26 aprel əqli mülkiyyət sahibləri üçün mühüm məna daşıyır. Hər il bu tarix bütün dünyada Beynəlxalq Əqli Mülkiyyət Günü kimi qeyd edilir. Bunun tarixi missiyası haqqında geniş söhbət açmaq istəməzdik. Çünki zamanla müəyyənləşərək özünü təsdiqləmiş missiya hər kəsə bəllidir və əqli fəaliyyət bütün dövrlərdə bəşəriyyət üçün xüsusi önəm kəsb edib. İnsanlıq tarixi dünyamızı addım-addım irəli aparan böyük kəşfləri, ixtiraları ilə bu fəaliyyətə borcludur. Həyatımızda möcüzələr yaradan yeni texnologiyalar, innovativ həllər məhz əqli mülkiyyət sahiblərinin yaradıcılıq məhsuludur.
Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə dünyanın əksər ölkələrində keçirilən müxtəlif formatlı tədbirlərin əsas məqsədi də əqli mülkiyyətin mədəni irsin zənginləşməsində, davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı rolunu diqqətə çatdırmaqdır. Yaradıcı insanların fəaliyyətini dəstəkləmək və stimullaşdırmaq, onlara olan hörmət və ehtiramı nümayiş etdirməkdir.
Bu günün tarixi isə Azərbaycan 1995-ci ildən üzvü olduğu Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 2000-ci ildə 26 aprelin Beynəlxalq Əqli Mülkiyyət Günü kimi elan edilməsi barədə qərarı ilə bağlıdır.
Gəncliyin yaradıcı gücü
2022-ci il Beynəlxalq Əqli Mülkiyyət Gününün mövzusu çox aktual bir məsələyə həsr edilib: "Əqli mülkiyyət və gənclik: gələcək naminə innovasiyalar". Mövzunun adından da göründüyü kimi, diqqət mərkəzində innovasiya və gənclərin yaradıcılığı məsələləri durur. Gənclik hər zaman yeniliklərin, inkişaf meyillərinin hərəkətverici qüvvəsi rolunda çıxış edib. Müasir gənclər xüsusilə ixtiraçılıq istedadları, innovasiyalara olan böyük maraqları ilə fərqləniblər. Onların yeni baxışları, enerjisi, marağı və çətinlikləri dəf etməyə hazır olmaları, eləcə də daha firavan gələcəyə can atmaları artıq mövcud yanaşmaları başqalaşdırır, innovasiyalara, dəyişikliyə stimul verir, kreativliyə gətirib çıxarır.
Əqli mülkiyyət hüquqları isə gənclərə qarşıya qoyduqları məqsədlərə çatmaqdan ötrü bir sıra vacib alətlərə çıxış imkanı yaradır. Bunlar əmtəə nişanları, sənaye nümunələri, müəllif hüquqları, patentlər, coğrafi göstəricilər, ticarət sirləri və s. bu kimi vasitələrdir. 2022-ci il Beynəlxalq Əqli Mülkiyyət Günü gənclərə ideyalarını reallığa çevirmək, gəlir yerləri tapmaq, iş yerlərinin yaradılmasında iştirak etmək, dünyaya necə müsbət təsir göstərməyin yollarını öyrənmək baxımından gözəl bir imkandır.
