Bu gün Azərbaycan polisinin yaranmasının 107-ci ili tamam olur. 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk polis orqanları yaradılmış və bununla da Azərbaycan polisinin əsası qoyulmuşdur. Müstəqil Azərbaycanın ilk polis orqanları şərəfli və keşməkeşli yol keçmiş, sabitliyi və asayişi təmin etməklə yanaşı, Xalq Cümhuriyyətinin formalaşmasında və milli maraqların qorunmasında ön sıralarda olmuşdur.
Xalqımızın Ulu Öndəri Heydər Əliyevin "Azərbaycan polisi gününün təsis edilməsi haqqında" 24 may 1998-ci il tarixli fərmanına əsasən, 1918-ci ildə ilk polis orqanlarının təsis edildiyi gün - 2 İyul Azərbaycan Polisi Günü elan edilmişdir.
Şərəfli tarix
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra keçmiş ittifaqın Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və təhlükəsizliyin qorunması sahəsində böyük təcrübə qazanmış, yüksək bilik və peşə hazırlığı əldə etmiş, respublikada asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayanmış, təşkilati cəhətdən möhkəmlənmişdir. İkinci Dünya müharibəsində alman faşizminə qarşı mübarizədə respublikamızın daxili işlər orqanlarının 800 nəfərə yaxın əməkdaşı rəşadətlə vuruşmuş, qəhrəmanlıq, igidlik nümunələri göstərərək yüksək orden və medallara layiq görülmüşlər.
Respublikamızın daxili işlər orqanları sovet hakimiyyəti illərində ictimai asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə və ümumiyyətlə, bu sistemi əhatə edən bütün fəaliyyət sferalarında təcrübələrini və peşəkarlıqlarını daha da artırıblar. Bu sahədə baş verən əsas irəliləyişlər isə Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövrünə təsadüf edir. Ulu Öndər ilk gündən daxili işlər orqanlarının fəaliyyətinə xüsusi diqqətlə yanaşmışdır. Heydər Əliyevin diqqəti və nəzarəti altında daxili işlər orqanlarının təşkilati cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Ona görə 1970-ci illərdən Azərbaycanın daxili işlər orqanları ittifaq miqyasında yüksək peşəkarlıqları ilə fərqlənmiş, respublikamızda ictimai asayiş ən yüksək səviyyədə təmin olunmuşdur.
Heydər Əliyev Daxili İşlər Nazirliyi əməkdaşlarının vətənpərvərlik ruhunda təlim-tərbiyəsinə və peşəkarlığının artırılmasına xüsusi önəm vermişdir. Ulu Öndərin milliləşdirmə siyasəti bu sferada da özünü göstərmiş, əsasən azərbaycanlı kadrlar irəli çəkilmiş, daxili işlər orqanları peşəkar milli kadrlarla komplektləşdirilmişdir. Azərbaycanda Heydər Əliyevə qədər heç bir dövlət rəhbəri daxili işlər orqanlarının qarşısına fəaliyyətlərinin gücləndirilməsi ilə bağlı tələb qoymamış, eyni zamanda Heydər Əliyevə qədər heç bir rəhbər milis orqanlarının yaranma günü ilə bağlı keçirilən mərasimdə iştirak etməmişdi. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində Bakıda Milis Məktəbinin maddi texniki bazası gücləndirilmiş, yeni korpusları inşa olunmuşdur. Bütövlükdə, Ulu Öndər Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövrü bütün sahələrdə olduğu kimi, daxili işlər orqanlarının fəaliyyətində də yüksəliş mərhələsi kimi yadda qalmışdır.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə həyata keçirilən tədbirlərin nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana hərbi təcavüzünə qarşı ilk olaraq mübarizəyə qalxan daxili işlər orqanları olmuşdular. Birinci Qarabağ müharibəsindəki döyüşlərdə 1700-ə yaxın polis əməkdaşı və Daxili Qoşunların hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalmış, 1710 nəfər isə yaralanmışdır. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülmüşdür.
Heydər Əliyev qətiyyəti
Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan siyasi qruplar hüquqi dövlət quruculuğu prosesini həyata keçirə bilmədilər. Ona görə həmin vaxt polis orqanları da daxil olmaqla, respublikamızın hüquq-mühafizə strukturlarının fəaliyyətini yeni dövrün çağırışlarına uyğun olaraq yenidən formalaşdırmaq mümkün olmamışdı. Hakimiyyəti səriştəsiz qüvvələrin ələ alması dövlət idarəçiliyi mexanizmlərinin sıradan çıxmasına, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad və təhlükəsiz yaşamaq hüququnun, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı.
