04 İyul 2023 09:00
9140
SİYASƏT
A- A+
Dövlətçiliyin və müstəqilliyin etibarlı müdafiəçiləri

Dövlətçiliyin və müstəqilliyin etibarlı müdafiəçiləri

 

Azərbaycana sədaqətli xidmət və qəhrəmanlıq, vətənpərvərlik, məsuliyyət missiyası polisin 105 illik şərəf salnaməsidir

 

İstiqlalımızın polad sipərlərindən, sabitliyin və təhlükəsiz həyatın əsas təminatçılarından olan Azərbaycan polisi fəaliyyətinin 105-ci ildönümünü ölkəmiz üçün əlamətdar yubileylər silsiləsində qeyd edir. 
Ulu Öndər Heydər Əliyevin 100, Milli Qurtuluşun 30, Xalq Cümhuriyyətinin 105, həmçinin tarixin ən qüdrətli Azərbaycanının müəllifi olan İlham Əliyevin Prezidentliyinin 20 illiyi xalqımız tərəfindən böyük qədirbilənlik, minnətdarlıq və sevinclə qeyd olunur. 
Əhəmiyyətli məsələ odur ki, sadalanan bu əlamətdar tarixi məqamların hər birinin mahiyyətində daxili işlər orqanlarının şərəfli, sədaqətli və peşəkar fəaliyyəti əlahiddə iz qoyub. Böyük zəfərə verdiyi töhfələri, cinayətkarlığa qarşı mübarizədə davamlı nailiyyətləri və pandemiya dövründəki fədakarlıqları isə daxili işlər orqanlarının peşə bayramında qürur duyacağı anlardır.

 

Şanlı tarix

 

Tarixinin zəfərli dövrünü yaşayan Azərbaycan iqtisadi-sosial inkişaf modeli ilə yanaşı, həm də təhlükəsizliyin və sabitliyin etibarlı təminatı baxımından dünyada mükəmməl nümunələrdən birini yaradıb. Transmilli mütəşəkkil cinayətkarlığın, o cümlədən beynəlxalq terrorçuluğun sərhəd tanımadığı, kriminogen durumun qlobal miqyasda kəskinləşdiyi müasir dövrdə ölkəmiz, Prezidentin təbirincə desək, sabitlik adasına çevrilib. Bu nailiyyətin əldə olunmasında, şübhəsiz ki, daxili işlər orqanlarının da əzmkar fəaliyyəti qeyd edilməlidir.
Xalq Cümhuriyyəti hökumətinin qərarına əsasən, 1918-ci il iyulun 2-də Yelizavetpol (Gəncə) quberniyasında ilk milli polis orqanlarının yaradılması ilə Azərbaycan polisi çox çətin tarixi sınaqlar dövründə şərəfli missiyasının icrasına başladı. 105 yaşlı daxili işlər orqanları ictimai asayişin qorunmasında, dövlətimizə qarşı yönələn cinayətkar qəsdlərin qarşısının alınmasında, torpaqlarımızın müdafiəsində, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə və digər istiqamətlərdə daim müstəsna xidmətlər göstərib. Xaosdan qurtuluşa keçidin bütün keşməkeşli, ziddiyyətli məqamları, ən əsası isə dövlətçilik təəssübü, mübarizliyi və fədakarlığı milli polisimizin fəaliyyət salnaməsini təşkil edir. Bu gün ictimai sabitliyin təminatına, kriminogen duruma nəzarətə görə Azərbaycanın MDB və Şərqi Avropa məkanında yüksək nəticələrə sahib olması faktı da, heç şübhəsiz, bu tarixin şərəfli səhifələrindəndir.
Daxili işlər orqanlarının fəaliyyətinin hər bir dövrü zəngin və məsuliyyətli tarixi, Vətən və xalq qarşısında vəzifə öhdəliklərinin layiqincə doğrulmasını real əks etdirir. Bu strukturun fəaliyyətinin ən şanlı, uğurlu mərhələsi isə Heydər Əliyevlə, onun bu gün də davam edən ideyaları ilə birbaşa bağlıdır. Azərbaycan polisinin fəaliyyətində köklü islahatların yarandığı ilk "qızıl dövr" Ulu Öndərin ötən əsrin 70-80-ci illərdəki rəhbərliyi altında gerçəkləşdi. Həmçinin 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev cəmiyyətin hava və su kimi ehtiyac duyduğu sabitliyi bərqərar etmək üçün daxili işlər orqanlarına arxalandı. Azərbaycan polisi xalqa layiqli xidməti ilə dövlət quruculuğu prosesində öz möhkəm, sarsılmaz, şərəfli yerini tutdu.
İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə isə Daxili İşlər Nazirliyi fəaliyyətini daha da təkmilləşdirmiş, işini müasir dünyanın çağırışlarına uyğun qurmuşdur. Ən mühümü odur ki, daxili işlər orqanlarındakı mənəvi ruh sağlamlığı, şəxsi heyətin Vətən və xalq qarşısındakı tarixi məsuliyyət hissi daha da yüksəlmişdir.
Vətənə, xalqa, Ulu Öndərin irsinə, Prezidentin kursuna sədaqət andına daim sadiq olan Azərbaycan polisi şanlı missiyasını, məsuliyyətli fəaliyyətini indi daha yeni, təkmil istiqamətlərlə davam etdirir, strukturda aparılan islahatların real nəticələrini görür. Bu əlamətdar tarixi - peşə bayramını isə fəaliyyətindəki uğurların yaratdığı yüksək əhvali-ruhiyyə ilə, həm də böyük Zəfərin sevinc təəssüratları altında keçirir. 

