Müstəmləkə siyasətini ört-basdır etmək üçün
Bölgədə sülh, təhlükəsizlik, rifah üçün tarixi fürsətin yarandığı bu həssas dönəmdə Fransa Milli Assambleyasında Azərbaycana qarşı yeni bədnam qətnamə layihəsinin irəli sürülməsi Makron hökumətinin ölkəmizə qarşı qərəzini növbəti dəfə nümayiş etdirir.
Başdan-başa yalan və iftira üzərində qurulan həmin qətnamə bu il iyulun 22-də Fransa Milli Assambleyasındakı "Sağ Respublikaçılar" qrupunun rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri LoranVokye, habelə həmin dostluq qrupunun sədr müavini Aleksandr Marten tərəfindən irəli sürülüb. Bədnam qətnamədə qondarma ifadələrə ("Dağlıq Qarabağ respublikası", "artsax") yer verilir, bu torpaqlardan köçmüş erməni əhalisinin vəziyyəti ilə əlaqədar çoxsaylı narahatlıqların olduğu qeyd olunur. Həmçinin Azərbaycan tərəfindən saxlanılan "siyasi məhbuslar olan erməni hərbi, siyasi və mülki şəxslər" üzərində keçirilən məhkəmə proseslərinin guya qondarma olduğu iddia edilir, onların dərhal azad olunması tələbi irəli sürülür.
Ədalət bərqərar olur
Özünü "demokratik" hesab edən Avropanın müstəmləkəçi ölkəsində irəli sürülən bu çirkin qətnamədə Azərbaycanın suverenliyi və ərazi bütovlüyü şübhə altına alınır, beynəlxalq hüquq ayaqlar altına atılır. Bu gün dünyada nə "Dağlıq Qarabağ", nə də "artsax" adlı coğrafi ərazi vahidləri var. Bu olmayan adları qətnaməyə daxil etməklə ermənipərəst siyasətçilər Azərbaycanın suverenliyinə dil uzadırlar.
Bədnam qətnamədə "siyasi məhbuslar" adlandırılan və azadlıqları istənilən bu şəxslər kimlərdir? Milli kimliyimizə düşmən kəsilərək xalqımızın qanına susayan, işğal etdikləri ərazilərimizdə əliyalın insanlarımıza divan tutmaları, eləcə də Gəncədə, Tərtərdə, Bərdədə terror törədərək mülki insanlarımızı qətlə yetirmələri ilə öyünən qatillər, terrorçular, hərbi canilər - vaqif xaçatryanlar, arayik harutyunyanlar, arkadi qukasyanlar, bako sahakyanlar, davit işxanyanlar...
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslər barəsindəki cinayət işi üzrə ittiham aktında qeyd olunur ki, 1988-2024-cü illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində 3 min 493 nəfəri mülki, 15 min 357 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 18 min 850 şəxs qəsdən öldürülüb. 4 min 435 nəfəri mülki, 51 min 803 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 56 min 268 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülmələrinə cəhd edilib. Bundan sonra Fransa Milli Assambleyasında irəli sürülən həmin qətnamədə "ədalət divanı" kimi tarixə düşən Bakı məhkəməsinin "qondarma" adlandırılması absurddur. Ermənipərəst riyakar təsisatların hansı mövqedə olmasından asılı olmayaraq, təqsirləndirilən erməniəsilli şəxslərin Bakıda keçirilən məhkəməsi ədalətin bərpasına xidmət edir.
2023-cü ildə "dəmir yumruq" Qarabağda separatizmin tabutuna son mismarı çaldı. Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi və Konstitusiyamız bütün ərazilərimizdə hüquqi qüvvəyə mindi. Qarabağda yaşayan bir neçə minlik erməni əhalisinə isə burada təhlükəsiz və layiqli yaşam vəd edildi. Lakin Ermənistanın və ona havadarlıq edən Fransa kimi ölkələrin bu sakinlərlə bağlı öz məkrli planları olduğu üçün onları Qarabağda Azərbaycan bayrağı altında yaşamağa qoymadılar, bəzi hallarda təhrik edərək, bəzi hallarda da şirnikləndirərək ölkəmizin ərazilərini tərk etməyə vadar etdilər. İndi həmin bədnam mərkəzlər Qarabağı könüllü tərk edən erməniəsilli sakinlərdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Xüsusilə Fransa bu kartdan gen-bol istifadə etmək yolunu tutub. Qarabağı öz xoşları ilə tərk edən ermənilər, onların "problem"ləri guya Parisi çox rahatsız edir.
