02 Dekabr 2022 01:16
444
SİYASƏT
A- A+

Fransa qərəzli dövlətdir

 

Ölkəmiz əleyhinə qəbul edilmiş bədnam qətnamələr ənənəvi riyakarlığın davamıdır

 

Noyabrın 30-da Fransa Milli Assambleyası Azərbaycan əleyhinə bədnam qətnamə qəbul edib. Qətnamə Azərbaycanla Ermənistan arasında sivil dövlətlərarası münasibətlərin qurulmasına, eləcə də bölgədə sülhün bərpasına mane olmaq məqsədi daşıyır. 
Fransanın növbəti riyakarlığı orada irqçilik, islamofobiya və türkofobiyanın ifrat həddə çatdığını bir daha təsdiq edir. Sübut olunur ki, bu ölkə Ermənistanın simasında birbaşa təcavüzü və terroru dəstəkləyir. 
Mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik. Onların sözlərinə görə, Fransa Milli Assambleyasının erməni şovinizmini dəstəkləyən qərəzli və ədalətsiz qətnaməsinin ölkəmiz üçün heç bir əhəmiyyəti və təsir imkanı yoxdur.

 

Bu qətnamə bizim  üçün heç kağız parçası da deyil

 

Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, Fransa Milli Assambleyasının ölkəmiz əleyhinə  qərəzli qətnaməsini dəstəkləyənlər ya Makron kimi hay diasporunun təsiri altındadır, ya da türk düşmənidirlər: "Ola bilər ki, onların başqa qərəzləri, ola da bilsin mərəzləri var. Həmin sərsəm qətnaməni dəstəkləyənlərin çoxu burada sadalanan keyfiyyətsizliklərin hamısını, yaxud da bir neçəsini özündə daşıyır. Həmin senatorlar yəqin siyasi korrupsiyaya qurşanmışlardır".
Deputatın sözlərinə görə assambleyanın 557 üzvündən 256-sının qatıldığı dinləmədə onların  hamısının bir nəfər kimi lehinə səs verdikləri bu qətnamə Azərbaycan üçün heç kağız parçası da deyil: "Belədə kağızı qiymətdən salmış olarıq. Həmin 256 nəfər bununla bir daha təsdiqlədilər ki, rəsmi Bakı Ermənistanla  danışıqlarda Fransanın vasitəçiliyini çox düzgün olaraq qətiyyətlə rədd edir. Bununla yanaşı, əminəm ki, Fransa belə dayaz olduğu qədər, həm də düşməncəsinə davranışların qarşılığında başqa "sürprizlər"lə üzləşəcək".

 

Fransanın öz milli maraqlarına vurduğu zərbə

 

Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri  Soltan Məmmədov bildirib ki, Fransa Milli Assambleyasının qərəzli qətnaməsi ölkələrimiz arasında münasibətlərə daha bir zərbə və beynəlxalq hüquqa açıq hörmətsizlikdir: "Bu, Azərbaycan cəmiyyətində Fransaya qarşı etimadsızlığın əsaslı olduğunu bir daha sübut etdi. Daha əvvəl Fransa Senatının qəbul etdiyi qətnamə də eyni siyasi məqsədlərə xidmət edir. Bu cür əsassız və Azərbaycan üçün heç bir siyasi əhəmiyyəti olmayan sənədlərin qəbul edilməsi Cənubi Qafqazda sülh və əməkdaşlıq təşəbbüslərinə mane olur. Şübhə yoxdur ki, həmin qətnamənin qəbul edilməsinin əsas məqsədlərindən biri ölkəmizə siyasi təzyiq üçün əlavə imkanlar yaratmaqdır".
Deputatın dediyinə görə, fransızlar son illərin təcrübəsinə nəzər yetirsələr görərlər ki, Azərbaycana təzyiq göstərmək, milli maraqlarımızı güzəştə getməyə məcbur etmək mümkün deyil: "Azərbaycan tamamilə müstəqil siyasət yürüdən, beynəlxalq münasibətlər sistemində öz yerini, tərəfdaşlarını sərbəst şəkildə müəyyən etmək imkanına malik güclü bir dövlətdir. Hansısa ölkənin parlamentinin qəbul etdiyi sənəd mövqeyimizi və siyasətimizi dəyişmək gücündə deyil. Fransa Milli Assambleyasının qəbul etdiyi "Azərbaycanın Ermənistana qarşı təcavüzünə son qoyulması və Cənubi Qafqazda davamlı sülhün bərqərar edilməsinə" dair qətnamədə tamamilə absurd mülahizələr yer alıb. Azərbaycana qarşı irəli sürülən ittihamlar da heç bir fakta və beynəlxalq hüquqi sənədlərə əsaslanmır".
S.Məmmədov bildirib ki, Senatın və Milli Assambleyanın qəbul etdiyi sənədlər ilk növbədə Fransanın öz milli maraqlarına, o cümlədən Cənubi Qafqazla bağlı siyasətinə vurulan zərbədir: "Sirr deyil ki, Cənubi Qafqazda təsir imkanlarını saxlamaq istəyən dövlətlər Azərbaycanın mövqeyini nəzərə almaq məcburiyyətindədirlər. Milli Assambleyanın qəbul etdiyi qətnamə Fransanın Cənubi Qafqaz ölkələri ilə münasibətlərində, xüsusilə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dair siyasətində tərəfsiz olmadığını bir daha nümayiş etdirir".

 

Fransa Senatı və Milli Assambleyası Azərbaycanın haqlı mövqeyinə təsir edə bilməz

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov Fransa Milli Assamleyasının qətnaməsini xristian təəssübkeşliyinin növbəti təzahürü adlandırıb. Deputat qeyd edib ki, Azərbaycan əleyhinə qəbul edilmiş bu qətnamə Fransanın ölkəmizə qarşı ədalətsiz münasibətinin, qərəzli yanaşmasının, beynəlxalq hüquqa hörmətsizliyinin göstəricisidir. Bu ölkə Azərbaycana qarşı eyni münasibəti və qərəzi Vətən müharibəsi dövründə də göstərmişdi. 
"Son proseslər göstərdi ki, bir fransız siyasətçinin dediyi kimi, Makron fransızların deyil, Fransada yaşayan ermənilərin prezidentidir. Makronun bu qətnamənin qəbul edilməsinə canfəşanlıqla yanaşması bunu bir daha təsdiq edir. Bu həmçinin Makronun Fransa erməniləri qarşısında hansısa öhdəliyinin olmasından xəbər verir. Bu zaman belə bir sual yaranır: "Əgər Fransa bu qədər haqqın və ədalətin yanındadırsa 30 ilə yaxın dövrdə Azərbaycan torpaqları işğalda olarkən, azərbaycanlılara qarşı Xocalı soyqırımı törədilərkən, bütün ərazilərimiz ermənilər tərəfindən viran qoyularkən, 67 məscidimiz, eləcə də Qarabağdakı yeganə pravoslav kilsəsi barbarcasına dağıdılarkən, Alban abidələri saxtalaşdırılarkən və uçurularkən niyə Fransa Milli Assambleyası bu məsələlərə heç bir münasibət bildirmədi? Deməli, ortada açıq-aydın qərəz və xristian təəssübkeşliyi  var", - deyə o bildirib.
C.Məmmədov deyib ki, Fransa və Ermənistanın digər havadarları bu cür qətnamələrlə Azərbaycanın haqlı mövqeyinə təsir edə biləcəklərini düşünürlərsə, yanılırlar: "Azərbaycan xalqının və Müzəffər Ali Baş Komandan İlham Əliyevin mövqeyi prinsipial və qətiyyətlidir. Ona görə də belə qətnamələrin qəbulundan ən çox əziyyət çəkən yenə Ermənistan və erməni xalqı olacaq. Lakin unutmaq olmaz ki, bu gün bölgəmizin və dünyamızın daha çox sülhə və təhlükəsizliyə ehtiyacı var. Son addımlar isə göstərir ki, bir sıra dövlətlər bölgədə sülhün bərqərar olmasında deyil, yalnız qeyri-sabitlik və qarşıdurmada maraqlıdırlar".

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video