26 Aprel 2022 01:02
1769
Mədəniyyət
A- A+
Diriliş gecəsi

Diriliş gecəsi

 

Azərbaycanda yaşayan pravoslavlar Pasxa  bayramını hər zamankı kimi böyük təmtəraqla qeyd etdilər

 

Aprelin 23-ü, şənbə günü gecə saat 23:00...

Xaçmazdakı qızıl günbəzli Müqəddəs Möcüzəvi Nikolay pravoslav kilsəsinin qarşısında böyük izdiham var. Hər kəs kilsəyə daxil olmaq üçün səbirsizlənir...

Bu gecə, xristianların dili ilə desək, İsa Məsihin diriliş gecəsidir. Xristianlar çarmıxa çəkilən peyğəmbərin 3-cü günün tamamında bu zülmə qalib gəldiyi gecəni ölüm üzərində qələbə günü - Pasxa bayramı kimi qeyd edirlər.

Və gözlənilən an yetişir...

Kilsənin zəngi çalınır, müqəddəs məkanın qapıları açılır və insanlar növbə ilə içəri daxil olmağa başlayırlar. Kilsənin mərkəzindəki simvolik qəbirin qarşısında keşiş, arxasında isə 3 köməkçisi dayanıb. İnsanlar sırayla şamlarını yandırıb ikonaların qarşısında yerlərini alırlar.

Beləliklə, ayin mərasimi başlayır. Keşiş gələnləri salamlayıb duaları oxumağa başlayır. Müqəddəs Nikolayın ikonasının arxasında dayanan xanımlar isə xorla keşişi müşayiət edirlər...

 

Azərbaycanda ikinci  ən böyük etnik qrup

 

Multikulturalizm və tolerantlıq məkanı kimi tanınan Azərbaycanda ötən həftəsonu pravoslav xristianları Pasxa bayramını qeyd etdilər. Biz də jurnalist marağı ilə həm pravoslavların Müqəddəs Möcüzəvi Nikolay kilsəsində keçirdikləri dini mərasimi, həm də müqəddəs məkandan ayrıldıqdan sonra səhərə qədər evlərində qeyd etdikləri bayram ayinlərinə şahidlik etmək üçün Xaçmaza yollanmışdıq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ramin Xudayev və  Fərid Məmmədovun müşayiəti ilə burada gördüklərimiz, eşitdiklərimiz isə, həqiqətən, də çox maraqlı və xoş təəssürat yaratdı.

Qısa xatırlatma: Azərbaycanda İslamdan sonra ən böyük etnik dini qrup pravoslav xristianlarıdır. Onların Azərbaycana gəlişi XIX əsrdə rus çarizminin bölgələrdəki köçürmə siyasəti nəticəsində başlayıb. Buraya köçənlərin əksəriyyəti hərbçi və məmur ailələri olub. Onlar müxtəlif bölgələrdə məskunlaşdıqdan sonra dini ayinlərini icra etmək üçün kilsələr tikməyə başlayıblar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova bizimlə söhbətində bildirdi ki, Azərbaycanda pravoslav kilsəsinə 2 icma daxildir - rus və gürcü pravoslav kilsələri. Gürcü pravoslav kilsəsinin mənsubları etnik gürcülərdir. Rus pravoslav kilsəsinin mənsubları isə ruslar, ukraynalılar və belaruslardır. Dövlət Statistika Komitəsinin ən son 2009-cu il üçün hesabatında rusların sayı 119,3 min, ukraynalıların sayı 21,5 min, gürcülərin sayı 9,9 min nəfər göstərilir. Onlar Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Xaçmaz, Gədəbəy, Qax, Şamaxı rayonlarında məskunlaşıblar. Pravoslavların ölkə ərazisində ümumilikdə 9 kilsəsi və 2 ibadət evi fəaliyyət göstərir.

Xaçmazda isə 8 min nəfərə yaxın pravoslav yaşayır.  Bu da ümumi əhalinin 4-5 faizini təşkil edir. Onlar əsasən rayonun Köhnə Xaçmaz, Ləcət, Yalama, Müşkür, Nabran və Alekseyevka yaşayış məntəqələrində məskunlaşıblar. Rayonda Müqəddəs Möcüzəvi Nikolay pravoslav kilsəsi mövcuddur.

 

Pasxa bayramında oruc tuturlar

 

Pasxa bayramı 2 aylıq orucluqla başlayır. Bu dövrdə ət, süd, balıq (2 dəfə istisna olmaqla) kimi məhsullar yeyilmir. Yalnız bayram günü gecə ayinlər yerinə yetirildikdən sonra oruc müddəti tamamlanır.

