"Bizim övladlarımızın başqa ölkənin torpağında nə işləri var?!"
Hayastan ordusunda korrupsiya, rüşvətxorluq, özbaşınalıq geniş vüsət alıb. Ümumiyyətlə, cəmiyyətdə olan neqativ tendensiyalar ordudan da yan keçməyib. Artıq erməni ordusu maddi-texniki, şəxsi heyətlə təminat baxımından əvvəlki dövrlərlə müqayisədə indi daha ciddi çətinliklər yaşayır.
Hayastanda belə bir fikir hakimdir ki, orduda zabitlər əsgərlərə vətənin müdafiəçiləri kimi deyil, şəxsi varlanmalarını təmin edən obyekt kimi baxırlar. O da vurğulanır ki, Hayastan Müdafiə Nazirliyi heç də bütün insidentlər haqda məlumat vermir, bəzi hallar naməlum olaraq qalır.
Paşinyan hakimiyyəti üçün ciddi problemə çevrilən məsələlərdən biri də qeyri-döyüş şəraitində həyatını itirən əsgərlərlə bağlıdır. Belə əsgərlərin valideynləri hakimiyyətin bu məsələyə etinasızlığından cana doyduqlarını bildirir və ölkə rəhbərliyinin indiyə qədər onları aldatdıqlarını bəyan edirlər.
Bu günlərdə Şirak bölgəsindən olan hərbi məhbusların qohumları Gümrü-Bavra yolunu bağlayıblar. Onlar Bakıda cəza çəkən oğullarının ölkəyə qaytarılmasını tələb ediblər. Məhbusların yaxınları bəyan ediblər ki, baş nazir Nikol Paşinyan 2 ildir onları aldadır: "Baş nazir oğlanlarımızın qaytarılması üçün hər şeyin edildiyini desə də, bu günə qədər heç bir nəticə yoxdur. Artıq hökumət və ya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşlərə ehtiyacımız yoxdur. Bizə oğullarımızın sağ-salamat olması lazımdır. Biz onlarla videobağlantı vasitəsilə danışırıq və görürük ki, 30 yaşlı oğlanlar 40-50 yaşlı kimi görünürlər. Biz daha gözləyə bilmərik. Ümumiyyətlə, bizim övladlarımızın başqa ölkənin torpağında nə işləri var? 30 ildir heç nədən uşaqlarımız qırılır".
Hayastan mediası isə xidmət zamanı intihar edən, qaçan hərbçilərin ailələrinə təzyiq olunduğunu bildirir. Ölənlərə aid qeydiyyat kitabçaları, şəxsi gündəliklərin yoxa çıxması da adi hala çevrilib. Hesab edilir ki, hakimiyyəti bu addımı atmağa Hayastan ordusu haqqında bir çox həqiqətlərin üzə çıxa bilmək xofu vadar edir. Rəhbərlik orduya korrupsiya mənbəyi kimi baxdığından hərbi qulluqçuların nizam-intizamı, mənəvi-psixoloji, maddi və fiziki vəziyyəti ötən illərə nisbətən daha da pisləşir.
Döyüş itkilərindən əlavə, Hayastan ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvət, korrupsiya, intihar, təcavüz və digər nizamnamədənkənar halların sayı dəfələrlə artıb. Komandirlər tərəfindən hərbi hissələrdən hərbi qulluqçuların qeyri-qanuni yolla müəyyən olunmuş pul müqabilində ay ərzində hərbi hissədən kənara buraxma halları hələ də davam etməkdədir.
Eyni zamanda o da məlum olub ki, Hayastandan gənclərin başqa ölkələrə gedib, geri qayıtmamaları özünü silahlı qüvvələrə çağırışda göstərir. Əslində, çoxdan məlum idi ki, cəbhə və sərhəd xəttində hakimiyyət mülki əhali ilə müqavilə bağlayır və onları döyüş postunda yerləşdirir. Amma artıq bu da kara gəlmir. Reallıq odur ki, bu gün Hayastanda silah daşıyacaq əsgər və zabit çatışmır. O da məlum həqiqətdir ki, bütün dünyada tələbələr cəmiyyətin intellektual sərvəti sayılır və onlar cəmiyyəti gələcəkdə idarə və təmsil edənlər sayılırlar. Amma Hayastan hakimiyyəti indi tələbələri döyüş bölgəsinə göndərməklə onları yararsız bir qüvvəyə çevirir. Bu isə iqtidara qarşı böyük bir etirazın yaranmasına səbəb olur.
Bu, bir daha təsdiqləyir ki, Hayastan iflasa uğramış bir vəziyyətdədir. "4rd.am" nəşri hakimiyyət daxilindəki mənbəyə istinadən yazır ki, əslində, bu gün Hayastan hakimiyyətində qorxulu bir əhvali-ruhiyyə müşahidə olunur. Nəşrə informasiya ötürən mənbənin məlumatına görə, hərbi xidmətdə olmayan məmurların məsələsi də gündəmə gətirilib: "Məsələ ondadır ki, yüksək vəzifəli şəxslərə hərbi xidmətdə olmayan nazirlər, onların müavinləri, şöbə müdirləri və digərlərinin siyahısı təqdim olunub. İnsanlar görürlər ki, hərbi xidmətə getməyənlər daha yaxşı yerlərdə işləyirlər. Buna görə də nəyin bahasına olursa-olsun öz övladlarını orduya göndərməkdən imtina edirlər. Mənbəmizin məlumatına görə, 2018-ci ildə bu məsələdə ciddi dəyişikliklər gözlənilir. Hazırda Yerevanda dəhşətli təşviş müşahidə olunur".
Bütün bunlar növbəti dəfə təsdiq edir ki, məğlub Hayastan ordusunun çöküşü sürətlə davam edir.
Elçin CƏFƏROV,
"Azərbaycan"