08 Noyabr 2025 08:05
1081
SİYASƏT
A- A+
Dövlətçiliyimizi, müstəqilliyimizi və tariximizi qürurlandıran Zəfər

Dövlətçiliyimizi, müstəqilliyimizi və tariximizi qürurlandıran Zəfər


Tariximizi və dövlətçilik irsimizi Zəfərlə şərəfləndirən Vətən müharibəsinin başa çatmasından 5 il ötür. 5 il böyük zaman kəsiyi deyil. Lakin torpaqlarımızın işğaldan azad edilməsindən sonra ötən bu qısa dövrün reallıqları fonunda 44 günlük savaşın və hər bir azərbaycanlıya sonsuz qürur hissi yaşadan şanlı Zəfərin həm Azərbaycan tarixindəki yerini, həm də respublikamızın bu günü və gələcəyi baxımından rolunu və əhəmiyyətini daha dərindən dərk edirik. Çünki möhtərəm Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı və Silahlı Qüvvələrimizin qəhrəmanlığı sayəsində biz sadəcə Ermənistana deyil, onilliklər boyu erməni təəssübünü çəkən Qərb siyasi isteblişmentinə, beynəlxaq münasibətlər sistemində kök salmış ədalətsizliklərə, ikili standartlara  qalib gəlmişik. 


Qələbənin siyasi, iqtisadi və diplomatik aspektləri


Vətən müharibəsindəki Zəfərimizdən və torpaqlarımızın işğal olunmasından bəhs edərkən hər şeydən əvvəl tariximizi qürurlandıran bu hadisələrin reallaşmasını təmin edən aspektlərə nəzər salmağımız mütləqdir. Çünki bu qalibiyyətin əldə olunması, dövlətimizin haqq işinin uğur qazanması ilk növbədə yaradılmış möhkəm siyasi, diplomatik, iqtisadi və hərbi təməllərə, o cümlədən milli və siyasi həmrəyliyə əsaslandı. 

Artıq həllini tapmış Qarabağ məsələsi ilə bağlı həqiqətlər bu problemin hələ ilk vaxtlarından beynəlxalq ictimaiyyətə yaxşı məlum idi. BMT, ATƏT və 1992-ci ildən fəaliyyətdə olan Minsk qrupu, o cümlədən həmsədr dövlətlərin rəhbərləri, ümumilikdə, beynəlxalq siyasi münasibətlərin bütün subyektləri hər zaman əsl gerçəkliklərdən agah olublar. Yəni Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu dünyada bilməyən yox idi. 1991-ci il Alma-Ata Bəyannaməsi ilə Qarabağın Azərbaycan ərazisi olduğu təsbit edilmiş, Azərbaycan bu gerçəkliklər əsasında BMT-yə üzv qəbul olunmuşdu. Habelə 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamədə Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini dərhal tərk etməsi tələb edilmişdi. 

Bir sözlə, Azərbaycanın həqiqətləri masada olsa da, başda Fransa kimi dövlətlər olmaqla erməni təəssübünü çəkən Qərb siyasi dairələri özlərini ikiüzlü apardılar. Onlar obyektiv həqiqətlərə münasibətdə riyakarcasına davrandılar, ikili standartlardan çıxış edərək, dolayısı ilə işğalçıya dəstək verdilər. Qarabağ probleminin tarixində bir dəfə də olmadı ki, Qərb təşkilatları və ya artıq fəaliyyətini dayandırmış ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana BMT qətnamələrinin tələblərini yerinə yetirməyə vadar etmək üçün hansısa siyasi təzyiq metodundan istifadə etsinlər.  Təəssüf ki, bu, heç vaxt baş vermədi.

Təbii ki, Azərbaycan dövləti və xalqı heç vaxt torpaqlarının işğal altında qalması faktı ilə barışa bilməzdi. 1993-cü ildən respublikamızda başlanan Heydər Əliyev siyasi kursunun da ortaya qoyduğu əsas həqiqətlərdən biri bu idi ki, işğal altında olan torpaqlarımız mütləq azad ediləcək, məcburi köçkünlər öz evlərinə geri dönəcəklər. Ulu Öndər Heydər Əliyev 1998-ci ildə Novruz bayramı münasibətilə Mərdəkandakı "Abşeron" sanatoriyasında məcburi köçkünlərlə görüşündə inamlı şəkildə demişdi: “Bu gün Novruz bayramını bir yerdə keçiririk. Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə gələcəyəm Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram”. 

