Dünyada qəribə bir mənzərə yaranıb:
Dövlətlər ən müasir silahlardan istifadə edərək bir-birilərinin ərazisini dağıdır, vətəndaşlarını qırır, qaçqına çevirirlər.
Azərbaycanla Türkiyə isə əl-ələ verərək təbii fəlakətlərin nəticələrini aradan qaldırır, bundan ziyan çəkmiş insanların normal yaşamalarını təmin etmək üçün zəruri tədbirlər görürlər!
Hansı yaxşıdır?
* Hərə öz düşüncəsinə uyğun hərəkət edir!
* Hərə öz etdiyində özünü haqlı sayır!
* Hərə öz əməlini bəyənərək atdığı addımları doğru hesab edir!
Bir sözlə, hər kəs öz əməlini bütün parametrlərdə "əsaslandırmağı" bacarır.
Çünki hərə öz "problem"inə müxtəlif aspektlərdən yanaşır.
Söhbət insanlıqdan, humanizm kimi bəşəri dəyərlərdən getdikdə isə, əslində, bir mövqe üstün tutulmalıdır - insanların rifahı!
Sağlam məntiqlə insanların da, dövlətlərin də, alimlərin də, hərbçilərin də, quruculuqla məşğul olanların da etdiklərinin hamısı insanlara, insanlığa xidmət etməlidir!
Gözəl bir Azərbaycan atalar sözü var: "Neyləyirəm qızıl teşti, mən ki ona qan qusacam".
Əgər edilənlər, olanlar, baş verənlər insanlara asudəlik, rahatlıq, təhlükəsizlik, normal yaşayış gətirmirsə, onda o kimə və nəyə lazımdır?!
Dünyada hər şey varsa, təkcə xoşbəxt, azad, sabahına inamlı insan yoxsa, onda o dünya da kimə gərəkdir?!
Bəli, dünya o zaman gözəl görünür ki, orada insanlar xoşbəxt və qayğısız yaşasınlar!
Müharibələr, ölüm-itimlər, bombardmanlar vəziyyətində yaşayan insan və dünya heç zaman özünü azad və xoşbəxt hesab edə bilməz!
Bu şəraiti, belə mühiti yaradan isə insanların özləridir!
Müxtəlif sahələrdə çalışan, müxtəlif əqidəyə xidmət edən, müxtəlif düşüncə sahibi olan insanlar!
Öz nəfslərinin əsiri olan insanlar!
***
XX əsrin fenomeni sayılan qırmızı imperiya Türkiyənin qəddar düşməni idi.
Bəlkə də bu nifrət müxtəlif vaxtlarda, bir neçə dəfə Rusiya ilə Türkiyə arasında baş vermiş müharibələrlə bağlı idi.
Amma səbəbindən asılı olmayaraq, nəticə belə idi ki, təkcə çar Rusiyasının deyil, sovet hökumətinin də Türkiyəni görən gözü yox idi və öz ərazisində yaşayanları türklərə nifrət ruhunda tərbiyə edirdi.
Türkdilli müttəfiq respublikalarda, xüsusən, Azərbaycanda isə bu nifrət özünə sovet ideologiyasında xüsusi yer almışdı.
Türkiyəni sevən, onu özünə dost bilən, xalqımızın eyni kökdən yarandığını deyənlərin, az qala dillərini kəsmək istəyirdilər.
Ən ağır ittihamlardan biri isə yazıçı, şair və digər ziyalılarımıza "pantürkist", "panislamist" damğası vurulması, sonra isə ağır cəzalandıraraq sürgünə göndərmək, yaxud həbsxanaya atmaq idi.
Dövlət səviyyəsində də daim Azərbaycanla Türkiyə arasında qalın divar çəkmək, bizi bir-birimizdən mümkün qədər daha çox ayırmaq, təcrid etmək siyasəti yürüdülürdü.
Türkiyədə doğmaları, yaxud qohumları yaşayanlara şübhə ilə baxaraq belələrini Sov.İKP sıralarına qəbul etmirdilər.
Hətta sovetin icazəsi ilə hansı tədbirləsə bağlı Türkiyəyə gedən Azərbaycanın elm və sənət adamlarını belə orada izlətdirir, söylədikləri sözləri bir daha "analiz" edərək daxili mənalarına dərindən diqqət yetirir, bəzən bir sözə, ifadəyə görə sonradan çək-çevirə salırdılar.
