Çoxillik Ermənistan-Azərbaycan münaqişəsinə vaxtilə vasitəçi kimi qoşulan Fransanın ölkəmizə qarşı münasibəti birmənalı və obyektiv olmayıb. Xüsusilə 2003-cü ildən başlayaraq, Azərbaycanın xarici siyasətdə daha güclü strategiya yürütməsi Parisin ölkəmizə qarşı münasibətinin dəyişməsinə səbəb oldu.
İqtisadi gücümüzün artması, beynəlxalq aləmdə siyasi mövqeyimizin möhkəmlənməsi Fransadakı erməni diasporunda narahatlıq yaratmaya bilməzdi. Yüz minlərlə diaspor üzvünün, çoxsaylı erməniyönümlü qurumların, komitələrin mövcud olduğu Fransada keçirilən seçikilərdə erməni diasporunun səsini qazanmaq hakimiyyət uğrunda mübarizə aparan siyasilərin həmişə marağında olub. Emmanuel Makron hakimiyyətə gələrkən onun seçki kampaniyasını maliyyələşdirən erməni diaspor təşkilatları qarşısında müəyyən öhdəliklər götürmüşdü. Elə bu səbəbdən də Makron hakimiyyətə sahibləndikdən sonra Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərdə narahatlıq doğuracaq qədər gərginləşmə özünü göstərdi. Nəzərə alsaq ki, əvvəllər ölkəmizə qarşı münasibətlərdə özünü bitərəf kimi göstərməyə çalışan rəsmi Paris 2020-ci ildən sonra açıq şəkildə, nümayişkaranə surətdə qərəzli mövqe nümayiş etdirməkdən, hətta beynəlxalq aləmdə Ermənistanın vəkili obrazında çıxış etməkdən çəkinmədi. Terrorizmə qarşı guya mübarizə apardığını göstərən Fransa terrorun Ermənistanda dövlət səviyyəsində həyata keçirildiyini bilə-bilə açıq şəkildə onu himayə etdi. Rəsmi Parisin Ermənistana göstərdiyi iqtisadi dəstək, hava hücumundan müdafiə sistemləri, gecəgörmə cihazları, "Bastion" zirehli maşınları və Qərbin inkişaf etmiş silahları verməsi, hərbi əməkdaşlıq etməsi regionda gərginliyi artırmaq, Azərbaycanın işlərinə qarışmaq məqsədi üçün etdiyi həmlələr idi. Bu bir həqiqətdir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Fransanın əsas məqsədi beynəlxalq mandatından istifadə edərək Cənubi Qafqaz regonunda mövqeyini qoruyub saxlamaq olub. Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı qələbədən sonra oyundankənar vəziyyətə düşən rəsmi Parıs ölkəmizə təzyiq göstərib "nüfuz"unu bərpa etmək üçün oynamadığı oyun qalmadı. Avropa İttifaqının "müşahidəçi missiyası"nın da Ermənistanla sərhədlərimizə yerləşdirməsi bu ölkənin Cənubi Qafqaz siyasətində varlığını sübut etmək cəhdlərindən başqa bir şey deyil.
Makron hökuməti anlamaq istəmir ki, apardığı siyasət, ölkəmizə qarşı qərəzli yanaşma yanlışdır. İki ölkə arasında münasibətlərin kəskinləşməsi heç bir tərəfə fayda vermir, hətta ölkələrarası əlaqələrə də ciddi xələl gətirir. Onu da qeyd edək ki, Makron hökuməti yalnız Azərbaycana qarşı olan münasibətdə səriştəsizlik etməyib. Onun prezidentliyi dövründə ölkəsinin Afrikadakı mövqelərini itirməsi, xüsusilə ucuz xammal mənbələrindən məhrum olması ölkə iqtisadiyyatında ciddi böhran yaradıb. Bu gün Fransanın beynəlxalq nüfuzundan danışması istehza doğurur. Sosial-iqtisadi şəraitin ağırlaşması ölkədə kütləvi siyasi etirazlarla müşahidə olunmaqdadır.
Bir faktı qeyd edək ki, sabiq baş nazir Fransua Bayrunun təqdim etdiyi layihədə 2026-cı il büdcə planında vergilərin artırılması və 44 milyard avroluq xərclərin ixtisarı nəzərdə tutulurdu. Təkliflər arasında pensiya və sosial ödənişlərin azaldılması, varlılardan "həmrəylik ödənişi"nin alınması, həmçinin iki istirahət gününün (Pasxadan sonrakı bazar ertəsinin və 8 may Qələbə Gününün) ləğvi də var idi. Bu da haqlı olaraq əhalinin ciddi narazılığına səbəb olmuşdur.
