№ 488
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanının 2.2-1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilve-rənlərin sertifikatlaşdırma Qaydası” təsdiq edilsin (əlavə olunur).
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 30 dekabr 2023-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 488 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci maddəsinə və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 20-1.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq hazırlanmışdır və dövlət məktəbəqədər təhsil müəssisələrində (bundan sonra – təhsil müəssisələri) pedaqoji fəaliy-yətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir.
1.2. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.
1.3. Sertifikatlaşdırmaya cəlb olunmuş təhsilverənlərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
1.4. Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər:
1.4.1. hamilə qadınlar;
1.4.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
1.4.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində;
1.4.4. azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş təhsil-verənlər.
1.5. 60 və daha yuxarı yaşda olan təhsilverənlərin sertifikat-laşdırmada iştirakı könüllüdür.
2. Sertifikatlaşdırmanın təşkili
2.1. Sertifikatlaşdırma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 2.2-ci bəndinə uyğun olaraq yaradılmış Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası (bundan sonra – Sertifikatlaşdırma Şurası) tərəfindən təşkil edilir.
2.2. Sertifikatlaşdırma Şurası:
2.2.1. sertifikatlaşdırmanın aparılmasına cəlb olunmuş mütəxəssislərin vəzifə bölgüsünü müəyyən edir;
2.2.2. sertifikatlaşdırmanın test imtahanı mərhələsinin sualla-rının və müsahibə mərhələsi üçün qiymətləndirmə meyarlarının hazırlanmasını təmin edir;
2.2.3. sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı proqram təminatının hazırlanmasına nəzarət edir;
2.2.4. müsahibə komissiyalarının tərkibinə dair Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə (bundan sonra – Nazirlik) təkliflər təqdim edir;
2.2.5. sertifikatlaşdırmanın aparılmasını təşkil edir;
2.2.6. sertifikatlaşdırmaya cəlb edilməsi nəzərdə tutulmuş təhsilverənlərin siyahısını təsdiq edir;
2.2.7. sertifikatlaşdırmanın nəticələrini Nazirliyə təqdim edir.
2.3. Sertifikatlaşdırma ilə bağlı məsələlərin tənzimlənməsi məqsədilə Nazirliyin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Siste-mi”ndə “Məktəbəqədər təhsil üzrə sertifikatlaşdırma” altsistemi (bundan sonra – altsistem) yaradılır.
2.4. İctimai nəzarətin təmin edilməsi məqsədilə Sertifikatlaş-dırma Şurası dövlət orqanlarının (qurumlarının), beynəlxalq və qeyri-hökumət təşkilatlarının, habelə medianın nümayəndələrini sertifi-katlaşdırmaya müşahidəçi qismində dəvət edir. Müşahidəçilərin sertifikatlaşdırmanın gedişatına müdaxiləsi yolverilməzdir.
3. Sertifikatlaşdırmanın keçirilməsi
3.1. Sertifikatlaşdırma iki mərhələdən (test imtahanı və müsahibə) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir.
3.2. Sertifikatlaşdırmanın keçirilməsi yerini və vaxtını Nazirlik müəyyən edir və altsistemdə yerləşdirir. Sertifikatlaşdırma təhsilverənlərin tədris apardığı dildə keçirilir.
3.3. Nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparır və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edirlər.
3.4. Qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaş-dırmanın keçirilmə vaxtı və yeri, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir. Təhsilverən sertifikatlaşdırmaya yalnız şəxsiyyət vəsiqəsi təqdim etdikdə buraxılır.
3.5. Sertifikatlaşdırma zamanı qadağan olunan hərəkətlərin, habelə gətirilməsi qadağan edilən əşyaların siyahısı Sertifikat-laşdırma Şurası tərəfindən təsdiq olunaraq yaddaş kitabçasına daxil edilir və namizədin “Şəxsi kabineti”nə göndərilir.
3.6. Təhsilverən yaddaş kitabçasında müəyyən edilmiş tələbləri pozduqda, bu barədə akt tərtib edilir və həmin şəxs sertifikat-laşdırmadan kənarlaşdırılır. Müvafiq pozuntular sertifikatlaşdırma başa çatdıqdan sonra videomüşahidə kameralarının məlumatları əsasında aşkar edilərsə, həmin təhsilverənin sertifikatlaşdırma nəticələri Sertifikatlaşdırma Şurası tərəfindən ləğv edilir.
3.7. Test imtahanı mərhələsinin sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına və peşəsinə uyğun olmaqla tərtib edilir.
