31 Dekabr 2025 08:25
168
Mədəniyyət
A- A+
Əbədiyyət ömürlü şəxsiyyət

Əbədiyyət ömürlü şəxsiyyət


"O həm həkim, həm alim, həm də səhiyyə təşkilatçısı idi. O, dövlət xadimi, nazir, çətin illərdə Azərbaycanın rəhbərlərindən biri, XX əsrin ən ağır illərində Dağıstanın birinci rəhbəri idi. Moskvada, sonra isə Azərbaycanda məsul işdə çalışmışdı".

Heydər ƏLİYEV


Tarixdə elə şəxsiyyətlər var ki, elmi biliklə dövlətçilik təfəkkürü, humanist dünyagörüşü ilə ictimai məsuliyyət hissi onların həyat və fəaliyyətində vəhdətdə olur. Əziz Məmmədkərim oğlu Əliyev də istisnasız olaraq belə nadir şəxsiyyətlərdəndir. Onun çoxşaxəli fəaliyyəti Azərbaycan tibb elminin inkişafı, səhiyyə sisteminin təşkili, dövlət idarəetməsi, maarifçilik ideyalarının yayılması, milli-intellektual mühitin formalaşması baxımından mühüm mərhələ təşkil edir. Əziz Əliyev yalnız böyük alim və dövlət xadimi deyil, həm də cəmiyyətin mənəvi-intellektual tərəqqisini prioritetləşdirən ziyalı modeli kimi Azərbaycan ictimai fikrində nəcib izlər qoymuşdur.


İrəvandan başlanan ömür yolu


Əziz Əliyevin yaşadığı zamanlar da, məkanlar da bir-birindən xeyli fərqlənirdi. Bu şəxsiyyətin həyatı bənzərsiz idi, hər bir insanın yaşadığı ömür deyildi. Onun ömrünün bütün anlarında mənsub olduğu xalqın tarixi ilə bağlı coxlu əlamətdar məqamlar vardı.  Görkəmli dövlət xadimi Əziz Əliyev bütün həyatını sevdiyi peşəyə həsr etmiş, təhsil, səhiyyə təşkilatçısı kimi misilsiz işlərə imza atmışdır. O, gənc yaşlarından Azərbaycanda səhiyyə işinin təşkilində, eləcə də dövlət quruculuğu proseslərində fəal iştirak etmişdir. Daha sonra dövlət idarəçiliyi işinin təkmilləşdirilməsində tarixi xidmətlər göstərmişdir.

Əziz Əliyev 1897-ci il yanvarın 1-də tarixi Azərbaycan torpağı - İrəvan quberniyasının Hamamlı kəndində Məmmədkərim Kərbəlayi Qurbanəli oğlunun ailəsində dünyaya gəlmişdir. Atası el-obanın hörmətli ağsaqqallarından sayılırdı, anası Zəhra xanım isə İrəvan mahalında nüfuz sahibi kimi tanınmış İbrahim bəy Süleymanbəyovun qızı idi.

1905-ci ildə ailə Hamamlı kəndindən İrəvan şəhərinə köçür. Əziz Əliyev 8 yaşında rus-tatar məktəbinə qəbul olunaraq ibtidai təhsilini burada alır. 1908-1914-cü illərdə Çita şəhərində bibisi Göyçək xanımın yanında yaşayır, altıncı sinfə qədər təhsilini orada davam etdirir. 1914-cü ildə yay tətili zamanı İrəvana gələn gənc Əziz Birinci Dünya müharibəsinin başlanması və nəqliyyat əlaqələrinin məhdudlaşması səbəbindən daha Çitaya qayıda bilmir, 1914-1917-ci illərdə İrəvan kişi gimnaziyasında oxumağa məcbur olur. Gimnaziyada bütün fənlərdən yüksək müvəffəqiyyət göstərdiyinə görə təhsil haqqından azad edilir. 

O, həkim olmaq istəyirdi. Amma Azərbaycanda ali tibb təhsili verən məktəb olmadığı üçün Rusiya imperiyasının aparıcı şəhərlərindəki universitetlərindən birində təhsil almaq lazım gəlirdi. Belə şəhərlərdə yaşamaq, oxumaq üçünsə xeyli maddi vəsait tələb olunurdu. O dövrdə Azərbaycan iqtisadi cəhətdən inkişaf edir, xüsusilə neft Bakısında xeyriyyəçilik fəaliyyəti gündən-günə genişlənirdi. Milyonçular arasında Azərbaycanın gələcək taleyini düşünənlər, millətə faydalı olmağı özünə mənəvi borc bilənlər, gənclərin təhsilinə bacardıqları qədər diqqət göstərənlər az deyildi. Əziz Əliyev belə messenatlarımızdan ən tanınmışı - xeyirxah əməllərinin sözü-söhbəti dildən-dilə dolaşan Hacı Zeynalabdin Tağıyevə məktubla müraciət edir. Məşhur xeyriyyəçi Əzizə köməyini əsirgəmir. Gənc elə həmin il Sankt-Peterburqda Rusiyanın ən nüfuzlu ali tibb məktəblərindən sayılan Hərbi Tibb Akademiyasına daxil olur.

