Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilən müşavirədə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək YAP-ın VIII Qurultayında Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən prioritetlərdən, ölkəmizin sosial-iqtisadi inkişafından, ölkədə, o cümlədən Gəncədə həyata keçirilən layihələrdən və milli ideoloji təhlükəsizlik məsələlərindən danışmışdır. Qeyd etmişdir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra keçirilən qurultay tarixi və siyasi əhəmiyyət daşıyır. Bildirilmişdir ki, Prezident İlham Əliyevin çıxışında milli təhlükəsizliyin qorunması, müstəqilliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi, əhalinin rifahının yüksəldilməsi və ideoloji təhdidlərin qarşısının alınması qarşıda duran mühüm vəzifələr kimi müəyyənləşdirilmişdir: “Son illər Gəncədə 15 mindən çox yeni iş yeri yaradılmış, investisiyaların cəlb edilməsi, sahibkarlığın inkişafı və məşğulluğun artırılması istiqamətində mühüm addımlar atılmışdır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində Gəncədə mühüm sosial-iqtisadi və infrastruktur layihələri həyata keçirilir. Şəhərin 2019-cu ildə “Avropanın İdman Şəhəri”, 2025-ci ildə isə MDB ölkələrinin İdman Paytaxtı seçilməsi, eləcə də III MDB Oyunlarının açılış və bağlanış mərasimlərinə ev sahibliyi etməsi Gəncənin beynəlxalq nüfuzunun yüksəlməsinə töhfə vermişdir. Gəncənin Avropa Yenidənqurma və İnkişaf Bankının “Yaşıl şəhərlər” proqramına Azərbaycan şəhərləri arasında ilk olaraq qoşulması da dayanıqlı inkişaf baxımından mühüm nailiyyətlərdəndir”.
N.Bayramov daha sonra demişdir ki, şəhərin nəqliyyat və kommunal infrastrukturunun yenilənməsi istiqamətində də bir sıra işlər görülmüşdür: “2025-ci il sentyabrın 27-də Prezident İlham Əliyevin iştirakı ilə “BakuBus” MMC-nin Gəncə Avtoparkı istifadəyə verilmişdir. Sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi üçün müasir avtobuslar alınmış və yeni dayanacaq pavilyonları quraşdırılmışdır”.
Natiq daha sonra vurğulamışdır ki, hazırda “Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində şəhərdə içməli su və kanalizasiya sistemlərinin yenilənməsi işləri davam edir. Bununla yanaşı, yol və işıqlandırma infrastrukturu müasirləşdirilir, yaşayış binaları təmir olunur, məhəllələr abadlaşdırılır, parkların və tarixi binaların bərpasına xüsusi diqqət yetirilir”.
Niyazi Bayramov Prezident İlham Əliyevin qurultaydakı çıxışından irəli gələn vəzifələrin dövlət qurumları və təşkilatlar tərəfindən məsuliyyətlə yerinə yetirilməsinin vacibliyini vurğulayaraq qeyd etmişdir ki, milli maraqların qorunması, ölkədə sabitliyin və milli birliyin möhkəmləndirilməsi ümumi vətəndaşlıq məsuliyyətidir və bu məsələlərə formal yanaşmaq yolverilməzdir.
Müşavirədə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Vətən müharibəsi şəhidi Mir-Yunis Seyidzadənin atası Mir-Hüseyn Seyidzadə, Gəncə şəhər 4 nömrəli xarici dillər təmayüllü məktəbin direktoru Əliağa Səfərəliyev, ehtiyatda olan baş leytenant, Vətən müharibəsi iştirakçısı Kənan Məlikov və Əməkdar müəllim Yeganə Səfərova çıxış edərək dövlət başçısının qurultaydakı nitqində irəli sürülən mühüm istiqamətləri əks etdirən mövzularda fikirlər səsləndirmişlər.
Sabir ƏLİYEV,
“Azərbaycan”