Türkiyəyə hansısa icazəli səfərə getmək üçün isə Moskvada tərcümeyi-halın araşdırılmalı idi.
Bundan sonra Moskvaya gedərək oradan təyyarə ilə qardaş ölkəyə uça bilərdin.
Bütün bu izləmə, qorxu, cəza və qadağalar heç bir azərbaycanlının qəlbində Türkiyəyə, türk xalqına olan rəğbət və məhəbbəti zərrə qədər də azalda bilmirdi!
Əksinə, daha maraqlı və cəlbedici edirdi.
Türkiyəyə gedib-gələnləri isə orada gördükləri, şahidi olduqları və eşitdikləri məsələlər barədə hamı sorğu-suala çəkir, hədsiz marağını bu yolla təmin etməyə çalışırdı.
Qırmızı imperiya laxlayıb dağıldıqdan sonra isə müstəqillik yoluna qədəm qoyan dövlətimizin əsas addım və istəklərindən biri Türkiyəyə yaxınlaşmaq, türk qardaşlarımızla sıx əlaqələr qurmaq, rahat gediş-gəlişi təmin etmək idi.
***
Müstəqillik dövrünün ilk illərində Azərbaycan-Türkiyə əlaqələrinin yaranmasında, inkişafında və möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur.
Ulu Öndər Heydər Əliyevin Türkiyəyə, türk xalqına tükənməz məhəbbəti vardı və daim bu sevgisini açıq şəkildə bildirirdi.
Moskvada ona qarşı yönələn təzyiq və təhdid cəhdlərindən, həyatı üçün yaradılan təhlükələrdən sonra Ulu Öndərimiz Bakıya qayıtmalı oldu.
Lakin o dövrdə ölkəyə rəhbərlik edən manqurt başçılar ona öz əli ilə tikib-qurduğu Bakıda yaşamağa belə imkan vermədilər, dəfələrlə həyatına sui-qəsd cəhdləri oldu.
Ulu Öndər Heydər Əliyev Naxçıvana getməyə, orada yaşamağa məcbur oldu.
Həmin dövr Naxçıvan Muxtar Respublikasının da ağır günləri idi.
Ermənistanın təcavüzü nəticəsində blokadaya salınan muxtar respublika işıqsız və qazsız qalmış, ərzaq ehtiyatları tükəndiyindən böyük çətinliklər yaranmışdı.
Bu, həm də taleyin qisməti idi!
Əgər o dövrdə Ulu Öndər Heydər Əliyev Naxçıvana gedərək xalqın arzusu ilə bu bölgəyə rəhbərlik etməsəydi, onu qoruyub saxlayaraq problemlərini şəxsi nüfuzu və gücü hesabına həll etməsəydi, yəqin ki, bu qədim diyar da erməni işğalına məruz qalardı.
Ulu Öndər Heydər Əliyevin fəaliyyəti sayəsində Naxçıvanla Türkiyənin əlaqələrinin bərpası və yaxşılaşdırılması üçün qısa müddətdə mühüm işlər görüldü.
Ən əsası, gediş-gəlişi asanlaşdıran yeni körpü salınaraq bununla da bölgə Türkiyənin sayəsində blokadadan çıxarıldı.
Ulu Öndərin təşəbbüsü ilə həmin körpüyə "Ümid körpüsü" adı verildi, Türkiyənin o dövrdəki rəhbəri Süleyman Dəmirəl onun açılışında iştirak etdi.
Beləliklə, sovet dövründə yaradılan bütün qadağa və qorxulara son qoyuldu, mehriban dostluq və qardaşlıq münasibətləri sürətlə inkişaf etdi!
Ulu Öndər Heydər Əliyevin təbirincə desək, bundan sonra iki qardaş ölkə "bir millət, iki dövlət" kimi fəaliyyət göstərməyə başladı.
***
Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri "Əsrin müqaviləsi"ni imzalatması və Azərbaycanın zəngin neft-qaz ehtiyatlarının qeyri-ənənəvi marşrutla dünya bazarına çıxarması oldu.
Azərbaycanın bütün transmilli layihələri - Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu xətti qardaş ölkənin ərazisindən keçməklə Avropaya çıxır, bu zaman Türkiyəyə də müəyyən iqtisadi dividendlər gətirir.
Bir-birilərinə böyük sevgi və etibar bəsləyən iki qardaş dövlət xoş günlərində də, çətin anlarında da daim birlikdədirlər.
