03 İyun 2026 08:50
142
SİYASƏT
A- A+
Ermənistan növbəti siyasi sınaq qarşısındadır

Ermənistan növbəti siyasi sınaq qarşısındadır


Seçkiyə qədər baş verəcək daxili və xarici hadisələr yekun nəticəyə təsir göstərəcək


Ermənistanda növbəti parlament seçkilərinə doğru gedən proses həm ölkənin daxili siyasi həyatında, həm də regionun geosiyasi dinamikasında mühüm əhəmiyyət kəsb edir. Son illərdə Ermənistanın siyasi sistemi ciddi transformasiyalara məruz qalıb. Xüsusilə Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində bölgədə yaranmış yeni reallıqlar və xarici siyasətdə müşahidə olunan dəyişikliklər Ermənistan cəmiyyətində və siyasi elitasında dərin fikir ayrılıqları yaradıb. Bu baxımdan qarşıdan gələn parlament seçkiləri sadəcə hakimiyyət uğrunda mübarizə deyil, həm də Ermənistanın gələcək inkişaf modeli, regionda sülhün rəsmi olaraq formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Fuad ABDULLAYEV qəzetimizə açıqlamasında deyib ki, hazırda İrəvanda proseslərin əsas mərkəzində Nikol Paşinyan və ona rəqib olan Samvel Karapetyanın "Güclü Ermənistan", R.Koçaryanın Ermənistan İttifaqı və Qagik Tsarukyan  "Çiçəklənən Ermənistan" partiyaları dayanır.

Siyasi şərhçi qeyd edib ki, bugünkü vəziyyət 2021-ci ilin parlament seçkiləri ilə müqayisədə daha mürəkkəbdir: "Belə ki, erməni ictimaiyyətində kəskin qütbləşmə müşahidə edilir, eyni zamanda müxalif qüvvələr müəyyən qədər iri siyasi bloklar ətrafında konsolidasiya oluna biliblər. Müqayisə üçün bildirək ki, əvvəlki seçkidə 26 siyasi qüvvə, yəni 4 blok, 22 siyasi partiya iştirak edib. Lakin bu seçkilərdə cəmi 2 blok, 16 partiya iştirak edəcək. Ümumilikdə Ermənistanda seçkiqabağı mübarizə kəskin formada davam edir. Xüsusilə hakimiyyətin inzibati resurslardan fəal şəkildə istifadə etdiyi müşahidə olunur". 

Ekspert diqqətə çatdırıb ki, hakim partiyanın seçki kampaniyası regionda davamlı sülhün təmin edilməsi, qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması, Ermənistanın regional nəqliyyat və iqtisadi layihələrə inteqrasiyası, blokadadan çıxması və iqtisadi inkişaf perspektivləri üzərində qurulub. F.Abdullayevin fikrincə, erməni cəmiyyətinin əhəmiyyətli hissəsi bu praqmatik yanaşmanı dəstəkləyir və ölkənin gələcəyini regional əməkdaşlıq və iqtisadi inkişafda görür. Müxalif qüvvələrin seçki kampaniyası isə əsasən hakimiyyəti ölkənin təhlükəsizliyi siyasətində uğursuzluqda, Qarabağ məsələsində yanlış qərarlar qəbul etmək, Ermənistanın milli maraqlarını zəiflətməklə bağlı ittihamlar üzərində qurulub. Seçki prosesində hakimiyyətin əsas rəqibləri hesab olunan Karapetyan və Koçaryan Qarabağ ermənilərinin geri qayıdışı məsələsini seçki gündəminə çıxarmağa çalışırlar. "Bu mövzunun qabardılması həmin siyasi qüvvələrin regionda formalaşmaqda olan sülhün gündəliyinə fərqli yanaşmanı nümayiş etdirir. Bu, revanşist ritorikanın hələ də Ermənistan siyasətində müəyyən yer tutduğunu göstərir. Bununla belə müxalifətin əsas problemi vahid lider, vahid siyasi platforma, alternativ inkişaf proqramı ətrafında birləşə bilməməsidir. Müxalif qüvvələr müəyyən seçici bazasına malik olsalar da, onların əvvəlki hakimiyyət dövrləri ilə bağlı formalaşmış ictimai rəy hələ də öz təsirini qoruyub saxlayır. Məhz bu amil onların daha geniş elektorat cəlb etməsini çətinləşdirir", - deyə o əlavə edib. 