Beynəlxalq Dekolonizasiya Cəbhəsi Bujival razılaşmasını qəbul etmir
Ancaq nə sirdirsə, Fransanın müstəmləkəsi altında saxladığı ölkələrin xalqlarının fundamental hüquqlarını pozması Makron hökumətinin, yumşaq ifadə etsək, vecinə belə deyil. XXI əsrdə də neokolonializm siyasətini davam etdirən Paris dənizaşırı ərazilərin əhalisinin azadlıq istəklərini qanla belə, boğmaqdan çəkinmir. Bütün dünya bunu Fransanın ötən il Yeni Kaledoniyada kanak xalqına qarşı törətdiyi cinayət əməlləri ilə bir daha görmüş oldu.
Onilliklər idi ki, Fransa Yeni Kaledoniyada müstəqillik və azadlıq istəyən kanak xalqının səsini boğur, onların referendum keçirməsinə maneələr törədirdi. Ancaq kanaklar əsarətdən, Fransa zülmündən qurtulmaq üçün ayağa qalxaraq etirazlar edirdilər. Onlar Yeni Kaledoniyaya aid qərarların kaledoniyalıların iştirakı olmadan qəbul edilməsinə imkan verməyəcəklərini bildirirdilər.
Nəhayət, 12 iyul 2025-ci ildə Paris yaxınlığındakı Bujival şəhərində Fransa və Yeni Kaledoniya siyasi qüvvələri arasında razılaşma imzalandı. Bu sənəd Yeni Kaledoniyanın statusu ilə bağlı yeni siyasi çərçivəni müəyyən edir və ərazinin Fransanın tərkibində qalması şərti ilə "Yeni Kaledoniya dövləti" kimi xüsusi statuslu muxtar qurum kimi tanınmasını nəzərdə tutur.
Razılaşmaya əsasən, kanaklılar həm fransız, həm də yeni yaradılacaq "Kaledoniya vətəndaşlığı"na malik olacaqlar. Bundan əlavə, sənəd dövlətin suverenlik hüququnun mərhələli şəkildə genişləndirilməsi, xüsusilə müdafiə, təhlükəsizlik və digər sahələrdə dövlət səlahiyyətlərinin tam ötürülməsi kimi məsələləri ehtiva edir. Bununla yanaşı, razılaşmanın qüvvəyə minməsi üçün 2026-cı ildə Yeni Kaledoniyada keçirilməsi nəzərdə tutulan referendumun müsbət nəticəsi vacib şərtdir.
Bujival razılaşmasına dair rəsmi mövqeyini bildirən Beynəlxalq Dekolonizasiya Cəbhəsi (FİD) cari ilin 25 iyul tarixində bu razılaşmanın Kanak xalqının öz müqəddəratını təyinetmə hüququnun tam və səmərəli həyata keçirilməsi, eləcə də beynəlxalq hüququn məcburilik (imperativ) prinsiplərinin tam etibarlılığının təmin olunması məsələlərində dərin narahatlıqlarını ifadə edib.
Kanakların tam suveren xalq kimi tanınması təmin edilməlidir
FİD Bujival razılaşmasından əvvəlki 1988-ci ildə imzalanmış Numea razılaşmasına diqqət çəkərək qeyd edib ki, bu saziş yerli kanak xalqına özünüidarə və siyasi iştiraka dair ilkin hüquqi əsasları yaradaraq, gələcəkdə müstəqillik əldə etmək imkanlarının formalaşmasına zəmin yaradıb: "Lakin 2024-cü ilin may ayında Fransanın hüquq-mühafizə orqanlarının həyata keçirdiyi zorakılıq aktları nəticəsində azadlıq hüququnu tələb edən kanak xalqı ciddi təzyiqlərə məruz qalıb, bununla yanaşı, 14 mülki şəxs həyatını itirib. Bu faciəli hadisələr və sonrakı siyasi proseslər göstərir ki, mövcud vəziyyət nə dayanıqlı sülhün təmin olunmasına, nə də kanak xalqının öz suverenliyinin tam şəkildə tanınmasına gətirib çıxarıb. Beləliklə, dekolonizasiya prosesi hələ də yekunlaşmayıb və tam reallaşmayıb".