Xaçmaz pravoslavların sıx məskunlaşdığı bölgələrdən biri olmaqla yanaşı, həmçinin Pasxa bayramını xüsusi qeyd etmələri ilə də seçilir.

Bayram başlamazdan əvvəl rayondakı Rus icmasının sədri Azər Navinin evində qonaq olduq. Evlərinə çatar-çatmaz bizi böyük sevgi və istiqanlılıqla qarşılayan ailə gəlişimizdən məmlunluğunu qapının kandarındaca bəlli etdi. Süfrə arxasında əyləşdikdə ilk gözə çarpan da ev sahibəsi Marina xanımın bayram münasibətilə hazırladığı şirniyyatlar oldu. Xüsusi reseptləri olan Pasxanın təamlarından dada-dada Azər Navi ilə söhbətləşdik. Əsas məqsədi region üzrə pravoslavları bir araya toplamaq, onların problemlərini həll etmək, qayğıları ilə yaxından maraqlanmaq olan icmaya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, həmçinin rayonun icra hakimiyyəti də böyük dəstək göstərir. Sözlərinə görə, ən xırda məsələni belə dilə gətirmək kifayət edir ki, dərhal mövzunun həlli ilə bağlı müvafiq təbdirlər görülsün.

 

Azərbaycanı tərk edib gedənlər sonradan geri qayıdıblar

 

Azər Navi deyir ki, müstəqilliyin yeni əldə olunduğu vaxtlarda Azərbaycanda yaşayan xristianlar ən çətin dövrlərini yaşayıblar. Ancaq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə vəziyyət dəyişib. Dinindən, dilindən asılı olmadan hər kəsə ölkə ərazisində tam rahatlıqla yaşamaq haqqı verilib. Bu da insanlara ən böyük ümid işığı olub.

Sədr söyləyir ki, hazırda yaşadıqları ərazidə əsasən ruslar yaşayırmışlar: "İndi yaxınlıqdakı qonşularım azərbaycanlılardır. Rayondakı kəndlərdən birində bir rus qadın yaşayır, təmiz azərbaycanca o qədər gözəl danışır ki, heç demək olmaz ki, rusdur. Bir çox hallarda buradan gedənlər də olub, ancaq müəyyən vaxt keçdikdən sonra onlar getdikləri ölkələrə uyğunlaşa bilmədiklərindən yenidən doğma məskənlərinə geri qayıdıblar. Bunların hamısı onu göstərir ki, keçən illər ərzində hər iki xalq bir-birinə olduqca sıx qaynayıb-qarışıb".

Azər Navi son olaraq onu da əlavə edir ki, Xaçmaz tolerantlığın timsalında ən yaxşı nümunə göstəriləcək bölgələrdəndir: "Mən bəzən deyirəm ki, dünyada hər hansısa xalq, millət əsl tolerantlıq görmək istəyirsə, mütləq buraya gəlsin. Biz onlara təkcə yaşayış tərzimizi göstərərək ən gözəl nümunə ola bilərik".

Həyat yoldaşı Marina Panamarçuk isə söhbətimiz əsnasında dedi ki, Azərbaycanda yaşadığına görə çox xoşbəxtdir. Hətta bayramları burada 2 dəfə qeyd edirlər: "Bu gün mətbəximizə məxsus olan spesifik çeşidlərdən qonşulara payladığımız kimi, onlar da Novruzda süfrəmizi ləzzətli şirniyyatlarla doldururlar. Beləliklə də, biz hər iki xalqın bayramını keçirib, onlarla birlikdə belə xoş ab-havalara qərq oluruq".

 

Qızılı günbəzli Müqəddəs Möcüzəvi Nikolay kilsəsi

 

Sonra Müqəddəs Möcüzəvi Nikolay kilsəsinə yollanırıq. Kilsənin həyətinə daxil olduqda axşam saat 22:00 idi. Bağçanı lampaların gur işıqları aydınladırdı. Kilsə küknar ağaclarının əhatəsində, sanki gül-çiçəklərin qucağında yerləşir. Qapıları üzümüzə keşiş Georgi açdı. Nurani üzlü ieromonax bizi içəri dəvət etdi. Bura içərisi  hüzurla dolu bir ocağa bənzəyirdi…

Bayramın başlamasına 1 saat qaldığından keşiş və köməkçiləri kilsədə hazırlıq görürdülər. Əvvəlcə keşiş Georgie ilə bu xristian məbədin tarixindən söz açdıq. O bildirdi ki, kilsənin yerində əvvəlcə ev olub, daha sonra ərazisi müqəddəs ibadətgahın tikilməsi üçün bağışlanılıb. Pravoslavların məbədi olan bu yer isə İkinci Dünya müharibəsindən dərhal sonra, 1946-cı ildə tikilib. Həmin vaxtdan da fəaliyyətdədir. Kilsənin divarları gil kərpiclə hörülüb. Yayı sərin, qışı isti keçən məbəd müqəddəs ikonalarla bəzədilmiş böyük ibadət zalı və altardan ibarətdir. Altara isə yalnız keşiş və köməkçiləri girə bilərlər.

