Yarpaqlar, toxumlar, meyvələr, qabıq və köklər... Bitki dünyasının ləzzətli kəşfi olan ədviyyatlar əsrlərdir mətbəxlərimizdə xörəklərə, salatlara, içkilərə, şirniyyatlara dad, ləzzət, rayihə qatır.
Ədviyyatlardan dünyada ən çox istifadə edən ölkələr Hindistan və Türkiyədir. Azərbaycan mətbəxində də geniş çeşiddə ədviyyatlardan istifadə olunur. Bunlardan zəfəran, istiot, darçın, sarıkök, zəncəfil, hil, vanil, cövüz, mixək daha çox istifadə edilənlərdir.
Ta qədim dövrlərdən ədviyyatlar həm də alternativ təbabətin əsas tərkib hissəsi və bir çox xəstəliyin dərmanı sayılır. Ədviyyatların tərkibində olan vitaminlər, pektin maddələri, üzvi turşular, mineral maddələr, fermentlər, enzimlər, A, B, B1, D, E, PP, C və digər vitaminlər orqanizmdə maddələr mübadiləsini tənzimləyir, müxtəlif orqanların fəaliyyətini yaxşılaşdırır. Ədviyyat bitkilərinin içərisindəki acımtıl qlükozidlər, pektin, jelatin, piqmentlər, aşı maddələri, yağlar, efir və s. radiasiyaya məruz qalmış xəstələrin müalicəsinə müsbət təsir göstərir.
Bu dadlı və ətirli bitkilər immuniteti gücləndirir, orqanizmin şəkər istəyini azaldır, köpdən və həzmdən əziyyət çəkənləri rahatlaşdırır. Ədviyyatların ən faydalı xüsusiyyətlərindən biri də antioksidant təsir göstərmələridir. Güclü antioksidant xüsusiyyətləri olan ədviyyatlar orqanizmi müxtəlif xəstəliklərdən, o cümlədən xərçəngin inkişafından qoruyur, orqanizmi sağlamlaşdırır.
Bu faydalı bitkilərin tərkibində olan ətirli efir yağları, qlikozid və digər maddələr ərzaq məhsullarının keyfiyyətini daha da yaxşılaşdırır, dad və həzm orqanlarının fəaliyyətini artırır, iştah yaradır.