Ənənəvi olaraq Beynəlxalq Əqli Mülkiyyət Günü ölkəmizdə də qeyd olunur və bu münasibətlə silsilə tədbirlər təşkil edilir. Həmin tədbirlərin tərkib hissəsi kimi bu gün Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyası ilə birgə əməkdaşlıq çərçivəsində gənclərin yenilikçiliyi və kreativliyi nəzərə alınmaqla "Kreativ iqtisadiyyat: gələcək naminə innovasiyalar" mövzusunda konfrans keçiriləcək. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanov müasir dünyamızda əqli fəaliyyətin rolunu və bu əlamətdar gün münasibətilə təşkil ediləcək tədbirlərin gənclərdə böyük maraq doğuracağını xüsusi vurğulayaraq demişdir: "Hazırda dünyanın əksər qabaqcıl ölkələri kimi, Azərbaycanda da innovasiyalar ekosistemi sürətli inkişafdadır. Ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatının bütün sahələrində olduğu kimi, bu istiqamətdə də gənclərin fəal iştirakı və kreativliyi müşahidə olunur və dövlətimiz gənc nəslə öz potensiallarını faydalı məqsədlərə yönəltmələri üçün hər cür şərait yaradır. Gənclik - kreativlik deməkdir. Bunun bir bariz nümunəsi də müasir startapların əksəriyyətinin gənclər tərəfindən yaradılmasında və qeydiyyatdan keçirilən əqli mülkiyyət obyektlərinin gənc sahiblərinin sayının getdikcə artmasındadır". Yeri gəlmişkən onu da bildirək ki, Əqli Mülkiyyət Agentliyinin Aparatının və tabeliyində olan qurumların əmək kollektivinin 30 faizə yaxınını da məhz gənclər təşkil edir. Onlar agentliyin qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsində fəallıq göstərərək qazanılan nailiyyətlərə öz töhfələrini verməyə çalışırlar.
Qanunvericilik bazası təkmilləşdirilir
Ötən dövrdə agentliyin fəaliyyəti üzrə əldə edilmiş bu nailiyyətlərin sırası kifayət qədər genişdir. Məlum olduğu kimi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazandığımız tarixi qələbədən və ərazi bütövlüyümuzun bərpasından sonra Azərbaycan keyfiyyətcə yeni strateji mərhələyə daxil olub. Bu mərhələdə dövlətimizin hədəflədiyi məqsədlərə çatmaq, uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq üçün dövlət başçısının 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"dən irəli gələn və reallaşdırılmalı olan "dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat" və "rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı" istiqamətləri milli prioritetlər sırasına daxil edilmişdir. Həmin sənəddə qeyd olunur ki, "Gələcək dövrdə ən müasir texnoloji sahələri və innovasiyaları dəstəkləyən rəqəmsal cəmiyyət inkişafın aparıcı qüvvəsinə çevriləcəkdir. Ölkəni rəqabətdə irəli aparmaq üçün cəmiyyətin yaradıcılığını və innovativliyini stimullaşdıran ekosistem qurulmalıdır". Əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr də ölkənin innovasiya siyasəti ilə müəyyən edilir.
Dövlət başçısının əqli mülkiyyətin dəyişmiş kontekstini nəzərə alan uzaqgörən siyasətindən irəli gələn institusional islahatlar nəticəsində yaradılan Əqli Mülkiyyət Agentliyi həm müəlliflik hüququ və əlaqəli hüquqlar, həm də sənaye mülkiyyəti (ixtiralar, faydalı modellər, sənaye nümunələri və əmtəə nişanları) sahələrini əhatə edərək, özünəməxsus unikal idarəetmə modelini aktuallaşdıran, Respublika Elmi-Texniki Kitabxanasını və Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzini əlaqələndirən strukturdur.
Əqli mülkiyyətin dünyanın iqtisadi inkişafında tutduğu önəmli yeri, bu mülkiyyətin sahibi olan yaradıcı insanların hüquqlarının ən yüksək səviyyədə qorunması zərurətini nəzərə alaraq, dövlətimiz bu sahədə qanunvericilik bazasının daim təkmilləşdirilməsi istiqamətində addımlar atır. Yalnız ötən il layihələrinin hazırlanmasında agentliyin də bilavasitə iştirak etdiyi 3 qanun qəbul edilmiş, Azərbaycan Prezidenti tərəfindən 3 fərman, 2 sərəncam imzalanmış, Nazirlər Kabineti 8 qərar və 5 sərəncam vermişdir.