Din xadimi Georgiy 2011-ci ildən kilsə rəhbərliyini icra edir. O vurğuladı ki, bura təyin edildikdən sonra çox işlər görüb. Bunlardan biri də günbəzin tikilməsidir: "2017-ci ilə qədər kilsənin indiki qızılı günbəzi yox idi. Günbəzsiz kilsənin isə əzəməti təəssüf ki, zahirdən bəlli olmur. Biz toplanan ianələrlə bunları Rusiyanın Volqodonsk şəhərindən gətirdik. Diqqətlə baxsanız, görərsiniz ki, günbəzin daxilində İsa peyğəmbərin rəsmi təsvir edilib".

Bundan əlavə, kilsə işıq, su və qaz sistemi ilə də daimi təchiz edilib. Məbədin həyətində tikilən yerdə isə bayramlarda və digər vaxtlarda uzaqdan yol qət edən insanlara çay və yemək süfrəsinin açılması üçün otaq var. İeromonax qeyd edir ki, pandemiyadan öncə buraya Azərbaycanın dörd bir yanından insanlar üz tuturdular. Hətta kilsənin ən çox ziyarətçi qəbul etdiyi vaxtlardan birində 300 nəfərə qədər insanı görmək olardı.

Artıq Pasxanın başlamasına az qalırdı, elə bu səbəbdən də keşişlə söhbətimizi bitirib onların gecəyə hazırlanmaqları üçün kilsə binasından çıxıb, həyətin arxa tərəfində görülən hazırlıq işləri ilə tanış olmaq üçün bir otağa daxil oluruq. Bu otaqda olan Salamia adlı qadın deyir ki, ieromonax Georgiyin köməkçilərindən biridir və elə burada yaşayır, kilsə üçün böyük sevgi ilə çalışır. Sonra isə mətbəxdə bayrama necə hazırlaşdıqlarını göstərmək üçün isə digər xanımlarla birlikdə bişirdikləri şirniyyatlarla bizi tanış edir. Pasxa çörəyi, kuliç, qablarla dolu boyanmış yumurtalar,  dua və ayinlər yekunlaşdıqdan sonra hər kəsə paylanacaq.

Salamia söyləyir ki, xristianlardan əlavə, rayonda yaşayan müsəlmanlar da Pasxa bayramına böyük diqqətlə yanaşır, hətta onların hazırladıqları çörəklərdən dadmaq üçün kilsəyə gəlirlər.

 

Pasxa bayramında müsəlman qadın

 

Vaxt tamam olur və bayram başlayır. Kilsədə ayinlər icra edilən zaman kənarda dua edən xanımlardan birinə yaxınlaşırıq. Söhbətimiz zamanı öyrənirik ki, Könül xanım müsəlmandır. Ancaq Pasxa bayramına maraq göstərdiyindən bu gecə kilsəni ziyarət etməyə gəlib: "Bu kilsəni çox bəyənirəm, sanki bura ruhumun rahatlığına qovuşmasına, dualarımın yerinə yetəcəyinə səsləyir. Nəticədə xristianlar da, müsəlmanlar da eyni Allaha pənah gətirirlər. Elə bu gün Pasxa bayramı da bu məbədə gəlməyimə vəsilə oldu".

Könül xanımla yanaşı, kilsədə bir neçə müsəlman da var idi. Onlar da dualarını edib mərasimi izləyirdilər. Daha sonra məlum oldu ki, kilsəyə qonşu rayonlardan olan ziyarətçilər də ibadətə gəliblər.

İrəliləyən saatlarda ayinlər davam edir, mənfi ruhlardan azad olmaq üçün Qreqori atanın yandırdığı Qüdsdən gətirilən qatran isə ətrafı getdikcə tüstüyə qərq edirdi. Daha sonra sütunlardan çıxarılan ikonalar pravoslav ziyarətçilərə verilərək kilsənin başına dövr edildi. Öndə məşəllə irəliləyən azyaşlı uşaq gecənin qaranlığında arxadan gələn insanlara çıraq oldu.

Mərasim zamanı ata və köməkçiləri ağ libasdan qırmızı libasa keçid etmişdilər. Bu isə əfsanələrdən biri ilə izah edilir. Deyilənlərə görə, Məryəm Maqdalena Tiberiusun yanına gələrək Məsihin dirilməsi haqqında danışanda o inanmayıb. Roma imperatoru deyib ki, kiminsə öləndən sonra dirilməsi ağ yumurtanın qırmızıya çevilməsi qədər mümkünsüzdür. Elə bu zaman yumurta qırmızı rəngə boyanıb və İsa peyğəmbərin səmalarda qeyb olması həqiqətə çevrilib. Deyilənlərin timsalında da keşiş və köməkçiləri Məsihin dirildiyini və bayramın gəldiyini xəbər vermək üçün libaslarını dəyişmişdilər.

Gecə 03:00-a yaxınlaşır, atanın səsinə səs verən, duaları onunla bir ağızdan ritmik çalarlarla oxuyan insanlar 4 saat yorulmadan ayaq üstdə durmuşdular. Sonuncu mərasim isə keşiş Qreqorinin orucun bitdiyini elan etməsi ilə başa çatdı. Bu zaman o, altardan böyük bir qədəhlə çıxıb pilləkənlərdə dayandı. İnsanlar bir-birinin ardınca növbələrini gözləyirdilər. Ata hər birinə şəraba batırılmış çörəyi təqdim etdi. Çörək və şərab İsanın bədəninin və qanının rəmzləridir. Bununla da orucları yekunlaşan pravoslavlar 2 aylıq etiqadlarını başa vurmuş sayılırdılar.

Nəhayət, izdiham qapıya doğru irəliləyirdi. Bu vaxt anidən üzərimizə su damcıları töküldü. Ata müqəddəs suyu insanların üstünə çiləyərək onlara xoş arzu, diləklərini və dualarını səsləndirirdi. Sonuncu dəfə təbriki ucadan səsləndirdi: "Məsih dirildi!" Qələbəlikdən cavab olaraq qopan "Həqiqətən dirildi!" ifadəsi isə gecənin son cümləsi oldu.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan səfərimiz uğurlu oldu. Gecəni insanlara bəşəri mesajların ünvanlandığı müqəddəs məkanda keçirdik. Doğmalığı, əsl səmimiyyəti iliklərimizə qədər duyduğumuz bu yerdə ziyadəsi ilə sanki tolerantlığın ən üst pilləsinə ucalmışdıq...

 

Aydan XƏLİLOVA,

"Azərbaycan"

Bakı-Xaçmaz-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:59
27 Sentyabr

Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında

01:57
27 Sentyabr

UEFA Avropa Liqası: “Tottenhem” – “Qarabağ” oyununun start heyətləri məlum olub

22:39
26 Sentyabr

Energetika naziri Belqradda bir sıra görüşlər keçirib

22:34
26 Sentyabr

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 75 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib

22:32
26 Sentyabr

Assosiasiya prezidenti: Azərbaycan bazarı Qətər üçün mühümdür

22:30
26 Sentyabr

Şahin Mustafayev: Çinlə tranzit daşımaları əməkdaşlığımızın əsas istiqamətlərindən biridir

22:29
26 Sentyabr

Şuşa şəhərində Vüqar Həşimov Memorialının açılış mərasimi olub

22:26
26 Sentyabr

Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

22:20
26 Sentyabr

Azərbaycan və Ermənistan qısa müddətdə sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər YENİLƏNİB 

22:19
26 Sentyabr

Qırx ölkənin təmsil olunduğu “ADEX-2024” və “Securex Caspian” sərgilərinə yekun vurulub

20:12
26 Sentyabr

"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb

20:10
26 Sentyabr

Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub

19:32
26 Sentyabr

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

19:31
26 Sentyabr

Azərbaycan Müdafiə Nazirliyinin və Çinin dövlət şirkətinin rəhbərlikləri arasında görüş keçirilib

19:30
26 Sentyabr

Nazir: “COP29 gündəliyində olan 14 təşəbbüsü BMT-də təqdim etdik”

19:29
26 Sentyabr

Şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə görüş keçirilib

19:28
26 Sentyabr

Vüqar Həşimov Memorialı start götürüb

19:27
26 Sentyabr

Fransada Milli Assambleyanın yenidən buraxılacağına dair çağırışlar səslənir

19:26
26 Sentyabr

Kir Starmer Avropa İttifaqı ilə əlaqələri yenidən qurmaq istəyir

19:25
26 Sentyabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə sahilyanı təmizlik aksiyası keçirilib

19:22
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!