Türkiyə Azərbaycanın keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı haqq işini daim dəstəkləmiş, beynəlxalq qurum və təşkilatlarda həmişə onu müdafiə etmişdir.
Azərbaycan da daim eyni mövqe nümayiş etdirmiş, "Türkiyə burada yoxdursa, biz burdayıq!" - demişdir.
44 günlük Vətən müharibəsinin ilk günlərindən Türkiyə Azərbaycanla bir yerdə olmuş, çiyin-çiyinə dayanmışdır.
Həm müharibənin gedişatında, həm də sonrakı dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, habelə qardaş dövlətin digər rəsmiləri bəyanat və açıqlamalar verərək bizimlə birlikdə olduqlarını açıq şəkildə söyləmişlər.
Türkiyənin bu qardaş mövqeyi - Azərbaycanı siyasi və diplomatik cəhətdən dəstəkləməsi bəziləri üçün çəkindirici məqam olmuşdur.
Azərbaycan da daim dostluq və qardaşlıq borcuna sadiqdir.
2023-cü il fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdən ən çox sarsılan məhz Azərbaycan xalqı olmuşdur.
Təbii fəlakətin ilk anlarından Azərbaycan dövləti və xalqı türk qardaşlarının yanında olduqlarını bəyan etmiş, mümkün olan bütün köməyini göstərmişdir.
İnsanlarımız gecə-gündüz bilmədən zəlzələdən zərər çəkmişlərə kömək üçün imkanları çatan bütün yardımları toplayaraq fəlakət bölgəsinə yollayırdılar.
* Dövlət başçısının tapşırığı ilə dərhal Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və həkimlər briqadası qardaş ölkəyə ezam olundu.
* 9183 çadır, 145 konteyner tipli mobil ev, səhra hospitalları, səhra mətbəxləri, generatorlar göndərildi.
* Gecə-gündüz çalışan Azərbaycan xilasediciləri dağıntılar altından 53 nəfəri sağ çıxardılar.
* Azərbaycana məxsus səhra hospitallarında 3200 insana tibbi yardım göstərildi.
* Ən əsası, evsiz və ocaqsız qalmış insanların yeni mənzillərlə təmin olunması üçün Prezident İlham Əliyevin tapşırığına əsasən, zəlzələdən daha çox ziyan çəkmiş Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin inşasına başlanıldı.
Bu məqsədlə bizə 27,6 hektar ərazi ayrıldı.
***
"Yaman günün ömrü az olar" - demişlər!
Həm də: "Dost-dostu yaman gündə sınayar" - söyləmişlər.
Ötən dövrdə dostluğumuz daha da inkişaf etdi, qardaşlığımız möhkəmləndi, əməkdaşlığımız isə strateji müttəfiqlik səviyyəsinə yüksəldi.
Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılışı isə son dövrlərdə bütün baş verənlərin nümayişinə çevrildi.
Bizim üçün də çox xoşdur ki, "Azərbaycan" məhəlləsində tikilmiş 90-dan çox binadakı 1,200 mənzildə təbii fəlakət nəticəsində evlərini itirmiş türk bacı və qardaşlarımız yaşayacaqdır.
Bundan əvvəl, 11 sentyabr 2024-cü ildə "Azərbaycan" məhəlləsində Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışları olmuşdu.
Məhəllədə mədəniyyət mərkəzinin də inşası nəzərdə tutulur.
Mühüm məqamlardan biri də odur ki, burada yaşayacaq sakinlər üçün 1595 ticarət obyekti də yaradılacaqdır.
Böyük sevinc və təntənə ilə keçirilən açılış mərasimində hər iki dövlət rəhbəri çıxış edərək ürək sözlərini söylədi.
Bir neçə məqamı diqqətə çəkirik:
AZƏRBAYCAN PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEV:
"Zəlzələ bölgələrində yaşayan bütün insanlara Azərbaycan xalqının hörmətini, sevgisini ifadə edirəm. Siz bilirsiniz və bilməlisiniz ki, Azərbaycanda sizin 10 milyon bacı-qardaşlarınız var. Azərbaycanlılar da bilirlər ki, Türkiyədə 80 milyondan çox bacı-qardaşlarımız var".
"Dörd il bundan öncə hörmətli Cümhurbaşqanı ilə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi bizim əlaqələrimizi ən yüksək zirvəyə qaldırmışdır. Şuşa Bəyannaməsi bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Biz dostuq, qardaşıq, müttəfiqik. Türkiyə və Azərbaycan - iki qardaş ölkə həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə bir-birinin yanında inamla, uğurla irəliləyir".