 

Vətən savaşının igid fədailəri

 

105-ci ildönümü daxili işlər orqanları üçün yalnız tarixi gün deyil, həm də görülən işlərin kompleks dəyərləndirilməsi və daha səmərəli fəaliyyətin müəyyənləşdirilməsi baxımından mühüm məqamdır. Bu mənada Azərbaycan polisi növbəti peşə bayramında yüksək vətənpərvərlik və məsuliyyətli xidmətlə əldə etdiyi nailiyyətlərin hesabatını verir və bundan nəticələr çıxarır. Həmçinin Vətən müharibəsindən sonra yaranan reallıqların doğurduğu tələblər əsasında yeni fəaliyyət istiqamətlərini formalaşdırır. 
Ən əsası isə xalqımızın böyük iftixarına çevrilən tarixi Zəfərimiz şəxsi heyət üçün müqəddəs dəyər kimi qəbul edilir. Qarabağın və Şərqi Zəngəzurun hər bir bölgəsində, məntəqəsində artıq öz şərəfli fəaliyyətini ləyaqətlə həyata keçirən daxili işlər orqanlarının əməkdaşları peşə bayramını böyük coşqu və inamla qarşılayırlar.
"Dəmir yumruğ"u ilə 32 illik amansız müharibəyə qətiyyətlə son qoyan Müzəffər Ali Baş Komandan İlham Əliyevin qazandığı Zəfər Azərbaycan tarixinin dönüş mərhələsidir. İkiəsrlik ədalətsizliyin qarşısını alan, Ulu Öndərin müqəddəs vəsiyyətini yerinə yetirən, Qafqaz regionunun bundan sonrakı iqtisadi, geosiyasi, hərbi müqəddəratını, asayişini dəyişdirən tarixi Zəfər Silahlı Qüvvələrimizin, habelə daxili işlər orqanlarının mükəmməl gücə çevrildiyini təsdiqlədi. 
Daxili işlər orqanları Vətən savaşının ilk dəqiqələrindən etibarən Ali Baş Komandanın müsəlləh əsgərləri kimi vəzifə borclarını şərəflə, məsuliyyətlə icra etməyə başladılar. Qeyd edək ki, hələ Birinci Qarabağ savaşı dönəmində ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının şəxsi heyəti rəşadətlə döyüşmüş, böyük qəhrəmanlıq örnəyi yaratmışdır. Öncəki savaşda 932 əməkdaşı şəhid olmuş, 681 nəfər yaralanmışdır. Vətən savaşında isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 66 hərbçisi şəhid olmuş, 346 nəfər isə yaralanmışdır. Cənab Prezident tərəfindən 1377 hərbi qulluqçu yüksək dövlət təltiflərinə, 4 nəfər "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüşdür.

