə əldə olunan nəticələr Vətən müharibəsindəki qələbəmizdən sonra Azərbaycanın diplomatik müstəvidə də nailiyyətlərinin ardıcıl olaraq davam etdiyini göstərir. Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın dəstəyinə, zəngin siyasi təcrübəsinə əsaslanaraq milli maraqlarımızı bütün müzakirələrdə qətiyyətlə təmsil edir. Soçi görüşünün nəticələri də qalib ölkə olan Azərbaycanın mənafelərinə uyğundur və yeni uğurlarının təcəssümüdür.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video