Ən acınacaqlısı o idi ki, respublikanı iflic vəziyyətinə salan AXC-Müsavat qaragüruhunun idarəetmədəki kobud səhvlərinin nəticəsində ölkədə güc strukturlarının, o cümlədən polisin fəaliyyəti demək olar ki, hiss olunmurdu. Saysız-hesabsız qanunsuz silahlı dəstələr və ayrı-ayrı şəxslərdə olan silah-sursat respublikanın kriminogen durumunu xeyli gərginləşdirmiş, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşdırmış, əhalidə vahimə və qorxu hissi, dövlət orqanlarına inamsızlıq yaratmışdı. Qanunlara itaətsizlik, hərc-mərclik, özbaşınalıq və bu kimi digər neqativ hallar dözülməz həddə çatmışdı.
Təsadüfi insanların Daxili İşlər Nazirliyində yüksək vəzifələrə təyin olunması nəticəsində kriminogen durumun nəzarətdən çıxması və baş verən cinayət hadisələrinin sayının misli görünməmiş dərəcədə artması yaddaşlardan hələ də silinməyib. Həmin illərdə kadr siyasəti ciddi şəkildə iflasa uğramış, vəzifə borcuna sədaqətli olan minlərlə peşəkar əməkdaş xidmətdən uzaqlaşdırılmış, onların yerinə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində heç bir bacarığı və səriştəsi olmayanlar qəbul edilmiş, rəhbər vəzifələrə təyin olunmuşdu. Dövlətin mühüm qurumlarından biri olan polisin fəaliyyətinə bu cür münasibət onun nüfuzdan düşməsinə gətirib çıxarmış, cinayətlərin kəskin formada artmasına səbəb olmuşdu.
Yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, daxili işlər orqanlarında da qısa müddətdə əsaslı keyfiyyət dəyişikliklərinin təməli qoyulmuşdu. Heydər Əliyevin respublikamıza rəhbərliyə başlamasından sonra qarşıya qoyduğu başlıca vəzifələrdən biri hüquq-mühafizə orqanlarının, xüsusilə də Daxili İşlər Nazirliyinin qanunauyğun fəaliyyətini təmin etmək və peşəkar kadrları irəliyə çəkməklə bu dövlət qurumunu xalqın və vətənin layiqli müdafiəçisinə çevirmək idi. "İctimai-siyasi sabitlik olmayan yerdə hər hansı inkişafdan söhbət gedə bilməz" deyən Ümummilli Lider ictimai asayişin etibarlı şəkildə mühafizəsi, ölkə daxilində qanunçuluğun, nizam-intizamın möhkəmləndirilməsi məqsədilə ilk növbədə Daxili İşlər Nazirliyinin fəaliyyətində dönüş yaratmağın vacibliyini önə çəkmiş, bu orqanın daxilində xoşagəlməz mühitin formalaşdığını, polis orqanlarının peşə səlahiyyətləri ilə bir araya sığmayan qanunsuz hərəkətlərə yol verdiyini təəssüflə bildirmişdi.
Beləliklə, Heydər Əliyevin qətiyyəti ilə qısa müddət ərzində həlli əvvəllər qeyri-mümkün görünən problemlər aradan qaldırıldı - ölkədə sabitlik bərqərar edildi, cinayətkarlığın artan dinamikasının qarşısı qətiyyətlə alındı, kriminogen durum tam nəzarətə götürüldü. Respublikada tüğyan edən mütəşəkkil cinayətkarlığa, ictimai-siyasi sabitlik üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu və təxirəsalınmaz tədbirlər həyata keçirildi. Sağlam düşüncəli, peşəkar kadrlar rəhbər orqanlara cəlb olundular, asayiş keşikçilərinin sıraları dövlətçilik maraqlarına və polis adına ləkə gətirən kadrlardan təmizləndi. Nəticə etibarilə daxildən saflaşan, təmizlənən Azərbaycan polisi fəaliyyəti ilə cəmiyyətin inamını doğrultdu, ölkədə həyata keçirilən uğurlu islahatlar siyasətinin təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrildi.