TÜRKİYƏ PREZİDENTİ CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞAN:
"Bu gün burada "Bir millət, iki dövlət" şüarının həyata keçməsinə bir daha şahidlik edirik. Çünki biz eyni bayrağın kölgəsində dua edən, eyni səccadədə göz yaşı tökən, eyni istiqlal üçün qurban verən bir millətin, iki dövlətin tək ürək daşıyan övladlarıyıq. "Ayrılarmı könül candan, Türkiyə Azərbaycandan", - deyən şairlərin sözlərə hərfbəhərf nəqş etdiyi qardaşlığımızın nə məna daşıdığını bu gün bütün dünyaya yenidən göstəririk. Rəbbim aramızdakı bu sarsılmaz həmrəyliyi, bu məhəbbəti daimi etsin".
"Bu çətin dövrdə ölkəmizin köməyinə ilk gələnlərdən biri Can Azərbaycandır. Fəlakət xəbərini alar-almaz "Səninləyəm, Türkiyəm!" deyərək qardaş köməyi başladan, avtomobilinin tavanına varını-yoxunu yığaraq millətimizə kömək etməyə çalışan, duaları, dəstəkləri, səmimi göz yaşları ilə kədərimizi bölüşən Azərbaycan xalqının həmrəyliyini heç vaxt unuda bilmərik və unutmayacağıq. Xüsusilə, İlham qardaşımızın və hörmətli həyat yoldaşı Mehriban xanımın yardım səfərbərliyimizə verdiyi böyük töhfənin könlümüzdə daim ayrı bir yeri var".
***
İnsan dünyaya gəldiyi ilk günlərdən özünə qida, isti ocaq, təhlükəsiz mühit və xoş güzəran axtarır, arzulayır.
Arzularına çatmaq, rahat yaşamaq, bəlalardan qorunmaq üçün özünə dövlət qurur, ordu yaradır, dost və əməkdaş tapır.
Təəssüf ki, bəzən dövlətlər öz vətəndaşlarını yaxşı yaşatmaq üçün başqa ölkələrin sərvətlərinə, imkanlarına göz dikirlər, onları ələ keçirmək üçün silaha, zorakılığa əl atırlar.
Hətta bəzən bir-biriləri ilə müttəfiq olaraq digərlərinə hökmranlıq etməyə çalışırlar.
Bu istəklər və niyyətlər sonda dağıdıcı müharibələrə səbəb olur, insanlara fəlakətlər gətirir, qaçqına çevirir, həyatlarına son qoyur.
Dahilər və müdriklər daim insanları sülhə və əməkdaşlığa, əmin-amanlığa çağırsalar da, yenə də silahlar susmaq bilmir, nahaq qanların axıdılması dayandırılmır!
Bu gün də planetimizdə bir neçə yerdə müharibə ocaqları yanır, insanlar evsiz-eşiksiz qalır, yaralanır, əlilə, şikəstə çevrilir, heç bir təqsiri olmadan hər şeyini itirir.
Məgər sülh yolu ilə, danışıqlarla mübahisələri yoluna qoymaq, qazanılan vəsaitləri yeni növ silahların istehsalına deyil, öz vətəndaşlarının ehtiyaclarının ödənilməsinə sərf etmək olmazmı?
* Onsuz da bütün müharibələr sonda sülhlə qurtarır!
* Onsuz da insanlar istədiklərini yalnız sülh şəraitində tapırlar!
Ən yaxşı yol xoş niyyətlər ətrafında birləşmək, xalqını daha sakit və sabit, təhlükəsiz həyatla təmin etmək deyilmi?
Bax bunun nümunəsini Azərbaycanla Türkiyə dostluğu və əməkdaşlığı ortaya qoyur:
Yalnız xoş məramlar naminə birlikdə olmaq!
Hər iki tərəfə xeyir və mənfəət gətirən əməkdaşlıq qurmaq!
Təbii fəlakətlərə və onların doğurduğu nəticələrə qarşı birgə mübarizə aparmaq!
Axı belə olanda hamı üçün, elə lap dünya üçün də daha yaxşı olur!
Buyurun, baxın!
İki qardaş və dost ölkədən nümunə götürün!
Bəxtiyar SADIQOV