Beynəlxalq Dekolonizasiya Cəbhəsi xüsusi olaraq Bujival razılaşmasında əks olunan "paylaşılmış suverenlik" nəzəriyyəsinin, habelə "ikili vətəndaşlıq" anlayışının kanak xalqının öz müqəddəratını təyinetmə hüququnu təmin etmək baxımından yetərli olmadığını bir daha vurğulayıb. Kanak xalqının ayrılmaz və suveren hüququ hesab edilən öz müqəddəratını təyinetmə hüququnun həm Fransanın öz konstitusiyasında, həm də beynəlxalq hüququn fundamental sənədi sayılan BMT-nin 1514 (XV) saylı qətnaməsində tam şəkildə hüquqi təminat verildiyini diqqətə çatdırır. FİD qeyd edir ki, Yeni Kaledoniyanın statusu Fransa Respublikası daxilində məhdud muxtariyyət çərçivəsində deyil, öz müqəddəratını təyinetmə hüququna əsaslanan tam suveren dövlət statusunda müəyyən edilməlidir.
Beynəlxalq Dekolonizasiya Cəbhəsi Fransanı beynəlxalq hüququn əsas prinsiplərinə, xüsusən öz müqəddəratını təyinetmə və müstəmləkəçilikdən azad olma hüquqlarına ciddi şəkildə riayət etməyə çağırır. Sənəddə qeyd edilir ki, dekolonizasiya prosesinin qətiyyətlə irəli aparılması zəruridir və bu mərhələdə kanak xalqının Fransa ilə mövcud siyasi münasibətlərindən asılı olmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən tam suveren xalq kimi tanınması təmin edilməlidir.
Azərbaycan dünyada kolonial siyasətə son qoyulması üçün səylər göstərir, çağırışlar edir. Bakı Təşəbbüs Qrupu neokolonializmdən əziyyət çəkən xalqların azadlıq səslərini dünyaya çatdıran beynəlxalq platforma rolunu oynayır.
Beynəlxalq Dekolonizasiya Cəbhəsi isə 2024-cü ilin 17-18 iyul tarixlərində Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun dəstəyi və Qvadelupun Azadlığı Naminə Xalq Birliyinin (UPLG) təşkilatçılığı ilə təsis olunub. FİD-in yaradılmasında Fransanın və Niderlandın müstəmləkə siyasətindən əziyyət çəkən regionlardan olan 17-dən artıq siyasi partiya və müstəqillik hərəkatının nümayəndələri iştirak edib. Bu beynəlxalq qurumun əsas məqsədi müstəmləkəçilik siyasətinə qarşı mübarizəni gücləndirmək, xalqların öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq aləmdə tanınması və həyata keçirilməsi istiqamətində müxtəlif ölkə və təşkilatlar arasında birgə əməkdaşlığı inkişaf etdirməkdir.
Azərbaycanın bütün beynəlxalq platformalarda Fransanın iç üzünü açıb göstərməsi, kolonializm siyasətini ifşa etməsi Parisi qıcıqlandırır. Makron hökumətinin ölkəmizə qarşı qərəzli addımlarının intensivləşməsi də bunu təsdiq edir. Fransanı Cənubi Qafqazdan qovan Azərbaycan müstəmləkəçi ölkəni siyasi, diplomatik müstəvidə də küncə sıxışdırıb. Şəxsən Prezident İlham Əliyevə hərtərəfli uduzmağını həzm edə bilməyən Makron hökuməti Azərbaycana təsir, təzyiq göstərmək üçün mənasız və nəticəsiz cəhdlər edir. Fransa Milli Assambleyasında irəli sürülən və bir qara qəpiklik dəyəri olmayan qətnamə də onlardan biridir.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"