Azərbaycan Prezidenti
cənab İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə ötən həftə
Vaşinqtona etdiyi işgüzar səfər bütün siyasi çevrələrdə çox düzgün olaraq
respublikamızın diplomatiya tarixinin ən mühüm hadisələrindən biri kimi nəzərdən
keçirilir. Azərbaycanı bir daha dünyaya yaxından tanıdan, onun beynəlxalq
nüfuzunu və mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirən, Azərbaycanla Ermənistan arasında aparılan
sülh prosesini hüquqi baxımdan gücləndirən bu səfər diplomatiyamızın parlaq
siyasi triumfu kimi tarixə düşdü.
Öncə onu qeyd edim ki, Prezident İlham Əliyevin səfəri Azərbaycan-ABŞ
münasibətlərində yeni inkişaf mərhələsinin əsasını qoydu. C.Baydenin ABŞ-yə rəhbərlik
etdiyi dövr istisna olmaqla, Bakı ilə Vaşinqton arasında münasibətlər normal
axarda davam edib. İki dövlət enerji sferasında, beynəlxalq terrorçuluğa qarşı
mübarizədə və digər sahələrdə fəal və səmərəli əməkdaşlıq həyata keçiriblər.
Donald Trampın ABŞ-yə birinci rəhbərliyi dövründə - 2020-ci ildə Azərbaycan ərazilərini
döyüş yolu ilə işğaldan azad edib və o zaman Ağ Ev bununla bağlı ümumən neytral
mövqe nümayiş etdirib.
Lakin Baydenin rəhbərliyi dövründə Azərbaycan-ABŞ münasibətlərində
dərin siyasi böhran yaranmışdı. Xüsusən antiterror əməliyyatlarından sonra
Bayden-Blinken administrasiyası Azərbaycanın yaratdığı reallıqlara qarşı çıxır,
respublikamızı Ermənistana hərbi təcavüz cəhdində ittiham edirdi. Azərbaycanın
guya Ermənistana hücum edəcəyi ilə bağlı şayiələri yayan siyasi ünvanlardan
biri məhz Bayden-Blinken administrasiyası idi. Vaşinqtonda Azərbaycan media
nümayəndələrinin suallarını cavablandıran Prezident İlham Əliyev bu barədə söz
açaraq deyib: "Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsi
məsələsinə gəlincə deməliyəm ki, son beş ildə müxtəlif ölkələrin liderlərindən
nə qədər şayiələr və təxribatlar eşitdik. Guya Azərbaycan Ermənistana hücum etməyi
planlaşdırır, guya həmin ərazini güc yolu ilə ələ keçirmək niyyətindədir. Bizim
bütün bunlar barədə təkzib mesajlarımız işə yaramadı, çünki bu təsəvvür artıq
formalaşdırılmışdı, o cümlədən burada - Vaşinqtonda".
Bayden administrasiyasının dövründə Azərbaycandan rəsmi
nümayəndə heyətlərinin ABŞ-yə səfərlərinə məhdudiyyət tətbiq edilmişdi. Hətta
ABŞ-də müxtəlif səviyyələrdə Azərbaycana qarşı sanksiyaların da tətbiq olunması
barədə təşəbbüslər səslənirdi. Bunların hamısı Azərbaycanı öz haqq yolundan
döndərmək niyyəti daşıyırdı. Belə hallarla biz müstəqillik tariximizdə çox
rastlaşmışıq. Lakin tarixi reallıqlar həm də ondan xəbər verir ki, Azərbaycanı öz yolundan döndərmək mümkün
deyil. Bu baxımdan qürurla qeyd etməliyik ki, Bayden administrasiyasının
anti-Azərbaycan fəaliyyətinin qarşısında rəsmi Bakı heç vaxt geri çəkilmədi və
qətiyyətli siyasət yürüdərək milli maraq və mənafelərini layiqincə təmin etdi.