Siyasi şərhçi qeyd edib ki, Ermənistan cəmiyyətində hələ də radikal, revanşist baxışlara malik təbəqə mövcuddur və bu qrup ölkənin üzləşdiyi yeni regional reallıqları qəbul etməkdə çətinlik çəkir, keçmişdə mövcud olmuş maksimalist siyasi yanaşmaların tərəfdarı kimi çıxış edirlər. Digər mühüm amillərdən biri Ermənistan cəmiyyətində müşahidə olunan ideoloji parçalanmadır. Bir qrup seçiçi hesab edir ki, ölkənin gələcəyi Qərbə inteqrasiyadan keçir və Ermənistan təhlükəsizlik sistemini yenidən qurmalıdır. Digər qrup isə Rusiyadan uzaqlaşmağın ciddi risklər yaratdığını düşünür  və Moskva ilə tərəfdaşlığın qorunmasını vurğulayır. Bu fikir ayrılıqları seçki kampaniyasında siyasi qüvvələrin əsas mübarizə xəttidir. 

F.Abdullayev bildirib ki, mövcud şəraitdə hakim partiya müəyyən üstünlüklərə malikdir: "İlk növbədə dövlət idarəetmə resursları və təşkilati imkanlar hakimiyyətin əlindədir. İkincisi, müxalifətin parçalanmış vəziyyətdə olması, milliyyətçilik və radikal yanaşmadan başqa ciddi yenilik təklif edə bilməməsi hakim partiyanın mövqelərini gücləndirir. Üçüncüsü, Ermənistan cəmiyyətinin bir hissəsi keçmiş hakimiyyət nümayəndələrinin yenidən iqtidara qayıtmasını arzulamır. Buna görə alternativ olmadığı halda Paşinyana səs verməyə meyillidirlər. Lakin bu üstünlük Paşinyanın rahat qələbəsini təmin edən amillər kimi qiymətləndirilməməlidir. Seçki prosesinə xarici faktorların təsiri məsələsi diqqətdənkənar qalmamalıdır. Bu ilin may ayında Ermənistanda Avropa İttifaqı ilə bağlı keçirilən yüksəksəviyyəli tədbirlər, eləcə də ABŞ Dövlət katibi Marko Rubionun İrəvana səfəri siyasi baxımdan mühüm mesajlar verir. Ermənistan hakimiyyəti bu təmasları öz xarici siyasət kursuna və beynəlxalq legitimliyinə verilən dəstək kimi təqdim etməyə çalışır. Bu fonda belə bir təsəvvür formalaşır ki, Qərb dairələri hazırkı hakimiyyətlə əməkdaşlığı davam etdirməkdə qərarlıdır. Eyni zamanda bu hadisələr müxalif qüvvələr tərəfindən də diqqətlə izlənilir. Siyasi baxımdan həmin təmaslar müxalifətə verilmiş mesajlar kimi də qiymətləndirilə bilər". 

Ekspert deyib ki, seçkiqabağı dövrdə dərc olunan ictimai rəy sorğuları müxtəlif nəticələr verir. Bu cür sorğuların bir hissəsi, xüsusilə seçkiqabağı prosesdə siyasi məqsədlərlə sifariş oluna bilər. Bundan ictimai rəyə təsir vasitəsi kimi istifadə edilir. Belə hallarda sorğuların nəticələrinin sifarişçinin siyasi maraqlarına uyğun şəkildə təqdim olunması və prosesin siyasiləşməsi ehtimalı kifayət qədər yüksəkdir. Buna görə də seçkiöncəsi sorğular seçicilərin real əhvali-ruhiyyəsini tam əks etdirən göstərici deyil, daha çox seçki kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Ermənistan kimi yüksək siyasi qütbləşmə müşahidə olunduğu ölkələrdə seçicilərin son qərarı seçki gününə yaxın formalaşır və bu səbəbdən sorğuların nəticələri ilə yekun seçki nəticələri arasında ciddi fərqlər yaranır. Ümumiyyətlə, keçirilən sorğuların ortaq nöqtəsi ondan ibarətdir ki, seçicilərin bir çoxu hələ də qərarsızdır və ya seçkiyə getməmək kimi fikir bildirirlər. Bu da onu deməyə əsas verir ki, nəticədə ciddi fərqlər yarana bilər. Buna baxmayaraq, parlament seçkilərinin nəticələri ilə bağlı bir neçə ssenarini nəzərdən keçirmək mümkündür. "Birinci və ən real görünən ssenari hakim partiyanın yenidən birinci siyasi qüvvə olmasıdır. Bu halda partiya təkbaşına hökumət formalaşdıra biləcək. Hazırkı siyasi mənzərəni nəzərə aldıqda bu ehtimal kifayət qədər yüksək görünür. İkinci ssenari hakim partiyanın səsləri az alması, amma yenə parlamentdə ən böyük fraksiya olaraq qalmasıdır. Bu halda Paşinyan koalisiya hökuməti yaratmaq məcburiyyətində də qala bilər. Belə vəziyyət Ermənistanın siyasi sistemində yeni balansların formalaşmasına gətirib çıxara  və hökumətin qərar qəbuletmə imkanını müəyyən qədər məhdudlaşdıra bilər. Üçüncü ssenari isə müxalifətin konsolidasiya olunaraq hakimiyyətin ciddi rəqibinə çevrilməsidir. Hazırkı şəraitdə bu ehtimal zəif görünsə də, mümkündür, çünki müxalif qüvvələr arasında ideoloji və şəxsi ziddiyyətlər dərin olaraq qalsa da, hakimiyyətin dəyişməsi ilə bağlı həmrəylik müşahidə edilir", - deyə o bildirib.

