Başa çatan 2023-cü il MDB-də “Rus dili İli” oldu. Bu tamamilə təbiidir, çünki məhz bu dil Birlik ölkələrində millətlərarası ünsiyyət və inteqrasiya dialoqu üçün mühüm vasitə hesab edilir. MDB iştirakçı dövlətlərin Parlamentlərarası Assambleyasının bu yaxınlarda keçirilmiş plenar iclasında Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova qeyd edib ki, yola saldığımız ildə Azərbaycanda bir çox təhsil və mədəni-maarif tədbirləri təşkil olunub ki, onların hamısı respublikada rus dilinin möhkəmlənməsinə yönəldilib. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev AZƏRTAC-a müsahibəsində Azərbaycan ilə Rusiya arasında yeni humanitar, mədəni və təhsil layihələrindən bəhs edib.
-Dmitri İvanoviç, mütəxəssislər qeyd edirlər ki, qonşuların dilinə və mədəniyyətinə münasibət iki ölkənin əlaqələrində səmimiliyin və yaxınlığın göstəricisidir. Azərbaycanda rus dilinə və mədəniyyətinə münasibətdə və Azərbaycan mədəniyyəti ilə bağlı Rusiyada vəziyyətə dair fikirləriniz nədən ibarətdir?
-Rusiyalılar yaxşı bilirlər ki, bu günümüzdə də, bizim tarixi keçmişimizdə də Azərbaycanda rus mədəni irsinə və dilinə hörmət və diqqətlə yanaşırlar. Əlbəttə, bu maraq və diqqət qarşılıqlıdır. Son məlumatlara görə, Azərbaycanda əhalinin təqribən üçdə ikisi, o cümlədən Azərbaycan ziyalılarının böyük əksəriyyəti rus dilini bilir, Rus İcmasının isə təxminən 120 min üzvü var və bu, Cənubi Qafqazda ən yüksək göstəricidir. Respublikada rus dilində təhsil almaq olar, rusdilli KİV-lər fəaliyyət göstərir, tamaşalar hazırlanır, filmlər nümayiş etdirilir, rus dilində kitablar nəşr olunur, Rusiyanın yaradıcı kollektivlərinin müntəzəm qastrolları keçirilir. Ayrıca qeyd edərdim ki, Rusiyada da zəngin Azərbaycan mədəniyyətini böyük maraq və hörmətlə qəbul edirlər. Azərbaycan kollektivlərinin qastrollarına, azərbaycanlı bəstəkarların və musiqiçilərin, şair və yazıçıların, aktyor və rəssamların yaradıcılığına da böyük maraq var. Onların bir çoxunu həm Azərbaycanın, həm də Rusiyanın mədəniyyət xadimləri adlandırmaq olar.
-Siz Azərbaycanda rus dilində təhsili xatırlatdınız. Bu gün ona tələbin olmasını necə qiymətləndirərdiniz?
-Bunu rəsmi statistik rəqəmlər əyani şəkildə göstərir: Azərbaycanın 340-dan çox məktəbində təhsil rus dilində aparılır, yəni, “rus sektorunda” təqribən 150 min uşaq oxuyur, həmçinin siniflər ağzınadək doludur. Rus dilində ali məktəblərdə də təhsilin populyarlığı ildən-ilə artır. Ölkənin bir çox universitetlərində rusdilli bölmələr var. Mütəxəssislərin bildirdiyinə görə, hazırda Azərbaycanda təqribən 15 min tələbə rus dilində təhsil alır. Respublikada Slavyan Universitetinə və Rusiya ali məktəblərinin filiallarına – MDU, İ.M.Seçenov adına Birinci MDTU-ya böyük tələb var. Digər ali məktəblərdə də perspektivli qarşılıqlı fəaliyyət müşahidə olunur. Belə ki, məsələn, bu yaxınlarda Bakıda keçirilmiş Sankt-Peterburq Politexnik Universitetinin nümayəndə heyəti ilə Rusiya və Azərbaycan ali məktəbləri arasında əməkdaşlıq və tərəfdaşlığın mümkün variantları müzakirə olunub.
-Yəqin ki, Azərbaycanda təhsil sahəsində rus dilinin bu cür populyar olmasının amillərindən biri də təhsili Rusiyada davam etdirmək imkanıdır.
-Şübhəsiz, Rusiyada ixtisasın, stajın artırılması, bəzən isə məşğulluq və karyera imkanları da bu məsələdə mühüm rol oynayır. Bakıda oktyabr ayında keçirilmiş Rusiya ali məktəblərinin təhsil sərgisini yüzlərlə insan ziyarət edib, onlar bir sıra Rusiya universitetlərinin resurs imkanları, unikal təhsil layihələri və azərbaycanlı tələbələr üçün yaradılan şəraitlə tanış olublar. Bundan başqa, Azərbaycanda “rus sektorunun” şagirdləri üçün Rusiyanın elmi və yaradıcı konfransları, forumlarında iştirak etmək, rusiyalı həmkarlarla dialoq aparmaq imkanları da əhəmiyyətlidir. Məsələn, Azərbaycandan olan istedadlı tələbələr və aspirantlar bu yaxınlarda “Gənc alimlər regionun drayveri kimi” adlı Xəzər Gənclər Forumunda iştirak ediblər. Onlar Həştərxan Tibb Universitetində keçirilən bu tədbirdə ekologiya və tibb sahələrində innovasiyaları təqdim ediblər.
