23 Sentyabr 2025 08:17
439
SİYASƏT
A- A+
Ermənistanın sabitliyi, iqtisadi inkişafı yalnız sülh sazişinin imzalanmasından keçir

Ermənistanın sabitliyi, iqtisadi inkişafı yalnız sülh sazişinin imzalanmasından keçir


Bu gün Ermənistanın üzləşdiyi ən böyük problemlərdən biri də illərdən bəri davam edən siyasi böhran, korrupsiya və idarəetmədəki boşluqlardır. Ölkədə işsizlik artıb, inflyasiya yüksəlib və sosial xidmətlər zəifləyib. Əhalinin böyük bir qismi gündəlik ehtiyaclarını qarşılaya bilmir və gələcəyindən ümidsizdir. Odur ki, insanlar iş axtarmaq və normal yaşamaq üçün başqa-başqa ölkələrə köçürlər. 

Şirak vilayətində, Loru və Zəngəzur bölgələrində də əhali axını nəticəsində kəndlər boşalır. Rəsmi statistikaya görə, Rusiyadakı əməkçi miqrantların təxminən 20 faizi ermənilərdir. Onların arasında Qarabağı könüllü tərk etmiş ermənilər daha çoxdur. Bunun səbəbləri var. İkinci Qarabağ müharibəsindən sonra Qarabağdan Ermənistana könüllü köç etmiş haylar orada ciddi sosial-iqtisadi çətinliklərlə üzləşiblər. Arzuladıqları sabitliyi və rifahı tapa bilmirlər. İşsizlik, mənzil problemi, aşağı gəlirlər və qeyri-müəyyən hüquqi status onların ölkədə qalmaq istəyini sürətlə azaldır. 2020-2024-cü illər ərzində 24 mindən çox Qarabağ ermənisi bu ölkəni birdəfəlik tərk edib. Onların ən çox üz tutduqları ölkə Rusiyadır.

Ermənistan mediası bu və digər bölgələrdəki vəziyyəti öyrənməyə çalışıb. Məlumata görə, Göyçənin Sotk ərazisinin rəhbəri Sevak Xaçatryan bölgədə işsizlik probleminin olduğunu dilə gətirib.

Tavuş rayonunun Movses kəndinin inzibati rəhbəri Aşot Poladyan da işsizlikdən əziyyət çəkdiklərini deyib. Bildirib ki, kəndi tərk edənlər azdır, lakin işləmək üçün tez-tez xaricə üz tutanlar var: "Təkcə kənddə yox, ümumilikdə bölgədə işsizlik problemi ciddidir".

Zəngəzurun Xnatsax (Xanazax) qəsəbəsinin inzibati rəhbəri Seyran Mirzoyan isə insanların ərazini tərk etdiyini bildirib. O, kəndin tamamilə boşalması haqda deyilənlərin doğru olmadığını deyib, lakin əlavə edib ki, zaman-zaman gedənlər olur: "Sonuncu dəfə 3 ay əvvəl gedənlər olub. Gedənlərin də əsas səbəbi işsizlikdir".

Görünən odur ki, Ermənistanda Qarabağdan gəlmiş ermənilərə qarşı sosial-psixoloji və mədəni ayrı-seçkilik meyilləri güclüdür. Yerli hayların əksəriyyəti bu köçkünləri özlərindən hesab etmirlər. Onlara "yad" kimi baxırlar. Hətta onlar indi "artıq yük" hesab edilir, cəmiyyətin müxtəlif təbəqələri tərəfindən təzyiqlərə məruz qalırlar. 

Ermənistan hökuməti demoqrafik böhrana səbəb olan bu kimi problemləri aradan qaldırmaq üçün bəzi sosial proqramlar tətbiq etsə də, onların səmərəsi olmayıb. Çünki mənzil proqramlarından yararlanmaq üçün vətəndaşlıq şərti qoyulub. Bu isə o deməkdir ki, Ermənistana yeni gəlmiş və hüquqi statusu qeyri-müəyyən olan şəxslər bu yardımlardan yararlana bilməzlər.

Vaşinqton Bəyannaməsindən sonra Qarabağ erməniləri yenidən aktivləşdirilib və siyasi qurumlar, partiyalar, siyasətçilər onlara "dəstək verirlər". Müəyyən qüvvələrin dəstəyi ilə separatçı rejimin tör-töküntüləri müxtəlif mitinqlər keçirir, açıqlamalar verir, bəyanatlar səsləndirirlər. Baş verənlər sübut edir ki, hadisələr müəyyən dirijorlar tərəfindən idarə edilir. Məqsəd nəinki Paşinyana qarşı xalqı ayağa qaldırmaq və nifrət hissi yaratmaqdır, eyni zamanda iki ölkə arasında sülh müqaviləsinə mane olmaqdır. Qarabağ separatçıları əvvəl olduğu kimi, indi də bəzi qüvvələrin əlində məqsədə çatmaq üçün alətdir. Bu cəhdlər Ermənistan cəmiyyətində daxili siyasi proseslərin və hakimiyyət uğrunda mübarizənin tərkib hissəsi olmaqla yanaşı, regionda sabitliyi pozmağa yönəlmiş uğursuz təşəbbüslər kimi qiymətləndirilir. Belə təşəbbüslərdən biri də Qərbi Azərbaycan İcmasının üzvlük vəsiqələri hesabına yaradılmış xofdur. Bu ölkənin daxilindəki bəzi qüvvələr, eləcə də hökumət nümayəndələri Qərbi Azərbaycan gerçəyini qəbul etmək istəmirlər, özlərindən müxtəlif uydurmalar icad edib erməni cəmiyyətinin beynini zəhərləməkdə davam edirlər. Ermənilər Qərbi Azərbaycan İcmasının əslən Qərbi Azərbaycandan olan soydaşlarımıza üzvlük vəsiqəsi verməsindən narahat olmağa başlayıblar.

Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan belə bir fikir irəli sürüb ki, guya "Azərbaycanda Ermənistanda anadan olmuş 100 mindən çox azərbaycanlının bu ölkəyə köçürülməsi üçün qeydiyyata alınmasının başa çatdığı barədə rəsmi elan verilib". O, "arqument" kimi Qərbi Azərbaycan İcmasının (QAİ) üzvlük vəsiqəsinin fotosunu paylaşıb. Bildirib ki, bu, "Ermənistanın işğalının sübutudur". Vəsiqənin üzərində ata yurdunun "Qərbi Azərbaycan" olaraq qeyd edilməsi də Tatoyanı bərk narahat edib.

Milli Məclisin deputatı Arzuxan Əlizadə mətbuata açıqlamasında bildirib ki, Qərbi Azərbaycan ifadəsi gündəmə gələndən, xüsusilə Qərbi Azərbaycan İcması formalaşandan bəri Ermənistanda bu isterika yaşanmaqdadır. Amma bəzi ermənilər anlayırlar ki, tarixən həmin ərazilərdə azərbaycanlılar yaşayıblar. Ən azından son bir əsr ərzində 1 milyondan çox soydaşımız deportasiya olunub, sürgünlərə məruz qalıb, repressiya ilə üzləşib, zorla öz yurdlarından çıxarılıb, qovulub... Təbii ki, bu insanların öz doğma torpaqlarına qayıtmaq hüququ var. Beynəlxalq konvensiyalar mövcuddur, onların geri qayıdışı beynəlxalq hüquq normalarına tam uyğundur və qanunidir. Bu baxımdan anlayırlar ki, biz öz dədə-baba yurdlarımıza, torpaqlarımıza dinc yolla qayıdacağıq. Ermənistanla sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşması bu prosesi daha da sürətləndirəcək.

Qarabağdan gedən ermənilərin əksəriyyəti azərbaycanlılara - yerli əhaliyə qarşı hərbi cinayətlərdə iştirak ediblər. Amma vaxtilə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar öz doğma el-obalarında yaşadıqları dövrdə orada hansısa cinayət əməllərində iştirak etməyiblər. Ona görə də, rahatlıqla geri qayıtmaq imkanlarına malikdirlər və qayıdacaqlar. Ermənilər isə geri qayıtmaq məsələsində birmənalı olaraq çox ciddi tərəddüdlər içindədirlər. Bilirlər ki, burada törətdikləri cinayətlərə görə Azərbaycan qanunlarına müvafiq olaraq cavab verməli olacaqlar. Necə ki, erməni separatçıların başında duran quldurlar, cinayətkar ünsürlər məhkəmə qarşısında cavab verirlər, eləcə də o cinayətlərin iştirakçısı, səbəbkarı olan şəxslər var ki, onların geri qayıtması mümkünsüzdür. Ancaq biz öz dədə-baba torpaqlarımıza geri dönmək uğrunda prosesi davam etdirəcəyik.

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, Əməkdar elm xadimi Vaqif Şadlinski isə müxbirimizə demişdir:

- Ermənistan hökuməti ölkədə miqrasiyanın qarşısını almaq, sabitliyə və inkişafa nail olmaq istəyirsə, Azərbaycanın beynəlxalq qanunlara əsaslanan tələb və tövsiyələrinə əməl etməlidir. Prezident İlham Əliyev istər xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə, istərsə də ölkəmizdə dövlət başçıları və ictimaiyyətlə görüşlərində dəfələrlə açıq və qətiyyətli şəkildə demişdir: "Ermənistan tərəfi öz "ev tapşırığını" - yəni konstitusiyadakı ərazi iddialarının ləğvini vaxtında və tam şəkildə yerinə yetirməlidir". 

Sülh yolu Ermənistanı Azərbaycan, Türkiyə, Gürcüstan və Orta Asiya ölkələri ilə birgə layihələrə qoşula biləcək vəziyyətə gətirir. Bakı-Tbilisi-Qars dəmir yolu kimi mövcud infrastruktur layihələri, gələcəkdə Ermənistanın da istifadə edə biləcəyi strateji marşrutlara çevrilə bilər. Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükgötürmə qabiliyyəti 2024-cü ildə 5 milyon ton olub. Ermənistanın da qoşulacağı halda, bu xətdən öz ixrac-idxal əməliyyatları üçün istifadə edə bilər. "Şimal-Cənub" nəqliyyat dəhlizinə inteqrasiya, Ermənistana Orta Asiya-Avropa marşrutlarında pay əldə etmək imkanı yarada bilər. Lakin bu imkanların reallaşması, Azərbaycanın Ermənistanı regional əməkdaşlıq formatlarına qəbul etməsinə bağlıdır. 

Ən başlıcası, Ermənistan üçün sülh sadəcə siyasi bir seçim deyil - ölkənin gələcək iqtisadi inkişafı, beynəlxalq nüfuzu və daxili sabitliyi üçün yeganə çıxış yoludur. Sülh yolu Ermənistanı iqtisadi blokadadan çıxarır, sərhədləri açır, tranzit gəlirlərini artırır, beynəlxalq imicini yaxşılaşdırır və investisiya axını üçün real şərait yaradır. Lakin bu yol, yalnız Azərbaycanla səmimi əməkdaşlıq, öhdəliklərə riayət və qarşılıqlı etimad əsasında reallaşa bilər. 


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!