Agentliyin rəhbəri K.İmanov bildirdi ki, qanunvericilik bazasının təkmilləşdirilməsi və struktur islahatlarının nəticəsi olaraq, həmçinin bu sahədə göstərilən dövlət xidmətlərinin səviyyəsinin yüksəlməsi hesabına 2021-ci ildə ölkəmizdə yaradıcılıq fəallığı xeyli artmış, elm və sənaye arasında bağlantı güclənmişdir. Belə ki, xidmətlərin göstərilməsi rejimi qısa müddətdə yeni tələblərə uyğunlaşdırılmış və agentlik dövlət xidmətlərinin əksər hissəsini onlayn rejimdə aparmışdır. O cümlədən müəlliflik hüququ obyektlərinin qeydiyyatı ilə bağlı ərizələrin qəbulu və digər xidmətlər elektron hökumət portalı, sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı iddia sənədlərinin qəbulu isə "Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf" (PƏNAH) rəqəmli informasiya sistemi və elektron poçt vasitəsilə həyata keçirilmişdir. İl ərzində PƏNAH sistemi vasitəsilə sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı sahəsində tətbiq edilən "vahid pəncərə" prinsipi daha da təkmilləşdirilmişdir. Dövlət başçısının açıqlıq və şəffaflığın təmin edilməsi ilə əlaqədar tapşırıqlarının icrası çərçivəsində yaradılmış bu sistemin müsbət təsiri hesabına göstərilən dövlət xidmətlərinin səviyyəsi yüksəlmişdir. Belə ki, agentliyin Dövlət Xidmətləri Portalı üzərindən həyata keçirdiyi 19 xidmətdən 13-nün elektron hökumət Portalı vasitəsilə fasiləsiz fəaliyyət göstərməsi təmin edilmişdir.
Ötən il yeni yaradılmış Çağrı mərkəzinin fəaliyyəti də səmərəlidir. Bu sistem əqli mülkiyyət obyektləri, o cümlədən sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı sahəsində fəaliyyətin operativliyinin və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılmasında mühüm rol oynayır. Təhlillərdən aydın olur ki, mərkəzin fəaliyyəti ixtira və patent fəallığının artmasına və mövcud problemlərin operativ şəkildə qısa müddətdə həllinə müsbət təsir göstərir. Təkcə onu demək kifayətdir ki, ötən il əqli mülkiyyət məsələləri ilə bağlı 17115-dən artıq telefon zəngi bu mərkəz vasitəsilə cavablandırılmış, məsləhətlər verilmişdir. Bundan başqa, agentlikdə ictimai əsaslarla fəaliyyət göstərən "Hüquq məsləhətxanası" da müəlliflərə və digər hüquq sahiblərinə lazımi köməklik göstərmişdir.
Ötən il əqli mülkiyyət sisteminin avtomatlaşdırılması layihəsi üzrə aparılan işlər də tamamlanmış və əvvəllər tətbiq olunan IPOA sistemindən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təqdim etdiyi və hazırda 50-yə qədər ölkədə istifadə olunan daha müasir və səmərəli IPAS sisteminə əmtəə nişanları üzrə miqrasiya prosesi başa çatdırılmışdır.
Elm və sənaye arasında bağlantı qurulur
Müasir cəmiyyətdə əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması, transferi və sənaye tətbiqi, həmçinin innovasiyalara dəstək verilməsinin iqtisadiyyatın dinamik inkişafına birbaşa təsir edən amillərdən olduğu nəzərə alınmaqla agentlik tərəfindən bu sahədə ötən il ərzində təhlillər davam etdirilmiş, innovativ inkişafa və əqli fəaliyyət nəticələri olan yeni texnologiyaların tətbiq olunması, onların kommersiyalaşdırılması və transferi, texnoloji innovasiyaların stimullaşdırılması istiqamətlərində tədbirlər həyata keçirilmişdir.
Elm və sənaye arasında bağlantı yaradılması, əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması və transferi istiqamətlərində görülən işlərin nəticəsi olaraq, ölkə Prezidentinin "Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində "Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi"nin yaradılması haqqında" 2021-ci il 6 aprel tarixli fərmanının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 22 aprel 2021-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində "Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi" yaradılmışdır. Hazırda mərkəzin fəaliyyətinin təşkili üzrə tədbirlər davam etdirilir. Mərkəz elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılması, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artırılması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferi və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması, transferi, innovativ inkişafın, o cümlədən startap layihələrinin dəstəklənməsi, müştərilərə texnologiyaların və layihələrin hədəf bazarlarına çıxarılması xidmətlərinin göstərilməsi və s. sahələrdə fəaliyyəti əlaqələndirəcək.