 

Ön cəbhənin qəhrəmanları, arxa cəbhənin mübarizləri

 

Birinci Qarabağ müharibəsində və Vətən savaşında şəhid olan əməkdaşlar daim böyük ehtiram və minnətdarlıqla anılırlar. Onların şanlı irsi yaşadılmaqla yanaşı, ailələri, doğmaları da daim nazirliyin himayəsindədir. Həmçinin döyüşlərdə yaralanmış və iştirak etmiş əməkdaşlar və hərbi qulluqçular qayğı, diqqətlə əhatə olunublar. 
DİN tərəfindən Vətən savaşında iştirak etmiş və polis orqanlarında fəaliyyət göstərmək arzusunda olan gənclərə də xüsusi şərait yaradılır. Fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü müvafiq tələblərə cavab verdiyi təqdirdə onlar xidmətə qəbul edilirlər. İndiyədək bu kateqoriyadan olan, eləcə də şəhid ailələrindən yüzlərlə gənc daxili işlər orqanlarında xidmətə qəbul edilib.
Xatırladaq ki, Azərbaycanda hərbi vəziyyətin elan olunması ilə əlaqədar 22 şəhər və rayonda komendant saatı tətbiq edilmişdi. 2020-ci ilin sentyabr ayının 28-dən dekabrın 12-dək qüvvədə olan komendant saatı dövründə daxili işlər orqanları yalnız hərbi vəziyyət rejiminin tətbiq edildiyi inzibati ərazi vahidlərində deyil, ümumiyyətlə, respublika üzrə səfərbər oldular. 
Hələ Ermənistan təslimçilik aktını imzalamamış və savaş bitməmiş Prezident böyük müdriklik və uzaqgörənliklə "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" fərman imzaladı. 29 oktyabr 2020-ci il tarixli fərmana əsasən, işğaldan azad olunmuş ərazilərdə hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların yaradılması qərara alındı. Fərman imzalandıqdan dərhal sonra bütün ərazilər üzrə komendaturalar yaradıldı, müvəqqəti komendantlar təyin olundu. Daxili İşlər Nazirliyinin və digər dövlət strukturlarının təmsilçilərinin iştirakı ilə ərazi komendaturaları işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejiminin tətbiqindən başlayaraq bütün digər istiqamətlər üzrə mühüm vəzifələri icra etdilər. 
İndi isə işğaldan azad edilmiş ərazilərdə polis orqanlarının idarə və şöbələri təşkil olunub, əməkdaşlar, eləcə də Daxili Qoşunların hərbi qulluqçuları xidməti vəzifələrini layiqincə yerinə yetirirlər. Qarabağda və Şərqi Zəngəzurda müvafiq postlar qurulub, təhlükəsizliyə tam nəzarət olunur. 
Müzəffər Ali Baş Komandanın "Qarabağa, tarixi torpaqlarımıza onun sahibləri, biz qayıtmışıq. Bu torpaqlardan bir də heç vaxt çıxmayacağıq" bəyanatı da daxili işlər orqanlarının əməkdaşları üçün Qarabağ bölgəsində xidmətin əsas məramı, məqsədi və hədəfidir.
Daxili İşlər Nazirliyinin şəxsi heyətinin ön cəbhəylə yanaşı, arxa cəbhədə də şərəfli xidməti ilə Vətən savaşında qazanılan qələbəyə töhfələr verməsi dövlət, millət, Ulu Öndərin əbədiyaşar ruhu və Prezident qarşısında məsuliyyət borcu idi. Bu borc ləyaqətlə ödəndi. Bu baxımdan tam əminliklə demək olar ki, böyük Zəfər daxili işlər orqanlarının 105 illik tarixinin ən möhtəşəm səhifələrindəndir.
Bu kontekstdə daxili işlər orqanlarının digər mühüm fəaliyyət yönümü də böyük əhəmiyyət kəsb edir. Koronavirus pandemiyası ilə mübarizə dövründə Azərbaycan polisi böyük fədakarlıq və yüksək əzmkarlıqla ən yüksək səviyyədə fəaliyyət yürütdü. Əhalinin sağlamlığının qorunması üçün gecəli-gündüzlü fasiləsiz xidmət aparan şəxsi heyət pandemiya ilə mübarizədə ön sırada addımladı. 

