Gürcütan Prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi səfərini Azərbaycana etməsinin rəmzi mənası var. Belə ki, Gürcüstan Ermənistandan fərqli olaraq rifahı regionda axtarır və dağıdıcı ünsürlərin çətiri altına keçmək istəmir. Məlumdur ki, ötən il Gürcüstanın baş naziri də ilk xarici səfərini Azərbaycana etmişdi. Təbii ki, bu səfərlər ikitərəfli münasibətlərin xüsusi xarakterini göstərir.
Məlumdur ki, Cənubi Qafqazın bu gün daha çox sülhə ehtiyacı var. Azərbaycan və Gürcüstan bu regionun əsas aparıcı ölkəsi kimi regionda təhlükəsizliyin əsas qarantı kimi nümunə göstərir. Tbilisi də Bakı kimi region dövlətlərinin vahid mövqedən çıxış etməsinin vacibliyini anlayır. Prezidentlərin Bakıda apardığı müzakirələrdə də bir daha vurğulandı ki, Gürcüstan qlobal gərginliklər fonunda hər bir çağırışla bağlı Azərbaycanla birlikdə çalışmağa hazırdır. Dövlət başçıları Cənubi Qafqaz regionunun çağırışları, dünyada gedən cari proseslər barədə fikir mübadiləsi apardılar.
Tərəflər bütün sahələr üzrə əlaqələri bundan sonra da dərinləşdirmək niyyətindədir. Uğurlu regional əməkdaşlıq nəticəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələr həm bölgədə, həm də daha geniş coğrafiyada iqtisadi inkişafın yüksəldilməsinə töhfə verir. Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı regionun inkişafı üçün əhəmiyyət kəsb edir.
Azərbaycan və Gürcüstan strateji və milli maraqlar, ərazi bütövlüyü və suverenliklə bağlı mövqeyə də sadiqdirlər. Bakıda səslənən bəyanatlar göstərdi ki, Azərbaycan Gürcüstan üçün etibarlı tərəfdaş və qardaş ölkədir.
Uzun illərdir davam edən uğurlu əmıkdaşlıq hər iki ölkəni Avropanın enerji təhlükəsizliyində həlledici faktora çevirib.
Tərəflər həm Orta Dəhliz çərçivəsində uğurlu əməkdaşlıq edir.
Gürcüstanın Prezidentinin də qənaəti bundan ibarətdir ki, “ölkələrimiz arasında mövcud olan xüsusi, çoxəsrlik dostluq və ümumi düşünülmüş siyasət bizə regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verib”. Regionun rolunu düzgün müəyyənləşdirmək bu coğrafiyada sülh və sabitliyin də vacibliyini aktuallaşdırır. Bu mənada Azərbaycan və Gürcüstan bundan sonra da daha geniş coğrafiyanı əhatə edən və rifaha xidmət edən əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır.
“Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir”,- deyə Azərbaycan Prezidenti vurğuladı.
Əminliklə söyləmək olar ki, bu səfər yüksəksəviyyəli strateji və mehriban qonşuluq münasibətlərini daha da möhkəmləndirəcək.
Könül NURULLAYEVA,
Milli Məclisin deputatı