Vurğulamaq istəyirəm ki, tələbə gənclər bizim xalqlarımızın, mədəniyyətlərimizin və icmalarımızın yaxınlaşmasına mühüm töhfələr verirlər. Məsələn, bu yaxınlarda Moskva Dövlət Linqvistik Universitetində keçirilmiş “Xalqlar dostluğu” üçüncü beynəlxalq forumunda Azərbaycanın Himni səslənib, tədbirin gedişində isə qonaqlar MDB xalqlarının dillərinin öyrənilməsi mərkəzləri ilə, milli mədəniyyətlər, musiqi, milli mətbəxlərlə tanış olmaq imkanı əldə ediblər.
-Rusiya ilə Azərbaycan arasında mədəniyyət sahəsində möhkəm əlaqələr bizim ortaq tariximizə, ümumi yaradıcılıq irsimizə əsaslanır. Bu irsin qorunması üçün hər iki ölkədə hansı işlər görülür?
-Həm Rusiyada, həm də Azərbaycanda keçirilən yaradıcılıq tədbirlərində görkəmli mədəniyyət xadimləri iştirak edir, bizi birləşdirən milli keyfiyyətlər ifadə olunur. Ölkələrimizdə təkcə klassiklərin yaradıcılığı deyil, həm də müasir mədəniyyət xadimlərinin bu sahəyə töhfələri qeyd olunur. Xüsusən, görkəmli Rusiya-Azərbaycan bəstəkarı Fərəc Qarayevin 80 illiyi münasibətilə Moskvada konsertlər təşkil olunur. Bizim ortaq mədəni irsimizə aid olan gələcək ulduzlar da diqqətdən kənarda qalmır. Belə ki, “Neva bülbülü” Ümumrusiya Vətənpərvərlik Uşaq Mahnı Müsabiqəsində iştirak edən 118 istedadlı uşaq və yeniyetmələrin arasında mötəbər Rusiya münsiflər heyəti birinci yerə məhz Müslüm Maqomayevin “Azərbaycan - baharlı yurdum” mahnısını ifa edən Bakı Musiqi Akademiyasının musiqi məktəb-studiyasının məzunu Teymur Kazımovu layiq görüb. O, hazırda öz təhsilini Sankt-Peterburq Dövlət Konservatoriyasında davam etdirir.
Əlbəttə, Rusiyanın incəsənət xadimləri də Azərbaycanda diqqətdən kənarda qalmır, həm də onlar həmişə azərbaycanlı tamaşaçıları yeni xüsusi sürprizlərlə sevindirməyə çalışırlar. Məsələn, Yeni il ərəfəsində Heydər Əliyev Fondu görkəmli rus opera müğənnisi Yana Melikayevanı Bakıya dəvət edib. O, Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirdə xüsusi olaraq bir neçə mahnını Azərbaycan dilində ifa edəcək.
-Bu yaxınlarda keçirilmiş ölkələrimiz arasında humanitar əlaqələrin inkişafına xidmət edən hansı tədbirləri əlamətdar adlandıra bilərsiniz?
- IX Bakı Beynəlxalq Kitab Sərgisi Azərbaycanda rus dilinin aktuallığını və əhəmiyyətini açıq şəkildə nümayiş etdirdi. Rusiya bu sərgidə fəxri qonaq qismində iştirak edirdi və Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, həmçinin Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bu tədbirdə iştirak edirdilər. Rusiyanın 100 kvadratmetrlik stendində 600-dən çox nəşr təqdim edildi. Bundan başqa, azərbaycanlı mütəxəssislər “Bizim kitabxanalar. Rus dili ana dili kimi” profil proqramı çərçivəsində Rusiyanın kitabxana və təhsil texnologiyaları ilə tanış oldular. Professional inkişaf üzrə həyata keçirilən bu proqram oktyabrda Sankt-Peterburqda bu şəhərin rəhbərliyinin, “Rossotdrudniçestvo” və Mayakovski adına kitabxananın dəstəyi ilə təqdim edilib.
-Rusiya və Azərbaycanın iştirakı ilə qarşıdakı tədbirlərin hansı şəxsən sizin üçün əhəmiyyətlidir?
-Məsələn, biz 2024-cü ildə Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və 2025-ci ildə Azərbaycanda təşkil ediləcək MDB ölkələrinin III Oyunlarını səbirsizliklə gözləyirik. Azərbaycan özünün təşkilatçılıq qabiliyyəti və bu cür mötəbər tədbirlərin ən yaxşı səviyyədə keçirilməsi ilə tanınır. Əminəm ki, bu tədbirlər bizim aramızda qarşılıqlı anlaşmanı, qarşılıqlı faydalı əməkdaşlığın mehriban qonşuluğun və səmimi dostluğun möhkəmləndirilməsi işinə xidmət edəcək.