Artıq ABŞ rəhbərliyi dəyişib və ölkənin yeni
administrasiyasının fəaliyyətinin fonunda özünü qabarıq göstərən həm də Ağ Evin
dəyişən siyasətidir. Başqa cür desək, yeni administrasiya ABŞ-nin milli
maraqlarını dünyada ciddi şəkildə zədələyən yanlış siyasətdən imtina edib. Bu
ilin əvvəlində USAID-in bağlanması da təsdiqləyir ki, Tramp Administrasiyası bu
cür fəaliyyət mexanizmlərini qəbul etmir.
D.Trampın yenidən ABŞ Prezidenti seçilməsindən sonra Bakı ilə
Vaşinqton arasında Bayden administrasiyasının Azərbaycana qarşı qərəzli münasibəti
səbəbindən böhran vəziyyətinə düşən siyasi əlaqələr yenidən canlanmağa başladı.
Xatırladım ki, ABŞ-də keçirilən son
prezident seçkilərindən hələ 3 ay öncə Şuşada təşkil olunan Qlobal Media
Forumunda ABŞ-dəki seçkilərlə bağlı jurnalistin sualını cavablandıran Prezident
İlham Əliyev böyük uzaqgörənlik və cəsarət nümayiş etdirərək o zaman
prezidentliyə namizəd olan D.Tramp haqqında müsbət fikirlər söyləmiş,
diplomatik dillə ifadə etsək, onun namizədliyini dəstəkləmişdi. Eyni zamanda
Prezident İlham Əliyev bir neçə dəfə açıqlamalarında D.Trampın prezidentliyi
dövründə ABŞ-nin heç bir müharibə başlatmadığını, o cümlədən D.Trampın ailə
institutuna, ənənəvi dəyərlərə böyük önəm verdiyini qeyd etmişdir. Prezident
İlham Əliyevin bu ilin iyulunda Xankəndidə keçirilən III Şuşa Qlobal Media
Forumunun iştirakçıları ilə görüşü zamanı D.Tramp barəsində səsləndirdiyi
fikirləri isə ABŞ lideri özünün rəsmi sosial hesabında paylaşmışdı. Bütün
bunlar söyləməyə əsas verirdi ki, Azərbaycan-ABŞ münasibətlərində tezliklə yeni
inkişaf mərhələsi başlayacaq.
Prezident İlham Əliyevin D.Trampın dəvəti ilə ABŞ-yə
avqustun 7-8-də etdiyi səfər deyilənlərin əyani təsdiqi oldu. Səfər zamanı
imzalanan sənədlər qeyd etdiyim kimi, Azərbaycan-ABŞ münasibətlərinin
inkişafında yeni keyfiyyət mərhələsinin başlanmasını nümayiş etdirir. Bu sırada
iki ölkənin prezidentləri tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə
Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının
hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan
Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma
Memorandumu"nu xüsusi qeyd etməliyik. Azərbaycanla ABŞ arasında qarşılıqlı
maraq doğuran sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edən
Anlaşma Memorandumuna əsasən, Strateji Tərəfdaşlıq Xartiyasının növbəti 6 ay ərzində
hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə
tutulur. Strateji İşçi Qrupu çərçivəsində enerji, ticarət və tranzit daxil
olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil
olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə
kimi sahələrin prioritetləşdirilməsi planlaşdırılır. Bu, ikitərəfli praktiki əməkdaşlıq
üçün institusional çərçivənin təsis olunması baxımından xüsusi əhəmiyyət kəsb
edir. Prezident İlham Əliyev Ağ Evdə mətbuata bəyanatla çıxışında Azərbaycanla
ABŞ arasında strateji tərəfdaşlığın artıq başladığını bildirərək deyib:
"Biz, həqiqətən də, yeni tarixi səhifəyə imza atırıq. Eyni zamanda ABŞ və
Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və bizim
strateji tərəfdaşlığımız artıq başlayır. Bu istiqamətdə bir neçə ay ərzində sənədlər
və bütün mətnlər hazırlanacaq. Azərbaycan üçün bu, tarixi nailiyyətdir. Çünki
bu gün strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr
qurulur".
