19 Fevral 2026 08:35
281
SİYASƏT
A- A+
Fransanın qərəzli siyasəti Münxendə bir daha ifşa edildi

Fransanın qərəzli siyasəti Münxendə bir daha ifşa edildi


Azərbaycan dövlətinin xarici siyasəti dünyada sülhün, əmin-amanlığın, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə, ölkələrin və xalqların xoşbəxt həyatının təmin edilməsinə xidmət edir və bu istiqamətdə görülən işlər yüksək qiymətləndirilir. Ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət, beynəlxalq hüquq normalarına sədaqət prinsipi əsasında formalaşan siyasətimiz respublikamızın beynəlxalq aləmdə böyük nüfuz qazanmasına, söz sahibi olmasına, ən mötəbər tribunalardan fikir və təkliflərimizin səsləndirilməsinə zəmin yaratmış, həm də dövlətimizin bəşəri dəyərlərə sadiqliyini təsdiq etmişdir.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin səmərəli və düşünülmüş fəaliyyəti nəticəsində formalaşan və uğur qazanan xarici siyasətimiz bu gün dünya əhəmiyyətli çox vacib məsələlərin - sülh, insan azadlığı, humanizm, münaqişələrin aradan qaldırılması, imkansız ölkələrə humanitar yardım məsələlərinin  həllində aparıcı rolunu göstərir və əksər hallarda öz istəyinə nail olur: "Dövlətimizin rəhbəri fəaliyyətinin bütün dövründə sülhə, əməkdaşlığa sadiq olduğunu sözdə yox, əməli işdə nümayiş etdirib. Xarici ölkələrə son səfərlər - Münxen Təhlükəsizlik Konfransı, Serbiya görüşü bunu bir daha sübut etdi. Bu səfər və çoxsaylı görüşlərdə cənab İlham Əliyev danılmaz bir həqiqəti ortaya qoydu və bildirdi ki, dünyada sülhün, əmin-amanlığın təmin edilməsi üçün dövlət rəhbərlərinin, siyasətçilərin qərəzsiz mövqeyi, onların bir araya gəlmələri, beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması lazımdır və bu, bəşəriyyətin gələcəyi, iqtisadi inkişaf üçün çox vacibdir".

Deputat qeyd edib ki, Prezidentin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "France 24" telekanalına verdiyi müsahibə də bu baxımdan xarakterikdir və dünyada çox böyük əks-səda yaradıb. Sabiq Fransa prezidentləri Æak Şirakın, Nikol Sarkozinin və Fransua Ollandın dövrlərində Azərbaycan-Fransa münasibətləri yüksək səviyyədə olub, hətta şəhərlərimiz arasında qardaşlıq əlaqələri yaradılıb. Bu dostluq və qardaşlıq münasibətlərinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub və sonrakı dövrlərdə bu siyasi xətti Prezident İlham Əliyev uğurla davam etdirib. Ancaq Emmanuel Makronun prezidentlik fəaliyyəti dövründə sağlam münasibətlərin üzərindən qara xətt çəkilmiş və bütün hallarda Fransa rəsmiləri Azərbaycana qarşı düşmən mövqeyindən çıxış etmişlər. Bu gün də bu münasibət davam edir.

T.Rzayev bildirib ki, Prezident İlham Əliyevin dəfələrlə xatırlatdığı kimi, Azərbaycanın Fransa ilə dövlət olaraq heç bir problemi yoxdur və mövcud vəziyyət, yaradılan gərginlik Makron hakimiyyətinin yürütdüyü qərəzli, ermənipərəst və beynəlxalq hüququn prinsiplərinə zidd siyasətinin nəticəsidir: "Əlbəttə ki, bu zidd siyasət əyani faktlarda, siyasi gedişlərdə, dövlətimizə və xalqımıza qarşı barışmaz mövqedə əksini tapır. Fransa Prezidenti və əksər rəsmiləri daimi olaraq Azərbaycana qarşı böhtan və şantaj kampaniyası aparıb, uğurlarımıza kölgə salmağa, beynəlxalq aləmdə imicimizə zərbə vurmağa çalışmışlar. Prezidentimizin müsahibəsində bu amillər geniş əksini tapıb və bir daha prinsipial mövqe ortaya qoyularaq Azərbaycanın heç bir təzyiqə, şantaja tabe olmayacağı, diktə ilə işləməyəcəyi, milli mənafeyi daim əsas tutacağı fikri gündəmə gətirilib, soyuqluğun yaranmasının  səbəbkarının Fransa olduğu bildirilib". 