Akademiyanın birinci kursunu uğurla tamamlayıb 1918-ci ilin yay tətili günlərində doğma yurdu İrəvana qayıdır və burada gördüklərindən dəhşətə gəlir.  O zaman silahlı erməni daşnakları bütün Qərbi Azərbaycan ərazilərində, o cümlədən İrəvanda dinc azərbaycanlı əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törədir, yaşlılara, qadınlara, uşaqlara belə aman vermədən kütləvi qırğınlar həyata keçirir, insanların mal-mülkünü talan edir, evlərini yandırır, əsrlər boyu formalaşmış maddi-mədəni irsi, hətta ata-baba məzarlarını belə dağıdaraq qədim və zəngin tarixə malik bir xalqı yaddaşlardan silməyə cəhd göstərirdilər. Ulu Öndər Heydər Əliyev 1998-ci ildə görkəmli alimin 100 illik yubileyindəki nitqində xüsusi vurğulamışdır ki, İrəvanda anadan olmuş Əziz Əliyev artıq 1918-ci ildə özü və bütün ailəsi soyqırımına, deportasiyaya məruz qalmışdı. O, bu qırğınlardan xilas olmaq üçün çox böyük çətinliklə ailəsini Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndinə köçürə bilir.

1918-ci ildə atasının vəfatı onun çətinliklərini daha da artırır, ailənin bütün yükü gəncin çiyinlərinə düşür. O, Sankt-Peterburqa qayıdaraq təhsilini də davam etdirə bilmir. Buna baxmayaraq yüksək istedadı, tibb sahəsinə qəlbən bağlılığı ilə təbabətdən tam uzaq da düşmür. Əldə etdiyi tibbi ədəbiyyatı gecə-gündüz oxuyur, müalicə müəssisələrində və əczaxanalarda həkim köməkçisi kimi çalışaraq səriştə qazanır.

Heydər Əliyev yubiley təntənəsində alimin xarakterindən söhbət açarkən demişdir: "O, lap əvvəldən qeyri-adi insan idi. Onun tərcümeyi-halına diqqət yetirin. İrəvanda rus gimnaziyasında təhsil almaq və oranı qızıl medalla bitirmək, gənc ikən kömək üçün milyonçu Hacı Zeynalabdin Tağıyevə müraciət etmək, ondan bu köməyi almaq və bütün dünyada məşhur olan hərbi tibb akademiyasında ali tibb təhsili almaq üçün Peterburqa getmək - gənclik illərində bunu heç də hər kəs bacarmazdı. Heç də hər kəs bu qədər məqsədyönlü ola bilməzdi. Başqa sözlə, bu qeyri-adi istedadı ilahidən gələn insan özünün məqsədyönlülüyü, fədakarlığı, zəhmətsevərliyi, biliklərə can atması sayəsində çox şey qazanmış, hərtərəfli insani keyfiyyətlər əldə etmişdir. O həm həkim, həm alim, həm də səhiyyə təşkilatçısı idi".


Səhiyyə təşkilatçısı


1920-ci ilin mayında daşnaklar bolşeviklərin köməyi ilə Şərurda da qırğınlar törədirlər. Şahtaxtı əhalisi, o cümlədən Əziz Əliyevin ailəsi Araz çayını keçərək Cənubi Azərbaycanın Ərəblər kəndində məskunlaşır. Əziz Əliyev burada həkim köməkçisi kimi fəaliyyətini davam etdirir. Tibbi dəstəyə böyük ehtiyacı olan əhaliyə mümkün vasitələrlə bacardığı yardımı göstərir. Burada onun həyatında daha bir ağır itki baş verir. 1920-ci ildə anasını itirir. 

Həmin il gənc Əziz irəvanlı tacir Hacı Cabbar Abbasovun qızı Leyli xanımla ailə həyatı qurur. 1921-ci ilin iyununda gənc ailə Şahtaxtı kəndinə geri dönür. 1921-ci il oktyabrın 3-də oğlu Tamerlan, 1923-cü il aprelin 28-də isə qızı Zərifə bu kənddə dünyaya gəlir. 