Ulu Öndərin "Azərbaycan Respublikasının dövlət atributlarından biri də Azərbaycan ordusu ilə yanaşı, Daxili İşlər Nazirliyidir, bu nazirliyin sistemində olan idarələr və qoşun hissələridir, polis orqanlarıdır. Məlumdur ki, hər bir müstəqil dövlət bir neçə böyük sütun üstündə fəaliyyət göstərə bilir. Hər bir dövlət üçün, o cümlədən müstəqil Azərbaycan dövləti üçün bu sütunlardan biri Daxili İşlər Nazirliyi polis orqanlarıdır" kəlamını fəaliyyətinin əsas prinsipi kimi qəbul edən daxili işlər orqanlarının şəxsi heyəti dövlətçiliyin möhkəmləndirilməsi, ictimai təhlükəsizliyin və asayişin qorunması istiqamətində Ümummilli Liderin ən sadiq köməkçiləri oldular.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ulu Öndərin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik təmin edildi, daxili işlər orqanlarının fəaliyyətində əsaslı dönüş yaradıldı: "1991-ci ildə yenidən dövlət müstəqilliyini bərpa etmiş respublikamızda baş verən dağıdıcı proseslər, yaranmış hakimiyyət böhranı və idarəolunmaz vəziyyət dövlətçiliyin əsas sütunlarından olan polis orqanlarına da mənfi təsir göstərmişdi. Ölkədə cinayətkarlıq kəskin şəkildə artmış, kriminogen durum nəzarətdən çıxmışdı. Yalnız 1993-cü il iyunun 15-də xalqın təkidi ilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyə qayıtması dövlətçiliyimizi uçurumdan xilas etdi. Ulu Öndərin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik təmin edildi, daxili işlər orqanlarının fəaliyyətində əsaslı dönüş yaradıldı və onun sıraları dövlətinə və xalqına sədaqətli şəxsi heyətlə komplektləşdirildi".
Heydər Əliyevin rəhbərliyi ilə cəmiyyətin bütün sahələrində başlanan islahatlar, əldə olunan uğurlar antidövlətçilik mövqeyindən çıxış edən, milli maraqları ayaqlar altına atmaqdan belə çəkinməyən "sapı özümüzdən olan baltalar" tərəfindən qısqanclıqla qarşılanırdı. Onların 1994-cü ilin oktyabr, 1995-ci ilin mart, 2003-cü ilin oktyabr aylarında dövlətçiliyə qarşı həyata keçirmək istədikləri təxribat Azərbaycan xalqı və dövlətçiliyinin keşiyində dayanan daxili işlər orqanları tərəfindən qətiyyətlə alındı. Milli maraqlara qarşı çıxanlarla daim barışmaz olduğunu bəyan edən Azərbaycan polisi ölkədə sabitliyin pozulmasına, hakimiyyətin zorla dəyişdirilməsinə yönəlik bütün cinayətkar əməllərin qarşısını mətinliklə almaqla dövlətçilik ideallarına sadiq qaldığını bu illərdə əməli fəaliyyəti ilə təsdiqlədi.
Daim təkmilləşən fəaliyyət və yüksələn peşəkarlıq
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi hüquqi dövlət quruculuğu konsepsiyasına uyğun olaraq, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və sistemli islahatlar daxili işlər orqanlarının fəaliyyətində yaxından hiss olunur. Ötən 22 ildə respublikamızda bütün sahələrdə baş verən yüksəliş Azərbaycan polisinin fəaliyyətinin də müasirləşməsi, peşəkarlığının yeni keyfiyyət mərhələsinə qədəm qoyması ilə əlamətdardır. Müasir çağırışları rəhbər tutan Azərbaycan polisi bu dövrdə qanunçuluğun qorunmasında, cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında, əməliyyat-xidməti fəaliyyətin vətəndaş məmnunluğu prinsipi üzərində qurulmasında layiqli xidmət həyata keçirmiş, qarşısında dayanan vəzifələri uğurla yerinə yetirmiş, ona bəslənən inamı şərəflə doğrultmuşdur.
2015-ci ildə baş verən Nardaran hadisələri göstərdi ki, Ümummilli Lider Heydər Əliyevin əmanəti olan və Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən Azərbaycanda ictimai-siyasi sabitlik möhkəm qorunur, hər hansı təxribatın, Konstitusiyaya zidd hərəkətlərin qarşısı daxili işlər orqanlarının şəxsi heyəti tərəfindən qətiyyətlə alınır.