Başqa bir çıxışında isə Ulu Öndər torpaqlarımızın işğaldan azad olunması ilə bağlı inamını belə ifadə etmişdi: “Azərbaycan bu vəziyyətdən çıxacaq, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, qaçqınlar öz yerinə, yurduna qayıdacaqlar və Azərbaycan müstəqil dövlət kimi yaşayacaq, inkişaf edəcəkdir”.

Bu inam və əminlik Heydər Əliyevin siyasi təcrübəsinin, uzaqgörənliyinin və gələcəyə strateji baxışlarının nəticəsi olaraq ötən əsrin 90-cı illərindən etibarən torpaqlarımızın azadlığını təmin edəcək möhkəm siyasi, iqtisadi və hərbi bünövrənin yaradılmasından irəli gəlirdi. Ulu Öndərin müəyyən etdiyi strateji xətt Qarabağ probleminin həllinə kompleks yanaşmanı nəzərdə tuturdu. Yəni Heydər Əliyev problemin yoluna qoyulması istiqamətində yalnız ordu quruculuğu ilə kifayətlənmədi. Görkəmli dövlət xadimi kimi həm də təcrübəli strateq olan Heydər Əliyev yaxşı bilirdi ki, torpaqlarımızın azadlığına gedən yol həm də iqtisadi inkişafdan, Azərbaycanın güclü qlobal mövqelərə nail olmasından keçir. Ona görə Ulu Öndər respublikamızın iqtisadi inkişafı ilə bağlı məsələlərə xüsusi diqqət ayırdı, mütərəqqi enerji strategiyasını müəyyən edərək həyata keçirdi, respublikamızın beynəlxalq münasibətlər sistemindəki yerini möhkəmləndirdi. Tarix də göstərir ki, bu cür strateji məqsədlərə nail olunması Azərbaycanın öz milli maraq və mənafelərini qətiyyətlə təmin etməsində və torpaqlarımızın işğaldan azad edilməsinə gedən yolda güclü və effektiv vasitələr kimi özünü göstərdi. 

Eyni zamanda məhz Heydər Əliyevin sayəsində sülh danışıqları prosesinin elə bir hüquqi əsasları yaradıldı ki, bu prosesdə istənilən həll variantında Qarabağın Azərbaycan ərazisi olduğu tanındı. Bu baxımdan 1996-cı ilin dekabr ayında Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilən ATƏT-in Zirvə toplantısı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində respbulikamızın maraqlarının tam təmin olunduğu siyasi tədbir kimi tarixə düşdü. Ermənistanın etirazlarına baxmayaraq, münaqişənin Azərbaycanın maraqları çərçivəsində nizama salınmasına imkan verən baza formulu məhz bu görüşdə müəyyənləşdi ki, bu da Qarabağın Azərbaycanın ərazisi olduğunu təsbit edirdi.

Bütövlükdə, Azərbaycanın qlobal siyasi və iqtisadi mövqelərinin indiki qədər güclü olmadığı bir tarixi gerçəklikdə, erməni yalanlarının hökm sürdüyü bir konyunktur şəraitdə xalqımızın Ümummilli Lideri Heydər Əliyev Qarabağ probleminin nizama salınması məsələsində Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə qorudu, Qərb siyasi dairələrinin, Minsk qrupunun həmsədrlərinin bütün təzyiqlərini qətiyyətlə dəf etdi. Heydər Əliyev danışıqlar prosesində Azərbaycanın mənafelərinə zidd olan heç bir həll təklifini yaxına buraxmadı. Eyni zamanda məhz Ulu Öndərin respublikamıza prezidentliyi dövründən başlayaraq, Azərbaycan Cənubi Qafqazda Ermənistanın bütün regional iqtisadi inteqrasiya proseslərindən total təcridi siyasətini həyata keçirməyə başladı. Qərbin təzyiqlərinə baxmayaraq, Ermənistan bütün iqtisadi və enerji layihələrindən kənarda saxlanıldı. 


İlham ƏLİYEV: “Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”


Ulu Öndər Heydər Əliyevin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əsasını qoyduğu hərbi, siyasi-diplomatik və iqtisadi bünövrə Prezident İlham Əliyevin liderliyi ilə 2003-cü ildən sonra daha da möhkəmləndirildi. Bu məqamda möhtərəm İlham Əliyevin Azərbaycan Prezidenti kimi ilk dəfə and içərkən etdiyi çıxışında Qarabağ probleminin həlli ilə bağlı nümayiş etdirdiyi mövqeyini xüsusi qeyd etməliyik. Həmin çıxışında cənab İlham Əliyev demişdi: “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.

