Ermənistan böyük problemlərlə üzləşib. Bunun əsas səbəbi son dövrlər dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənlik və çətinliklərin digər ölkələrlə müqayisədə Ermənistana daha çox dağıdıcı təsir göstərməsidir.
Ekspertlərin fikrincə, indiki vəziyyət tamamilə iflasa uğrayan Ermənistan üçün daha faciəvidir. Heç bir istehsalı olmayan, iqtisadiyyatı çökən ölkədə ümumi daxili məhsulun (ÜDM) artımı bu durumda mümkün olmayacaq. Əksinə, sözügedən sahədə tənəzzül olması və böyük geriləmənin yaşanması gözləniləndir.
Hazırda əsas proqnozlar ondan ibarətdir ki, Ermənistanda dolların və digər xarici valyutaların məzənnəsi bundan sonra da artacaq. Elə bu səbəbdən ölkədə zəruri ərzaq mallarının qiyməti getdikcə qalxır. Hökumət dramın möhkəmlənməsi üçün imkanların mövcud olmadığını bildirir. Çünki valyuta ehtiyatları çox azdır. Xaricdən, xüsusən də Rusiyadan köçürülən pulların miqdarının azalması isə daha böyük iqtisadi problemlərə yol açır.
Görünür, bütün bunların nəticəsidir ki, ölkədə ictimai gərginlik azalmır. Hökumətə qarşı keçirilən etirazlara dəstək verənlərin sayının artması iqtidar üçün təhlükə yaradır. Sosial problemlər fonunda təşkil edilən aksiyalarda siyasi tələblər irəli sürülür, hakimiyyət istefaya çağrılır.
Bu arada "Past" nəşri yazıb ki, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının sədri və 44 günlük müharibəni araşdıran istintaq komissiyasının sədri Andranik Koçaryanın işləri son günlər kifayət qədər yaxşı gedir. Nəşrə görə, Koçaryanın fraksiyada ciddi problemləri olsa, ən azından fraksiyanın əhəmiyyətli hissəsi Andraniki tutduğu vəzifədən uzaqlaşdırmağa çalışsa, həyasız və ehtiyatsız davranışına görə onun cəzalandırılmasını istəsə də, görünən odur ki, o, Nikol Paşinyanla kompromis əldə etməyi bacarıb.
Bu günlər Koçaryan istintaq komitəsinin hesabatının sentyabrda dərc olunacağını açıqlayıb: "Bu, sentyabrın 27-dən sonra parlamentin iclasının birinci və ya ikinci günü olacaq. Sentyabrın 27-si şənbə günüdür, ona görə də ya sentyabrın 30-da, ya da ondan sonrakı gün plenar iclasda parlament sədri məsələni şuranın iclasına daxil edəcək və yekun tarix müəyyənləşəcək".
Komissiyanın hesabatı çoxdan hazırdır. Hesabat Koçaryanın yanmayan seyfindədir və onun bir neçə nüsxəsi müvafiq cinayət işinin başlanması üçün prokurorluğa və Milli Təhlükəsizlik Xidmətinə göndərilib: "Əslində, Koçaryan Paşinyanı inandıra bilib ki, hesabatı onsuz təqdim etmək mümkün olmayacaq, üstəlik, o, əhəmiyyətli, həssas informasiyalara malikdir və indi o öz məsələlərini "zərif" şəkildə həll etsə, hökumətdə problemlər yarana bilər".
Bütün bunlarla yanaşı, Ermənistanın silahlı qüvvələrində böyük problemlər yaşanır. Müharibədən sonra məğlub ölkənin ordusu istər döyüş qabiliyyəti, istərsə də təminat baxımından çox ciddi çətinliklər içindədir. Ölkədə yaşanan demoqrafik problem səbəbindən ordunun şəxsi heyətlə təminatı da sürətlə pisləşməkdə davam edir. Digər tərəfdən, ordudakı xaos səbəbindən gənclərin silahlı qüvvələrdə xidmətdən yayınması yenə adi hal alıb.
Belə vəziyyətdə bu xüsusda qaldırılan cinayət işlərinin də sayı çoxalır. Artıq vəziyyət hökuməti də ciddi narahat edir. Qeyd olunur ki, hazırda 27-35 yaş arası 5000-dən çox gənc orduda xidmətdən yayındığına görə axtarışdadır. Yerdə qalan hərbi xidmətdən qaçan minlərlə insan isə 27 yaş həddinə çatmayan gənclərdir.
Elçin CƏFƏROV,
"Azərbaycan"