Əziz Əliyev 1923-cü ilin mayınadək Şahtaxtı kəndində orta tibb işçisi və həkim köməkçisi kimi fəaliyyət göstərir. Birinci kursun sonundan yarımçıq qalmış ali tibbi təhsili davam etdirmək, həkim kimi çalışmaq, peşəkar bilik və bacarıqlarını artırmaq arzusu onu bir an da olsun tərk etmirdi. Elə bu arzu ilə 1923-cü ildə ailə Bakıya köçür. 

Bakıda Əziz Əliyev Azərbaycan SSR Xalq Komissarları Şurasında müxtəlif məsul vəzifələrdə çalışır, əvvəlcə iş icraçısı, daha sonra həmin qurumun ümumi şöbə müdirinin müavini, katibin müavini və nəhayət, Respublika Xalq Komissarları Şurasının katibi vəzifəsini icra edir. Bu məsul dövlət işləri ilə paralel olaraq, yarımçıq qalmış ali tibb təhsilini 1923-cü ildən Bakı Dövlət Universitetinin Tibb fakültəsində davam etdirir. 1927-ci ildə universiteti əla qiymətlərlə bitirdiyinə görə Diaqnostika kafedrasında saxlanılır. Burada əvvəlcə ordinator, sonra aspirant, assistent və dosent kimi elmi-pedaqoji fəaliyyət göstərir.

1929-1932-ci illərdə Əziz Əliyev Azərbaycan Klinik İnstitutunun rektoru vəzifəsində çalışır, sonrakı dövrlərdə isə Xalq Səhiyyə Komissarlığının Müalicə şöbəsinin müdiri, Bakı Şəhər Səhiyyə Şöbəsinin müdiri və Xalq Səhiyyə Komissarının müavini kimi məsul vəzifələrə təyin olunur.

1930-cu il iyunun 19-da Bakı Dövlət Universitetinin Tibb fakültəsinin bazasında Azərbaycan Dövlət Tibb İnstitutu (ADTİ) təsis edilərkən bu ali tibb ocağının yaradılmasında Əziz Əliyev müstəsna rol oynayır. 1932-ci ildə o, ADTİ-nin rektoru təyin edilir. 

1934-cü il martın 30-da paytaxtda səhiyyə sisteminin təkmilləşdirilməsi məqsədilə Bakı Şəhər Səhiyyə Şöbəsinin müdiri vəzifəsinə gətirilən Əziz Əliyev 1935-ci il yanvarın 14-də Azərbaycanda yüksəkixtisaslı milli tibb kadrlarının hazırlanmasını gücləndirmək zərurəti ilə yenidən ADTİ-nin rektoru vəzifəsinə göndərilir. Rektor kimi fəaliyyətə başladıqdan dərhal sonra o, institutun qarşısında duran prioritet problemlərin həlli üçün genişmiqyaslı tədbirlər planının həyata keçirilməsinə nail olur. O cümlədən tədris və tərbiyə işini bacaran yerli mütəxəssislərin hazırlanmasında, ana dilində keyfiyyətli tibb ədəbiyyatının yaradılmasında mühüm nəticələr ortaya qoyur. Təkcə 1930-1945-ci illərdə Əziz Əliyev və ADTİ-nin əməkdaşları tərəfindən Azərbaycan dilində 80 adda dərslik və dərs vəsaiti tərtib edilərək tibb təhsili alan tələbələrin ixtiyarına verilir. Həmçinin onun təşəbbüsü ilə 1934-cü ildə "Tibb nəşriyyatı" yaradılır, ilk dəfə "Praktiki və nəzəri tibb jurnalı"nın nəşrinə başlanır. 

Qeyd edək ki, Əziz Əliyev özü 1929-cu ildən "Azərbaycan Tibb Jurnalı"nın məsul katibi idi, 1935-ci ildə isə həmin jurnalın baş redaktoru təyin edilir. 1933-cü ildə yenə də Əziz Əliyevin təşəbbüsü ilə Azərbaycan Dövlət Tibb İnstitutunda "Tibb kadrları uğrunda" adlı çoxtirajlı qəzetin nəşrinə başlanılır. Hazırda "Təbib" adı ilə nəşrini davam etdirən bu qəzet həmin mətbu orqanın bazasında yaradılmışdır. Həmin illərdə ADTİ-də "Kitabxana komissiyası" da yaradılmışdı və komissiya müvafiq sahə üzrə SSRİ-də nəşr olunan bütün təzə kitabları, o cümlədən dövri tibbi-bioloji ədəbiyyatı alırdı. 