Səfər çərçivəsində Azərbaycan Prezidentinin və ABŞ Prezidentinin
xüsusi elçisinin iştirakı ilə SOCAR və "ExxonMobil" korporasiyası
arasında Əməkdaşlıq haqqında Memorandum da imzalanıb. Bu sənəd Azərbaycanla ABŞ
arasında enerji sahəsində əməkdaşlığı daha da gücləndirəcək və Prezident İlham
Əliyevin bildirdiyi kimi, əhəmiyyətli bir layihə ilə nəticələnəcək.
Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı Azərbaycan-ABŞ
münasibətlərinin inkişafı istiqamətində atılan mühüm addımlardan biri də ABŞ
Prezidentinin "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dayandırılması
barədə sərəncam imzalaması oldu. Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi
mirası olan 907-ci düzəlişin tətbiqinin D.Tramp tərəfindən məhz Prezident İlham
Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıdı,
ABŞ-nin Azərbaycanla əlaqələrin inkişafına verdiyi önəmin təcəssümünə çevrildi.
Xatırladaq ki, 1992-ci ilin oktyabrında erməni lobbi
qruplarının təsiri altında olan konqresmenlərin təşəbbüsü ilə "Azadlığa Dəstək
Aktı"na 907-ci düzəlişin edilməsi ölkəmizi ABŞ-nin birbaşa dəstəyindən məhrum
etmiş və respublikamız sanksiyalara məruz qalmışdı. ABŞ-nin Əfqanıstanda dəstəyə
ehtiyacı olduğuna görə və Azərbaycan bu dəstəyi verdiyi üçün sonradan bu düzəliş
hər il müvəqqəti olaraq dayandırılırdı. 2023-cü ildə ABŞ tərəfindən 907-ci düzəlişin
yenidən tətbiq olunması Bayden-Blinken cütlüyünün Azərbaycana olan qərəzli
münasibətinin göstəricisi idi.
Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə elə
bir inkişaf mərhələsinə yüksəlib ki, həm də donor ölkəyə çevrilib. Ona görə Azərbaycanın
hansısa xarici dəstəyə və yardıma ehtiyacı yoxdur. Bununla belə Prezident
Trampın bu qərarı rəmzi xarakter daşımaqla yanaşı, həm ədalətin bərpası, həm də
Tramp tərəfindən Azərbaycana edilən siyasi jest oldu.
Bütövlükdə, Prezident İlham Əliyevin Vaşinqtona səfərinin
yekunları Azərbaycan-ABŞ münasibətlərinin keyfiyyətcə yeni dövrə qədəm
qoymasına xidmət edən məqamlarla zəngin oldu. Ona görə bu səfərin nəticələri həm
də Azərbaycanın xarici siyasətinin mühüm uğurlarıdır. Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanın
media nümayəndələrinə müsahibəsində səfərin hər bir uğurunu tarixi hadisə
adlandıraraq deyib: "Təbii ki, 907-ci düzəlişin ləğv olunması hesab edirəm
ki, tarixi hadisədir. Artıq strateji əməkdaşlıq formatına başlamağımız da hesab
edirəm ki, tarixi hadisədir. Ona görə mən səfərin nəticələrindən çox məmnunam və
əminəm ki, bu səfərin konkret nəticələri yaxın gələcəkdə özünü biruzə verəcək".
Səfərlə bağlı bir məqamı da qeyd etmək yerinə düşər ki, Azərbaycan
və ABŞ prezidentlərinin Ağ Evdəki görüşünün səmimi və dostluq ovqatında keçməsi,
Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək münasibət, dövlətimizin
başçısına hədiyyənin və Ağ Evin rəmzi açarının təqdim olunması D.Trampın cənab
İlham Əliyevə olan böyük ehtiramının və Azərbaycana verdiyi önəmin göstəricisinə
çevrildi. Etiraf edək ki, heç də bütün dövlət və hökumət başçıları Ağ Evdə belə
səviyyədə qarşılanmır. Və ya ABŞ rəhbərliyi heç də hamıya bu cür səmimi münasibət
göstərmir. Prezident D.Tramp özü də qeyd
etdi ki, Ağ Evin rəmzi açarını nadir hallarda təqdim edir.