Bu fikirlər ilk növbədə onu göstərirdi ki, birincisi, cənab İlham  Əliyevin Prezident kimi fəaliyyəti dövründə Qarabağ probleminin yoluna qoyulması Azərbaycan dövlətinin prioritet vəzifələrindən biri olacaq. İkincisi, cənab İlham Əliyev Prezident kimi ilk dəfə olaraq məhz həmin çıxışında bəyan etdi ki, problemin həllində heç bir güzəştə getməyəcək, Qarabağ ölkəmizin ayrılmaz ərazisi olaraq qalacaq. Üçüncüsü, Prezident İlham Əliyev Ermənistana və ATƏT-in Minsk qrupunun həmsədrlərinə aydın şəkildə ismarış verərək bildirdi ki, sülh danışıqları nəticəsiz qalarsa, Azərbaycan dövləti torpaqlarını müharibə yolu ilə işğaldan azad edəcəkdir.

Bu qətiyyətli və birmənalı mövqe Prezident İlham Əliyevin Vətən müharibəsinin başlanmasına qədər olan dövr ərzindəki fəaliyyətində aydın şəkildə özünü göstərdi. Dövlətimizin başçısı Qarabağ probleminin həlli məsələsində həmişə açıq siyasət apardı, həm sülh danışıqlarına sadiq qaldı, həm də Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılmasını həmişə xüsusi diqqət mərkəzində saxladı. Qürur hissi ilə qeyd etməliyik ki, 2003-cü ildən sonra dinamik vüsət alan iqtisadi inkişafın və enerji layihələrinin işə düşməsi nəticəsində Azərbaycanın artan maliyyə imkanlarının xüsusilə öz təsirini göstərdiyi sahələrdən biri Silahlı Qüvvələrimiz oldu. Cənab İlham Əliyevin respublikamıza hələ birinci müddət prezidentliyi dövründə ordumuzun döyüş qabiliyyətinin artırılması istiqamətində görülən işlər artıq göz önündə idi. Məhz həmin dövrdən etibarən Azərbaycanın dövlət büdcəsindən hərbi məqsədlər üçün ayrılan xərclər 1 milyard manatı ötdü. Hərbi sənaye baxımından inkişaf edən dövlətlərlə, o cümlədən Türkiyə və İsraillə səmərəli əməkdaşlıq ordumuzun ən müasir silah və texnikalarla təchiz edilməsində əvəzsiz rol oynadı. Respublikamızda müasir müdafiə sənayesi kompleksinin yaradılması da ölkəmizin hərbi qüdrətinin yüksəldilməsinə xidmət etdi. 

Azərbaycan Prezidentinin müasir ordu quruculuğu istiqamətində atdığı məqsədyönlü addımlar, həyata keçirdiyi kompleks tədbirlər qısa zamanda ordumuzu dünyanın ən qüdrətli Silahlı Qüvvələri sırasında qərarlaşdırdı. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırıldı. Bu mənada inkişafın Azərbaycan nümunəsinin əsas göstəricilərindən biri də ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətini artırması idi.  Hələ 2008-ci ildə keçirilən hərbi paradda nümayiş etdirilən hərbi texnika Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu üzərindəki əzici üstünlüyündən xəbər verirdi. 2016-cı ilin Aprel döyüşləri isə bunun ilk praktiki təsdiqi idi. Ermənistan oz ordusu ətrafında miflər yaradanda, məğlubedilməzlik yalanları uyduranda və danışıqlar prosesini imitasiya edəndə Azərbaycan müasir hərbi çağırışlar əsasında ordu quruculuğu həyata keçirdi, sülh prosesinin baş tutmayacağı təqdirdə torpaqlarımızın döyüş yolu ilə azad edilməsi üçün etibarlı zəmin formalaşdırdı. Zaman cənab Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasət yürütdüyünü təsdiq etdi. 

