Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu müvafiq təsisatlar tərəfindən beynəlxalq səviyyədə qəbul olunan ISO 9001 və ISO 37001 sertifikatlarına layiq görülüb.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən təsis edilmiş ISO 9001 sertifikatı “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” beynəlxalq standartına uyğun olaraq, idarəetmə sisteminin səmərəli tətbiqi yolu ilə müştəri məmnunluğunun artırılması, gözlənilməz xərclərin azaldılması, əmək məhsuldarlığının artırılması və əməkdaşların funksiyalarının, öhdəliklərinin və məsuliyyətlərinin bölüşdürülməsinin optimallaşdırılmasına dair təminat verir. Standart müvafiq olaraq İnstitutun göstərdiyi xidmətlərin keyfiyyətinə nəzarəti təkmilləşdirərək, bu sahədə lider mövqeyə çatmağa zəmin yaradır.
Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən təsis edilmiş digər ISO 37001 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri – Təlimatlarla birgə tələblər” sertifikatına malik olmaq isə Agentliyə fəaliyyəti ilə əlaqəli rüşvət riskinin müəyyənləşdirilməsi, idarə edilməsi, rüşvətlə bağlı korporativ risklərin azalması, rüşvətə qarşı beynəlxalq normalara riayət edilməsi, qabaqcıl təcrübələrin və hüquqi tələblərin tətbiqi sahəsində üstünlüklər verir.
Bu standartların tətbiqi ən səmərəli inteqrasiya olunmuş menecment sisteminin (İMS) yaradılmasında, qiymətləndirilməsində və təkmilləşdirilməsində İnstitut çərçivəsində idarəetməni və həmçinin müasir idarəçilik prinsiplərinə əsaslanan, səmərəliliyin artırılması üçün proses yanaşmanın qəbulunu təşviq edən universal rəhbərlik funksiyasını təmin edir.