21 May 2024 08:20
158
SİYASƏT
A- A+

Fransa qanla dolu keçmişindən utanıb xalqlara müstəqillik verməlidir

 

Dünyada baş verən müxtəlif hadisələrin fonunda həm insanlar, həm də dövlətlər sürətlə dəyişir. Bəziləri yeniliyə, tərəqqiyə can atır. Daha yaxşı sabahlar naminə dünən eybəcər görünən işlərdən imtina edir. Amma bəzi ölkələr də var ki, dəyişilmək istəmirlər. Yaramaz vərdişlərindən ikiəlli yapışıb onu saxlamağa çalışırlar. Belə ölkələrdən biri də dünyanın müstəmləkəçi kimi tanıdığı Fransadır. 
Zaman dayanmadan ötüb keçdikcə dünya müstəmləkə dövrünün geridə qaldığını düşünür. Bu, çox düzgün yoldur. Çünki müstəmləkəçilik, hansısa bir xalqı təsir altında saxlamaq kimi feodalizmin qalığıdır. Amma təəssüflər olsun ki, dünyanın belə sürətlə dəyişməyə üz qoyduğu bir zamanda fransızlar hələ də güclərini kiməsə göstərməkdə davam etdirirlər. Sanki bu xəstəlikdən qurtula bilmirlər.
Fransa bu gün ən çox müstəmləkəyə sahibdir. Parisin dediyi ilə elədiyi qətiyyən üst-üstə düşmür. Dil bir söz deyir, əl başqa hərəkət edir. Tarixə nəzər yetirəndə məlum olur ki, Fransa 1960-cı illərdə müstəmləkələrini guya azad etmişdi. Lakin sonra məlum oldu ki, bu azadlıq formal xarakter daşıyır. Çünki rəsmi Paris azad etdiyi bu ölkələrin iqtisadi inkişafına yenə də ciddi əngəllər yaradır. Fransız siyasətçiləri əvvəlcədən planlı şəkildə elə bir iqtisadi və sosial bağlar yaradıblar ki, keçmiş müstəmləkələri Parisi lazımi resurslarla təmin etməyə məcburdurlar. Fransa bu ölkələrə elə bir tor qurub ki, onlar bundan xilas ola bilmirlər, dolaşıb yerlərindəcə qalırlar.
Amma zaman heç vaxt eyni axarla getmir. Son vaxtlar keçmiş müstəmləkə ölkələri özlərində güc tapıb Fransaya qarşı etiraz edir, müqavimət göstərirlər. Yeni Kaledoniya da müstəqilliyi uğrunda mübarizəyə qalxan ölkələrdən biridir. Ada sakinləri Fransadan müstəqillik tələb edirlər. Paris isə bundan qəzəblənərək Yeni Kaledoniya sakinlərinə qarşı repressiya siyasəti yürüdür. Son günlər bu bölgədə ciddi etiraz aksiyaları keçirilir. Məlumatlara görə, hüquq-mühafizə orqanları ilə toqquşmalarda ölən və yaralananlar var. Yerli sakinlərin narazılığını yatırmaq üçün Paris adaya qoşun yeridib, Əlcəzairdə, Ruandada və digər müstəmləkələrində törətdiyi cinayətləri Yeni Kaledoniyada da təkrarlamağa çalışır. Nəticədə azadlıq tələb edən xalqın qanını tökür.
Yeni Kaledoniyada yaşayan kanak xalqını qəzəbləndirən Fransanın onlara qarşı atdığı son addımdır. Belə ki, mayın 15-də Parisdə parlament tərəfindən qəbul edilən və 10 ildir Yeni Kaledoniyada yaşayan fransızlara əyalət seçkilərində iştirak etməyə icazə verən yeni qanun layihəsi ciddi etirazlara səbəb olub. Yerli liderlər bu addımın kanakların seçki mövqeyini zəiflədəcəyini bildirirlər. Əslində, onlar haqlıdırlar, çünki uzun illərdir ki, Fransa Yeni Kaledoniyanı müstəmləkəsi kimi əsarətində saxlamaq, habelə adanın yerli sakinləri olan kanakları assimiliyasiya etmək üçün kənardan minlərlə miqrantı qanunsuz yolla adaya yerləşdirir. Müstəqillik tərəfdarı olan kanakları azlığa çevirmək və miqrantların hesabına Fransanın işğalını davam etdirmək üçün Makron hökuməti Yeni Kaledoniya Konqresinin və xalqının iradəsinə zidd olaraq bu ölkənin seçki qanunvericiliyini dəyişmək qərarına gəlib. Bütün bunlar isə Parisin müstəmləkəçilik niyyətindən əl çəkmədiyini göstərir.
Bu gün Fransa Yeni Kaledoniyada törətdiyi vəhşilikləri dünyadan gizlətməyə çalışır. Bunun üçün tiktok sosial şəbəkəsinə çıxışı bloklayıb. "Azad fransız mediası" küçədə güllələnən kanakları göstərməkdən, yerli əhaliyə qarşı törədilən vəhşilikləri işıqlandırmaqdan imtina edir. Yeni Kaledoniya sakinləri Parisin informasiya blokadası yaratmaq üçün internetin kəsilə biləcəyindən, ordunun həmin an adada törədə biləcəyi vəhşiliklərdən narahatdır. Ancaq Fransa öz əməllərini gizlədə bilməyib. Belə ki, hazırda BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin ildə bir dəfə təşkil edilən regional tədbirində iştirak edən Yeni Kaledoniyanın BMT-dəki nümayəndəsi Paris tərəfindən ölkəsində törədilən qırğınlar barədə BMT-nin üzv ölkələrini məlumatlandırıb. 
Bakı Təşəbbüs Qrupu da Fransa hakimiyyətinin Yeni Kaledoniyada kanakların həbs olunmasına və mülki şəxslərə qarşı zorakılığına dair bəyanat yayıb.  Bəyanatda qeyd edilir ki, təklif olunan dəyişikliklər məqsədyönlü şəkildə seçki elektoratını qeyri-kanaklar hesabına artırmaq məqsədi daşıyır. Bu da öz növbəsində haqlı olaraq insanların narazılığına, etiraz və nümayişlərinə səbəb olub.
Fransa rəsmiləri, xüsusən də daxili işlər naziri Jerald Darmanenin rəhbərlik etdiyi Fransa jandarmalarının Yeni Kaledoniyada törətdiyi vəhşiliklərə haqq qazandıraraq, toqquşmaların səbəbkarı kimi xarici qüvvələri, o cümlədən Azərbaycanı göstərib. Amma adanın əsl sahibi olan kanakların fikirlərini dinləmək, onların istəklərinə hörmət etmək, ən əsası kolonial siyasətdən əl çəkmək əvəzinə başqa dövlətləri ittiham etmək riyakarlıqdır. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə vurğulayıb ki, Fransa daxili işlər nazirinin öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsini, müxtəlif ölkələrdə milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi tarixini xatırlaması daha münasib olardı. Nazirin Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarı olan etirazları dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir. 
Çox haqlı və zamanında söylənmiş tələbdir. Yeni Kaledoniyada baş verən hadisələrə görə keç kim yox, Fransa özü cavabdehlik daşıyır. Çünki Paris hansı yolla olursa olsun, insanların azadlıq və müstəqillik arzularını boğmağa çalışır. Nəhayət ki, Fransa qanla dolu keçmişindən əl çəkməli, insanların azadlıq istəklərinə hörmətlə yanaşmalı və bu bölgədə yaşayan xalqlara müstəqillik verməlidir. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video