Sentyabrın 8-də Milli Assambleyada keçirilən səsvermədə deputatların əksəriyyəti hökumətə etimadsızlıq göstərdi. Bu nəticə Fransua Bayrunun baş nazir kimi mandatının sonunu gətirdi. Bu isə son 20 ayda dörd dəfə baş nazir dəyişməsi deməkdir. Xatırladaq ki, Bayru 2017-ci ildən bəri Prezident Emmanuel Makronun müttəfiqi olan MoDem partiyasının lideridir. Bu o deməkdir ki, artıq Emmanuel Makron hakimiyyətinin də sonu sürətlə yaxınlaşmaqdadır.
Bu gün Paris qlobal proseslərdə ciddi aktor kimi qəbul edilmir. İş o yerə gəlib çatıb ki, Fransa kimi bir dövlətin prezidenti "Avropanın təhlükəsizliyi" adı ilə özünə təhlükəsizlik təminatı almaq üçün Vaşinqtonda qəbul otaqlarında oturub gözləməli olur. Makronun idarəetmədə və beynəlxalq münasibətlərdə naşılıq etməsi Fransa cəmiyyətində onun hakimiyyətinə qarşı ciddi mənfi münasibət formalaşdırmaqdadır.
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında qeyd etmişdir: "Biz Cənubi Qafqazda sülh qurmalıyıq". Dövlətimizin başçısı onu da xüsusi vurğulamışdır ki, Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin (Ermənistana təqdim olunan - red.) müəllifidir. 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycan tərəfinin təşəbbüsü ilə başlayan sülh prosesi, iki ölkə arasında birbaşa təmasın qurulması nəticəsində bu gün Cənubi Qafqaz, dünyanın müxtəlif bölgələrində təlatümlər davam etdiyi bir vaxtda sülh səylərinin nəticə verdiyi nadir regionlardan biridir. ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda sülh sazişinin paraflanması iki ölkənin suverenlik və sərhədlərə hörmət prinsipləri əsasında münasibətləri normallaşdırması üçün mühüm addım oldu.
Azərbaycanın və Ermənistanın nümunəsi də məhz budur: uzun müddət münaqişədə olmuş iki ölkə düşmənçilik səhifəsini çevirərək sülh və dövlətlərarası münasibətlər qurmaq qərarı bölgədə reallığı dəyişib. Qeyd etdiyimiz kimi, Bakı və İrəvan arasındakı artıq başa çatmış münaqişədə rəsmi Parisin qərəzli mövqeyi iki ölkə arasında münasibətlərin pozulması ilə nəticələnmişdi. Nəzərə alsaq ki Fransa xarici siyasətini Fransa prezidenti tənzimləyir, düşünmək olar ki, Emmanuel Makron Azərbaycana münasibətdə səhvlərini təkrarlamayacaq. Son zamanlar dünyanın siyasi palitrasında baş verən dəyişikliklər, Azərbaycanın geosiyasi məkanda artan nüfuzu və Fransa prezidentinin davranışları iki ölkə arasında münasibətlərin yaxşıya doğru dəyişəcəyindən xəbər verir. Avqustun 8-də Makron sosial şəbəkədə Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı alqışladı və Cənubi Qafqazda sülh və firavanlığa dəstəyini ifadə etdi: "Mən bir daha ABŞ-nin Ermənistan və Azərbaycan arasında iki ölkə arasında münasibətləri normallaşdırmaq öhdəliyi ilə əldə olunan razılaşmanı alqışladım. Ümid edirəm ki, bu saziş tezliklə hər iki tərəfin maraqlarına hörmət edən sülh müqaviləsinin imzalanmasına və ratifikasiyasına səbəb olacaq. Bu kontekstdə mən Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır, Fransanın Cənubi Qafqazda sülh və firavanlığa sadiqliyini tam dəstəklədiyimi bir daha təsdiqlədim. Mən həmçinin bütün regional oyunçular və tərəfdaşlarla əməkdaşlıq çərçivəsində davamlı səyləri, o cümlədən əlaqələrin gücləndirilməsinə yönəlmiş səyləri dəstəkləməyə və töhfə verməyə hazır olduğumuzu təsdiqlədim".
Bu fakt göstərir ki, Paris artıq yeni geosiyasi reallıqları qəbul edir. Azərbaycanın artan nüfuzu və regiondakı sülh təşəbbüsləri Fransa üçün də əməkdaşlıq imkanları yaradır. Gözləmək olar ki, rəsmi Paris keçmişdəki səhvlərini təkrarlamadan, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında Azərbaycanla münasibətləri normallaşdırmağa çalışacaq.
Elşən QƏNİYEV,
"Azərbaycan"