 

Müasir və uğurlu təcrübə

 

Dövlət müstəqilliyi bərpa edildikdən sonra respublikada daxili sabitliyin təmin edilməsində, əməliyyat şəraitinin və kriminogen durumun stabilləşdirilməsində, qanunçuluğun və hüquq qaydasının möhkəmlənməsində polis böyük rol oynayıb. Ulu Öndərin müəyyənləşdirdiyi düzgün və müdrik yolla qətiyyətlə irəliləyən şəxsi heyət Prezident İlham Əliyevin qarşıya qoyduğu məsuliyyətli vəzifələrin sədaqətlə icrası üçün gecəli-gündüzlü səfərbərdir. Vətəndaşların əmin-amanlığının, təhlükəsizliyinin yüksək səviyyədə təmin edildiyi dövlət imicini Azərbaycan daim möhkəmləndirir. Ölkəmiz yenə də əhalinin say nisbəti üzrə cinayətlərin azlığına görə dünyada öncül mövqeyini qoruyur. 
Statistik rəqəmlər də göstərir ki, Azərbaycan polisi tərəfindən son 20 ildə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb. Bu dövrdə 24 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 69 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 20 tona yaxın narkotik vasitə çıxarılıb. 
Bu nailiyyətlərin davamlılığı ötən ilin göstəricilərində də əksini tapıb. Belə ki, 2022-ci ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətlərin 89,7 faizinin açılması təmin edilib. Ayrı-ayrı hüquqazidd əməllərin açılmasının nəticələri də yüksək olmaqla ağır və xüsusilə ağır cinayətlərin 85,3, qeyri-aşkar şəraitdə baş verənlərin 85,7, şəxsiyyət əleyhinə olanların 98,2, mülkiyyət əleyhinə olanların 81,8 faizi açılıb, o cümlədən keçmiş illərdən bağlı qalmış 368 cinayət üzrə təqsirli şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunub. Həyata keçirilmiş əməliyyat tədbirləri ilə 251 kriminal qrup zərərsizləşdirilib, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olunub, axtarışda olan 557 təqsirləndirilən şəxsin tutulması təmin edilib. Ötən il şəxsiyyət əleyhinə olan cinayətlər, o cümlədən qəsdən adam öldürmələr, adam öldürməyə cəhdlər, qəsdən sağlamlığa az ağır zərər vurmalar, odlu silahın tətbiqi ilə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər, oğurluqlar, soyğunçuluqlar azalıb. Qeyri-leqal dövriyyədən əvvəlki illə müqayisədə 373 kiloqram çox - 3 ton 418 kiloqram narkotik vasitə çıxarılıb, 172 tondan artıq narkotik xassəli bitkilər aşkarlanaraq məhv edilib. Vətəndaşların qəbulu və minlərlə müraciətinin araşdırılması zamanı qaldırılan məsələlərin əksəriyyəti qanunauyğun həllini tapıb, "102" Xidmətinə, qaynar xətlərə daxil olmuş, sosial şəbəkələrdə yayımlanmış 3 milyona yaxın müraciətə çevik reaksiya verilib, cinayətlər nəticəsində vurulmuş maddi ziyanın təxminən 90 faizi ödənilib, əhaliyə göstərilən elektron xidmətlər müasir tələblərə uyğun təkmilləşdirilib. 
Məlum olduğu kimi, informasiya texnologiyalarının qlobal miqyasda dinamik inkişafı onun cinayətkarlığa transformasiyasına da güclü təkan verib. Müxtəlif kibertəhlükələrin, o cümlədən insanların müasir texnologiyalarla bağlı yetərincə məlumatsızlığından bəhrələnərək törədilən talamaların və bu kimi digər halların sayı durmadan artır. Yaranmış vəziyyət daxili işlər orqanlarının da qarşısına yeni vəzifələr qoyur, həmçinin bu sahədə mübarizə tədbirlərinin daha müasir texnoloji vasitələrlə aparılmasını tələb edir. Ona görə də daxili işlər orqanlarının əməkdaşları beynəlxalq miqyasda mövcud olan ən modern təcrübəni mənimsəmək üçün davamlı surətdə təlimlərə cəlb olunur, yenilikləri mənimsəyir və fəaliyyətlərində uğurla tətbiq edirlər. 
Amma bütün bunlar heç də arxayınçılıq yaratmır, şəxsi heyət xidməti fəaliyyəti daha məsuliyyətlə davam etdirir. Onlar kriminogen duruma nəzarət, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində əldə olunan müsbət təcrübəni daim təkmilləşdirir, onu müasir dövrün çağırışlarına uyğunlaşdırırlar. Əməliyyat-xidməti fəaliyyətdəki müsbət nəticələrlə bərabər, ümumi işə mənfi təsir göstərən halların mövcudluğu da nəzərə alınaraq hərtərəfli təhlil əsasında onların aradan qaldırılması, xidməti fəaliyyətin səmərəliliyinin artırılması ilə bağlı qərarlar qəbul edilir. 