Hərbi quruculuqla yanaşı, Qarabağ probleminin həlli ilə bağlı siyasi-diplomatik sferada aparılan işlər yeni keyfiyyət mərhələsinə yüksəldildi. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərlə Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyinin müdafiəsini təmin edən hüquqi baza möhkəmləndirildi. Bütün siyasi platformalarda Ermənistan diplomatik küncə sıxışdırıldı. Azərbaycanın yürütdüyü hücum diplomatiyası, o cümlədən informasiya savaşında həyata keçirdiyi sistemli fəaliyyət Ermənistanın işğal siyasətinin bütün səviyyələrdə ifşa olunmasında mühüm rol oynadı. Bunlarla yanaşı, Azərbaycanın uğurla reallaşdırdığı enerji və nəqliyyat siyasəti respublikamızın yalnız regionda deyil, qlobal müstəvidə mövqelərini daha da möhkəmləndirdi, Bakının strateji tərəfdaşlarının sayını artırdı. Bu sırada Azərbaycanın hələ Vətən müharibəsindən əvvəl Qoşulmama Hərəkatına sədrliyi dövründə həyata keçirdiyi fəaliyyəti xüsusi qeyd etməliyik. Məlum olduğu kimi, məhz bu çərçivədə görülən işlər Vətən müharibəsi günlərində Fransanın BMT səviyyəsində Azərbaycana qarşı qərarların qəbul edilməsinin qarşısını almışdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2003-cü ildən bu günə qədər bütün bu lazımi addımlar atıldı və biz siyasi müstəvidə qələbə qazandıq. 

Torpaqlarımızın işğaldan azadlığına gedən yolda ən böyük uğurlardan biri Azərbaycanın iqtisadi inkişafı oldu. Azərbaycanın iqtisadi baxımdan heç bir kənar təsirdən asılı olmaması, etibarlı maliyyə dayaqlarını yaratması ölkəmizin Ermənistan qarşısındakı üstünlüyünü təmin edən əsas faktorlardan biri kimi özünü göstərdi. İqtisadi inkişafın nəticəsi olaraq respublikamızda həyata keçirilən quruculuq işləri, xüsusən cəbhəyanı rayonlarda yaradılan müasir səhiyyə və yol infrastrukturu da ərazilərimizin işğaldan azad olunmasına aparan yolun mühüm elementləri idi. Bu yollar ordumuzun sürətli hərəkətini təmin etdi, cəbhəyanı rayonlarda inşa olunan müasir xəstəxanalar isə müharibə günlərində yaralı hərbçilərimizi yenidən həyata qaytardılar. 

Bütövlükdə, 2003-2020-ci illərin siyasi və iqtisadi mənzərəsi göstərir ki, Azərbaycan dövləti torpaqlarının işğaldan azad olunması üçün bütün müstəviləri əhatə edən komleks fəaliyyət həyata keçirib ki, bu da milli maraqları rəhbər tutan məqsədyönlü və uzaqgörən siyasi kursdan xəbər verir. 


Yenilməz qətiyyətin təcəssümü 


Azərbaycan danışıqlar prosesində sonadək səbir etdi. Lakin İrəvanın bu prosesi imitasiya etməsi, destruktiv və qeyri-adekvat davranışları, davamlı şəkildə hərbi-siyasi təxribatlar törətməsi göstərirdi ki, danışıqların aparılmasının artıq mənası yoxdur. Xüsusən 2019-cu ildə Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” deməsi, danışıqların formatının dəyişdirilməsindən və prosesə separatçı rejimin cəlb edilməsindən dəm vurması, 2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində hərbi təxribatın törədilməsi, avqust ayında Ermənistanın Azərbaycan ərazisinə diversiya-kəşfiyyat qrupu göndərməyə cəhd etməsi, könüllü hərbi birliklər yaratması, cəbhə xəttinə yeni hərbi qüvvələr cəmləşdirməsi, Azərbaycanın işğal altındakı ərazilərində xaricdən gətirilən ermənilərin qanunsuz məskunlaşdırılması, Ermənistanın keçmiş müdafiə naziri tərəfindən “Yeni ərazilər üçün yeni müharibə” konsepsiyasının irəli sürülməsi göstərirdi ki, İrəvan sülhdə yox, təcavüzkar siyasətini davam etdirməkdə maraqlıdır. 

