İlham Əliyevin
qlobal miqyaslı təşəbbüsləri ilə dəniz nəqliyyatını davamlı olaraq modernləşdirən
Azərbaycan regional əməkdaşlıq üçün əvəzolunmaz ölkəyə çevrilir
Əlverişli
coğrafi mövqeyə sahib olan müstəqil Azərbaycan son 15 ildə etibarlı nəqliyyat dəhlizinin
yaradılması istiqamətində mühüm işlər görür.
Dəniz nəqliyyatına
böyük investisiyalar yatırmaqla infrastrukturunu möhkəmləndirən ölkəmiz regionda
əlverişli logitik bağlantı yaradır. Xüsusən də dəniz nəqliyyatı sisteminin müasirləşdirilməsi
Azərbaycanı Avrasiya məkanının ən mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə
çevirib.
200-dən çox
gəmi Xəzər sularında yükdaşımalar aparır
Ölkəmizin
Avrasiyanın əhəmiyyətli nəqliyyat-logistika mərkəzlərindən biri kimi özünü təsdiq
etməsinə yönəlmiş irimiqyaslı infrastruktur layihələri, ən yeni texnoloji standartlar
səviyyəsində gəmiqayırma zavodunun istifadəyə verilməsi, 2017-ci ildə Bakı-Tbilisi-Qars
dəmir yolunun açılışı və 2018-ci ildə Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət
Limanının istifadəyə verilməsi son illər Azərbaycanda bu istiqamətdə məqsədyönlü
strateji planın uğurla reallaşdırılmasının bariz nümunələridir.
Əlverişli
investisiya iqliminin mövcud olduğu Azərbaycan bu gün Xəzər hövzəsində ən böyük
ticarət donanmalarından birinə sahibdir. Hazırda 200-dən çox gəmi Xəzər sularında
yükdaşımalar aparır.
Ümumiyyətlə,
dünya ticarət məhsullarının 80 faizdən artıq hissəsinin təhlükəsiz, maddi cəhətdən
sərfəli və ətraf mühitə daha az mənfi təsir göstərməklə daşınması məhz dəniz nəqliyyatı
vasitəsilə həyata keçirilir. Dəniz nəqliyyatının inkişafı ilə əlaqədar bütün dünya
dövlətləri tərəfindən qəbul olunan və riayət edilən, dənizçilik münasibətlərini
tənzimləyən tələblərə və normalara daim ehtiyac duyulub.
İpək yolu
üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan müxtəlif
istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə də etibarlı təminat verir.
Dəniz Üzgüçülüyünün
Təhlükəsizliyi Mərkəzinin əsas funksiyaları təsdiqlənib
Tarixi inkişaf
yolu keçən dəniz nəqliyyatı bütün zamanlarda öz əhəmiyyətliyini saxlayıb. Azərbaycanın
müstəqillik qazandıqdan sonra xüsusən dəniz
nəqliyyatı sahəsinin tənzimlənməsi mühüm səciyyə daşıyır.
Prezident
İlham Əliyevin bu sahədə apardığı məqsədyönlü islahatlar nəticəsində dəniz nəqliyyatı
yeni inkişaf mərhələsinə qədəm qoyub. Ona görə də bu sahədə qanunvericiliyimizin
təkmilləşdirilməsi istiqamətində görülmüş işlər də xüsusi qeyd edilməlidir.
Onlardan biri
də noyabrın 19-da Nazirlər Kabinetinin Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz
Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi ilə Nəqliyyat və Texniki-Təminat İdarəsi publik
hüquqi şəxslərinin nizamnamələri və strukturlarını təsdiq edən 491 nömrəli qərarıdır.
Bu qərara
əsasən, Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin əsas funksiyaları müəyyənləşib.
Bu funksiyalar əsasən Azərbaycanın ərazi sularında, həmçinin limanların akvatoriyalarinda
"Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”nın tələblərinə riayət
olunmasına nəzarətin həyata keçirilməsi, dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin
edilməsi, gəmilərin hərəkətinin idarə olunmasına nəzarətin həyata keçirilməsi, gəmilərə
naviqasiya, meteoroloji və digər məlumatların ötürülməsidir.
Təhlükəsizliyin
daha səmərəli təşkili
Qurumun digər
funksiyaları isə dəniz naviqasiya avadanlıqlarının işlək vəziyyətdə olmasına nəzarət
etmək, kanallarda dibdərinləşdirmə işlərinin təşkili və gəmilərə dənizdə yaranmış
təhlükəli vəziyyətlərdən çıxılması üçün məsləhət və tövsiyələr vermək, həmçinin
dəniz üzgüçülüyünün təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdən ibarətdir.
