Bununla bağlı qanun aprelin 1-dən qüvvəyə minəcək
Dünyada geniş yayılmağa başlayan elektron siqaretlər və digər alternativ tütün məhsulları ictimai sağlamlıq baxımından ciddi narahatlıq doğurur. "Zərərsiz" kimi təqdim edilən bu məhsullar əslində insan sağlamlığına təhlükə yaradır, asılılıq formalaşdırır və müxtəlif xəstəliklərin inkişafına səbəb olur. Bu, elmi araşdırmalarla təsdiqlənib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) elektron siqaretlərin, xüsusilə yeniyetmələr və gənclər arasında istifadəsinin sürətlə artmasını qlobal problem kimi qiymətləndirir və ölkələrə bu məhsulların dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı tövsiyələr verir.
Elektron siqaretlərin tərkibində nikotin və digər kimyəvi maddələr daşıyan mayelər var. Bu maddələr tənəffüs yollarına, ürək-damar sisteminə və sinir sisteminə mənfi təsir göstərir. Birdəfəlik istifadə üçün nəzərdə tutulan elektron siqaretlər gənclər arasında asan əldə olunduğuna görə ciddi risk faktorudur.
Azərbaycanda da tütün və tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması istiqamətində ardıcıl addımlar atılır. Ölkəmizdə tütün məhsullarının reklamı qadağan edilib, ictimai yerlərdə siqaret çəkməyə məhdudiyyətlər tətbiq olunub, aksiz və vergi mexanizmləri vasitəsilə bu məhsulların dövriyyəsinə nəzarət gücləndirilib. Bununla yanaşı, elektron siqaretlərin yayılması və xüsusilə gənclər arasında populyarlaşması yeni tənzimləmə ehtiyacını aktuallaşdırıb.
Ötən ilin dekabr ayında Milli Məclisdə üç oxunuşdan sonra qəbul edilən Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Tütün və tütün məmulatı haqqında", "Reklam haqqında" və "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsində nəzərdə tutulan dəyişikliklər elektron siqaretlərin və onların komponentlərinin dövriyyəsinin, idxalının, ixracının, istehsalının, saxlanılmasının, topdan və pərakəndə satışının, eləcə də istifadəsinin qadağan edilməsini nəzərdə tutur. Sənəddə həmçinin elektron siqaretlərin aksizli mallar siyahısından çıxarılması və bununla bağlı vergi dərəcələrinin ləğvi də öz əksini tapıb.
Qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsas götürülüb. Təqdim olunan dəyişikliklər cəmiyyətin sağlam həyat tərzinə istiqamətləndirilməsi, əhalinin, xüsusilə gənc nəslin zərərli vərdişlərdən qorunması məqsədi daşıyır.
Bu qanun layihəsini Milli Məclisdə təqdim edən parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev "Azərbaycan" qəzetinə bildirib ki, elektron siqaretlər və tütün məmulatları insan sağlamlığına ciddi zərər verir və buna görə də onların dövriyyəsinin məhdudlaşdırılması vacibdir: "Azərbaycan vətəndaşının sağlamlığı, təhlükəsizliyi və rifahı dövlətin əsas vəzifələrindən biridir. Buna görə də dövlətimiz insanların gələcəyi və xoşbəxt həyatı baxımından zərərli vərdişlərin qarşısının alınması üçün tədbirlər görür".
T.Rzayev qeyd edib ki, dünyada 40-dan çox ölkədə elektron siqaretlərin idxal, ixrac və satışına qadağalar tətbiq olunur. Həmçinin Azərbaycan da qanunlara edilmiş dəyişikliklərlə elektron siqaretlərin istifadəsinə, idxalına, ixracına, satışına və topdan satışına qadağa tətbiq edib. Belə qadağalar insanların sağlamlığını qorumaq baxımından çox vacibdir və ölkəmizdə sağlamlığın güclənməsinə xidmət edir.
Komitə sədri qeyd edib ki, son illərdə gənclər və qadınlar arasında elektron siqaret istifadəsi artıb. Mütəxəssislər bildirirlər ki, elektron siqaret çəkənlər arasında ağciyər xəstəlikləri və baş-beyin pozuntuları daha çox müşahidə olunur. Bu ümidvericidir ki, qanun bu tendensiyanı dayandırmağa yönəlib və gənclərin sağlam gələcəyini qorumaq üçün imkanlar yaradır.
T.Rzayev bildirib ki, fevralın əvvəlindən qüvvəyə minməsi nəzərdə tutulan qaydaların tətbiqi sahibkarlar üçün əlavə vaxt verilməsi səbəbindən aprelin 1-dək uzadılıb. Bu, sahibkarların mövcud müqavilələrə və bazarda olan məhsullara uyğun hərəkət etməsi, ziyan çəkməməsi üçün edilib. O diqqətə çatdırıb ki, ölkəyə elektron siqaretlərin müəyyən miqdarda daxil olması, həm anbarlarda, həm də satışda mövcudluğu və bəzi hallarda xarici ölkələrlə bağlanmış müqavilələr səbəbindən sahibkarların ziyan görməməsi üçün vaxtın uzadılması vacib hesab edilirdi.
Ölkəmizdə elektron siqaretlərin reklamı tamamilə dayandırılıb, onların istifadəsi, alınması və satışı ilə bağlı informasiya vasitələrində təbliğatın aparılması da qadağandır.
Komitə sədri diqqətə çatdırıb ki, dünya ölkələri bu məsələyə ciddi yanaşırlar və Ümumdünya Səhiyyə Təşkilatı elektron siqaretə qarşı mübarizəni vacib proses kimi qiymətləndirir: "Həmin qanuna edilən dəyişikliklər ictimaiyyət və ekspertlər tərəfindən müsbət qarşılanıb. Ümumiyyətlə, gəncləri zərərli vərdişlərdən çəkindirmək hər bir vətəndaşın vəzifəsidir. Buna görə də maarifləndirmə tədbirləri davam etdirilməli, məktəblərdə və gənclər arasında elektron siqaretin zərərləri ilə bağlı geniş məlumatlandırma proqramları həyata keçirilməlidir. Maarifləndirmə proqramları gənclərin sağlam vərdişlər qazanmasına yardım edir və qadağaların effektivliyini artırır".
Təhminə VERDİYEVA,
"Azərbaycan"