Bu ölkədə kilsə tarix boyu terrora dəstək verib
İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrini diz çökdürən Azərbaycan 30 ilə yaxın davam edən erməni işğalına son qoydu, düşmən tapdağında qalmış torpaqlarını azad etdi. Əraziləri işğalda olduğu illərdə də dövlətimiz daim dünyanın gözü qarşısında sülhpərvər mövqe sərgilədi, münaqişənin danışıqlar yolu ilə tənzimlənməsinin tərəfdarı olduğunu göstərirdi. İnsanlara və regiona sülh gətirəcək təşəbbüslərlə çıxış etdi. İşğalçılıq siyasəti yürüdən Ermənistan isə zamanında bu çağırışları layiqincə qiymətləndirmədi. Ona görə də müharibədə məğlubiyyətə uğradı. Tarix boyu həmişə belə olub, sülhü layiqincə qiymətləndirməyənlər, sonda məğlubiyyətin acısını yaşayırlar.
Sülhə gəlməkdən, rəsmi Bakının şərtlərinə əməl etməkdən başqa yolu olmayan Ermənistan havadarlarının diktəsi ilə hərəkət etsə də, sonda danışıqlar masasında oturdu. Gündən-günə dünyada iqtisadi gücü, siyasi nüfuzu artan dövlətimiz danışıqlar prosesində konkret şərtlər irəli sürdü. Əsas şərtlərdən biri Ermənistan konstitusiyasında Azərbaycanın ərazilərinə qarşı iddiaların aradan qaldırılması, digəri isə ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Rəsmi İrəvan daha çox bu təkliflər ətrafında tərəddüd edir, danışıqlardan yayınmağa çalışırdı. Artıq qalib Azərbaycanın irəli sürdüyü şərtlərlə razılaşmaqdan başqa yolu qalmayan Ermənistan bu məsələ barədə də düşünməkdədir. Amma bununla belə Ermənistan rəhbərliyi yenə də absurd və sərsəm bəyanatlarla çıxış edərək sülh müqaviləsinin imzalanmasını ləngidir. Bunun da bir sıra səbəbləri var.
Sülh müqaviləsinin müəyyən bəndlərində hansısa bir razılaşma əldə olunan kimi həm Ermənistandakı revanşistlər, həm də kilsə buna qarşı çıxır. Ermənistan cəmiyyətini də daha çox iki ölkə arasında sülh istəməyən kilsə qızışdırır. Tarix boyu həmişə din xadimləri münaqişə və müharibələrin əleyhinə çıxış edib, sülhün tərəfdarı olub. Təmsil elədiyi xalqı sülhə, barışığa səsləyib, ölkədə əmin-amanlığın olmasını istəyib. Din xadimi insanlara zülm və nifrət hissləri aşılamaz, həmişə onları mərhəmətə çağırar. Təəssüf ki, Ermənistandakı din xadimləri tamam fərqli yol tutublar.
Erməni katolikos II Qaregin həmişə zoru, gücü təbliğ edib, insanları millətçilik hissləri ilə qızışdırıb, onları müharibələrə, münaqişələrə səsləyib. Erməni kilsəsi tarix boyu terrora dəstək verib, haqq qazandırıb. Keşişlərin fikirlərindən, düşüncələrindən həmişə qan sızıb. Sızan qan isə zaman-zaman erməni xalqını qırğınlara, qan tökməyə sürükləyib.
Erməni keşişləri din pərdəsi altında çirkin məqsədlərini həyata keçirməyə çalışıblar. Bu yaramaz addımları ilə öz xalqlarını da fəlakətə aparıblar. Erməni keşişi və onun havadarları indi də xalqını Azərbaycana qarşı müharibəyə çağırmaqla yeni faciənin bünövrəsini qoymaq istəyirlər. Erməni xalqı artıq bunu anlamalı, din xadimlərinin arxasınca getməməlidir. Çünki insani duyğulardan uzaq düşən erməni din xadimləri bu xalqı düşmənçiliyə, ədavətə sürükləyir.