Agentliyin cari fəaliyyətinin nəticələrinin təhlili də əqli mülkiyyət sahəsinin inkişafında davamlı müsbət dinamikanı təsdiq edir. 2021-ci ildə ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı ilə bağlı agentliyə müraciətlərin sayının xeyli artması müşahidə olunur. Belə ki, həmin obyektlərin qeydiyyatı ilə bağlı 193, o cümlədən ixtiraya dair 135, faydalı modelə dair 32, sənaye nümunəsinə dair 26 iddia sənədi daxil olmuşdur. Aparılan ekspertizanın nəticələri olaraq, ötən il sənaye mülkiyyəti obyektləri üzrə dövlət reyestrində ixtiralara dair 119, faydalı modellərə dair 27, sənaye nümunələrinə dair isə 27 patent verilmişdir. Bununla yanaşı, 2021-ci ildə müvafiq dövlət reyestrində 2379 əmtəə nişanı qeydiyyata alınmışdır. Onlardan 1453-ü milli, 926-sı isə xarici fiziki və hüquqi şəxslərə məxsusdur. Qeydiyyata alınan əmtəə nişanlarından 22-si şərabçılıq məhsulları, 3-ü xalçaçılıq sənətinə aiddir. Qeydiyyata alınmış əmtəə nişanlarından 12-sinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşməsi xüsusilə sevindiricidir.
Azərbaycan beynəlxalq reytinq cədvəllərində irəliləyir
Əqli mülkiyyət sahəsində həyata keçirilən islahatların müsbət nəticələri ölkəmizin beynəlxalq reytinqlərdə mövqelərini daha da möhkəmləndirməkdədir. Bu nəticələr nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapır. Məsələn, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə sonuncu hesabatına görə, Azərbaycan 141 ölkə arasında "əqli mülkiyyətin qorunması" göstəricisinə görə 30-cu yeri tutmuşdur. Bu göstərici üzrə ölkəmiz MDB-də 1-ci yeri tutaraq bir çox Avropa ölkələrini də qabaqlayır.
2021-ci ildə Qlobal İnnovasiya İndeksi üzrə reytinqdə Azərbaycan "Kreativ fəaliyyətin nəticələri" bloku üzrə 67-ci, "Qeyri-maddi aktivlər" göstəricisi üzrə 54-cü yerdə olmuşdur. "İnnovasiya əlaqələri" istiqaməti üzrə ölkəmiz "Universitetlər və sənaye arasında əməkdaşlıq" və "Klaster inkişafı" göstəricilərinə görə müvafiq olaraq 23-cü və 27-ci yerlərə yüksəlmişdir. Ölkəmiz "Rezidentlərin ixtiralara iddia sənədləri" üzrə 8, "Rezidentlərin faydalı modellərə iddia sənədləri" üzrə 11, "sənaye nümunələri" üzrə 18, "əmtəə nişanları" üzrə 11, "patent ailələri" üzrə 12 pillə irəliləmişdir.
Əqli mülkiyyət hüquqlarının təminatı və maarifləndirmə tədbirləri davam edir
Əqli mülkiyyət hüquqlarının təminatı məsələləri də prioritet istiqamət kimi diqqət mərkəzində saxlanmış, pozulmuş müəllif hüquqlarının bərpası ilə bağlı daxil olan 8 yazılı müraciət müəllif-hüquq qanunvericiliyinin tələbləri nöqteyi-nəzərindən araşdırılmış və müvafiq qərarlar qəbul edilmişdir. Agentliyin nümayəndələri əqli mülkiyyət obyektləri ilə bağlı müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 54 iş üzrə (onlardan 46-sı sənaye mülkiyyəti obyektləri, 8-i isə müəllif hüquqları ilə bağlı) 160-dan çox məhkəmə iclasında iştirak etmiş, hər bir işə dair ekspert rəyi hazırlanmış və təqdim olunmuşdur.