 

Səmərəli islahatlar, təkmil kadr hazırlığı

 

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr müasir tariximizə dinamik inkişaf, dərin islahatlar, o cümlədən polisin xidmətinin təkmilləşdirilməsi üzrə davamlı fəaliyyət mərhələsi kimi daxil olub. Bu gün daxili işlər orqanları müasir maddi-texniki bazası, infrastrukturu və qabaqcıl texnologiyası olan mobil dövlət qurumudur.
Bu strukturda xüsusən, kadr hazırlığının artırılması və modernləşdirilməsi, fəaliyyətin təkmilləşdirilməsi prosesi hazırda sistemli şəkildə bir-birini tamamlayan vahid istiqamətlər üzrə həyata keçirilir. Şəxsi heyətin peşə hazırlığının zamanın yeni təhdid və çağırışlarına cavab verən səviyyəyə yüksəldilməsi üçün ardıcıl iş aparılır. Ölkəmizdə və xarici dövlətlərdə keçirilən treninqlərə, forumlara, təcrübə mübadiləsinə və digər tədbirlərə minlərlə əməkdaş cəlb olunur. Polisin əsas vəzifələrinin icrasının təşkilində, o cümlədən transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə - BMT, Avropa İttifaqı, NATO, MDB kimi nüfuzlu təşkilatların və onlarca ölkənin aidiyyəti qurumları ilə səmərəli əməkdaşlıq münasibətləri öz bəhrəsini verir.
Daxili işlər orqanları vətəndaşla sıx təmasda olan strukturlardandır. Onun fəaliyyəti daim vətəndaşın gözü önündədir, eyni zamanda vətəndaş hansısa çətinliklə üzləşəndə dərhal müraciət edəcəyi ilk orqan polisdir. Bu baxımdan əməkdaşlardan peşəkarlıq, məsuliyyətlə yanaşı, sağlam, səmimi ünsiyyət vərdişləri tələb olunur.
Odur ki, Prezident İlham Əliyevin hər bir ölkənin gələcəyinin, inkişafının geniş intellektual səviyyəli, müasir texnologiyaların sirlərinə bələd olan, vətənpərvər, milli-mənəvi dəyərlərə, dövlətçiliyə sadiq gənclərdən asılı olması barədə fikirləri daxili işlər orqanlarında xidmətə qəbul prosesində əsas meyardır. Şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirilən qəbullarda biliyi və bacarıqları, dünyagörüşləri qaneedici səviyyədə olan, polis adını və şərəfini uca tutacaq gənclər şəxsi heyətin sıralarına qəbul edilir. 
Nazirliyin təhsil müəssisələrində - Polis Akademiyasında, A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbdə və Daxili Qoşunların Ali Hərbi Məktəbində düşüncəsi, vətənpərvərliyi və digər mənəvi keyfiyyətləri ilə seçilən, müasir çağırışlara adekvat cavab vermək bacarığına malik yeni nəsil yetişir. Hazırkı internet əsrində, rəqəmsal dünyada yüksək bilik və bacarıq olmadan keçinməyin mümkünsüzlüyünü nəzərə alaraq təhsil müəssisələrində kursantların intellektual səviyyəsinin yüksəldilməsinə, xüsusi nəzəri bilik, fiziki və psixoloji hazırlığına önəm verilir, onlara milli ruh, vətənpərvərlik, humanizm, zabit qüruru kimi mənəvi dəyərlər aşılanır.