Prezident İlham Əliyev 2020-ci il sentyabrın 21-də BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında və  bundan 3 gün sonra keçirilən BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında bütün bunlar barədə danışaraq, təcavüzkar ritorika və təxribatların Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirdiyini bildirdi. BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edən Azərbaycan Prezidenti təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bəyan etdi. 2020-ci il sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşdə isə Prezident İlham Əliyev xəbərdarlıq edərək bildirdi ki, əgər Ermənistan hücum etsə, peşman olacaq: “Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar”.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra baş verənlər Prezident İlham Əliyevin bu xəbərdarlığının sözün bütün mənalarında həyata vəsiqə aldığını təsdiq etdi. Öncə onu qeyd edək ki, həmin gün Silahlı Qüvvələrimizin başlatdığı “dəmir yumruq” əməliyyatı Azərbaycan dövlətinin hamılıqla qəbul edilmiş beynəlxalq sənədlərlə, o cümlədən BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təsbit olunmuş hüquqlarının təmin edilməsi üçün atdığı legitim addım idi. Beynəlxalq hüquqa tam riayət etməklə başladılan əks-hücum əməliyyatı və cavab tədbirləri ilk saatlardan düşmənin  onilliklər boyu möhkəmləndirdiyi mövqelərinin yarılması və ərazilərimizin işğaldan azad edilməsi ilə nəticələndi. Müharibənin ilk günündə Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdulrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, o cümlədən Kəlbəcər istiqamətində bir sıra mövqelər düşməndən azad olundu. 

Müharibənin ilk saatlarından bütün dünya Prezident İlham Əliyevin yenilməz qətiyyətinə şahidlik etdi. Məlum olduğu kimi, müharibə başlayan kimi əsl simasını ortaya qoyan Fransanın siyasi rəhbərliyi və erməni təəssübünü çəkən digər siyasi mərkəzlər Azərbaycanı qondarma iddialarla ittiham etməyə başladılar, öz açıqlamaları, telefon zəngləri, digər ölkələrin rəhbərləri ilə apardığı danışıqlarla Azərbaycana qarşı təzyiq yolunu tutdular. Lakin Prezident İlham Əliyev sübut etdi ki, heç bir siyasi təzyiq onu yolundan döndərə, torpaqlarımızın işğaldan azad edilməsinin qarşısını ala bilməz. Bu baxımdan Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin qətiyyətli Ali Baş Komandanlığı ilə yanaşı, yürütdüyü müdrik siyasi-diplomatiya torpaqlarımızın işğaldan azad olunmasının və tarixi qələbəmizin əsasında dayanan mühüm faktor oldu. Dövlətimizin başçısının müharibənin gedişində Rusiyanın, “Rossiya-1,  “Pervıy”, RBK televiziya kanallarına, “Ria Novosti”, TASS və “İnterfaks” agentliklərinə, Türkiyənin “TRT Haber”, CNN-Türk, “Haber Global”, “Haber Türk”, NTV, “A Haber”  televiziyalarına,  Fransanın “Sky News”,  “France 24” televiziyalarına, “Figaro” qəzetinə,  Almaniyanın ARD televiziyasına, Yaponiyanın “Nikkei” qəzetinə, ABŞ-nin “Fox News” televiziyasına, İtaliyanın “Rai-1” televiziyasına və “La Repubblica” qəzetinə, İspaniyanın EFE informasiya agentliyinə, dünyada yüz milyonlarla izləyicisi olan “Əl-Cəzirə”, “Əl-Ərəbiyə”,  “Euronews”,  “CNN International”, “BBC News” kimi televiziya kanallarına müsahibələrində respublikamızın beynəlxalq hüquq normalarından irəli gələn mövqeyini  beynəlxalq auditoriyaya çatdırdı. Bu müsahibələrlə cənab İlham Əliyev həm də erməni yalanlarına qarşı informasiya savaşında Azərbaycanı qalib etdi, beynəlxalq müstəvidə ölkəmizə qarşı siyasi-diplomatik cəbhənin yaradılmasına imkan vermədi.


Milli qürurumuzu ucaldan şərəf tariximiz


44 gün ərzində hər gün cəbhədən qələbə xəbərləri gəldi. Azərbaycan tarixinin ən şərəfli səhifələrinin müəllifinə çevrilən Prezident İlham Əliyevin rayonlarımızın, şəhər və kəndlərimizin azad edilməsi ilə bağlı  müjdələri ölkədə bayrama döndü. “Dəmir yumruq” hücum əməliyyatını peşəkarlıqla yerinə yetirən ordumuz müharibə günlərində dayanmadan irəlilədi, hər bir uğurlu əməliyyat Vətən savaşının əlamətdar hadisəsi oldu. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə şəhər və kəndlərimiz azad olunduqca bütün dünya Silahlı Qüvvələrimizin gücünə, peşəkarlığına, əsgər və zabitlərimizin yüksək döyüş əzminə, vətənpərvərliyinə, Azərbaycan cəmiyyətindəki milli və siyasi həmrəyliyə şahidlik etdi. Döyüşən oğullarımız bu savaşda sözün bütün mənalarında qəhrəmanlıq dastanı yazdılar, bu yolda şəhidlik məqamına ucaldılar.  Vətən uğrunda canından keçən gənclərimiz Qarabağı heç vaxt görməmişdilər. Amma hər biri layiqli, məsuliyyətli, vətənpərvər vətəndaş kimi formalaşmışdı və onların qarşısında düşmən heç vaxt duruş gətirə bilməzdi. Zəfər Günündə şəhidlərimizin xatirəsini bir daha ehtiramla yad edir, qazilərimizə şəfa diləyirik.

Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-də başlatdığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.  2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin gedişində həlledici mərhələ oldu. Şuşanın azad edilməsindən sonra Ermənistanın kapitulyasiya etməkdən və noyabrın 10-da Azərbaycanın şərtləri əsasında hazırlanan üçtərəfli Bəyanata imza atmaqdan başqa yolu qalmadı.

Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfərlə Prezident İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi  “Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir” sözləri real həyatda təcəssümünü tapdı. Azərbaycanı təhdid edən, ölkəmizə qarşı şərtlər irəli sürən, vaxtı uzatmaqla işğala daha güclü beynəlxalq dəstək almaq istəyən Ermənistan döyüş yolu ilə torpaqlarımızdan qovuldu.

 Vətən savaşının nəticəsi olaraq Azərbaycan yeni reallıq yaratdı. Əsas reallıq əlbəttə ki, torpaqlarımızın işğaldan azad olunmasıdır. Eyni zamanda bəzi beynəlxalq təşkilatların və dövlətlərin Ermənistanın işğal siyasətinə dəstək verən mövqelərinə tutarlı zərbə vuruldu. Azərbaycan yalnız Ermənistana deyil, erməni təəssübkeşi olan kollektiv Qərbə qalib gəldi.  

2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyətinin və bölgədə yaranmış yeni reallığın hüquqi-siyasi təsdiqidir. Bu sənəd həm də regionda artıq bərqərar edilən  sülhün və təhlükəsizliyin zəmanəti, siyasi bazasıdır. Bu sənədə imza atmaqla Ermənistan bir dövlət olaraq öz üzərinə öhdəliklər götürdü. Həmin öhdəliklərin bir qismi, o cümlədən Ağdam, Kəlbəcər və Laçın rayonlarından işğalçı ordunun qalıqlarının çıxarılması 2020-ci ilin noyabr və dekabr aylarında təmin olundu. 

2023-cü ilin sentyabrında isə Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Ermənistanın üçtərəfli Bəyanatla üzərinə götürdüyü digər öhdəlik - erməni silahlı qüvvələrinin Qarabağı tərk etməsi məsələsi döyüş yolu ilə təmin olundu.  Bununla həm də Vətən müharibəsindəki Zəfər yürüşünün davamı olaraq respublikamızın ərazisində erməni separatçılığına son qoyuldu, Qarabağ iqtisadi rayonunda Azərbaycanın konstitusiya quruluşu bərqərar edildi.

Azərbaycan Respublikası torpaqlarının işğaldan azadlığı üçün sistemli şəkildə bütün sahələrdə hazırlıq işləri həyata keçirdi və uğurlu nəticə üçün zəmin formalaşdırdı. Cəmi 44 gün ərzində Ermənistanın diz çökdürülməsi və qazanılan möhtəşəm zəfər bu hazırlığın siyasi-iqtisadi və strateji baxımdan necə yüksək peşəkarlıqla  və həm də böyük təmkin və səbirlə həyata keçirildiyini nümayiş etdirir. 

Azərbaycan xalqı 8 Noyabr - Zəfər Gününü böyük təntənə və fəxrlə qarşılayır. Zəfər Günü dövlətçiliyimizin parlaq səhifəsi və milli qürurumuzu ucaldan şərəf tariximizdir. Zəfərimizin baş memarı olan cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu şanlı tarix üzərində həm də dövlətimizin yeni uğurlarına imza atır. Bu ilin avqustunda Vaşinqtonda əldə edilən razılaşmalar əsasında Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin paraflanması, ATƏT-in Minsk qrupu və onunla əlaqəli strukturların ləğv edilməsi, Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə öhdəlik götürməsi göstərir ki, Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyan möhtərəm Prezident İlham Əliyevin liderliyi ilə həm də regionda  sülh və etimad quruculuğu prosesi uğurla davam etdirilir. 


Ziyafət  ƏSGƏROV, 

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!