Agentliyin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasına daxil olmuş 245 müraciətə operativ qaydada baxılmış, ötən dövr üzrə daxil olmuş və yekunlaşdırılmış işlər də nəzərə alınmaqla, il ərzində 226 işə baxılmış, 110 iş üzrə ərizənin təmin edilməsi, 43 iş üzrə ərizənin qismən təmin edilməsi, 66 iş üzrə, o cümlədən əmtəə nişanına dair 62, ixtiraya dair 2, faydalı modelə dair 2 ərizənin rədd edilməsi, 7 ərizənin baxılmamış saxlanması barədə qərarlar qəbul olunmuşdur. Piratçılığa qarşı mübarizə tədbirləri çərçivəsində bir sıra çap məhsullarının nəzarət markası ilə buraxılması təmin edilmiş, il ərzində 352100 ədəd nəzarət markası verilmişdir.
Agentliyin proqram təminatı sahəsində həyata keçirdiyi müvafiq tədbirləri də qeyd etmək lazımdır. Bu məsələlərlə bağlı il ərzində ABŞ-ın "Microsoft", "Oracle" və "Trimble Tekla" şirkətləri ilə əməkdaşlıq davam etdirilmiş, qarşılıqlı əlaqələrin perspektivləri ilə bağlı geniş müzakirələr aparılmışdır.
Təbii ki, sahə üzrə biliklərin artırılması və maarifləndirmə məsələləri də bu sahədə aparılan işlərin səmərəliliyinin yüksəlməsində önəmli amillərdəndir. Agentlikdə bununla bağlı müxtəlif tədbirlərdə "İnnovasiyalı inkişaf və əqli mülkiyyət hüquqları", "Əqli mülkiyyət innovativ inkişaf kontekstində", "Kreativ iqtisadiyyat, əqli mülkiyyət və iqtisadi artım", "Nə etməliyik ki, biznes və mədəniyyət müxtəlif qütblərdə yerləşməsinlər", "Azərbaycanda ixtiraçılıq və patent analitikası", "Azərbaycanda sənaye nümunələrinin, coğrafi göstəricilərin və əmtəə nişanlarının analitik icmalı", "Azərbaycanın texnoloji profili və dünyanın qabaqcıl texnoloji sahələri (patent analitikası)", "İnnovasiyaların kommersiyalaşdırılması sisteminin təmin edilməsi" altməqsədi əsasında innovasiya ekosisteminin uğurlu inkişafının təmin edilməsinin sistemli analizi", "Svəzğ avtorskoqo i patentnoqo prava: normativno-pravovıe i kollizionnıe aspektı", "Prava intellektualğnoy sobstvennosti i gkonomiçeskoe razvitie","O zadaçax, stoəhix pered sistemoy intellektualğnoy sobstvennosti v kontekste ee razvitiə", "Çto nuyno, çtobı innovaüii roydalisğ, vnedrəlisğ i prinosili doxod? (gkspertnıe oüenki i materialı soüioloqiçeskix issledovaniyMSP)" və s. mövzularda təqdimatlar edilmiş, həmin təqdimatlar üzrə kitabçalar hazırlanmış və çap edilərək yayılmışdır.
Əqli mülkiyyət hüquqlarının qorunması və təminatı sahəsində digər dövlət qurumları ilə son illər aparılan əlaqəli birgə tədbirlərin nəticəsi olaraq, audio-video məhsul bazarında, proqram təminatı və kitab sənayesi sahəsində piratçılığın səviyyəsi xeyli aşağı düşmüşdür. Məsələn, kitab satışı sahəsində piratçılıq son 15 ildə 61 faizdən 20 faizə qədər azalmışdır.