Tutduqları vəzifələrindən asılı olmayaraq, ermənilərin qanında, canında ikiüzlülük həmişə olub. Yalana öyrəşmiş bu millət dünən dediyini bu gün danır, bu gün dediyini isə sabah boynuna almır. Bu məsələdə bütün ermənilərin katalikosu II Qaregin daha irəli gedib. Yeri düşəndə sülhdən, əmin-amanlıqdan dəm vurur. Amma çox keçmir ki, dediklərini elə özü də danır. Yaxşı xatırlayırıq ki, 2010-cu ildə ölkəmizdə Ümumdünya Din Xadimlərinin Sammiti keçiriləndə II Qaregin də Bakıya gəlmişdi. Sammitdə çıxış etmək üçün ona da söz verilmişdi. O, çıxışı zamanı demişdir ki, dünyadakı müharibə və terrorizmə son qoyulmalıdır. Keşiş çıxışında bu vacib işdə din xadimlərinin roluna yüksək qiymət verərək: "Din xadimlərinin borcu dünyada, regionda mövcud ekoloji və milli münaqişələrin həllinə kömək etməkdən ibarətdir", - demişdir. Amma Ermənistana qayıdan kimi Bakıda dediklərini unutmuş, yenə də terrorçu kimi danışmışdır. Deməli, yaltaqlıq, ikiüzlülük, terrorçuluq, separatçılıq bunların xislətidir.
Katolikos pasxa xütbəsində yenə də Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqlarına zərbə vuran fikirlər səsləndirib. II Qaregin bildirib ki, erməni xalqı dirçəliş üçün güc tapa bilər. Ermənistan və onun xalqı təhlükəsizlik problemləri ilə üzləşir, vəziyyəti daxili çəkişmələr daha da gərginləşdirir. Milli və xristian kimliyinə və keçmişə qarşı aparılan kampaniyalar narahatlıq və təşviş doğurur. 110 il əvvəl Osmanlı İmperiyasında törədilən erməni "soyqırımı" kollektiv yaddaşda açıq yara olaraq qalır. Bu ağrı, baş verənləri şübhə altına almaq və ya inkar etmək cəhdləri ilə daha da artır.
Yalan, iftira və uydurmalarla dolu olan xütbəsində II Qaregin ermənilərin Qarabağdan könüllü çıxmasına da tamam başqa don geyindirməyə çalışıb. Yenə də həqiqətdən və reallıqdan uzaq olan sayaqlamaları ilə diqqət çəkib. Bütün ermənilərin katolikosu guya Dağlıq Qarabağın işğalını və onun əhalisinin zorla deportasiya edilməsini heç bur əsas və fakt gətirmədən eyni dərəcədə soyqırımı adlandırıb. Yalan və iftiralar içində boğulan ruhani lider buna baxmayaraq, əmindir ki, erməni xalqı Allahın lütfünə sarsılmaz inamı ilə öz daxilində milli dirçəliş üçün güc tapa bilər. O, keçmişi inkar edən, gələcəyi təhdid edən söz və hərəkətləri rədd etməyə, iman, kimlik və dəyərlər ətrafında birləşməyə çağırıb. Katalikos bu sözləri dilinə gətirərkən öz vandal hərəkətlərinin fərqində olmalıydı. Amma bunu edə bilmir. Xristianlar üçün əziz olan bir gündə də II Qaregin yalan danışır.
Katolik dünyasının ruhani lideri Papa Fransiskinin ölümündən əvvəl dünyaya verdiyi Pasxa mesajından sülh və mərhəmət duyulurdu. Papa Cənubi Qafqazla bağlı demişdi: "Gəlin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması və həyata keçirilməsi üçün dua edək". Erməni katolikosdan tam fərqli olaraq mərhum Papanın dedikləri əsl din xadiminə yaraşan sözlərdir.
Göründüyü kimi, bütün ermənilərin katolikosu II Qareginin xütbəsindəki fikirlər insanları müharibəyə qızışdırır. Əvvəlki illərdə də sosial şəbəkələrdə erməni "din" adamlarının əlində silah cəbhəyə yollandıqlarını əks etdirən görüntülər yayılırdı. Keşişlər erməniləri döyüşə, azərbaycanlıları öldürməyə çağırırdılar. Belə qan qoxulu çağırışlar müxtəlif vaxtlarda, müxtəlif zamanlarda həmişə baş verib. Sovet dövründə də hüquq-mühafizə orqanları erməni kilsəslərində silah-sursat aşkarlayır. Təəssüflər olsun ki, sülhə mane olan erməni kilsəsi təxribat törətməklə tarixi ənənəsini davam etdirir. Cənubi Qafqazda sülhün bərqərar olmasına, maneə yaratmağa çalışır. Erməni din xadimlərinin təxribat dolu addımlarla müharibəni qızışdırması yalnız Ermənistan və Azərbaycan üçün deyil, ümumilikdə bölgənin bütün ölkələri üçün təhdiddir. Ona görə də erməni din xadimlərinin bu cür təxribatlarının qarşısı qətiyyətlə alınmalıdır. Bunun üçün dünya birliyi də təzyiq rıçaqlarını işə salmalıdır.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"