Komitə sədri vurğulayıb ki, Azərbaycan Fransa ilə həmişə faydalı əməkdaşlıq etmək, münasibətləri yaxşılaşdırmaq, əlaqələri möhkəmləndirmək fikrində olsa da, qarşısında bunun əksini  görüb  və öz siyasətində dəyişikliklər etməyə məcbur olub. Cənab İlham Əliyevin "Fransa ilə problemlərin kökü bizdən gəlmir" ifadəsi hadisələrin mahiyyətini özündə aydın əks etdirməklə, gələcəyə hesablanmış bir mesajdır. Yəni Fransa öz siyasətini dəyişərsə, Azərbaycan münasibətləri yaxşılaşdırmağa hazırdır. Ancaq əməkdaşlığın nizamlanması real görünmür, çünki dünyanın onlarca ölkəsini uzun illər öz müstəmləkəsi altında saxlayan, milyonlarla insanın qətlinə səbəb olan və bu gün də mürtəce siyasətini davam etdirən Fransa hakimiyyəti yenə də Azərbaycana qarşı yanlış mövqe sərgiləyir. Təcavüzkar dövlət ikili standartlar siyasətini davam etdirməkdədir.

Deputat qeyd edib ki, Fransa Milli Assambleyasının və Senatın Azərbaycan haqqında 10-dan çox saxta, reallıqları əks etdirməyən qətnamələr qəbul etməsi, dövlətimizə qarşı sanksiyaların qəbuluna cəhdlər, Ermənistanın belə qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımadığı halda, onu tanıması, təcavüzkarları silahlandırması, erməni təcavüzkarlarına daim dəstək verilməsi real faktlardır və təkzib oluna bilməz. Bu gün dünyada neokolonializm siyasəti yürüdən, Yeni Kaledoniya, Korsika, digər dənizaşırı və kiçik ölkələrdə xalqların azadlığını silah gücünə boğan Fransanın təcavüzkar əməllərinin, törətdiyi faciələrin Azərbaycan, dövlətimizin rəhbəri tərəfindən ifşa olunması bəşəri dəyərlərə, insanlığa sadiqlikdir, ədalətin bərpa edilməsinə göstərilən təşəbbüsdür. Bunun münaqişə yaratmaq, hansısa dövləti qızışdırmaq kimi qələmə verilməsi və Azərbaycanın ittiham edilməsi yanlışlıqdır, diplomatiyaya ziddir və siyasi oyunbazlıqdır. "Azərbaycan Prezidenti öz çıxışlarında dəfələrlə bildirib ki, Fransanın ölkəmizə qarşı sərgilədiyi mövqe, yürütdüyü siyasət, Ermənistanı müdafiə etməsi və təcavüzkarları münaqişəyə qızışdırması sülhə maneədir, Cənubi Qafqazda təhlükəsizliyimizin, sabitliyin bərqərar olunmasına xidmət etmir, əslində, yeni bir müharibəyə cəhddir. Bildirildiyi kimi, münasibətlərin öz məcrasına qayıtması, sağlamlaşdırılması üçün  Fransanın, ilk növbədə, Azərbaycanın suverenliyinə hörmət etməsi, Ermənistanı müharibəyə, qarşıdurmaya təhrik edən siyasətindən əl çəkməsi və Cənubi Qafqazdakı yeni geosiyasi reallıqları qəbul etməsi çox vacibdir. Əks təqdirdə, Azərbaycan onunla diktə dilində danışan, düşmən mövqeyi ortaya qoyan bir dövlətlə heç bir yaxşı münasibət qura bilməz", - deyə o əlavə edib.

