2020-ci ilin Vətən müharibəsindən bizi 5 ilə yaxın bir zaman ayırsa da, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi hələ də müzakirə mövzusu olaraq qalır. Cari il martın 13-də hər iki ölkənin rəsmiləri mətbuata açıqlama verərək "Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş" layihəsini imzalamaq üçün hazır olduqlarını bildirmişdilər.
Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə sazişin imzalanma müddəti ilə bağlı belə demişdir: "Biz artıq qeyd etmişik ki, mətn imzalanmağa hazırdır, biz imzalanma tarixi və yeri ilə bağlı müzakirələrə başlamağa hazırıq. Azərbaycan XİN ikitərəfli formatda müzakirələrə başlamağa hazır olduqları barədə bəyanatla çıxış edib. Onların öz ideyaları, bizim isə öz ideyalarımız var, güman edirəm ki, bu müzakirələr zamanı həmin ideyaları yaxınlaşdırmağa çalışacağıq". Daha sonra baş nazir əlavə etmişdir: "Razılaşdırılmayan son iki bənd üzrə razılıq əldə olunub. Bunlar beynəlxalq məhkəmələrdə qarşılıqlı iddialardan çəkinmək və sərhəddə üçüncü qüvvələrin yerləşdirilməməsi ilə bağlı bəndlər idi. Onlar sülh sazişi qüvvəyə mindikdən sonra həyata keçirilməlidir".
Prezident İlham Əliyev isə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında söyləmişdir: "Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir.
Dövlət başçısı əlavə edib: "İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O, konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisi Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir".
Sülh müqaviləsinin imzalanmasına mane olan ikinci səbəb isə Ermənistanın ATƏT-in Minsk qrupunun fəaliyyətinin rəsmi olaraq dayandırılmasına tələsməməsidir. Şübhəsiz ki, bu, heç də səbəbsiz deyil. Məlumdur ki, Ermənistanın müttəfiqi Fransa hələ də Minsk qrupunu Cənubi Qafqazda təsir aləti kimi saxlamaq istəyir. Əgər bu gün Ermənistan Azərbaycanla birlikdə ATƏT-ə Minsk qrupunun ləğv olunması ilə bağlı birgə bəyanatla çıxış edərlərsə, bu, Cənubi Qafqazda geosiyasi marağı olan Fransaya ciddi surətdə toxuna bilər. Aydın məsələdir ki, Fransa öz maraqları naminə bütün imkanlardan istifadə edərək iki ölkə arasında sülh sazişinin imzalanmasına mane olmağa çalışır. Hətta Ermənistanı nümayişkaranə sürətdə ağır silahlarla silahlandırmaqdan belə çəkinmir.
Rəsmi Bakının mövqeyi həm də belədir ki, Azərbaycanla sərhəddə Avropa İttifaqının (Aİ) kəşfiyyat fəaliyyəti göstərən missiyasının qalmaqda davam etməsi Cənubi Qafqaza ciddi sabitlik təhdidləri formalaşdırır.
Sözdə sülh müqaviləsinin imzalanmasından həvəslə danışan Ermənistan, digər tərəfdən sərhəddə təxribatların sayını da artırıb. Ermənistan Silahlı Qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Azərbaycan Ordusunun mövqeləri üzərində yenidən kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd edib.
Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatlarına görə, bu ölkənin silahlı qüvvələrinin bölmələri son günlər müxtəlif istiqamətlərdən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atəşə tutublar.
Buradan da aydın görünür ki, Ermənistan rəhbərliyinin sözü ilə əməlləri üst-üstə düşmür. Son olaraq Nikol Paşinyan hökumətin iclasında deyib ki, sülh sazişi imzalanandan sonra ümumi sərhədlərdə üçüncü qüvvələr yerləşdirilməyəcək. Belə çıxır ki, sazişin Avropa İttifaqının mülki missiyasına aidiyyəti olmayacaq, çünki həmin missiya sərhədlərdə sazişə qədər artiq yerləşdirilib. Paşinyanın bu sürüşkən ifadələri digər erməni məmurları tərəfindən də səsləndirilir. Bu ölkənin XİN rəhbərinin müavini Paruyr Ovanesyan bəyan edib ki, üçüncü qüvvə anlayışı Avropa İttifaqının hazırda Azərbaycan-Ermənistan sərhədlərində fəaliyyət göstərən missiyasına aid deyil, çünki sazişdə söhbət "qüvvə"dən getdiyi halda, "avromissiya" sadəcə mülki təsisatdır, eyni zamanda fəaliyyəti gələcəkdə Ermənistanın seçki və daxili siyasi məsələlərinə də yönəldilə bilər. Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyəti Avropa İttifaqının missiyası məsələsində Azərbaycanla prinsipial razılaşmaya hazır deyil. Bu bir faktdır ki, Ermənistan Avropa İttifaqının casus missiyasının oradan çıxarılmamasında nəinki maraqlı deyil, əksinə, həmin qüvvələrin qalması üçün ciddi səy göstərir.
Belə görünür ki, Ermənistan danışıqları uzatmaqla rəsmi İrəvan iki şərti yerinə yetirmək istəmir. 2026-cı il seçkilərindən sonra konstitusiya dəyişikliyinə baxılacağı barədə vəd verir və Minsk qrupunun buraxılmasına razılaşmır. Üstəlik, İrəvanın mərkəzində bir qrup separatçının etirazı təşkil edilir, onların Qarabağa qayıtması məsələləri qabardılır. Odur ki, rəsmi İrəvanın ritorikasına deyil, praktik siyasətinə baxmaq lazımdır.
Əgər Avropa İttifaqının "mülki missiyası" şərti sərhədlərdəki "üçüncü qüvvələr" deyilsə, bəs o zaman nədir? Bəllidir ki, Aİ missiyası aşkar casusluqla məşğul olur, erməni tərəfi üçün informasiya toplayır. Tərkibi keçmiş hərbçilərdən, kəşfiyyatçılardan, jandarmlardan ibarətdir. Onu da qeyd edək ki, ABŞ özünün ən yeni müşahidə sistemlərini Ermənistan ərazisində yerləşdirib. Onlar təkcə Azərbaycanı yox, qonşu ölkələrin ərazilərini də müşahidə edirlər. Ermənistanın ən yaxın müttəfiqi İranın bütün əraziləri də ABŞ sistemləri tərəfindən müşahidə altındadır. İrəvan hökuməti ilə yanaşı, erməni kilsəsinin, erməni lobbisinin də son günlər fəallaşması heç də Ermənistanın sülh müqaviləsini imzalamağa hazırlaşmasından xəbər vermir. Deməli, Ermənistanın sülh müqaviləsini imzalamağa hazır olması barədə verdiyi bəyanatlar bu ölkənin yeni müharibəyə hazırlıqlarını gizlətmək üçün uydurulmuş oyundur.
Elşən QƏNİYEV,
"Azərbaycan"