Bütün dünyanı çənginə almış koronavirus pandemiyasının pik dövründə də Azərbaycan ictimaiyyəti daxili işlər orqanlarının şəxsi heyətinin fədakarlığına şahidlik etdi. Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları ilk gündən ölkəmizdə həyata keçirilən qabaqlayıcı və sosial izolyasiya tədbirlərinin önündə oldular. Evdə qalmağın vacib olduğu şəraitdə məhz onlar həyatlarını təhlükəyə ataraq karantin rejiminin tələblərinin yerinə yetirilməsini nəzarətdə saxladılar. Bir sözlə, həmin kritik günlərdə Azərbaycanda çiyninə böyük yük düşən dövlət strukturlarından biri də daxili işlər orqanları oldu.
Son illər respublikamız beynəlxalq səviyyəli bir sıra tədbirlərə evsahibliyi etmişdir. "Avroviziya" mahnı yarışması, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, COP29 bütün dünyaya Azərbaycanın nümunəvi təşkilatçılığı ilə yanaşı, həm də respublikamızda sabitliyin ən yüksək səviyyədə təmin olunduğunu nümayiş etdirmişdir. Bütün bu tədbirlər zamanı daxili işlər orqanlarının əməkdaşları öz vəzifə borclarını, qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirmiş, təhlükəsizliyin qorunmasına özlərinin layiqli töhfələrini vermişlər.
Azərbaycan polisinin fəaliyyətində əsas məqamlardan biri onun ən müasir tələblər səviyyəsinə çatdırılmasıdır. Texniki inkişafın nəticəsi olaraq son dövrlərdə dünyada terrorçuluğun və cinayətkarlığın yeni formaları meydana çıxmış, kibercinayətkarlıq aktual problem kimi özünü daha qabarıq göstərməyə başlamışdır. Lakin böyük məmnunluqla qeyd edilməlidir ki, bu gün Azərbaycan öz inkişafının, xüsusən təhlükəsizliyin təmini sahəsində həyata keçirdiyi fəaliyyətin elə bir səviyyəsinə çatmışdır ki, istənilən təhdidin qarşısını almağa qadirdir. Bu baxımdan Azərbaycan polisinin kibercinayətlərin qarşısının alınması istiqamətində fəaliyyəti təqdirəlayiqdir. İnformasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin açılması və belə hüquqazidd əməllərə yol verən şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunması istiqamətində effektiv nəticələrin əldə edilməsi bu sahədə həyata keçirilən uğurlu tədbirlərdən xəbər verir.
Ümumiyyətlə, fəaliyyətin müasir çağırışlara uyğunlaşdırılması Azərbaycan Daxili İşlər Nazirliyinin bütün strukturlarını əhatə edir. Bu məqsədlə orqanların ən müasir texnologiyalarla təchizatı həyata keçirilmiş, çoxsaylı elektron xidmət, dövlət-vətəndaş münasibətlərində şəffaflığın, operativliyin artırılmasını və fərdi məlumat mübadiləsini təmin edən "E-Polis" mobil tətbiqi və digər informasiya resursları yaradılmışdır. Daxili İşlər Nazirliyinin "ASAN xidmət" mərkəzlərində fəaliyyəti təşkil olunmuşdur.
Respublikamızın Silahlı Qüvvələrində həyata keçirilən modernləşmə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarını da əhatə etmişdir. Bunun sayəsində Daxili Qoşunlar qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə qadir silahlı birləşmə kimi peşəkarlığını və hərbi hazırlığını daha da artırmışdır. Bütün hərbi hissə və bölmələr döyüş hazırlığına və maddi-texniki bazasına görə dünyanın qabaqcıl ölkələrinin müvafiq qurumları ilə müqayisə edilə bilən səviyyəyə yüksəlmişdir.
Hazırda mükəmməl və modern infrastruktura, güclü maddi-texniki bazaya malik olan respublikamızın daxili işlər orqanları ictimai asayişin, qanunçuluğun qorunması üzrə peşəkar kadr korpusuna malikdir. Ümumiyyətlə, xidməti vəzifələrin dəqiq və qüsursuz yerinə yetirilməsi, fəaliyyətdə dürüstlük, prinsipiallıq və məsuliyyət kimi keyfiyyətlərin hər zaman qorunması üçün düzgün kadr seçimi xüsusi diqqət mərkəzində saxlanılır. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən mütəmadi olaraq keçirilən sıra baxışlarında tələblərə və göstəricilərə cavab verən gənclər polis orqanlarında xidmət etmək imkanı əldə edirlər.