3.8. Test imtahanı mərhələsində təhsilverənlərə məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 (altmış) sual təqdim edilir.
3.9. Test imtahanı mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir.
3.10. Test imtahanı mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir.
3.11. Test imtahanı mərhələsində hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.
3.12. Test imtahanı mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test imtahanı mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir.
3.13. Test imtahanı mərhələsində azı 30 (otuz) bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində hər bir təhsilverənə 20 (iyirmi) dəqiqə vaxt ayrılır.
3.14. Müsahibənin keçirilməsi üçün Sertifikatlaşdırma Şurasının təklifləri əsasında Nazirlik müsahibə komissiyası yaradır və onun tərkibini təsdiq edir.
3.15. Müsahibə mərhələsi aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
3.15.1. təhsilverənin ünsiyyət bacarığı (20 bal);
3.15.2. təlimin planlaşdırılması bacarığı (10 bal);
3.15.3. təlimin təşkilində istifadə olunan iş forması və üsulları tətbiq etmək bacarığı (10 bal).
3.16. Müsahibə mərhələsində maksimum 40 (qırx) bal toplanıla bilər.
3.17. Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 (iyirmi) bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər. Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri proqram təminatına daxil edilir.
3.18. Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində elan edilir və təhsilverənlərin sertifikatlaşdırma üzrə ümumi nəticələri onların “Şəxsi kabinet”inə göndərilir.
3.19. Sertifikatlaşdırmanın test imtahanı və müsahibə mərhələ-lərində bu Qaydanın müvafiq olaraq 3.13-cü və 3.17-ci bəndlərində göstərilən minimal balları toplamış təhsilverənlər sertifikatlaşdırmadan keçmiş hesab olunurlar.
3.20. Sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilve-rənlər məhkəməyə və (və ya) nəticənin onun “Şəxsi kabinet”inə göndərildiyi tarixdən 30 (otuz) iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxır.
4. Sertifikatlaşdırmanın nəticələri
4.1. Sertifikatlaşdırma Şurasının təqdim etdiyi sertifikatlaşdır-manın nəticələri barədə məlumat əsasında Nazirlik sertifikatlaşdır-madan keçən və keçməyən təhsilverənlərin siyahısını hazırlayaraq Nazirlik yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə göndərir.
4.2. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan sertifikat verilir. Sertifikat sertifikatlaşdırmanın nəticələri elan olunduqdan sonra 5 (beş) iş günü müddətində hazırlanır.
4.3. Sertifikatın həqiqiliyi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanıla bilər.
4.4. Sertifikat Sertifikatlaşdırma Şurasının sədrinin elektron imzası ilə təsdiq edilir.
4.5. Sertifikat təhsilverən üçün açılmış “Şəxsi kabinet”də yerləşdirilir.
4.6. Sertifikatda aşağıdakı məlumatlar əks olunmalıdır:
4.6.1. sertifikatın nömrəsi və verildiyi tarix (altsistem tərəfindən verilir);
4.6.2. təhsilverənin sertifikatlaşdırmada iştirak etdiyi tarix;
4.6.3. sertifikatın etibarlılıq müddəti (müddətin başa çatdığı tarix və ya üçüncü dəfə sertifikatlaşdırmadan keçmiş təhsilverənlər üçün müddətsiz olduğu göstərilir);
4.6.4. təhsilverənin identifikasiya məlumatları (soyadı, adı, atasının adı və doğum tarixi) və FİN kodu;
4.6.5. təhsilverənin çalışdığı təhsil müəssisəsinin (tabeliyi göstərilməklə) adı;
4.6.6. təhsilverənin sertifikatlaşdırmada iştirak etdiyi dil;
4.6.7. təhsilverənin test imtahanı və müsahibə mərhələlərində topladığı balı;
4.6.8. sertifikatın təhsilverənə təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verdiyinə dair qeyd.
4.7. Sertifikatda bütün məlumatlar Azərbaycan dilində yazılır.
4.8. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 (beş) il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ əldə edirlər. Sertifikatlaşdırmadan üçüncü dəfə keçəndən sonra təhsilverənlər təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1-ci maddəsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə qədər məşğul olmaq hüququ əldə edirlər.
5. Yekun müddəalar
5.1. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır.
5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən təhsilverənlər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər.
5.3. Təkrar sertifikatlaşdırmada iştirak etməyən və ya bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi 1 (bir) ay müddətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.