Həmçinin gəmilərdə
liman və bayraq nəzarəti ilə əlaqədar yoxlamaların həyata keçirilməsi istiqaməti
üzrə fəaliyyət göstərən mərkəzin gəmi üzgüçülüyə yararlı olmadıqda, gəminin yüklənilməsinə,
təchizatına, gəmi heyətinin komplektləşdirilməsinə dair tələblər pozulduqda və ya
gəmidə olan insanların həyatına, sağlamlığına təhlükə, habelə gəminin dəniz mühitinə
zərər vurmaq təhlükəsi yarada biləcək digər çatışmazlıqlar olduqda, gəmi sənədlərinə
olan tələblər pozulduqda və müəyyən edilmiş digər hallarda gəminin limandan çıxışını
qadağan etmək hüququ nizamnamədə əks olunub.
Limanlarda
bələdçi xidməti, qəzaya uğramış insanların axtarışı və xilası
Dəniz Üzgüçülüyünün
Təhlükəsizliyi Mərkəzi Azərbaycan ərazisində yerləşən limanlarda bələdçi xidmətini
həyata keçirir, gəmilərin bələdçi ilə keçirilməsinin məcburi və məcburi olmayan
rayonlarını müəyyən edir.
Qeyd edilənlərlə
yanaşı, nizamnaməsinə uyğun olaraq, Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi dənizdə
gəmilərdə baş vermiş qəza hadisələrinin araşdırılmasında, xüsusilə də Xəzər dənizinin
axtarış-xilasetmə məsul sektorunda dənizdə qəzaya uğramış insanların axtarışı və
xilası üçün ölkəmizin və xarici dövlətlərin dəniz, aviasiya qəza-xilasetmə xidmətləri
tərəfindən zəruri tədbirlərin həyata keçirilməsində iştirak edir.
Qəbul edilən
qərarlar, bu sahədə aparılan uğurlu islahatlar dəniz üzgüçülüyünün təhlükəsizliyi,
dənizdə insan həyatının və dəniz mühitinin mühafizəsi sahəsində məqsədyönlü tədbirlərin
davam etdirilməsinə, eləcə də Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün
Təhlükəsizliyi Mərkəzi tərəfindən Azərbaycanın ərazi sularında, liman akvatoriyasında
dəniz üzgüçülüyünün təhlükəsizliyinin daha səmərəli təşkil edilməsinə öz töhfəsini
verəcək.
Azərbaycanın
ərazi sularında üzən bütün gəmilər izlənilir
Onu da xatırladaq
ki, "Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın tələblərinin
yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdə ilk dəfə olaraq məhz Azərbaycanda
ən son naviqasiya və müşahidə avadanlıqları ilə təchiz edilmiş Uzaq Məsafədən Tanınma
və İzləmə Milli Mərkəzi yaradılıb.
Bu mərkəzin funksiyası isə Azərbaycanın ərazi
sularında üzən gəmilərin mövqeyinin peyk və radarlar vasitəsilə izlənilməsi, onların
hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava
haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılmasıdır.
Eləcə də gəmilərdən daxil olan həyəcan siqnallarının
(SOS) və digər məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmin edilməsi
və əlaqələndirmənin təşkilindən, habelə beynəlxalq təşkilatlar daxil olmaqla, digər
ölkələrin eyni adlı milli mərkəzləri və gəmiçilik şirkətləri ilə mütəmadi olaraq
operativ əlaqənin yaradılması, informasiya mübadiləsinin həyata keçirilməsi də mərkəzin
funksiyalarına aid olan məsələlərdir.
Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi
öz texniki təchizatı baxımından bir çox qabaqcıl Avropa dövlətlərinin oxşar qurumlarından
daha üstündür. Milli mərkəzdə işə cəlb olunmuş mütəxəssislər xarici ölkələrin müvafiq
mərkəzlərində xüsusi təlimlər keçiblər.
Davamlı islahatların uğurları
Bütün bunların nəticəsidir ki, ölkəmizdə
dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunmasında görülən işlər və təşəkkül
tapmış mövcud dövlət nəzarət üsulu mütəmadi olaraq Azərbaycana səfər edən müstəqil
beynəlxalq ekspertlər, habelə Beynəlxalq Dəniz Təşkilatı və Avropa Dəniz Təhlükəsizliyi
Agentliyi tərəfindən müsbət dəyərləndirilir.
Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi
Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələblərinin yerinə yetirilməsinə
və gəmilərin nəzarət yoxlamasının beynəlxalq standartlara uyğun olaraq daha səmərəli
və effektiv həyata keçirilməsinə xidmət göstərəcək.
Azərbaycan gəmiçilik sahəsində mövcud infrastrukturun
təkmilləşdirilməsi, habelə regionda ən iri, müasir və güclü potensiala malik milli
gəmiqayırma zavodunun tikintisi dəniz nəqliyyatı sahəsinə dövlət tərəfindən göstərilən
dəstəyin bariz nümunəsidir.
Bütün göstərilənlər, Prezident İlham Əliyevin
birbaşa diqqət və qayğısı ilə iqtisadiyyatın, digər sahələri ilə yanaşı dəniz nəqliyyatı
sahəsində həyata keçirilən davamlı islahatların uğurlarıdır. Bu gün dəniz nəqliyyatını
davamlı olaraq modernləşdirən Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri
ilə Azərbaycan regional əməkdaşlıq üçün əvəzolunmaz ölkəyə çevrilir.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”