Müəlliflik hüququna əsaslanan yaradıcı sənaye sahəsində də müsbət dəyişikliklər davam etməkdədir. Milli iqtisadiyyat sahələri üzrə faktiki statistik göstəricilərin və dövlət büdcəsi rəqəmlərinin agentlik tərəfindən aparılmış təhlili göstərir ki, ölkəmizin ÜDM-də kreativ sənayenin payı daim yüksələn xətlə inkişaf etmişdir. Bu pay 2010-cu ildə olan 3,5 faizdən 2021-ci il yanvarın 1-nə olan vəziyyətə görə 5,3 faizə yüksəlmişdir. Yalnız müəlliflik hüququna əsaslanan sənaye sahələrinin payı isə son 10 il ərzində 1,8 faizdən 2,9 faizə qədər artmışdır. Bu dövr ərzində sözügedən sahələrdə istehsalın həcmi 4020,3 milyon manat təşkil etmişdir ki, bu da kifayət qədər əhəmiyyətli göstəricidir.
Azərbaycanın beynəlxalq uğurlarının göstəriciləri
Ötən il Azərbaycanın əqli mülkiyyət sistemi beynəlxalq səviyyədə bir sıra əlamətdar hadisələrlə zəngin olmuşdur. 2021-ci ildə İsveçrənin Cenevrə şəhərində keçirilən ÜƏMT üzv-dövlətlərinin assambleyalarının 62-ci sessiyasında ÜƏMT komitələrinə seçkilər zamanı ölkəmiz yenidən bu təşkilatın fəaliyyətinin təşkilində xüsusi əhəmiyyəti olan Koordinasiya Komitəsinin, Proqram və Büdcə Komitəsinin üzvü seçilmişdir.
Agentliyin nümayəndələri ÜƏMT bölmələrinin, o cümlədən təşkilatın Müəllif Hüquqları və Əlaqəli Hüquqlar üzrə Daimi Komitəsinin, Patent Hüququ üzrə Daimi Komitəsinin, Proqram və Büdcə Komitəsinin, Əqli mülkiyyət və genetik resurslar, ənənəvi biliklər və folklor üzrə Hökumətlərarası Komitəsinin hibrid rejimdə keçirilən sessiyalarında onlayn qaydada iştirak etmiş, müzakirə edilən sənədlərin müddəalarının razılaşdırılmasına öz töhfələrini vermişlər.
Agentliyin təşəbbüsü və dəstəyi ilə ölkəmizin gənc ixtiraçılarının beynəlxalq səviyyədə qazandıqları nailiyyətləri də qeyd etmək lazımdır. Belə ki, Avrasiya Patent İdarəsinin 25 illiyinə həsr olunmuş "Gələcəyə baxış" Universiadasında qaliblər sırasında ölkəmizin gənc ixtiraçıları da yer almışlar. Avrasiya Patent Konvensiyasının üzvü olan dövlətlərin təhsil müəssisələrinin tələbələri, habelə 18-25 yaşlı gənclər arasında keçirilən müsabiqədə azərbaycanlı iştirakçıların "Tibbi müəssisələrdə koronavirusun (COVID-19) aşkarlanması və avtomatik aradan qaldırılması üçün mobil robot" adlı layihəsi 2-ci, "Elektronika üçün epitaksial CdFeTe plyonkaları" adlı layihəsi isə 3-cü yerə layiq görülmüşdür.
Əqli Mülkiyyət Agentliyinin Aparatının və tabeliyində olan qurumların əməkdaşları il ərzində öz fəaliyyət sahələri üzrə biliklərini artırmaq məqsədilə ÜƏMT Akademiyasının distant təhsil və ixtisasartırma kurslarında, həmçinin əqli mülkiyyət sahəsi ilə bağlı 50-dən artıq milli və beynəlxalq kurs, seminar və konfranslarda iştirak etmiş, əqli mülkiyyətin müxtəlif sahələri üzrə 28 sertifikat almışlar.
Əqli mülkiyyət bəşəriyyət üçün bir dəyərdir. Bütün bu qeydlər belə bir dəyərin Azərbaycanda daim uca tutulduğunu və ölkəmizin qlobal dünyanın bir parçası kimi mühüm uğurlarına yol açdığını göstərir.
İradə ƏLİYEVA,
"Azərbaycan"