Örnək ziyalı


Əziz Əliyevin institutda Rektorluq Fondu yaratması, həmin fondun hesabına ehtiyacı olan tələbələr üçün hər il paltar, ayaqqabı alınması da bu böyük ziyalının ömürlüyünün rəğbət doğuran örnək məqamlarındandır. Bu faktın özü belə ziyalılarımızın bütün dövrlərdə, ən çətin vaxtlarda belə xalqımızın xeyirxahlıq, mərhəmət, yardımsevərlik ənənələrini necə davam etdirdiklərini göstərir.    

Əziz Əliyevin tələbələrə ata qayğısı bununla tamamlanmırdı. O, hər il institutun sonuncu kurs tələbələri arasından ən bacarıqlıları seçər, onları təcrübə toplamaları, mövcud imkanlardan faydalanmaları üçün Moskvanın, Sankt-Peterburqun məşhur ali tibb məktəblərinə ezamiyyətə göndərərdi. Həmin tələbələrin əksəriyyəti sonralar tibbin müxtəlif sahələrində məşhur alim kimi böyük nüfuz qazanmışdılar. 

Onun Azərbaycan Dövlət Tibb İnstitutuna rəhbərlik etdiyi 6 il müddətində 11 doktorluq, 30 namizədlik dissertasiyası müdafiə edilmişdi. Əziz Əliyevin dəstəyi ilə tibb sahəsində alim kimi müvəffəqiyyət qazananların əksəriyyəti milli kadrlar idi. O, insanlar arasında milli ayrı-seçkilik salmırdı, sadəcə hər kəs üçün əlverişli mühit, bərabər imkanlar yaradırdı və belə bir mühitdə xalqımızın əsl istedadları tez bir zamanda parlaya bilirdi.    

Görkəmli alim özü də təşkilati işlə yanaşı, elmi fəaliyyətini davam etdirirdi. O, 1929-cu ildə namizədlik dissertasiyasını uğurla müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsi almışdı. 1934-cü ilin avqustunda isə Almaniyada elmi ezamiyyətdə olmuş və həmin il "Eksperimental nefrit" mövzusunda doktorluq dissertasiyasını müdafiə etdikdən sonra ona tibb elmləri doktoru alimlik dərəcəsi verilmişdi. 

Əziz Əliyevin təbabətin müxtəlif sahələrinə dair 87 elmi əsəri vardı. ADTİ-nin rektoru olmaqla yanaşı, o, müəyyən dövrdə Əczaçılıq İnstitutuna da rəhbərlik etmiş, 1937-ci ildə isə eyni zamanda həm ATİ-nin, həm də Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmışdır. Elə ağır, təlatümlü bir dövrdə bu iki mühüm vəzifəni eyni vaxtda yerinə yetirmək, fikrimizcə, Əziz Əliyevin təşkilatçı kimi mükəmməlliyindən, şəxsiyyətinə olan yüksək etimaddan irəli gəlirdi. 

O dövr, konkret desək, 1930-1940-cı illərdə Azərbaycanda malyariya və traxoma xəstəlikləri tüğyan edirdi. Hər il minlərlə insan bu xəstəliklərdən həyatını itirir, yaxud ömürlük şikəst olurdu. Belə bir zamanda Əziz Əliyev fövqəladə antiepidemioloji respublika komissiyasına sədrliyi üzərinə götürmüşdü. Onun təşəbbüsü ilə kütləvi sayda xəstələrin müalicəsi üçün xüsusi dispanserlər, xəstəxanalar yaradılmışdı. Dəhşətli epidemiyanın əhatə dairəsinin getdikcə kiçilməsində və zamanla tam kökünün kəsilməsində, yüz minlərlə insanın həyatının xilasında onun böyük rolu oldu.

Fəal elmi fəaliyyəti nəzərə alınaraq Əziz Əliyev 1941-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Rəyasət Heyətinin nəzdində təşkil edilmiş Elmi Şuranın üzvü, 1956-cı ildə isə professor vəzifəsinə seçilmişdi.   


Siyasi rəhbər


O, Azərbaycanın ictimai-siyasi həyatında da fəal şəkildə iştirak edirdi. 1937-ci ilin dekabrında Naxçıvan MSSR-in Culfa dairəsindən SSRİ Ali Sovetinin, 1938-ci ildə isə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdi. 1937-1946-cı illərdə II çağırış SSRİ Ali Sovetinin, 1938-1946-cı illərdə I çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdu. 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi vəzifəsində çalışımışdı. 

