Azərbaycan-Türkmənistan iqtisadi əlaqələrinin ortaq gələcəyi ortaq maraqlar vəd edir
Azərbaycan və Türkmənistanı təkcə Xəzər dənizi deyil, həm də ortaq tarix, dil, mədəniyyət və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq birləşdirir. Hazırda iki qardaş ölkə arasında iqtisadi əlaqələrin inkişafı regionun sabitliyi və rifahı baxımından mühüm əhəmiyyət kəsb edir. Enerji, nəqliyyat, ticarət və logistika sahələrində həyata keçirilən birgə layihələr Azərbaycan ilə Türkmənistan arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Qarşılıqlı etimada söykənən bu münasibətlər yalnız iki dövlətin iqtisadi inkişafına deyil, həm də Xəzər regionunun beynəlxalq iqtisadi əhəmiyyətinin artmasına təsir göstərir. Bu baxımdan Azərbaycan-Türkmənistan iqtisadi əlaqələrinin inkişaf istiqamətlərini və perspektivlərini araşdırmaq xüsusi aktuallıq tələb edir. Əslində beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb proseslər türk dövlətləri arasında birliyin daha çox gücləndirilməsini tarixi zərurətə çevirib. Ötən illər ərzində baş verən proseslər bu istiqamətdə inamlı addımların atıldığını göstərir. Azərbaycan dövləti isə türk dünyasının birliyinin möhkəmlənməsində aparıcı rol oynayır.
Xüsusən həmin birlik fonunda təbii qaz ehtiyatlarının səmərəli istifadəsi və ixracı üzrə əməkdaşlıq Azərbaycanla Türkmənistanın strateji maraqlarına xidmət edir. Bu mənada 2021-ci ildə Xəzər dənizində yerləşən "Dostluq" yatağının birgə işlənilməsinə dair əldə olunan razılaşmanı münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar. Həmin sənəd təkcə enerji əməkdaşlığının genişlənməsinə deyil, həm də iki dövlət arasında siyasi etimadın möhkəmlənməsinə xidmət edən mühüm addım idi.
Son zamanlar Azərbaycan-Türkmənistan iqtisadi əlaqələri əhatə dairəsini xeyli genişləndirərək çoxşaxəli xarakter alıb. Ticarət, nəqliyyat-logistika, energetika, sənaye və investisiya sahələrində əməkdaşlığın intensivləşməsi artıq reallıqdır. Bu istiqamətdə yaradılmış əməkdaşlıq mexanizmləri də mühüm rol oynayır. Belə ki, 2007-ci ildə yaradılmış Azərbaycan-Türkmənistan Hökumətlərarası Birgə Komissiyası iqtisadi əməkdaşlığın sistemli şəkildə inkişaf etdirilməsinə, mövcud imkanların dəyərləndirilməsinə və yeni birgə layihələrin həyata keçirilməsinə əlverişli zəmin yaradıb.
İki ölkə arasında əməkdaşlığın praktik nəticələri isə yüksəksəviyyəli qarşılıqlı təmaslarda və iqtisadi gündəliyin əsas istiqamətlərinin müzakirə olunduğu görüşlərdə özünü aydın büruzə verir. Bu günlər iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Türkmənistana işgüzar səfəri ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın növbəti mühüm mərhələsi kimi diqqət çəkir. Mikayıl Cabbarov Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, Azərbaycan ilə Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın Türkmənistan tərəfindən həmsədri Nökərqulı Ataqulıyevlə görüşüb. Görüşdə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin səmərəliliyinin artırılması, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, sənaye, nəqliyyat, infrastruktur və turizm sahələrində əməkdaşlığın inkişafı, qarşılıqlı maraq doğuran layihələrin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb. İşgüzar səfər çərçivəsində Azərbaycanla Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib.
Hökumətlərarası Birgə Komissiya Azərbaycan ilə Türkmənistan arasında iqtisadi əməkdaşlığın əlaqələndirilməsində mühüm platforma hesab olunur. Komissiya çərçivəsində qəbul edilən qərarlar ticarət dövriyyəsinin artırılmasına, qarşılıqlı investisiyaların təşviqinə, biznes subyektləri arasında əməkdaşlığın genişlənməsinə və yeni birgə layihələrin reallaşdırılmasına əlverişli zəmin yaradır. Nəqliyyat-logistika, energetika, sənaye, kənd təsərrüfatı və tranzit daşımaları kimi strateji sahələrdə əməkdaşlığın dərinləşdirilməsi isə hər iki ölkənin iqtisadi potensialından daha səmərəli istifadə edilməsinə imkan verir. Komissiyanın fəaliyyəti təkcə ikitərəfli iqtisadi münasibətlərin inkişafına deyil, həm də Orta dəhlizin rəqabət qabiliyyətinin artırılmasına, Xəzər regionunun tranzit imkanlarının genişlənməsinə və türk dünyasının iqtisadi inteqrasiyasının möhkəmlənməsində mühüm rol oynayır. Ona görə də komissiyanın qəbul etdiyi qərarlar həm Azərbaycan, həm də Türkmənistan üçün uzunmüddətli iqtisadi üstünlüklər vəd edir.
İclasda vurğulanıb ki, Azərbaycan və Türkmənistan liderlərinin müəyyən etdiyi strateji xətt ikitərəfli münasibətlərin bütün istiqamətlər üzrə dinamik inkişafını təmin edir. Tərəflər qarşılıqlı investisiyaların təşviqi, işgüzar dairələr arasında əlaqələrin gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığı bir qədər də dərinləşdirmək niyyətində olduqlarını bildiriblər.
Görüşdə humanitar əməkdaşlığın əhəmiyyəti də xüsusi vurğulanıb. Türkmənistanın Füzuli şəhərində qardaşlıq töhfəsi kimi inşa etdiyi məscid kompleksinin xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürü olduğu qeyd edilib. Eyni zamanda Azərbaycanın Türkmənistana hədiyyə etdiyi "Dostlug" neftdaşıyan tankerinin iki ölkə arasında qarşılıqlı etimadın və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edən rəmzi addımlardan biri olduğu bildirilib.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan ilə Türkmənistan arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarşılıqlı siyasi etimad, ortaq strateji maraqlar və iqtisadi əməkdaşlığın davamlı genişlənməsi iki qardaş ölkənin tərəfdaşlığını daha da möhkəmləndirir. Xüsusilə iqtisadi sahədə həyata keçirilən birgə layihələr hər iki dövlətin iqtisadi inkişafına xidmət etməklə yanaşı, Xəzər regionunun və Orta dəhlizin beynəlxalq əhəmiyyətini də artırır.
Müasir geosiyasi reallıqlar fonunda Azərbaycan-Türkmənistan əməkdaşlığının daha çox dərinləşməsi yalnız ikitərəfli münasibətlər baxımından deyil, bütövlükdə türk dünyasının iqtisadi inteqrasiyası və regional sabitliyin möhkəmləndirilməsi nöqteyi-nəzərindən də xüsusi əhəmiyyət kəsb edir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"