 

Vətəndaş məmnunluğu davamlı olaraq artır

 

Daxili işlər orqanlarında mütəmadi olaraq fəaliyyətin bütün istiqamətləri üzrə monitorinqlər, araşdırmalar aparılır, əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı orqanlarda ümumi işə mənfi təsir göstərən hallar müəyyənləşdirilir, onların hərtərəfli təhlili aparılır, aradan qaldırılması yolları göstərilir. Eyni zamanda polisin şərəfli adına xələl gətirəcək, cəmiyyətin öz polisinə inamını sarsıdacaq hər hansı neqativ hala qarşı da kifayət qədər prinsipiallıq nümayiş etdirilir.
Daxili İşlər Nazirliyi mümkün olan bütün vasitələrlə - rəsmi mənbələrdən sosial şəbəkələrə qədər bütün platformalarda vətəndaşlarla sıx, operativ ünsiyyət qurub. Hər bir müraciət, təklif, şikayət araşdırılır, dəqiqləşdirilir, həlli üçün konkret iş görülür. Ən əsası isə bu proses qısa müddətdə həyata keçirilir.
Elektron xidmətlər, veb-saytlar, qaynar xətlər, "ASAN xidmət" mərkəzlərində fəaliyyət və digər bu kimi tədbirlər başlıca vəzifələrdən olan vətəndaş məmnunluğunun təmin edilməsinə yönəlib. Cənab Prezidentin müəyyənləşdirdiyi fəaliyyət üslubuna uyğun olaraq, onlar xalqın xidmətçisi funksiyasını fasiləsiz həyata keçirirlər.
Nazirlik sistemində maddi-texniki təminatın, xidmət şəraitinin yaxşılaşdırılması, fəaliyyətin təkmilləşdirilməsi, sosial müdafiə işinin gücləndirilməsi istiqamətində Prezident tərəfindən davamlı tədbirlər həyata keçirilir. Bu ali dəstək, qayğı, himayə daxili işlər orqanlarının əməkdaşlarını daha da ruhlandırır, onları vətənə, xalqa sədaqət andı ətrafında sıx səfərbər edir. Bütövlükdə polis milli maraqların, sabitliyin və asayişin keşiyində mətinliklə dayanır, insan hüquq və azadlıqlarının müdafiəsi üçün uğurlu fəaliyyət ortaya qoyur.
Əminik ki, daxili işlər orqanlarının şəxsi heyəti ötən 105 ildə olduğu kimi, bundan sonra da fəaliyyətini layiqincə, peşəkarlıqla həyata keçirəcək, hər bir şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin etibarlı müdafiəsini təşkil edəcək, ölkədə əmin-amanlığın davamlılığının təmin olunması üçün qüvvə və bacarığını əsirgəməyəcək. Prezident İlham Əliyevin dövlətçilik və müstəqillik kursunun sadiq icraçısı olan Azərbaycan polisinin şəxsi heyəti sabitliyin, asayişin, daxili təhlükəsizliyin keşiyində daim əzm və qətiyyətlə dayanacaq.
İnanırıq ki, Azərbaycan polisi Vətənə, xalqa, Ulu Öndərin irsinə, möhtərəm Prezidentin kursuna sədaqət andına daim sadiq qalacaq, bu şərəfli yoldan zərrə qədər də sapmayacaqdır. Müzəffər Sərkərdəmizin qazandığı Zəfərin müstəqilliyimiz kimi daim əbədi olması naminə daxili işlər orqanlarının hər bir əməkdaşı xüsusi səylə, qətiyyətlə, fədakarlıqla xidmət göstərəcək. 

İxtiyar HÜSEYNLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!