1941-ci il avqust ayının 25-də sovet qoşunları İran ərazisində yerləşdirildikdən sonra Əziz Əliyevin üzərinə daha bir siyasi missiya düşür. Onun rəhbərliyi altında Azərbaycanın partiya, sovet, hüquq-mühafizə, təsərrüfat və mədəniyyət işçilərindən ibarət qrup yaradılır. Qrup İrandakı Sovet qoşunlarının qərargahına ezam olunur. Polkovnik-komissar Əziz Əliyev Təbrizdə yerləşmiş 47-ci ordunun Hərbi Şurasının üzvü kimi geniş səlahiyyətlər yerinə yetirir, ordu hissələri daxilində təbliğat-izahat işi aparanlar Əziz Əliyevin göstərişlərini rəhbər tuturlar. Əziz Əliyevin rəhbərlik etdiyi qrupun üzvləri Təbrizdə, Urmiyada, Ərdəbildə, Mərənddə, Zəncanda fəaliyyət göstərərək qarşıya qoyulmuş vəzifələri yerinə yetirirlər. Bu qrupda Süleyman Rüstəm, Osman Sarıvəlli, Ənvər Məmmədxanlı, İsrafil Nəzərov, Qulam Məmmədli, Mehdixan Vəkilov və başqa nüfuzlu ziyalılarımız vardı. Yerli əhali Əziz Əliyevə də, qrupun üzvü olan digər ziyalılarımıza da böyük rəğbətlə yanaşır, onları doğma bilirdi. 

1942-ci ilin avqustuna yaxın faşist qoşunları Dağıstana yaxınlaşıb Bakını hədəf seçərkən SSRİ rəhbərliyi belə gərgin bir dövrdə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi və Mahaçqala Müdafiə Komitəsinin sədri vəzifəsinə ən etibarlı namizəd kimi Əziz Əliyevin üzərində dayanır. Əziz Əliyev bu vəzifələri yerinə yetirmək üçün İran cəbhəsindən Dağıstan cəbhəsinə göndərilir. 

Misilsiz təşkilatçılıq qabiliyyətinə malik Əziz Əliyevin səyləri nəticəsində elə çətin və mürəkkəb bir şəraitdə qısa müddət ərzində regionun müdafiəsi üçün mühüm işlər görülür. Respublika ərazisində partizan dəstələri yaradılır, xalq müqavimət qrupları, qırıcı batalyonları təşkil edilir, Mahaçqalanın müdafiəsi üçün qurğular tikilir. Dağıstanın yerli millətlərinin nümayəndələrindən ibarət kadrların hazırlanması və onların irəli çəkilməsi istiqamətində addımlar atılır. "Komsomolets Daqestana" zirehli qatarının inşası, Kaspiysk zavodunun, Mahaçqala limanının, dəmir yolu şəbəkəsinin təmiri başa çatdırılır və bütün bunlar Zaqafqaziya cəbhəsinə verilir. Respublikada fəaliyyət göstərən on beşdən çox təxliyə hospitalının fasiləsiz fəaliyyəti təmin olunur. 

Əziz Əliyevin rəhbərliyi ilə respublikada Müdafiə Fondu yaradılır, Dağıstandan cəbhəyə 150 vaqondan çox isti paltar, 140 vaqon hədiyyə göndərilir,  təxminən 1 milyard rubl məbləğində pul yığılaraq ianə edilir.

Belə gərgin bir dövrdə mədəniyyət, elm, təhsil məsələləri də diqqətdən kənarda qalmır. Məhz Əziz Əliyevin təşəbbüsü əsasında 1943-cü ilin dekabrında Dağıstan Dövlət Filarmoniyası yaradılır. 1945-ci ildə SSRİ Elmlər Akademiyasının Dağıstan bazası təşkil edilir. Yerli qadınların təhsili, onlar arasından milli kadrların yetişdirilməsi üçün Əziz Əliyevin bilavasitə iştirakı ilə Qadın Müəllimlər İnstitutu və Qadın Pedaqoji Məktəbi yaradılır, Uşaq Kitab Nəşriyyatı açılır. Müharibə illərində dağıstanlıların göstərdikləri əmək rəşadətinə görə respublikaya ilk dəfə Dövlət Müdafiə Komitəsinin Keçici Qırmızı Bayrağı verilir. 

Əziz Əliyev sonralar xatırlayırdı ki, müharibəyə qədər Dağıstanda cəmi 8 elmlər doktoru vardısa, müharibədən sonra onların sayı artıb 16 nəfər olmuş, elmlər namizədlərinin sayı isə 62 nəfərə çatmışdı. Onun rəhbərliyi ilə respublikanın ali məktəbləri 1600-dən çox alitəhsilli mütəxəssis hazırlamışdır. Əziz Əliyev paytaxtın ali məktəblərində təhsil almağa, eləcə də aspiranturaya və doktoranturaya Dağıstandan 100 nəfərdən çox adam göndərmişdi. 

Əziz Əliyev müharibədən sonra 3 il də Dağıstana rəhbrlik etmiş və bu bölgənin inkişafına böyük töhfələr vermişdir. 1948-ci ilin dekabrında o, Moskvaya, Sov.İK(b)P MK-nın nəzdində İctimai Elmlər Akademiyasının nəzdindəki Ali Partiya Məktəbinə təhsil almağa göndərildi. 1949-1950-ci illərdə Moskvada ÜİK(b)P MK-nın inspektoru, 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışdı.


Özünü doğruldan inam


SSRİ rəhbərliyinin Əziz Əliyevə etimadı çox böyük idi və o, tezliklə Azərbaycana rəhbər təyin olunmağa ən uyğun namizəd sayılırdı. Əfsuslar ki, repressiya cinayətlərinin əliqanlı cəlladlarından olan Mircəfər Bağırov öz hakimiyyətinə qarşı belə bir "potensial təhlükə"ni aradan qaldırmaq üçün əlaltıları ilə əl-ələ verib Əziz Əliyev kimi təmiz, vətənpərvər, parlaq bir şəxsiyyətə böhtan atdı. 1951-ci ilin sentyabrında Əziz Əliyevə Azərbaycan KP MK-nın bürosunda şiddətli töhmət verildi. Buna gülünc bir səbəb göstərilmişdi. Guya Əziz Əliyev valideynlərinin sosial mənşəyini və İranda qohumlarının olması faktını gizlədibmiş. Halbuki bu faktlar hamıya bəlli idi. Son dərəcə mürəkkəb dövrlərdə və regionlarda mühüm dövlət vəzifələri tutmuş, uzun illər ərzində SSRİ rəhbərliyi səviyyəsində etimad göstərilmiş, həyatı da, şəxsiyyəti də şəffaf Əziz Əliyev kimi ictimai-xadimin tərcümeyi-halının heç bir məqamı bu qədər böyük bir zamanda qaranlıq qala bilməzdi. Amma xainlər öz niyyətlərinə çatdılar, o, həmin ilin 24 iyulunda Nazirlər Soveti sədrinin müavini vəzifəsindən azad edilərək Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru vəzifəsinə göndərildi. 

Mircəfər Bağırovun xain xisləti isə buna da qane olmadı. Hətta bu vəzifədə belə Əziz Əliyevi özünə təhlükə mənbəyi gördüyündən onu buradan da kənarlaşdırdı. Azərbaycan və ümumən SSRİ məkanında Əziz Əliyev kimi qurucu insanların hava və su kimi lazım olduğu vaxtda belə təcrübəli ictimai-siyasi xadim Sabunçu rayonundakı Çaparidze adına 3 nömrəli Klinik Xəstəxananın baş həkiminin müavini vəzifəsinə təyin edildi. 1952-ci ilin oktyabrından 1954-cü il martın 3-dək bu vəzifədə işlədi. Amma Əziz Əliyev o qədər bütöv şəxsiyyətə malik ziyalı idi ki, heç bir haqsızlıq onu ruhdan salmaq gücündə deyildi. O, haqqın nahaqqa qalib gələcəyinə, ədalətin öz yerini tutacağına qəlbən inanırdı. Ulu Öndər Heydər Əliyev Əziz Əliyevin 100 illik yubileyində böyük alimin, dövlət adamının ağır, məşəqqətli həyatının maraqlı məqamlarına da toxunmuşdu: "Onun həyatı heç də asan keçmirdi, maneələrlə, çətinliklərlə, özünə qarşı edilən bir çox haqsızlıqlarla rastlaşırdı. Əziz Əliyev mənə danışırdı ki, o, 1938-ci il repressiyasından möcüzə nəticəsində xilas olmuşdur. Onu sonralar, 50-ci illərin əvvəlində repressiya etdilər. İşdən çıxarıb Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru təyin etdilər, amma tezliklə bu vəzifədən də çıxartdılar. Professoru, elmlər doktorunu, bu qədər xidmətləri olan bir insanı Sabunçu xəstəxanasına adi həkim göndərdilər və o, üç il orada işlədi. Bu, onun ovaxtkı rejimin bilavasitə Mircəfər Bağırov tərəfindən həyata keçirdiyi repressiyalara məruz qaldığı dövr idi... Deməliyəm ki, mən özüm də bu repressiyadan əziyyət çəkmişəm... Ovaxtkı dövlət təhlükəsizliyi naziri general Yemelyanov məni yanına çağırıb bu sözləri dedi: "Sən cavan və bacarıqlı işçisən. Leninqradda çox yüksək təhsil alıbsan, təhsili uğurla başa çatdırıbsan, sənin gələcəyin var. Ancaq sən Əziz Əliyevin ailəsi ilə bütün əlaqələri kəsməlisən, yoxsa biz səni işdən çıxarmalı olacağıq". 1953-cü ilin əvvəllərində general Yemelyanov yenidən məni yanına çağırdı və qəti şəkildə xəbərdarlıq etdi: "Əgər sən öz əlaqələrini kəsməsən, onda nəzərə al ki, işdən çıxarılacaqsan, həm də nəinki işdən çıxarılacaqsan, eyni zamanda ciddi şəkildə cəzalandırılacaqsan". Artıq o vaxt bilirdim ki, hər şey ona doğru gedir ki, Əziz Əliyevi həbs etməli, onun ailəsini isə Mircəfər Bağırovun göstərişi ilə buradan sürgün etməli idilər. Amma Allah kömək etdi. 1953-cü ilin martında Stalin öldü, həmin ilin yayında isə Mircəfər Bağırovu əvvəlcə işdən çıxartdılar, sonra da həbs etdilər. Bütün bu müddətdə Əziz Əliyev Sabunçuda həkim işləyirdi və onu öz əvvəlki vəzifəsinə - Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru vəzifəsinə yalnız 1954-cü ilin martında qaytardılar... Müttəhimlər kürsüsündə Mircəfər Bağırovla birlikdə həmin general Stepan Yemelyanov da əyləşmişdi, o Yemelyanov ki Əziz Əliyevlə əlaqə saxladığıma görə mənə iki dəfə xəbərdarlıq etmiş və məni danlamışdı. Ona 25 il həbs cəzası kəsdilər. Görün tale necə olur. Sonralar, 70-ci illərdə mən MK-nın birinci katibi işləyərkən Yemelyanov öz cəzasını çəkib Bakıya qayıtdı və mənə məktub yazaraq ona bəzi şəxsi işlərində kömək göstərməyi xahiş etdi. Həyat bax, belədir".

1953-cü ildə İ.V.Stalinin ölümündən və Mircəfər Bağırovun həbsindən sonra, 1954-cü il fevralın 22-də Əziz Əliyevlə bağlı şiddətli partiya töhməti ləğv edildi. O, 1954-cü ilin martından 1956-cı ilədək yenidən Bərpa Cərrahlığı və Ortopediya İnstitutunun direktoru vəzifəsində işlədi. Qısa müddətdə burada da böyük irəliləyişlərə nail oldu. 1956-cı ildə isə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru vəzifəsinə təyin edildi və ömrünün sonuna qədər bu vəzifədə çalışaraq ölkəmizin tibb təhsili müəssisələri arasında xüsusi yeri olan bu institutun fəaliyyətinə mühüm töhfələr verdi. 


Milli yaddaşı möhkəmləndirən irs


Mircəfər Bağırovun şəxsi qısqanclıq hisslərindən irəli gələrək məqsədli şəkildə aparılan qaralama kampaniyasını nəzərə almasaq, Əziz Əliyevin fəaliyyəti hər zaman keçmiş ittifaq rəhbərliyi səviyyəsində yüksək qiymətləndirilmiş, o, iki dəfə "Lenin" ordeni, daha sonra "Qırmızı Əmək Bayrağı", "I dərəcəli Vətən müharibəsi" ordenləri, "Səhiyyə əlaçısı" döş nişanı, bir çox medal, o cümlədən 1948-ci ildə "Moskvanın yaranmasının 800 illik" xatirə medalı və çoxsaylı fəxri fərmanlarla təltif edilmişdi. 1960-cı ildə Əziz Əliyevə "Azərbaycan SSR Əməkdar həkimi" fəxri adı verilmişdi. Bütün bunlar təbii ki, Əziz Əliyev şəxsiyyətinə verilən dəyərdir.

Onun bəşəriyyət qarşısındakı ən mühüm xidmətlərindən biri isə öz dövrünün ən tanınmış ziyalılarının tez-tez qonaq olduqları ailə ocağında yetişdirib tərbiyələndirdiyi, böyüyüb yaşa dolduqca özləri də Əziz Əliyev misallı ziyalılıq örnəyinə çevrilmiş övladlarıdır. Bu ailə dünyaya görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanı bəxş edib. Əziz Əliyevin ailə ocağında Əməkdar elm xadimi, professor Tamerlan Əliyev kimi alim yetişib. Əziz müəllimin daha bir övladı, əməkdar incəsənət xadimi Gülarə xanım Əliyeva dünya musiqisinin, incəsənətinin inkişafına, təbliğinə mühüm töhfələr verib. Əziz Əliyevin qızlarından Ləzifə Əliyeva uzun illər ATU-nun Göz xəstəlikləri kafedrasında aparıcı dosent kimi gənc tibb kadrlarının yetişdirilməsində böyük xidmətlər göstərib. Dilbər xanım rabitəçi-mühəndis kimi ölkəmizdə bu sahənin inkişafında mühüm rol oynayıb.

Oğlu, məşhur cərrah-onkoloq, dünyanın bir çox ölkəsinin akademiyalarının, o cümlədən Rusiya Elmlər Akademiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, keçmiş SSRİ Elmlər Akademiyasının Akademik N.N.Petrov adına mükafatına və diplomuna, eləcə də Azərbaycanın "Şöhrət" və "Şərəf", 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenlərinə layiq görülmüş akademik Cəmil Əliyev hazırda Azərbaycan Respublikasının Prezidenti yanında tibb xidmətinin rəisi vəzifəsini yerinə yetirməklə yanaşı, həm də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasına rəhbərlik edir.

Böyük alim Əziz Əliyevin nəvə və nəticələri bu gün onun yolunu ləyaqətlə davam etdirirlər. Onun adını daşıyan nəvəsi, akademik Cəmil Əliyevin oğlu tibb üzrə elmlər doktoru, professor Əziz Əliyev hazırda İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru vəzifəsində çalışır, səhiyyəmizin inkişafına yüksək töhfələr verir. 

2026-cı il yanvarın 1-də Əziz Əliyevin anadan olmasından 129 il ötür. Əziz Əliyev kimi insanlar üçün belə rəqəmlər şərti mahiyyət daşıyır, çünki onlar əbədiyyət ömürlü şəxsiyyətlərdir. Belə şəxsiyyətlər yalnız yaşadıqları dövrün ehtiyaclarına cavab vermir, eyni zamanda gələcək nəsillər üçün intellektual, əxlaq və peşəkar meyarlar formalaşdırırlar. Onların irsi zamanın sınağından keçərək milli yaddaşda möhkəmlənir, cəmiyyətin davamlı inkişafında dayaq nöqtəsinə çevrilir.


Əhliman ƏMİRASLANOV,

akademik, SSRİ Dövlət mükafatı laureatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Güclü, qalib və nüfuzlu Azərbaycan dövləti hər bir azərbaycanlının qürur mənbəyidir

09:04
31 Dekabr

Həmrəylik gününün təsis olunması ideoloji birliyə yol açdı

09:02
31 Dekabr

Dünyanı birləşdirən bayram

08:45
31 Dekabr

Gücümüz həmrəyliyimizdir

08:40
31 Dekabr

2026-cı il "Şəhərsalma və Memarlıq İli"dir

08:35
31 Dekabr

Milli irs və müasirliyin vəhdəti

08:30
31 Dekabr

Əbədiyyət ömürlü şəxsiyyət

08:25
31 Dekabr

Həmrəylik qərbi azərbaycanlıların doğma yurda qayıdacaqlarına böyük inam yaradır

08:20
31 Dekabr

Davamlı sosial güvənlik, sürətli Böyük qayıdış və etibarlı müdafiə

08:15
31 Dekabr

İdmanın inkişafı dövlət siyasətinin prioritetidir

08:10
31 Dekabr

Parlamentin payız sessiyası başa çatdı

08:05
31 Dekabr

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün müəllifi

08:00
31 Dekabr

Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında

02:16
31 Dekabr

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

02:11
31 Dekabr

İcbari tibbi sığorta fondunun 2026-cı il büdcəsi haqqında

02:10
31 Dekabr

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:09
31 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol"un təsdiq edilməsi haqqında

02:09
31 Dekabr

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında

02:08
31 Dekabr

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında

02:06
31 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsi haqqında

02:04
31 Dekabr

R.N.Musabəyovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

02:03
31 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!