Türkiyənin Bakıda elan etdiyi uzunmüddətli İqlim Dəyişikliyi Strategiyası ölkənin bu sahədəki potensialından istifadə etmək üçün yetərli deyil.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə Türkiyənin “Ekosfera” dərnəyinin İdarə Heyətinin üzvü Özgür Gürbüz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Türkiyə hakimiyyətinin iqlim dəyişikliyi ilə mübarizə planlarını şərh edərkən deyib.
Onun sözlərinə görə, rəsmi Ankaranın planları bərpaolunan enerji mənbələrinin (RES) gücünü artırmağa yönəlsə də, qazıntı yanacaqlarından imtina üçün dəqiq qrafiki nəzərdə tutmur.
“Ölkəmiz bərpaolunan enerji mənbələrinin və nüvə enerjisinin potensialından istifadəni artırmağa hazır olduğunu bəyan edir, eyni zamanda, qaz və kömür elektrik stansiyalarının fəaliyyətini davam etdirir. Bunun heç bir rasional izahı yoxdur. Əslində, ekoloji problemlər davam edəcək, enerji xərcləri isə artacaq”, - deyə Ö.Gürbüz bildirib.
O qeyd edib ki, Avropada hələ də kömürlə işləyən elektrik stansiyaları olan cəmi 5 ölkə qalıb ki, onlardan biri də Türkiyədir. Ekspert hesab edir ki, “Ankaranın kömür elektrik stansiyalarının bağlanması ilə bağlı konkret tarixləri açıqlamasının vaxtı çatıb”.
“Ekosfera” dərnəyinin nümayəndəsinin sözlərinə görə, Türkiyənin 2053-cü ilə qədər atmosferə zərərli emissiyaları sıfıra endirmək məqsədinə nail olmaq üçün qazıntı yanacaqları istehlakını minimuma endirməsi mütləqdir. “COP29-da elan edilmiş strategiyada nəqliyyat sektorunun inkişafı planları kontekstində də ziddiyyətlər var. Türkiyə hökuməti dəmir yolu şəbəkəsinin genişləndirilməsini prioritet adlandırır, amma avtomobil yolları və hava nəqliyyatı mövzusuna məhəl qoymur”.
Ö.Gürbüz diqqətə çatdırıb ki, bu günə qədər dünya ölkələrinin yalnız kiçik bir hissəsi istixana qazı emissiyalarını azaltmaq üçün iddialı hədəflər açıqlayıb. “Dünya ölkələri üçün NDCs-lərin (Milli Müəyyən Edilmiş Töhfələr) yaxşı nümunəsi Böyük Britaniya hökuməti tərəfindən COP29-un ilk günlərində dərc edilmiş sənəddir. Təəssüf ki, heç də bütün ölkələrin Britaniya kimi yüksək məqsədləri yoxdur. Əgər dövlətlər öz milli hədəflərini yerinə yetirə bilməsələr, bəşəriyyət ən azı 2,7 dərəcə Selsi qlobal istiləşmə ilə üzləşəcək”, - deyə ekspert xəbərdarlıq edib.
“Ekosfera”nın nümayəndəsi daha sonra Bakıda “iqlim maliyyəsi” mövzusunda gedən müzakirələrə diqqət çəkib. “Əsasən inkişaf etmiş ölkələri birləşdirən İƏİT ölkələri “iqlim maliyyəsinə” töhfə verən ölkələrin siyahısının genişləndirilməsinin tərəfdarıdır. Digər mühüm müzakirə mövzusu maliyyələşdirmə mexanizmləridir. İnkişaf etməkdə olan dövlətlər bu vəsaitlərin kreditlər deyil, qrantlar və digər dəstək növləri şəklində ayrılmasının tərəfdarıdırlar ki, bu da dövlətlərin borc yükünün artmamasına səbəb olacaq”, - deyə Türkiyənin ətraf mühit təşkilatının nümayəndəsi bildirib.
O, kiçik adalara və inkişaf etməmiş dövlətlərə kömək etməyə hazır olduqlarını bəyan edən Avropa İttifaqını misal çəkib və qeyd edib ki, bir çox inkişaf etməkdə olan ölkələr, o cümlədən Türkiyə “iqlim maliyyəsi” resurslarına maksimum çıxış əldə etməyə çalışır.
Ekspert, eyni zamanda, inkişaf etməkdə olan ölkələrin 2030-cu ilə qədər iqlim məqsədləri üçün hər il ən azı 1,3 trilyon dollar ayrılmasını tələb etdiyinə diqqət çəkib. “Bu günə qədər müzakirə edilən “iqlim maliyyəsi”nin həcminin 100 milyard dollarla məhdudlaşdığını nəzərə alsaq, tələblər arasındakı fərq kifayət qədər əhəmiyyətlidir. Lakin bu, o demək deyil ki, dünyada belə fondlar yoxdur. Təkcə ötən il dünyada silahlanmaya 2,4 trilyon dollar xərclənib”, - deyə türkiyəli ekspert sözlərinə davam edib.
Onun fikrincə, əgər bu gün bəşəriyyət silaha vəsait xərcləməkdən və mədən yanacaqları ilə bağlı sənayelərin təşviqindən imtina edərsə, o zaman çoxlu “iqlim maliyyəsi” mənbələri olacaq.