Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində dünyanın siyasi zirvəsi də sayılacaq BMT Baş Assambleyasının 80-ci yubiley sessiyası öz işini davam etdirir.
"Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə" mövzusuna həsr olunmuş sessiyada qlobal gündəlikdə duran məsələlərə aid, o cümlədən dünyanın bəzi yerlərində davam edən münaqişələr, Dayanıqlı İnkişaf Məqsədləri, iqlim böhranı və digər mövzularda müzakirələr aparılır. Sözügedən sessiyada iştirak etmək üçün ABŞ-yə işgüzar səfərə gedən Prezident İlham Əliyev BMT-nin bu mötəbər tədbiri çərçivəsində məhz qarşı tərəflərin istəyi ilə xeyli sayda ölkə liderləri, nəhəng şirkətlərin rəhbərləri ilə görüşüb. Bu, Azərbaycana beynəlxalq səviyyədə marağın, onun başçısına şəxsi ehtiram və hörmətin göstəricisidir.
Donald TRAMP: "Mən Sizinlə, həqiqətən, fəxr edirəm. Siz çox gözəl insansınız"
Ümumiyyətlə, Prezident İlham Əliyevə göstərilən ali diqqət təkcə BMT-nin 80 illik yubiley tədbirində deyil, digər qlobal miqyaslı toplantılarda da hər zaman müşahidə olunan ənənəvilikdir. Azərbaycan liderinin istənilən beynəlxalq tədbirdə iştirakı daim diqqət mərkəzində olur, etdiyi çıxışlar, keçirdiyi görüşlər böyük maraqla qarşılanır. Bu mənada dövlətimizin başçısının BMT Baş Assambleyasının yubiley sessiyasının nüfuzlu qonaqları sırasında olması qanunauyğunluq idi.
Prezident İlham Əliyevi dünyada ehtiram olunan liderə çevirən isə onun ədalətə söykənən, sülhə dəstək olan müdrik və humanist siyasətidir.
Avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni paraflananda ABŞ lideri Donald Tramp da Prezident İlham Əliyevin bu şəxsi məziyyətlərinə vurğu etmişdi: "Siz güclü və ağıllı insansınız".
Məhz Azərbaycan liderinin səylərinin uğurlu nəticəsidir ki, bu gün Cənubi Qafqaz bölgəsində silahlar susub, qan-qada dayanıb. Bölgənin gələcək rifahı, tərəqqisi üçün geniş qapılar açılıb, əməkdaşlıq imkanları yaranıb.
Eləcə də sentyabrın 23-də Nyu Yorkda Prezident Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbulda ABŞ lideri bir daha dövlətimizin başçısı barədə yüksək fikirlərini, İlham Əliyevlə fəxr etdiyini belə izhar etdi: "Mən Sizinlə, həqiqətən, fəxr edirəm. Siz çox gözəl insansınız".
Təbii ki, dünyanın nəhəng ölkəsinə rəhbərlik edən bir şəxsin dövlətimizin lideri haqqında səsləndirdiyi bu səmimi və yüksək fikirlər həm Donald Trampın İlham Əliyevin şəxsiyyətinə olan ehtiramının təzahürü, həm də Azərbaycan Prezidentinin dünyada sülhün bərqərar olması üçün atdığı əməli addımların yüksək qiyməti kimi dəyərləndirilməlidir.
Sözü imzasıdır
Ötən 22 ildə sürətli inkişaf yolu keçərək milli maraqlarını qətiyyətlə təmin edən ölkəmizin Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil və uzaqgörən siyasət nəticəsində Azərbaycan dünyanın hər yerindən görünən, böyük maraq və diqqətlə izlənilən nüfuzlu dövlətə çevrilib. Bu gün əksər ölkələrin hərtərəfli əlaqələr qurmaq üçün can atdığı Cənubi Qafqazın aparıcı aktoru olan Azərbaycanın qlobal miqyaslı məsələlərin həllində oynadığı aktiv rol, yeni və ədalətli dünya nizamının qurulması naminə atdığı addımlar beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Strateji geosiyasi coğrafiyada yerləşən ölkəmizdə yaradılan əlverişli şərait respublikamızı beynəlxalq enerji, nəqliyyat qovşağına çevirib. Şimalla Cənubu, Şərqlə Qərbi birləşdirən nəhəng dəhlizlərin gerçəkləşdirilməsində müstəsna xidməti olan Azərbaycan həm də dünyada sülhün bərqərar olması üçün əməli işlər reallaşdıran ölkə kimi tanınır. Bir-biri ilə yola getməyən, aralarında ciddi ziddiyyətlər olan, hətta müharibə ərəfəsindəki bir çox ölkənin Azərbaycanın vasitəçiliyi sayəsində münasibətlərini normallaşdırması ilə bağlı faktlar kifayət qədərdir. Həmçinin BMT TŞ-nin qətnamələrini özü yerinə yetirərək suverenliyini təmin etməsi ilə ölkəmizin regiona yeni reallıqlar gətirməsi həqiqəti də dünyada etiraf olunur.
Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış və etimad olunan siyasət dünyanın əksər ölkələrinin respublikamızla ikitərəfli əlaqələrdə maraqlı olmasına rəvac verib. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanla ABŞ, Çin kimi nəhəng ölkələrin də hərtərəfli əlaqələrdə maraqlı olmaları təsadüfi deyil.
Təbii ki, bütün bunlar bilavasitə sözü imzası qədər kəsərli olan İlham Əliyev şəxsiyyətinə olan etibardan, inamdan irəli gəlir. O da bir başqa reallıqdır ki, bu gün dünya liderləri səmimiyyətlə İlham Əliyevi özlərinin dostu adlandırırlar.
Bu il avqustun 31-də Çinin Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü oldu. Həmin görüşdə Prezident İlham Əliyevi "mənim əziz dostum" deyərək salamlayan Çin Sədri bu səmimi müraciəti ilə həm də İlham Əliyevə göstərdiyi dərin hörmət və ehtiramı nümayiş etdirdi.
Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla dövlətimizin rəhbəri İlham Əliyevin qardaşlıq münasibətləri ölkələrimiz arasındakı əlaqələrin ən yüksək zirvəyə qalxmasına birbaşa təkan verir. R.T.Ərdoğan hər zaman Azərbaycan Prezidentinə "əziz qardaşım" deyə xitab edir...
23 noyabr 2022-ci ildə Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı Prezident Aleksandar Vuçiç Azərbaycan rəhbəri ilə birgə Belqradda keçirilən mətbuat konfransında - "Biz Prezident İlham Əliyevin sözünə inanırıq, onun sözü imzasına bərabərdir" deyərək, bir daha İlham Əliyev xarakterinin qətiyyətinə, dönməzliyinə, etibarlılığına diqqət çəkmişdi.
Bəli, bu gün əksər ölkə liderləri İlham Əliyevin timsalında özlərinin qardaşa, dosta, güvənilən tərəfdaşa malik olduqlarını tez-tez dilə gətirirlər.
Bu cür nümunələrin sayını artırmaq da olar, lakin elə bu misalların özü də Prezident İlham Əliyevin qlobal liderlik portretini gözlər önündə canlandırmağa, onun beynəlxalq arenada tutduğu yüksək mövqeyi, dünyada söz sahibi, nüfuzlu şəxsiyyət olmasını görməyə yetir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"