Prezident İlham Əliyevin ABŞ-yə səfəri Azərbaycan-ABŞ
münasibətlərində irəliyə doğru mühüm addımların atılması ilə yanaşı, Azərbaycanla
Ermənistan arasındakı normallaşma prosesi və sülh sazişinin imzalanması
kontekstində indiyədək əldə olunmuş bütün nəticələrin fövqündə, zirvəsində
dayanan tarixi razılaşmaların əldə edilməsi ilə əlamətdar oldu. Ona görə Azərbaycan
Prezidenti və Ermənistan baş nazirinin Vaşinqtonda D.Trampın iştirakı ilə
keçirdikləri görüş Zirvə görüşü də adlandırılır. Bu görüş zamanı Vaşinqtonda
"Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və
dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsinin
paraflanması iki dövlət arasında sülhün təmin edilməsi istiqamətində indiyə qədər
atılmış ən mühüm addımdır. Saziş layihəsini paraflamaqla Ermənistan onun mətni
ilə razı olduğunu ABŞ-nin iştirakı ilə hüquqi çərçivədə təsdiq etdi.
Azərbaycanla Ermənistan arasında sülh sazişinin
imzalanmasına dair təklif və təşəbbüs ilk olaraq rəsmi Bakı tərəfindən irəli
sürülüb. Hazırda razılaşdırılmış saziş layihəsinin mətni də Azərbaycanda
yazılıb. O da məlumdur ki, 44 günlük müharibədən sonrakı dövrdə Ermənistan
hakimiyyəti Azərbaycanın təşəbbüslərinə adekvat cavab verməkdən yayınır, o cümlədən
hərbi təxribatlarla bu prosesə qarşı çıxmağa çalışırdı. Bu məsələdə Fransanın,
ABŞ-nin əvvəlki rəhbərliyinin antiazərbaycançı mövqeyi və regionda yaranmış
reallıqları qəbul etməmələri, habelə Ermənistandakı revanşizmə, Qarabağdakı
separatizmə dəstək vermələri də xüsusi rol oynayırdı. Lakin 2023-cü ilin
antiterror əməliyyatından sonra Ermənistanın artıq reallıqlarla barışmaqdan
başqa yolu qalmadı və bir neçə ay əvvəl rəsmi İrəvan sülh sazişinin bütün maddələri
ilə razı olduğunu bəyan etdi. Sülh sazişinin paraflanması ilə həm də Qərbdə Azərbaycanı
Ermənistana hücum etməkdə ittiham edənlərin, ölkəmizə iftira atanların bütün əsassız
və qərəzli arqumentləri əllərindən alındı.
Sülh sazişinin imzalanmasına gedən yolda Vaşinqtonda əldə
olunan daha bir hüquqi razılaşma Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin
ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciətinin (ATƏT-in Minsk
Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində
olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun
bağlanması barədə) imzalanmasıdır. Minsk qrupunun ləğvi Azərbaycanın sülh
sazişinin imzalanması istiqamətində Ermənistanın qarşısında qoyduğu iki əsas şərtdən
biridir. ABŞ-də Azərbaycan və Ermənistanın
xarici işlər nazirləri tərəfindən birgə müraciətin imzalanması ilə rəsmi İrəvan
bu şərtlərdən birini yerinə yetirmiş oldu.
Minsk qrupu Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən
sonra öz fəaliyyətini faktiki olaraq dayandırmışdı. Bu strukturun ATƏT tərəfindən
ləğvindən sonra isə Ermənistanda və ondan kənardakı revanşistlərin, erməni
lobbisinin və bütövlükdə antiazərbaycançı dairələrin yapışacaqları hansısa
hüquqi istinad yeri olmayacaq.
