21 Fevral 2024 23:02
929
PARLAMENT
A- A+

Ərəb Parlamentinin sədri: Azərbaycanda prezident seçkilərindəki seçici fəallığı digər ölkələrə nümunədir

 

Fevralın 21-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycanın ərəb ölkələri ilə əlaqələrinin hərtərəfli genişləndirilməsinə, o cümlədən Ərəb Dövlətləri Liqası ilə əməkdaşlığın inkişafına önəm verdiyini deyən Sahibə Qafarova bu baxımdan Azərbaycan Milli Məclisinin Ərəb Parlamenti ilə əməkdaşlığın daha da inkişafında maraqlı olduğunu bildirib.

Sahibə Qafarova Ərəb Parlamentinin sədri Əl-Asuminin Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmaması ilə əlaqədar fevralın 13-də AŞPA prezidenti Teodoros Rusopulosa məktubla müraciət etməsinin və bu qərara yenidən baxılmasına çağırmasının Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb və bunun dost münasibətinin bir təzahürü olduğunu diqqətə çatdırıb.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi (QHPŞ) çərçivəsində münasibətlərdən danışan Milli Məclisin sədri qonağın 2022-ci ildə bu təşkilatın Bakıda keçirilmiş I Konfransında iştirakını və fevralın 7-də ölkəmizdə keçirilmiş prezident seçkilərini müşahidə etməsini məmnunluqla qeyd edib. S.Qafarova Ərəb Parlamenti tərəfindən QHPŞ-yə müşahidəçi statusunun verilməsi barədə qərarın qəbulunun da yüksək qiymətləndirildiyini deyib.

Söhbət zamanı Milli Məclisin sədri təəssüflə bildirib ki, bu gün dünya siyasətində ikili standartların mövcudluğu bir sıra regional münaqişələrin həllinə böyük problem yaradır. S.Qafarova Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi, bununla da BMT TŞ-nin məlum qətnamələrinin icrasını təmin etməsi, hazırda sülh prosesinin gedişi barədə də məlumat verib.

Ərəb Parlamentinin sədri Asiya Parlament Assambleyasının Bakıda keçirilən 14-cü plenar sessiyasında müzakirə olunacaq məsələlərin üzv dövlətlər üçün əhəmiyyətindən danışıb.

Ərəb Parlamentinin Milli Məclislə əməkdaşlıqda maraqlı olduğunu qeyd edən qonaq Azərbaycanın haqlı mövqeyini bütün platformalarda dəstəkləməyə hazır olduqlarını deyib. O, Azərbaycanın QHPŞ-də fəaliyyətini yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.

Azərbaycanda azad və şəffaf şəraitdə müvəffəqiyyətlə keçirilmiş prezident seçkiləri münasibətilə təbriklərini çatdıran qonaq bu seçkilərdəki seçici fəallığının digər ölkələrə nümunə olduğunu vurğulayıb.

Görüşdə Ərəb Parlamentinə üzv dövlətlərlə ikitərəfli əlaqələrin inkişaf perspektivləri və digər mövzularda da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video