Kamboca Krallığının Parlamenti ilə Qlobal Tolerantlıq və Sülh Şurasının (QTSŞ) birgə ev sahibliyi etdikləri Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin (BTSP) “Sülh, barışıq və tolerantlıq axtarışı” mövzusundakı 11-ci plenar sessiyasının açılış mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov müasir dünyada getdikcə dərinləşən böhranın bəşəriyyətin mövcudluğuna ciddi təhlükələr yaratdığını, beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərin olduğunu, eyni zamanda, ideoloji məzmunlu mübarizələrin, dini-etnik zəmində münaqişələrin və irqi ayrı-seçkilik, dini ekstremizm, ksenofobiya kimi təhlükəli təzahürlərin bəşəriyyətin əmin-amanlığını təhlükə altına qoyduğunu diqqətə çatdırıb.
Ayrı-seçkilik və ekstremizmə qarşı mübarizədə tolerantlıq dəyərini və sülh mədəniyyətini təbliğ etməyin mühüm amillərdən olduğunu deyən komitə sədri bigəyaşayışın Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti olduğunu vurğulayıb.
“Dərin tarixi köklərə dayanan və bu günə qədər inkişaf edərək cəmiyyətin gündəlik həyat tərzinə çevrilmiş birgəyaşayış Azərbaycanda dövlət siyasəti kimi multikulturalizmin ictimai əsasını təşkil edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan qlobal xarakterli məsələlərə dair bir sıra mötəbər tədbirlərə, dinlərarası dialoqa və multikulturalizmə həsr olunan beynəlxalq forumlara ev sahibliyi edib. Bu qəbildən Bakıda keçirilən ənənəvi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Sammiti kimi nüfuzlu tədbirlər mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayır”, - deyə o əlavə edib
Komitə sədri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammiti haqqında da məlumat verib. Bildirib ki, sammit vasitəsilə dünyamızın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, ərzaq çatışmazlığı və bu kimi digər qlobal problemlərin həllində nüfuzlu dini liderlərin çağırışları əhəmiyyətli rol oynayacaq.
R.Məmmədov çıxışının sonunda Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin 11-ci plenar sessiyasının sabit və dayanıqlı gələcək naminə qarşıya qoyduğu məqsədlərə çatacağına əminliyini ifadə edib.
Qeyd edək ki, komitə sədri sessiya çərçivəsində Kamboca Krallığı Senatının Prezidenti, keçmiş Baş nazir Hun Senlə görüşüb. Görüş zamanı ölkəmizdəki dialoq mühiti və çoxəsrlik tolerantlıq ənənələrindən söz açan R.Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə multikultural dəyərlərin qorunması sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Hun Sen isə çıxışında Azərbaycanın dünyada tolerant imicə malik olduğunu vurğulayıb, mədəniyyətlərarası dialoq prosesində aparıcı mərkəzlərdən biri kimi tanındığını qeyd edib.
Görüşdə, həmçinin iki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq münasibətlərinin inkişaf etdiyi vurğulanıb.