Bundan sonra yekun sülh sazişinin imzalanması üçün Ermənistanın
yerinə yetirməli olduğu yalnız bir şərt qalır. Bu da Ermənistan
Konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddialarının çıxarılmasıdır.
Prezident İlham Əliyevin Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində
bildirdiyi kimi, bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən
vaxtda imzalana bilər: "Təbii ki, Ermənistanın, necə deyərlər, ev
tapşırıqları da var. Bildiyiniz kimi, onların Konstitusiyasında Azərbaycana
qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın.
Amma bu dəyişikliklər ediləndən sonra artıq sülh sazişi istənilən vaxtda
imzalana bilər".
Vaşinqton görüşünün nəticələrinə dair imzalanan Birgə Bəyannamə
isə bütün müddəaları ilə tam şəkildə Azərbaycanın milli maraq və mənafelərini
ifadə edir. Sənəddə yer alan bütün fikirlər Azərbaycanın sülh prosesi ilə bağlı
irəli sürdüyü prinsiplərə tam uyğundur. Birgə Bəyannamədə "Azərbaycan
Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası
münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsinin paraflanması ilə
bağlı müddəa çərçivəsində sazişin imzalanması və ratifikasiyasına nail olmaq
üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bunlardan
başqa, sənədə əsasən, tərəflər BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə
uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm
qoyulmasına olan ehtiyacı qəbul edirlər.
Bəyannamədə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan
Muxtar Respublikası ilə maneəsiz bağlantısının təmin olunması barədə müddəanın
yer alması da respublikamızın milli maraqlar müstəvisində qarşıya qoyduğu
prinsipial hədəfinə çatması deməkdir. Sənəddə təsbit olunan "Beynəlxalq
Sülh və Rifah Naminə Tramp Marşrutu" (TRIPP) Ermənistan ərazisi vasitəsilə
Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası ilə maneəsiz
bağlantısının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni
nəzərdə tutur. "Tramp yolu" adlanmasına baxmayaraq, söhbətin Zəngəzur
dəhlizindən getdiyi aydındır. Beləliklə, Prezident İlham Əliyevin 44 günlük
müharibədən sonra qarşıya qoyduğu daha bir milli məqsəd həyata vəsiqə almaq üzrədir.
Ötən 5 ilə yaxın dövr dövlətçiliyimizi və müstəqilliyimizi
xüsusilə şərəfləndirən çoxsaylı hadisələrlə zəngindir. Cənab Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli
siyasətinin nəticəsi olaraq torpaqlarımızın işğaldan azad olunması, Qarabağda
erməni separatçılığına son qoyulması, bütün ərazilərimiz üzərində milli
suverenliyimizin tam təmin edilməsi tariximizin qürur doğuran səhifələridir.
İkinci Dünya müharibəsinin başa çatmasından ötən dövrdə Azərbaycan istisna
olmaqla, hansısa dövlətin birmənalı qalib olduğu savaş yoxdur.
Vaşinqtonda Azərbaycan-Ermənistan münasibətlərinin
normallaşması ilə bağlı atılan nəticəyönümlü addımlar, sülh sazişinin
paraflanması, Birgə Bəyannamənin imzalanması və dünyanın ən qüdrətli dövlətinin
bu prosesə həm dəstək verməsi, həm də şahidlik etməsi Prezident İlham Əliyevin
respublikamıza qazandırdığı növbəti tarixi və diplomatik nailiyyətdir.
Göründüyü kimi, tarixi ədaləti güc yolu ilə bərpa edən Müzəffər Ali Baş
Komandan qətiyyətli siyasəti ilə diplomatik müstəvidə də respublikamıza qələbələr
qazandırır, Vətən müharibəsində yaratdığı reallıqların qlobal səviyyədə
tanınmasına nail olur, regionda sülhü bərqərar edir. "Nəyi necə, nə vaxt
etmək lazımdır, bunu mən bilirəm" deyən cənab Prezident İlham Əliyev
özünün siyasi erudisiyası ilə Azərbaycanı milli hədəflərinə layiqincə çatdırır.
Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini