Bu gün Azərbaycan dünyada qalib ölkə kimi tanınır. Xalqımız bu qələbənin qüruru ilə yaşayır. Hər bir azərbaycanlı həm də fəxr edir ki, Azərbaycan tarixinin heç bir dövründə işğalçı adı qazanmayıb. Çünki bu xalqın nümayəndələri heç zaman özgə torpaqlarına göz dikməyiblər. Haqsızlıqlarla, ədalətsizliklə qarşılaşanda belə, nə haqqı unudublar, nə də ədalətdən üz çeviriblər.
XIX əsrin əvvəllərində iki ölkə - Rusiya və İran bir-biriləri ilə müharibə ediblər. Nəticəsi bizim məmləkətimiz üçün ağır olub. 1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqavilələri tariximizin qara səhifələrinə, xalqımızın faciəsinə çevrilib. Azərbaycanı ikiyə bölüblər. Cənub hissəsinə İran, şimal hissəsinə isə çar Rusiyası yiyələnib. XX əsrdə Rusiyada baş verən inqilablar səbəbindən çar taxtdan endirilib. Çarizm devrilsə də, siyasi iğtişaşlar ara verməyib. Nəhayət, bolşeviklər hakimiyyəti ələ keçiriblər. Ancaq onlar da çarizmin müstəmləkə siyasətini davam etdiriblər. Müstəqilliyini elan etmiş, cümhuriyyət hökuməti qurmuş Şimali Azərbaycan bu dəfə də bolşeviklərin işğalına məruz qalıb. Azərbaycanda sovet hakimiyyətinin ömrü uzun sürüb. 70 il Azərbaycan sovet ittifaqının tərkibinə daxil edilmiş on beş respublikadan biri olub.
Azərbaycan xalqının azadlıq istəyini boğmaq üçün hələ çarizm dövründə məkrli plan qurulub. Ermənilər Azərbaycan ərazisinə köçürülüb. Sığındıqları məmləkətin yerli əhalisinə ermənilər əsl simalarını sonralar göstərməyə başlayıblar. Hər dəfə siyasi vəziyyət mürəkkəbləşəndə "milli münaqişə" adı ilə gərginlik yaradıb, azərbaycanlılara qarşı hücuma keçiblər. Kütləvi qırğınlar, qətliamlar, soyqırımları törədən ermənilər Azərbaycan torpaqlarının bir hissəsində özlərinə "dövlət" qurublar. Lakin buna qane olmayıblar. Sovet hakimiyyəti illərində öz mənfur planlarını həyata keçirmək üçün hər cür hiyləyə, cinayətə əl atıblar. Bu dəfə də SSRİ rəhbərləri işğalçı ermənilərə havadarlıq edib, hər cür yardım göstərib.
Azərbaycan xalqı XX əsrin sonlarına bu məşəqqətlərdən keçərək gəlmişdi. 1980-ci illərin sonlarında, sovet hakimiyyətinin sonunun yaxınlaşmaqda olduğu vaxtda Qarabağda ermənilər yenidən məkrli oyunlara başladılar. Azərbaycandan yeni ərazilər qoparmaq üçün bölgəni münaqişə ocağına çevirdilər. 1990-ci illərdə sovet hökumətinin silahlandırdığı ermənilər Azərbaycan xalqına qarşı dəhşətli qətliamlar, soyqırımları törətdilər. Ölkəmizin 20 faiz ərazisini işğal etdilər, 1 milyon soydaşımızı yurdundan qovdular. 1994-cü ilin mayında atəşkəs sazişi imzalansa da, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini və mülki vətəndaşlarının yaşayış yerlərini atəşə tutmaqda davam etdilər.
Ermənistan Qarabağı və Şərqi Zəngəzuru 30 ilə yaxın işğalda saxladı. Bu illər ərzində bir sıra dövlətlər və beynəlxalq təşkilatlar vasitəçilik adı ilə yalnız həmin ərazilərin işğalını uzatmağa çalışdılar. Lakin dövlətimizin başçısı İlham Əliyevin yüksək kürsülərdən səsləndirdiyi qətiyyətli cavablar onların məqsədlərinə çatmayacaqlarını göstərirdi. Prezident İlham Əliyev bəyan edirdi ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək.
Sülhün tərəfdarı olan Azərbaycan dövləti beynəlxalq səviyyədə tanınmış ərazilərini - Qarabağı və Şərqi Zəngəzuru işğaldan danışıqlar yolu ilə azad etmək niyyətində olduğunu dönə-dönə bəyan edirdi. Ancaq havadarlarına arxalanan rəsmi İrəvan riyakarlıq edir, müxtəlif vasitələrlə sülh danışıqlarından yayınırdı.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı İkinci Qarabağ müharibəsinin başlanmasına səbəb oldu. Müharibənin 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı müzəffər Azərbaycan Ordusu 44 gün ərzində azad etdi. Əsgər və zabitlərimiz ağır döyüşlər apararaq böyük Zəfərimizə addım-addım yaxınlaşdılar. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən siyasəti, müdrik diplomatiyası, sərkərdəlik məharəti nəticəsində Ermənistan məğlubiyyətini təsdiqləmək məcburiyyətində qaldı.
2023-cü ildə isə Azərbyacan növbəti qələbəsini çaldı. Həmin ilin sentyabrında Azərbaycan Ordusu antiterror əməliyyatı apararaq Qarabağda qalıb terrorlar, təxribatlar törədən Ermənistan silahlı qüvvələrinin tör-töküntülərini və separatçıları Qarabağdan qovdu. Ölkəmiz tam suverenliyinə nail oldu. Ötən il sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edən Prezident İlham Əliyev tələbə heyəti ilə görüşdə Zəfərimiz və antiterror tədbirlərinin yaratdığı reallığı belə dəyərləndirdi: "8 Noyabr - Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr Dövlət Suverenliyi Günü idi".
Bu gün Azərbaycan dünyada güclü, nüfuzlu ölkə kimi tanınır. Dünyanın bir çox bölgələrində iğtişaşların, müharibələrin ara vermədiyi bir zamanda ölkəmiz sülhə, sabitliyə doğru qətiyyətlə, eyni zamanda keçmişin dərslərini unutmadan irəliləyir. Dövlətimizin başçısının bu il avqustun 21-də Kəlbəcər şəhərinə qayıdan yerli sakinlərlə görüşündə vurğuladığı kimi, Azərbaycan ləyaqətli ölkədir, güclü ölkədir, heç kimə məsləhət görmürük ki, nə vaxtsa bizə qarşı hansısa bəd əməllər haqqında düşünsün: "Hər halda son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. İndi dünyada gedən prosesləri görürsünüz. Müxtəlif yerlərdə toqquşmalar, müharibələr, hərbi cinayətlər baş alıb gedir. Amma heç kim tam qələbə qazanmayıb. Müharibələr davam edir, daha böyük coğrafiyanı əhatə edir və yəqin ki, davam edəcək. Yəni bax, bu siyasi məsələlərin inkişafı bunu göstərir. Tək yeganə ölkə bizik. Yeganə xalq bizik ki, tam Qələbə qazandıq, mütləq Qələbə qazandıq. Düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdik və eyni zamanda sülhün təminatçısı da Azərbaycandır".
Tarixinin bütün dövrlərində olduğu kimi, yenə də çətin sınaqlardan alnıaçıq, üzüağ çıxmış, haqsızlığın önündə əyilməmiş, ədaləti özü bərpa etmiş Azərbaycan qürur və fəxarətə layiqdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz düşməndən qisasımızı döyüş meydanında aldıq: "Biz bir daha xalqımızın böyüklüyünü göstərdik. Onların bizə etdiklərini biz onlara etmədik. Halbuki onların etdikləri heç vaxt yaddaşımızdan silinməyəcək. O cümlədən kəlbəcərlilərə qarşı edilən hərbi cinayətlər, soyqırımı, Xocalı soyqırımı, digər bölgələrdən olan vətəndaşlarımıza qarşı düşmənçilik, ədavət və vəhşilik heç vaxt yaddaşımızdan silinməyəcək və silinməməlidir. Bunu mən həm müharibəni qazanan ölkənin Ali Baş Komandanı kimi və bu gün Ermənistanla, məğlub edilmiş Ermənistanla sülh prosesinin iştirakçısı kimi deyirəm. Biz istəmirik ki, müharibə olsun. Biz sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq. Təbii ki, bizim Silahlı Qüvvələrimiz hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Biz mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə, - sayını demək istəmirəm, amma böyük sayda, - xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb".
Prezident İlham Əliyev Azərbaycan dövlətinin və xalqının böyük qələbələrinin səbəbini belə açıqladı: "Bizim təhlükəsizliyimizin qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə əgər kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və müzəffər qalib dövlət kimi yaşayacağıq".
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"