Vətən müharibəsində və antiterror tədbirlərində yazılan qəhrəmanlıq salnaməsi
Azərbaycan daxili işlər orqanlarından bəhs edərkən bu strukturun Vətən müharibəsi, antiterror əməliyyatları zamanı həyata keçirdiyi fəaliyyətini xüsusi qeyd etməliyik. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində ilk saatlardan döyüşə atılan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları Ali Baş Komandan İlham Əliyevin müsəlləh əsgərləri kimi torpaqlarımızın azad edilməsinə, erməni işğalçıları üzərində şanlı Zəfərin qazanılmasına mühüm töhfələr verdilər. Ən ağır döyüşlərdə, ən çətin əməliyyatlarda, o cümlədən Şuşanın azad edilməsində iştirak edən Daxili Qoşunların hərbçiləri öz peşəkarlıqları və vətənpərvərlikləri ilə müharibənin möhtəşəm qəhrəmanlıq nümunələrini yaratdılar. Cəbhənin bütün istiqamətlərində düşmənə qarşı igidliklə vuruşaraq, torpaqlarımızın azad olunması üzrə döyüş tapşırıqlarını öz canları və qanları bahasına yerinə yetirdilər, yüksək vətənpərvərlik, peşəkarlıq və müasir döyüşaparma qabiliyyəti nümayiş etdirərək, "dəmir yumruq"la işğalçının başını əzdilər.
Vətən müharibəsində Daxili Qoşunların 66 hərbçisi şəhidlik zirvəsinə ucalmış, 346 nəfər yaralanmışdır. Ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri qəhrəmanlığa görə Daxili Qoşunların 4 hərbi qulluqçusu "Vətən Müharibəsi Qəhrəmanı" adı ilə təltif edilmişdir. 39 nəfər "Zəfər", "Qarabağ", "Azərbaycan bayrağı", "Rəşadət" ordeni ilə mükafatlandırılmış, yüzlərlə hərbi qulluqçu müxtəlif medallara layiq görülmüşdür.
2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda Ermənistan ordusunun bölmələrinə və separatçılara qarşı keçirilən antiterror tədbirlərində də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbçiləri böyük qəhrəmanlıqlar göstərmişlər. Ərazilərimizdəki erməni separatizminə son qoyulması ilə başa çatan antiterror tədbirlərində Daxili Qoşunların şəxsi heyətindən 12 nəfər şəhid olmuş, 24 nəfər yaralanmışdır.
44 günlük savaşdan və antiterror tədbirlərindən sonra Azərbaycan polisinin və Daxili Qoşunların fəaliyyətində yeni şərəfli missiya başlamışdır. Belə ki, hazırda işğaldan azad edilmiş ərazilərdə ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, mühüm əhəmiyyətli obyektlərin mühafizəsində, Böyük qayıdış proqramının uğurla reallaşmasında, Prezident, Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsində daxili işlər orqanları şərəfli xidmət həyata keçirirlər.
Azərbaycanın sabitliyin etibarlı təminatı baxımından yalnız regionda deyil, dünyada ən yaxşı göstəricilərə malik ölkələrdən biri olması hər birimizdə qürur və fəxarət hissi doğurur. Dövlətimizin və xalqımızın mənafeyi naminə yüksək rəşadət göstərməyə qadir olan respublikamızın daxili işlər orqanlarının fəaliyyəti sübut edir ki, ölkəmiz sosial-iqtisadi inkişafla yanaşı, həm də ictimai asayişin və əmin-amanlığın qorunması sahəsində də liderlər sırasındadır.
Bu gün 107 yaşı tamam olan Azərbaycan polisi dövlətçiliyimizin əsas sütunlarından biridir. Prezident İlham Əliyevin dediyi kimi, hazırda Azərbaycan polisi güclü nizam-intizama, yüksək peşəkarlığa malik, müasir maddi-texniki imkanlarla təchiz edilmiş, dövlətçiliyimizin qorunması işində önəmli xidmətləri olan mühüm dövlət təsisatıdır.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"