Komitə sədri Azərbaycanın 30 ildən sonra suverenliyini tam bərpa etdiyini, erməni faşistlərinin ayaqlarını torpaqlarımızdan kəsdiyini xatırladaraq bildirib ki, haqq-ədalət qələbə çalıb, faşist ermənilərinin başı əzilib. Qarabağ torpaqları artıq azaddır və bu azadlığı, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu Ermənistan qəbul etdiyi halda Fransanın guya Qarabağ ermənilərinə təcavüz edilməsini, terror, soyqırımı törədilməsini vaxtaşırı səsləndirməsi ölkəmizə qarşı xəyanətdən, beynəlxalq hüquq normalarına hörmətsizlikdən, ara qarışdırmaqdan başqa bir şey deyil.

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev  müsahibəsində bu hallara qarşı  kəskin münasibətini bildirərək, jurnalistin təxribat xarakterli suallarına real faktlarla cavab verərək Fransa dövlətinin qərəzli siyasətini bir daha ifşa edib: "Verilən cavablar Azərbaycanın həm sülhə, demokratiyaya, əməkdaşlığa sadiq olduğunu, həm də bu yoldan heç zaman dönməyəcəyini nümayiş etdirir. Digər tərəfdən Azərbaycanın gücü və imkanları ortaya qoyulub. Bildirilib ki, Azərbaycan güclü, beynəlxalq aləmdə tanınan, xalqına və birliyinə arxalanan dövlətdir. Dövlətimiz milli mənafeyini qorumağa və bütün mənfi təsirləri dəf etməyə qadirdir. İqtisadi cəhətdən inkişaf edən, qalib və güclü orduya, qəhrəman xalqa, mətanətli, uzaqgörən liderə malik olan bir ölkə ilə sülh, əməkdaşlıq münasibətləri qurmaq, sağlam əlaqələr yaratmaq daha əhəmiyyətlidir və bu, bütün tərəflər üçün vacibdir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaşinqtonda Özbəkistan ilə ABŞ arasında sənədlər paketi imzalanıb  

12:37
19 Fevral

Əlcəzairli müəllim: Mübarizəmiz insan ləyaqəti və ədalət uğrunda aparılır

12:16
19 Fevral

Media: Aİ səfirləri Rusiyaya qarşı sanksiyalarla bağlı razılığa gələ bilmir  

12:11
19 Fevral

ABŞ-nin dövlət qurumlarında süni intellektin tətbiqi üçün min proqramçı işə götürüləcək  

11:54
19 Fevral

Media: Ukraynada demilitarizasiya zonasının yaradılması ilə bağlı müzakirələr gedir  

11:43
19 Fevral

Leyla Əliyeva Tiranada “Hannah və Rosafa” uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib  

11:31
19 Fevral

Ötən ay dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə daxil olan vəsait 27 faiz artıb  

11:23
19 Fevral

Cənubi Koreyanın sabiq Prezidenti ömürlük azadlıqdan məhrum edilib  

11:13
19 Fevral

Ötən ay pensiya ödənişlərinə 612 milyon manat vəsait yönəldilib  

11:06
19 Fevral

Çin dünyanın ən mürəkkəb dəmir yolu layihəsini 2030-cu ilədək başa çatdıracaq  

11:03
19 Fevral

İsrail təhlükəsizlik xidmətləri üçün ən yüksək hərbi hazırlıq elan edib  

10:54
19 Fevral

Neftin bahalaşma dövrü başlayıb

10:51
19 Fevral

"Azərsilah"ın Şirvan şəhərində yerləşən zavodunda qəza olub  

10:46
19 Fevral

bp Xəzərdə dəniz əməliyyatları və texniki xidmət üzrə müqaviləsini yeniləyib  

10:38
19 Fevral

Dünya bazarında qızıl və gümüş bahalaşıb 

10:36
19 Fevral

DİN vətəndaşları azyaşlıların sağlamlığına və təhlükəsizliyinə biganə qalmamağa çağırır 

10:28
19 Fevral

Dünya birjalarında neft bahalaşıb

10:24
19 Fevral

Azərbaycan neftinin qiyməti 71 dollara yaxınlaşır

10:21
19 Fevral

Jan-Jakob Bisep: Müharibə təsadüfi bir hadisə deyil  

10:13
19 Fevral

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans keçirilir 

10:11
19 Fevral

Çin - Qırğızıstan - Özbəkistan - Tacikistan dəhlizi ilə ilk yük qatarı yola salınıb  

10:02
19 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!