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan-Ermənistan münasibətləri kontekstində də bu seçkilər diqqətlə izlənilir. Çünki sülh sazişi, sərhədlərin delimitasiyası, regional kommunikasiyaların açılması və gələcək əməkdaşlıq perspektivləri İrəvanda formalaşacaq siyasi iradədən böyük ölçüdə asılı olacaq. Hakimiyyətin qorunması halında Paşinyanın son illərdə irəli sürdüyü daha praqmatik yanaşmanın davam etməsi ehtimalı mövcuddur. Müxalifətin güclənməsi isə bəzi məsələlər üzrə daha sərt və maksimalist ritorikanın yenidən gündəmə gəlməsinə səbəb ola bilər. 

F.Abdullayev qeyd edib ki, ümumilikdə qiymətləndirildikdə Ermənistanda qarşıdan gələn parlament seçkiləri ölkənin postmüharibə dövründə keçəcəyi növbəti mühüm siyasi sınaq olacaq: "Seçkilərin əsas diqqətçəkən məsələsi hər hansı siyasi qüvvənin qalib gələcəyi ilə bağlı deyil, Ermənistan cəmiyyətinin hansı inkişaf modelinə üstünlük verəcəyidir. Hazırda hakim partiya müəyyən üstünlüklərə malik olsa da, seçkiyə qədər baş verəcək daxili və xarici hadisələr yekun nəticəyə ciddi təsir göstərə bilər. Buna görə də qarşıdakı aylar Ermənistanın siyasi gələcəyi və regionun geosiyasi mənzərəsi baxımından xüsusi əhəmiyyət daşıyacaq. Seçkidən sonra müxalif qüvvələr tərəfindən seçkinin saxtalaşdırılması adı altında etiraz aksiyalarının təşkil olunacağı da istisna edilmir". 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatında yarımfinal oyununa çıxır

10:09
03 İyun

“Turan Tovuz” futbol klubu avrokuboklardan kənarlaşdırılıb 

10:08
03 İyun

Azərbaycan nefti 101 dollara satılır

09:43
03 İyun

Rubio: Çin İrana ABŞ-nin hərbi əməliyyatlarını çətinləşdirəcək dəstək vermir

09:29
03 İyun

Araşdırma: Alkoqolun hətta az miqdarda qəbulu da xərçəng riskini artırır

09:27
03 İyun

ABŞ İranın dörd kriptovalyuta birjasına sanksiya tətbiq edib

09:25
03 İyun

Altsheymer xəstəliyi zamanı beynin müdafiə mexanizmini bərpa etməyin yolu tapılıb

09:24
03 İyun

İran ABŞ hədəflərinə zərbələr endirdiyini açıqlayıb

09:22
03 İyun

Avropa çempionatı: Azərbaycan minifutbol millisi yarımfinala yüksəlib

09:01
03 İyun

Nadir Ebola ştamı yayılır

08:55
03 İyun

Ermənistan növbəti siyasi sınaq qarşısındadır

08:50
03 İyun

Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji" mərkəzinə çevrilir

08:47
03 İyun

WUF13 Azərbaycanın uğurlu iqtisadi inkişafını beynəlxalq aləmə təqdim etdi

08:45
03 İyun

Görüş yeri dəyişmədi

08:40
03 İyun

Ölkəmizin təcrübəsi digər dövlətlər üçün də faydalıdır

08:35
03 İyun

Prezident İlham Əliyevin təşəbbüsü: "Türk Dövlətləri Təşkilatı qlobal geosiyasi gücə çevrilməlidir"

08:30
03 İyun

Dünyanın enerji strategiyası bu dəfə də Bakıda formalaşır

08:25
03 İyun

907-ci düzəlişin ləğvi zərurətdir

08:20
03 İyun

Qlobal liderlik, səmimi dostluq, yeni diplomatik səhifə

08:15
03 İyun

TDT-nin təməl tarixi

08:10
03 İyun

Milli həmrəylikdən böyük Zəfərə

08:05
03 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!